Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-464/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1964-cü il tarixində Beyləqan rayonunun Şahsevən kəndində anandan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Çilov adası, Azərbaycan Respublikası DNDİ-nin yataqxanası ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı xidmət nümayəndəliyinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2053/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək “Müharibə Veteranı” üçün nəzərdə tutulmuş müavinətin ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuş, 1993-cü ilin oktyabr ayından 1994-cü ilin may ayının 12-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müvafiq hərbi hissənin tərkibində xidmət etmiş və xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir.Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona xx.xx.2018-ci il tarixdə “Müharibə Veteranı” vəsiqəsi verilmişdir.“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müavinət təyin edilmişdir.“Müharibə Veteranı” vəsiqəsi aldıqdan sonra o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon Şöbəsinə müraciət etmiş və xx.xx.2018-ci il tarixdən ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət təyin olunaraq həmin tarixdən hər ay ödənilir.Lakin sonradan ona məlum olmuşdur ki, DSMF-nin Pirallahı rayon şöbəsi tərəfindən ona müavinət təyin olunarkən əvvəlki 3 il ödənilməli imiş. Çünki ona müharibə veteranı vəsiqəsi indi verilsə də, həmin vəsiqənin verilməsinə əsas olan hallar indi deyil, 1993-1994-cü illərdə baş vermişdir.Buna görə də o, xx.xx.2019-cu il tarixində cavabdeh inzibati orqana müraciət edərək, xx.xx.2018-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməli olan müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli məktubu ilə ərizəsinə cavab vermiş və əvvəlki dövrlər üçün müavinətin ödənilməsindən qanunsuz olaraq imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək “Müharibə Veteranı” üçün nəzərdə tutulmuş müavinətin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2053/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2053/2020 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün müharibə veteranı adı almış şəxslərə müəyyən edilmiş müavinətin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinin üzərinə qoyulmuşdur. xx.xx.2020-ci il tarixli məktubla cavabdehin ünvanına göndərilmiş SS667706940AZ ştrix kodlu zərf ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. xx.xx.2020-ci il tarixli məktubla qərarın icrasının nəticələri barədə məlumatın təqdim olunması xahiş olunmuşdur. Daha sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə xx.xx.2020-ci il tarixli, **********1 nömrəli ərizə ünvanlayaraq Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2053/2020 nömrəli qərarının cavabdehə rəsmi şəkildə təqdim olunmasını xahiş etmişdir. Daha sonra cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2053/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müharibə veteranlarının xüsusi statusu- qanunvericiliklə onlar üçün müəyyən edilmiş istənilən hüquq, o, cümlədən, sosial ödənişlər almağa hüquq müharibə əlillərində olduğu kimi onların xüsusi statusunun rəsmiləşdirildiyi anda – vəsiqənin verildiyi anda yaranmış olur. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi Publik Hüquqi Şəxsin nümayəndəsi tərəfindən təmsil edilmişdir. Sonuncu məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 və əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq iddiaçı başqa bir müavinət və ya pensiya almadığını bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2053/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubdan (məktub müdir X.H.Dəmirov tərəfindən imzalanmışdır) görünür ki, xx xxxx 1994-cü il tarixli “Veteranlar haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinin tələblərinə görə veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İddiaçının təqdim etdiyi veteran vəsiqəsi ilə şöbələrinə müraciət etdikdən sonra iddiaçıya xx.xx.2018-ci il tarixdən müavinət təyin edilərək, hesablanıb iddiaçıya ödənilmişdir. Bu baxımdan da hazırkı iddiaçının tələbi qanunvericiliyin tələbinə zidd olduğu üçün təmin edilə bilməz. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş M\V №084914 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. - Sosial müavinətin təyin olunması ilə əlaqədar sənədlərdən görünür ki, Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən İddiaçı xx.xx.2018-ci il tarixdə müharibə veteranı kimi sosial müavinət təyin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli Fərmanının 1.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət — 55 manat müəyyən olunmuşdur. xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir. - 6.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. - 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. - 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: - 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. - 10-1.5-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Qanunvericiliyin sadalanan normalarından görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ yaranan gündən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilir. İşin sadalanan hallarından aydın olur ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş, həmin tarixdən də ona sosial müavinət təyin olunmaqla ödənilməyə başlanılmışdır. Lakin işdən müəyyən olunur ki, iddiaçıya “Müharibə veteranı” statusu və vəsiqəsinin verilmə əsasını iddiaçının 1993-1994-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müvafiq hərbi hissəsinin tərkibində xidmətdə olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi təşkil etmişdir. Deməli, iddiaçının müvafiq müavinət almaq hüququ daha əvvəldən yaranmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının cavabdeh orqana sosial müavinətin təyin olunduğu tarixdən əvvəlki dövrünün ödənilməsi barədə müraciəti qanuni olmuş, lakin cavabdeh orqan müraciətə imtina cavabı vermiş, bununla da iddiaçını əvvəlki 3 il üçün müavinət almaq hüququndan əsassız olaraq məhrum etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2053/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99 -cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı xidmət nümayəndəliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2053/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-464/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-464/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver