Məhkəmə qərarları › İş №2-1(103)-463/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-463/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-463/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Torpaq sahəsinin plan sxeminin çəkilməsi və çəkilmiş plan sxemin təsdiqlənməsi vəzifəsinin cavabdehə həvalə olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-196/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1973- ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşıdır.

2. Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 11 №-li 26 avqust 1995-ci il “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyəyanı sahəsi ayrılması haqqında” qərarından çıxarışdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin baş planına uyğun olaraq İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 1200 kv.m. həyətyanı torpaq sahəsi ayrılmışdır.

3. Bakı şəhəri Cavabdeh M-84-091 №-li, xx.xx.2017-ci il tarixli məktubu ilə Maştağa qəsəbə XDS İK-nin 51 saylı, xx.xx.1992-ci il tarixli qərarı ilə Maştağa qəsəbəsi, üçüncü məhəllədə ayrılmış 0.12 ha torpaq sahəsinin sxeminin təsdiq olunmuş forması vət.X3 təqdim edilmişdir.

4. Bakı şəhəri Cavabdeh M-76-091 №-li, xx.xx.2021-ci il tarixli məktubu ilə Lenin (indiki Sabunçu) rayon XDS İK-nin 08/21 saylı, 19 aprel 1991-ci il tarixli qərarı ilə Maştağa qəsəbəsi, Xanlar küçəsi, 7/6 saylı sahədə ayrılmış 0.12 ha torpaq sahəsinin sxeminin təsdiq olunmuş forması vət.X1 təqdim edilmişdir.

5. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan Z-48- 091 №-li, xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində vətəndaşlara verilən torpaq sahəsinə aid qəsəbə nümayəndəliyində və Rayon İcra Hakimiyyətində heç bir arxiv sənəd olmadığından həmin sahələrin qanuna uyğun olub-olmamasını araşdırmaq mümkün deyil. Qeyd olunanlarla əlaqədar torpaq sahəsinin sxeninin tərtib edərək təsdiq edilməsi imkanları xaricindədir.

6. İş üzrə verilmiş müvafiq sorğulara əsasən: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-00428/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sabunçu rayon İH-nin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin arxiv sənədləri, o cümlədən xx.xx.1995-ci il tarixli, 11 saylı qərarından çıxarış Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

7. Sabunçu RİH Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 5-18- 5/2-396/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sorğuda qeyd edilən Maştağa qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin kimin adına və hansı tarixdə verilməsinə aid qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və həmçinin bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir.

8. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardadı ilə, müvafiq suallar göstərilməklə iş üzrə məhkəmə sənədlərin - texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 may 2023-cü il tarixli, 5/588-5/589- 4/772 nömrəli rəyində qərardadın birinci sualı üzrə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 26 avqust 1995-ci il tarixli, 11 nömrəli “Vətəndaşların fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahənin ayrılması haqqında” qərardan çıxarışın blankı ofset çap üsulu ilə hazırlanmış, çıxarışın üzərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuş, çıxarışın üzərində olan əl yazı və imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir.

9. İkinci sualı üzrə qeyd edilmişdir ki, rəqəmsal çap qurğusu vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə ikinci sual üzrə tədqiqat aparmaq mümkün olmamışdır.

10. Qərardadın üçüncü sualı üzrə ekspert rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 26 avqust 1995-ci il tarixli, 11 nömrəli “Vətəndaşların fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahənin ayrılması haqqında” qərardan çıxarışın 2-ci bəndindəki əlyazmalar, 7-ci bəndində “Зеjналов Н.h” əlyazmaları və “haчыjeв Ə.A” yazıları üstündəki “Ибраhимов C.C.” əlyazmaları eyni şəxs tərəfindən icra olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası NK-nın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarına əsasən Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin plan sxeminin çəkilməsi və çəkilmiş plan sxemin təsdiqlənməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6166/2022 saylı işi üzrə qəbul etdiyi, xx.xx.2022ci il tarixli qərardadı ilə, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2206/2022 saylı işi üzrə qəbul etdiyi xx.xx.2022-ci il saylı qərardadı ilə, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6166/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2043/2022 saylı işi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ilə, iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2-1(103)-2206/2022 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1233/2023 saylı işi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6166/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

16. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” çıxarışa əsasən Azərbaycan Respublikası NK-nın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991- ci il tarixli, 293 saylı qərarı ilə Maştağa qəsəbəsi, Savalan yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması qərara alınmışdır. Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı çıxarışı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır və həmin inzibati akt halhazırda da qüvvədədir. İddiaçı xx.xx.2021ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin sxeminin tərtib edərək iddiaçıya təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh 10.01 2022-ci il tarixli, Z-49/2-091/2-t/1 saylı məktubu ilə torpaq sahəsinin sxeminin tərtib edərək iddiaçıya verilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində vətəndaşlara verilən torpaq sahəsinə aid qəsəbə nümayəndəliyində və Rayon İcra Hakimiyyətində heç bir arxiv sənəd olmadığından həmin sahələrin qanuna uyğun olub-olmamasını araşdırmağın mümkün olmaması qeyd edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

17. Cаvаbdеh Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-196/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı istifadəsində olan Azərbaycan Respublikası NK-nın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarına əsasən Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin plan sxeminin çəkilməsi və çəkilmiş plan sxemin təsdiqlənməsi vəzifəsi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməsi qərara alınmışdır.

19. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair qərar Dövlət Arxivində aşkar edilməmişdir. Səbəbi isə həmin qərarın Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin arxiv sənədlərini Dövlət Arxivində təhvil verilməməsi göstərilmişdir. Belə olan halda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən qərarın Dövlət Arxivinə (Bakı filialı) təhvil verilməməsi iddiaçının təqsiri deyildir. Belə ki, bu vəzifə cavabdeh inzibati orqan və onun qurumlarının səlahiyyətində olan bir məsələdir.

20. Əlavə olaraq məhkəmə tərəfindən keçirilmiş sənədlərin texniki ekspertizasının ekspert rəyi ilə sübut olunmuşdur ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərar (əsli) saxta deyildir və onun mötəbərliyini şübhə altına alan dəlillər tədqiqat nəticəsində aradan qalxmışdır. b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

21. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-196/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi 33 il bundan öncə, yəni xx.xx.1991-ci il tarixdə verilmişdir.Torpaq sahəsi ayrılan zaman plan ölçü də həmin torpağı ayıran idarə tərəfindən verilməli idi.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.

d) Proses iştirakçılarının izahatları

24. İddiaçı teleqram göndərərək, cavabdeh isə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

27. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

28. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

29. Torpaq sahəsi iddiaçının istifadəsinə verilən zaman qüvvədə olmuş Azərbaycan SSR Ali Sovetinin xx.xx.1970-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 1971-ci il yanvarın 10-dən qüvvəyə minmiş Azərbaycan SSR Torpaq Məcəlləsinə əsasən: Maddə 22: Torpaq sahələri verilməsi haqqında qərarlar Torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrlə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Maddə 23. Torpaq sahəsinin ayrılması Torpaq sahəsinin ayrılması o demədir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə, digər sahələri mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Maddə 24. Torpaqdan istifadə hüququnu təsdiq edən aktlar Kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlarında istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. Maddə 25. Torpaqdan istifadə hüququ barəsində aktların verilmə qaydası Torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) zəhmətkeş deputatlart Soveti icrayyə komitəsinin ərazisində yerləşirsə, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, təşkilatlarına və idarələrinə, habelə vətəndaşlara verilir.

30. “Torpaq ayrılması barədə ” Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 8/446 saylı Qərarına əsasən: Bakı şəhəri, Lenin rayonu, Maştağa qəsəbəsinin sosial-iqtisadi inkişafı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 nömrəli qərarının icrası ilə bağlı Maştağa tərəvəzçilik- südçülük sovxozunun ərazisində və Maştağa qəsəbəsinə bitişik ərazisində fərdi yaşayış və içtimai- iaşə tikintisi üçün torpaq sahələrinin ayrılması qərara alınmışdır.

31. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 48.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 49cu maddəsinin 1 və 2 bəndlərinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 65-ci maddəsində göstərilmişdir: “1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. 5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 9.Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.” 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 83.1-ci maddəsinə görə, hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

33. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

35. Qərardan cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin aktı bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qərarı tam hissədə yoxlanılır.

36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş, həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.

38. Məhkəmə kollegiyası daha sonra işin faktiki hallarına tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.

39. Belə ki, iş materiallarından görünür ki, iddiaçının tələbi Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı qərarından çıxarışa əsasən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin plan sxeminin tərtib edilməsi və təsdiqlənməsindən ibarətdir.

40. İstinad edilən qanunvericilik normalarından göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir.

41. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilsə də, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

42. Belə ki, cavabdeh inzibati orqan imtinasında səbəb kimi göstərmişdir ki, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində vətəndaşlara verilən torpaq sahəsinə aid qəsəbə nümayəndəliyində və Rayon İcra Hakimiyyətində heç bir arxiv sənəd olmadığından həmin sahələrin qanuna uyğun olub-olmamasını araşdırmaq mümkün deyil. Qeyd olunanlarla əlaqədar torpaq sahəsinin sxeninin tərtib edərək təsdiq edilməsi imkanları xaricindədir.

43. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubuna əsasən qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qonşu torpaq sahələrinin yerləşmə sxemləri görünür ki, həmin torpaqların yerləşmə sxemləri, yəni Maştağa qəsəbəsində yerləşən torpaq sahələrinin yerləşmə sxemləri Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikasnının Konstitusiyasına əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Cavabdeh tərəfindən eyni sahədə yerləşən torpaq sahələrinin yerləşmə sxemi verildiyi təqdirdə iddiaçıya verilməməsi və müxtəlif bəhanələrlə imtina edilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

44. Həmçinin, iş materiallarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair qərar Dövlət Arxivində aşkar edilməmişdir. Səbəbi isə həmin qərarın Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin arxiv sənədlərini Dövlət Arxivində təhvil verilməməsi göstərilmişdir. Belə olan halda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən qərarın Dövlət Arxivinə (Bakı filialı) təhvil verilməməsi iddiaçının təqsiri deyildir. Belə ki, bu vəzifə cavabdeh inzibati orqan və onun qurumlarının səlahiyyətində olan bir məsələdir.

45. Əlavə olaraq məhkəmə tərəfindən keçirilmiş sənədlərin texniki ekspertizasının ekspert rəyi ilə sübut olunmuşdur ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərar (əsli) saxta deyildir və onun mötəbərliyini şübhə altına alan dəlillər tədqiqat nəticəsində aradan qalxmışdır.

46. Bundan başqa cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi 33 il bundan öncə, yəni xx.xx.1991-ci il tarixdə verilmişdir.Torpaq sahəsi ayrılan zaman plan ölçü də həmin torpağı ayıran idarə tərəfindən verilməli idi.

47. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə Kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz.

48. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

50. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

51. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxakən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək əsaslı nəticəyə gəlmişdir.

52. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsassızdır və odur ki, təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-196/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-196/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar