Məhkəmə qərarları › İş №2-1(103)-4642/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4642/2025

05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4642/2025 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5942/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən bələdiyyə tərəfindən ayrılmış 0,12 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilmiş çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin yerləşdiyi 0,002080 hektar torpaq sahəsi Bilgəh Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikilməsi məqsədi ilə ayrılmışdır. İddiaçı torpaq sahəsini özəlləşdirmək məqsədi ilə cavabdehə müraciət etmiş, lakin ona imtina verilmişdir.

3. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********97 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəmə icraatı zamanı təqdim edilmiş sənədlər cavabdehə müraciəti zamanı təqdim edilməmiş, inzibati icraat zamanı araşdırma predmedi olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyatdan keçmiş fərdi yaşayış evi mövcud deyil və torpaq sahəsinin faktiki ölçüsü 0,136 hektardır. Elektron kadastr baza məlumatlarına əsasən bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Yerləşmə cizgisi təqdim edilmədiyindən təqdim edilmiş sənədlərin göstərilən yerə aid olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin qeydiyyatdan keçmiş əmlakın ləğvi barədə ərizə təqdim edilməmişdir.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5942/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

5. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

6. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir.

IV. Tərəflərin izahatları:

7. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Əsaslandırıcı hissə

V. Tədqiq olunan sənədlər - Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Çıxarışa əsasən fərdi evin yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsində olmaqla, dövlət mülkiyyətindədir və ölçüsü 0,002080 kv.metrdir. - Bilgəh bələdiyyə şurasının 14 nömrəli, 02 yanvar 2002-ci il tarixli Qərarından çıxarışdan görünür ki, X4 Bilgəh qəsəbəsində fərdi yaşayış evi inşa etmək üçün Bilgəh qəsəbə ərazisindən 0,12 hektar torpaq sahəsi ayrılmışdır. - Abşeron rayon X2 İdarəsi tərəfindən iyul 2005-ci il tarixdə tərtib edilmiş 23346 nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən X4 ayrılmış torpaq sahəsinin ölçüsü 0,12 hektar, tikintialtı sahə isə 39,2 kv.metr təşkil edir. - Baş X2, mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi X4 məxsus olmuşdur. - xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X3 vərəsələri X11, X1, X5, X9 hər biri miras əmlak olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 17,3 kv.metr olan fərdi yaşayış evindən hər biri ¼ irs almalıdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən sahəsi 17,3 kv.metr olan fərdi yaşayış evi hər biri ¼ hissə olmaqla X11, X1, X5, X6 paylı mülkiyyətində olmuşdur. - xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 4 ünvanda yerləşən sahəsi 17,3 kv.metr olan fərdi yaşayış evi iddiaçıya satılmışdır. - Cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0,12 hektar, faktiki 0,136 hektar təşkil edir. Göstərilən torpaq sahəsi mişar daşı ilə hasar daxilindədir. Qeydiyyatdan keçmiş fərdi yaşayış evi sökülmüşdür (və ya mövcud deyil). - Cavabdehin 25 avqust 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0,12 hektar olsa da, faktiki olaraq hasardaxili 0,136 hektar təşkil edir. Qeydiyyatdan keçmiş fərdi yaşayış evi mövcud deyil (sökülmüşdür). Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Yerləşmə cizgisi təqdim edilmədiyindən təqdim edilmiş sənədlərin göstərilən yerə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə qeydiyyatdan keçmiş əmlakın ləğvi barədə ərizə təqdim edilməmişdir. VI. Tətbiq olunan hüquq

8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

9. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində “yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001- ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda” qeyd edilmişdir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1).

11. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55).

12. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2).

13. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndi “Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan sənədlər” i özündə ehtiva edir. Yəni, həmin bənddə nəzərdə tutulan sənədlər yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququnun yaranması üçün əsasdır.

14. “Siyahı”nın 2.4-cü bəndi əvvəllər aşağıdakı redaksiyada olmuşdur: üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli, 444 nömrəli Fərmanı ilə həmin “Siyahı”ya edilmiş dəyişikliyə əsasən həmin bənd yeni redaksiyada verilmişdir.

15. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində göstərilmişdir ki, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir

Vİ.Məhkəmənin mövqeyi

16. Hazırkı işin hallarından müəyyən edilir ki, Bilgəh qəsəbəsində fərdi yaşayış evi inşa etmək üçün Bilgəh qəsəbə ərazisindən 0,12 hektar torpaq sahəsi Bilgəh bələdiyyə şurasının 14 nömrəli, 02 yanvar 2002-ci il tarixli qərarı ilə X4 ayrılmışdır. Bundan sonra X7 həmin torpaq sahəsində fərdi ev inşa edilmişdir. Abşeron rayon X2 İdarəsi tərəfindən iyul 2005-ci il tarixdə həmin evə dair texniki pasport tərtib edilmiş və torpaq sahəsinin ölçüsü 0,12 hektar, tikintialtı sahə isə 39,2 kv.metr göstərmişdir. Baş X2, mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən fərdi yaşayış evi üzərində X3 hüquqları dövlət qeydiyyatına alınmışdır. X7 vəfat etdikdən sonra fərdi ev üzərində onun vərəsələrinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmn fərdi ev X3 vərəsələri tərəfindən alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır.

17. Cavabdehin imtina dəlillərindən biri kimi fərdi evin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi göstərilmişdir.

18. Məhkəmə kollegiyası cavabdehin imtinası ilə razılaşmır.

19. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyə tərəfindən X4 ayrılmış və bunun əsasında texniki pasport tərtib edilmişdir.

20. İstinad edilən sənəd isə yuxarıda qeyd edilən qanunvericilik normalarına uyğun olaraq hüquqmüəyyənedici sənəd statusuna malikdir.

21. Digər tərəfdən qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanda yerləşən sahəsi 17,3 kv.metr olan fərdi yaşayış evi iddiaçıya satılarkən satıcıların iradə ifadəsi həmin fərdi evin yerləşdiyi torpaq sahəsinin də iddiaçıya satılması olmuşdur. Həmin torpaq sahəsi isə satıcıların qanuni istifadəsində olmuşdur. Hazırda həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin iddiaçının adına olmaması səbəbindən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi prosessual qənaət prinsipi nöqteyi nəzərindən doğru hesab edilə bilməz. Belə ki, həmin torpaq sahəsi üzərində fərdi evi iddiaçıta satmış şəxslərin hər hansı marağı olmadığından onlar həmin torpaq sahəsinin öz adların sənədləşdirərək yenidən iddiaçı ilə alqı-satqı müqaviləsi bağlamaq üçün hər hansı təşəbbüs göstərməyəcələr. Bu isə iddiaçının hüquqlarının pöozulmasına səbəb olacaqdır.

22. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

24. Beləliklə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərarın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5942/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticə hissəsi

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5942/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar