Məhkəmə qərarları › İş №2-1(103)-4635/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4635/2025

17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4635/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Arif qızının sədrliyi və məruzəsi ilə, X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Burcalıyev Ələsgər Müşfiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların aidiyyəti hissədə ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli, 2-1(112)-1380/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2026-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ona münasibətdə üçüncü dərəcə əlilliyin müəyyən edilməsinə dair verilmiş xx.xx.2023-cü il tarixli rəyin ləğv edilməsi, ikinci dərəcə əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ona üçüncü dərəcə əlilliyin müəyyən edilməsinə dair verilmiş xx.xx.2023-cü il tarixli 3-17- 4/3-3- 16020/2023 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-1362/2025 qərarların aidiyyəti hissədə ləğv edilməsi və ikinci dərəcə müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilərək müvafiq altsistemə daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, DTSERA-nın xx.xx.2024-cü il tarixli məktubu ilə 1994-cü ildən 2023-cü ilin iyul ayınadək olan müddət ərzində müəyyən edilmiş ikinci dərəcə əlilliyinin bərpa edilməsinə dair müraciəti heç bir əsas göstərilmədən, hazırkı sağlamlıq vəziyyətinin müaytinəsi zamanı AR NK-nın göndərişin rəsmiləşdirildiyi vaxt qüvvədə olan 30.012.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndinə müvafiq olaraq hissəvi reabilitasiya olunması və xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edildiyini əsas göstərməklə təmin edilməmişdir. İddiaçı cavabdehin mövqeyi ilə razı deyil və qeyd edir ki, ona təyin edilmiş ikinci dərəcə əlilliyi bərpa edilməlidir. Qeyd edilmişdir ki, birinci Qarabağ müharibəsi dövründə gedən döyüşlərdə aldığı xəsarətlər, yaralanmalarla əlaqədar Kəlbəcər rayonu 9 saylı Həkim ekspert komissiyasının xx.xx.1994-cü il tarixli, 044550 nömrəli qərarı və AR MN-in Mərkəzi Həkim Komissiyasının xx.xx.1996-cı il tarixli, 131 nömrəli qərarı ilə iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. 2017-ci ildə səhhətinin daha ağırlaşması ilə əlaqədar təkrar həkim ekspert komissiyasından keçirilməklə iddiaçıya birinci dərəcə əlilliyin təyin edilməsi üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət etmişdir. Müraciətinə cavab olaraq AR ƏƏSMN TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışla imtina edilib və imtinanın əsası olaraq əlavə müalicəyə ehtiyacı olması göstərilmişdir. xx.xx.2023-cü ildə isə iddiaçıya məlum olmayan səbəblərdən müəmmalı şəkildə əlillik pensiyası kəsilmiş və xx.xx.2023-cü il tarixdə Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış əlillik haqqında arayışdan məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsi üçüncü dərəcə müəyyyən edilmiş və diaqnoz olara isə “baldır sümüklərinin aşıq-baldır oynağı da daxil olmaqla sınığı, xəstənin aşıq-baldır oynağı da daxil olmaqla sınığı, xəstənin sağ aşqbaldır oynağı və baldırın aşağı 1/3 hissəsində geniş çapıq toxuma” olması müəyyən edilmişdir. İddiaçı qeyd etmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixdəki rəy ilə heç bir əsas göstərmədən xx.xx.1994-cü il tarixli, 044550 saylı və xx.xx.1996-cı il tarixli 131 saylı HƏK-in rəyləri ilə AR ƏƏSMN-ə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında forma 88-də müəyyən edilmiş diaqnozların mövcudluğunu inkar etmiş və həmin diaqnozların aradan qalxmasını təsdiq edən hər hansı rəsmi tibbi sənədə istinad etməmişdir. İddiaçı hesab etmişdir ki, rəsmi sənədlərdən göründüyü kimi, 27 il 6 ay ərzində ikinci dərəcə müddətsiz əlillik təyin edilməsinə qərarın ləğv edilərək üçüncü dərəcə əlilliyn təyin edilməsi onun vəziyyətinin pisləşdirilməsinə səbəb olmuşdur.Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, DTSERA-nın xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının əlillik vəziyyəti xx.xx.1993-cü ildə TSEK tərəfindən əyani olunmuş və ona “Sol aşıq daban oynağını dəlib keçən yaralanmadan sonra ətrafın 7 sm gödəlməsi. Ətrafa hərəkətin məhdudluğu ilə. Sağ ağciyərin dəlib keçən yarasından sonrakı hal” diaqnozu ilə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, lakin Əlillik altsisteminə daxil edilməmişdir. Vətəndaş əlillik təyinatının Əlillik altsisteminə daxil edilməsi üçün müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı AR MN HHHK tərəfindən xx.xx.1996-cı il tarixli 131 nömrəli qərar verilmişdir. Həmin qərarda “Sağ qamış sümüyünün odlu silah yaralanmasından sonrakı osteomeliti. İlizarov metodu ilə sağ qamış sümüyünün distal ucluğun uzadılmasından sonrakı vəziyyət. Sağ kürək nahiyəsinin güllə yaralnması və yad cisimlərin (qəlpələri) həmin nahiyədə olması, sağ ayağın 4 sm qısalması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, AzərbaycanRespublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ kürəkdə və sağ baldırın aşağı 1/3-də çapıqlar izlənmiş, ətrafında qısalığın İlizarov üsulu ilə ləğv edildiyi məlum olmuş, fəaliyyət göstərən fistula izlənilməmiş, sağ pəncədə hərəkət qeyd edilməmişdir. Nəticədə xx.xx.1993-cü il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatının Əlillik altsisteminə daxil edilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə AR NK-nın xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 2.5.5-ci bəndinə müvafiq olaraq hissəvi reabilitasiya olması və xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1380/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TibbiSosial EkspertKomissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 16020/2023 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-1362/2025 qərarları İddiaçı aid hissədə ləğv edilmiş, İddiaçı TSEK-in xx.xx.1993-cü il tarixli qərarı ilə təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə daxil edilməsi öhdəliyi altsisteminə daxil edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

III.Apellyasiya şikayətinin və şikayətə yazılı etirazın dəlilləri:

6. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixli qərarı 30 gün ərzində mübahisələndirmədiyindən iddanın mümkün hesab olunmasını xahiş edilir. Eyni zamanda iddiaçının xx.xx.2023-cü il tarixli müddətsiz 3-cü dərəcə qərarı sonradan qəbul edilmişdir. Məhkəmə hansı əsasla qüvvədən düşmüş 2-ci dərəcə qərarını bərpa etmişdir. Bununla bağlı Ali Məhkəmənin 2-1(102)-1786/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il qərarında konkret olaraq göstərilmişdir ki:

37. Məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin müəyyən edilməsi barədə xx.xx.2015-ci il tarixli qərar 1 illik müddəti əhatə etmiş, həmin qərarda düzəliş edilərək əlilliyin müddətsiz olması barədə qeyd aparılsa da, əlilliyin müddətli, yəni 5 il müddətinə müəyyən olunmasına dair daha sonra xx.xx.2016-cı il tarixli inzibati akt qəbul edilmişdir. İddiaçı inzibati orqanın xx.xx.2016-cı il tarixli qərarını heç vaxt mübahisələndirməmişdir. Göründüyü kimi xx.xx.2016-cı il tarixli inzibati aktın qəbul edilməsi ilə xx.xx.2015-ci il tarixli qərar öz hüquqi qüvvəsini itirmiş olur.

38. Beləliklə, xx.xx.2015-ci il tarixli qərar sonradan hüquqi qüvvəsini itirmiş inzibati akt olduğundan (ondan sonra xx.xx.2016-cı il tarixli yeni inzibati akt qəbul edilmiş və inzibati hüquq münasibətləri məhz bu aktla tənzimlənməkdə davam etmişdir) iddiaçının "11 noyabr 2015-ci il tarixindən ikinci dərəcə "Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi əsaslı olmamışdır. Eyni zamanda iddiaçının qeydiyyat ünvanı Kəlbəcər olmasına baxmayaraq məhkəmə aidiyyət qaydaları pozaraq həmin sənədi icraata qəbul edib müvafiq qərar qəbul etmişdir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

7. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ona münasibətdə üçüncü dərəcə əlilliyin müəyyən edilməsinə dair verilmiş xx.xx.2023-cü il tarixli rəyin ləğv edilməsi, ikinci dərəcə əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, daha sonra isə iddia tələblərini dəqiqləşdirərək məhkəmədən üçüncü dərəcə əlilliyin müəyyən edilməsinə dair verilmiş xx.xx.2023-cü il tarixli 3-17- 4/3-3-16020/2023 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-1362/2025 qərarların ona aidiyyəti hissədə ləğv edilməsi və ikinci dərəcə müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilərək müvafiq altsistemə daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki,TSEK tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli arayışdan və Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1993-cü ildən 2-ci dərəcə müddətsiz əlillik verilmiş, TibbiSosial Ekspertiza və X3 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı əlillik vəziyyəti 0112003AABNE nömrəli, xx.xx.2017-ci il tarixli Forma-88 əsasında qiymətləndirilmiş və imtina verilmiş, əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü ildən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Cavabdeh DTSERA tərəfindən müvafiq sorğu əsasında iddiaçıya təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin müddətsiz üçüncü dərəcə əlilliklə əvəz edilməsi üçün əsas olmuş sənədlər və qəbul edilmiş qərar məhkəməyə təqdim edilmiş,DTSERA-nın Tibbi-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli qərarından görünür ki, Komissiya xx.xx.2023-cü il tarixdə xx.xx.1993-cü il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatının Əlillik altsisteminə daxil edilməsi barədə qərar qəbul edilmiş,nəticədə AR NK-nın xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 2.5.5-ci bəndinə müvafiq olaraq hissəvi reabilitasiya olması və xx.xx.2023cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyn edilməsi barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə iddiaçı dövlət tibb müəssisəsi tərəfindən verilmiş F00247397DLT nümrəli göndəriş xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuş,müayinə nəticəsi olaraq, iddiuaçının sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2025-ci il tarixindən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.Nəticədə də iddiaçı AR NK-nin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Hesab edir ki, məhkəmə işin hallarına qiymət verərkən tamamilə əsaslı olaraq cavabdeh iddiaçıya təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında”Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borclu olduğunu göstərməkdə haqlı olmuşdur. "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçının müddətsiz ikinci dərəcə əlilliyinin üçüncü dərəcə əlillik ilə əvəz edilməsinə dair xx.xx.2023cü il tarixdə qəbul edilmiş qərar əlillik məlumatlarının müvafiq elektron sistemə işlənməsi barədə iddiaçının müraciəti nəticəsində qəbul edilmiş,lakin əlillik vəziyyətinin qiymətləndirilməsinə dair hər hansı tibbi göndəriş mövcud olmadığı halda, iddiaçı cavabdeh tərəfindən əyani müayinəyə cəlb edilmiş, beləliklə də iddiaçı üçün əlverişsiz hüquqi nəticələr yaradan inzibati akt qəbul edilmişdir. Halbuki, AR Nazirlər Kabinetinin 2020- ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.8 və 2.4-cü bəndlərinə əsasən, əlillik səlahiyyətli tibb müəssisəsinin göndərişində qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Belə olan halda, iddiaçının sağlamlıq vəziyyətinin müvafiq əlillik üçün əsas verən olub olmaması üzrə əyani müayinəyə cəlb edilməsi və müvafiq qiymətləndirmə aparılması yalnız səlahiyyətli tibb müəssisəsinin göndərişində olduğu halda aparılması münkündür. Eyni zamanda da AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda cavabdeh inzibati orqan “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Hazırkı işin araşdırılan halları ilə cavabdeh tərəfindən TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar, bu əsasla icraatın təzələnməsinə dair materiallar məhkəməyə təqdim edilməmiş, bu əsasla da hesab edir ki, məhkəmə əsaslı olaraq inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olmasını müəyyən etmədən, təxminən 30 il sonra qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahib olmadığından Tibbi-Sosial EkspertKomissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 16020/2023 nömrəli qərarı iddiaçıya aid hissədə ləğv etməkdə haqlı olmuşdur. Məhkəmə eyni zamanda cavabdehin iddiaçını xx.xx.2025-ci il tarixli, F00247397DLT nömrəli tibbi göndəriş üzrə əlilliyinin qiymətləndirilməsi nəticəsində tam reabilitasiya olunması barədə xx.xx.2025-ci il tarixli qərarının iddiaçıya aid hissəsində əsassız olması AR Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ekspertləri tərəfindən verilmiş T489/2025 nömrəli ekspert rəyi ilə ziddiyyət təşkil etməsi,həmin rəylə iddiaçının göndərişdə göstərilmiş xəstəliklərdən əziyyət çəkdiyi, eləcə də reabilitasiya olunmadığı müəyyən edildiyinə dair gəldiyi nəticə düzgün,obyektiv və əsaslı hesab edilməlidi

IV. Tərəflərin izahatları:

8. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İdidaçı apellyasiya şikayətinin təmin olunmamasını və qərarın qüvvədə qalmasının məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixli qərar ona heç vaxt təqdim edilməmişdir, pensiya ödənişlərinin dayandırılmasının səbəbi ona bəlli olmamışdır. Həmin qərarın mövcudluğu və ikinci dərəcə əlilliyinin ləğv edilməsi barədə məlumatı ancaq Agentliyin xx.xx.2024-cü il tarixli məktubu ilə əldə etmiş və xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

Əsaslandırıcı hissə

V. Tətbiq olunan hüquq

10. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

11. 01.07.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbisosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışınanəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda;

VI. Məhkəmənin mövqeyi

13. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi xx.xx.1993-cü il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin bərpa edilməsi və müvafiq əlillik altsistemində qeyd edilməsidir. Bununla əlaqədar iddiaçı cavabdehin həm xx.xx.1993-cü il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarını, həm də məhkəmə araşdırması dövründə aldığı xx.xx.2025-ci il tarixli, F00247397DLT nömrəli tibbi göndəriş üzrə əlilliyinin qiymətləndirilməsi nəticəsində tam reabilitasiya olunması barədə xx.xx.2025-ci il tarixli qərarını özünə aid olan hissədə mübahisələndirir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hissəvi reabilitasiya olunmasına dair hissədə cavabdehin xx.xx.2023-ci il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.1993-cü il tarixdən təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

15. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, birinci Qarabağ müharibəsi dövründə gedən döyüşlərdə aldığı xəsarətlər, yaralanmalarla əlaqədar Kəlbəcər rayonu 9 saylı Həkim ekspert komissiyasının xx.xx.1994-cü il tarixli, 044550 nömrəli qərarı və AR MN-in Mərkəzi Həkim Komissiyasının xx.xx.1996-cı il tarixli, 131 nömrəli qərarı ilə iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. 2017-ci ildə səhhətinin daha ağırlaşması ilə əlaqədar təkrar həkim ekspert komissiyasından keçirilməklə iddiaçıya birinci dərəcə əlilliyin təyin edilməsi üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət etmişdir. Müraciətinə cavab olaraq AR ƏƏSMN TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışla imtina edilib və imtinanın əsası olaraq əlavə müalicəyə ehtiyacı olması göstərilmişdir. xx.xx.2023-cü ildə isə iddiaçıya məlum olmayan səbəblərdən müəmmalı şəkildə əlillik pensiyası kəsilmiş və xx.xx.2023-cü il tarixdə Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış əlillik haqqında arayışdan məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsi üçüncü dərəcə müəyyyən edilmiş və diaqnoz olara isə “baldır sümüklərinin aşıqbaldır oynağı da daxil olmaqla sınığı, xəstənin aşıq-baldır oynağı da daxil olmaqla sınığı, xəstənin sağ aşq-baldır oynağı və baldırın aşağı 1/3 hissəsində geniş çapıq toxuma” olması müəyyən edilmişdir.

17. Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollrgiyasının 2-1(102)- 341/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarına uyğundur.

18. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya mübahisələndirilən qərarların təqdim edildiyi və ya cavabdeh inzibati orqanın xx.xx.2024cü tarixli məktubundan əvvəlki tarixlərdə hər hansı formada iddiaçının həmin qərarlardan məlumatlı olması müəyyən edilmir. Həmin qərarlar iddiaçıya təqdim edilmədiyi üçün və iddiaçının qeyd edilən qərarlardan məlumatı olmadığı üçün qüvvəyə minməmişdir. Görünən odur ki, iddiaçının cavabdeh inzibati orqana mütəmadi müraciətləri məhz əlilliyinin gücləndirilməsi ilə bağlı olmuşdur. Ərazi aiddiyyətinə münasibətdə (iddiaçının Kəlbəcər qeydiyyatında olması ilə əlaqədar) məhkəmə qeyd edir ki, iddiaçının Bakı şəhərində yaşaması və olduğu yerin Bakı şəhərinin inzibati ərazisində olması işin mübahisəsiz halıdır. Odur ki, İPM-in 8.1.2-ci maddəsinə əsasən iddiaçının məhkəməyə çatımlılığı baxımından iddiaya şəzsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılması tələbi müəyyən edilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun məqsədləri baxımından şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Belə olan təqdirdə, iddiaçının olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ məhkəməyə çatımlılıq prinsipinin təmin edilməsinə xidmət edir.

19. İddia tələbinin mahiyyətinə münasibətdə məhkəmə qeyd edir ki, müddətsiz əlilliyin təyin olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın mümkün olmadığının qəbul edilməsidir. Belə yanaşma, bir tərəfdən, şəxsin mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlillik təyin olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz təyin olunması həm dövlət orqanlarının və həm də şəxsin əlavə inzibati yükdən azad olunması məqsədlərinə xidmət edir.

20. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının müvafiq qərar qəbul edilən tarixədək 30 ilə yaxın müddətdə fasiləsiz ikinci dərəcə müddətsiz əlilliyi olmuşdur.

21. Yuxarıda istinad edilən normalardan görünür ki, qanunverici, şəxsə ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlilliyin isə fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda, ona müddətsiz əlilliyin təyin olunması imkanını təsbit etmişdir. Yəni qanunverici müəyyən müddət ərzində fasiləsiz olaraq ikinci və ya üçüncü dərəcə əlillik təyin edilmiş şəxslərin reabilitasiya imkanlarının tükəndiyini və onların təkrar müayinəyə cəlb edilməsi zərurətinin aradan qalxması imkanını nəzərə alır. Bununla da qanunverici, bir tərəfdən şəxsi təkrar müayinələrlə bağlı yükdən və stresdən (xüsusən də onların səhhəti ilə bağlı həssas vəziyyəti nəzərə alındıqda), digər tərəfdən isə, dövləti reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edir.

22. Bu baxımdan, müddətsiz əlilliyin təyini üçün əsasların mövcudluğunun hər bir halda yenidən yoxlanılması qeyd edilən hüquqi mövqeyə, həmin institutun mahiyyətinə, şəxsin hüquqi təhlükəsizliyinin və etimad hüququnun qorunması ilə bağlı prinsiplərin tələblərinə zidd olardı.

23. Məhkəmə kollegiyası, eyni zamanda, qəbul edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

24. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

25. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya əlilliyin təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə və etibarlıdır.

26. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

27. Məhkəmə razılaşır ki, səhiyyənin və tibbin inkişafı zaman keçdikcə müəyyən xəstəliklərin reabilitasiyasını mümkün edə bilər. Bu zaman söhbət İnzibati icraat haqqında qanunun 68.2.3-cü maddəsinə əsasən qanuni əlverişli inzibati aktın ləğvindən gedəcək. Qeyd edilən halda yenidən yuxarıda qeyd edildiyi kimi qanunvericinin şəxsə ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlilliyin isə fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda, ona müddətsiz əlilliyin təyin olunması imkanını təsbit etdiyini qeyd etmək lazımdır. Yəni qeyd edilən normalar inzibati orqan tərəfindən bir-birindən təcrid olunmuş şəkildə tətbiq edilməməlidir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, təyin olunmuş əlilliyin ləğvini və ya əlillik təyin olunmuş şəxsin hissəvi reabilitasiya olunmasını şərtləndirən qanunvericilikdə nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan yuxarıda qeyd olunmuş qaydada davranmağa borcludur. Fərqli yanaşma, eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

29. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

30. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

31. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1380/2025 nömrəli iş üzrə 04 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticə hissəsi

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1380/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193- cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Pərviz Hüseynov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar