Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4644/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə Üçüncü şəxs “X4” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı ünvan 1 ünvanında yerləşən faktiki istifadədə olan 494 kv.m. torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və plan və ölçünün verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, e-2-1(112)-10485/2025 saylı qərarından üçüncü şəxs “X4” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanında yerləşən faktiki istifadədə olan 494 kv.m. torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və plan və ölçünün verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 qərarı əsasında torpaq sahəsi ayrılmış və yerləşmə cizgisi tərtib edilmişdir. Həmin sənədin arxiv nüsxəsi də mövcuddur. Torpaq sahəsi iddiaçının istifadəsindədir. İmtina məktubunda göstərilən dəlillər əsassızdır. Göstərilən dəlillər mülkiyyət hüququnun qeydiyyatından məhrum etməyə əsas deyildir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsi Dövlət Neft Şirkətinin (Binəqədi Oyl) istifadəsinə verilmiş ərazidə yerləşir. Dəqiq istinad və istinad məsafələri qeyd edilməmiş, perimetrik ölçülərlə faktik sahə arasında uyğunsuzluq mövcuddur. Faktiki torpaq sahəsi 517 kv.m. təşkil edir, torpaq sahəsinin 23 kv.m. olan bir hissəsi başqa şəxsin adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür, əksər hissə elektrik xəttinin mühafizə zonasında yerləşir. Bakı İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2-1(112)-10485/2025 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X5” şirkətinin Azərbaycan Respublikasındakı filialı üçüncü şəxslər qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişlər. Eyni zamanda üçüncü şəxs “X5” şirkəti tərəfindən də iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsində olmuş və neft-qaz əməliyyatlarının aparılması məqsədi ilə Saziş əsasında şirkətin qanuni istifadəsinə verilmişdir. Qanunvericiliyin tələbinə əsasən Sazişin qüvvədə olduğu müddət ərzində ona uyğun gəlməyən inzibati sərəncamlar və s.-dən üstün tutulur. Əvvəllər bağlanılmış hər hansı sənəd üzrə hüquq və vəzifələr ləğv edilir, üçüncü şəxsə neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Bakı İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(112)-10485/2025 saylı qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən faktiki istifadədə olan 494 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs “X5” şirkətinin Azərbaycan Respublikasındakı filialı birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı hazırki iddia predmeti olan torpaq sahəsi əslində, dövlət mülkiyyətində və SOCAR-ın daimiistifadəsinə olan torpaq sahəsi olmaqla, məlum “X3 haqqında” saziş (bundan sonra “Saziş”) üzrə neft-qaz əməliyyatlarının aparılması məqsədilə “X5” şirkətinin Azərbaycan Respublikasındakı filialı qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində 1 saylı mədənin 5-ci sahəsində 150828, 151444, 152090, 151129, 151601, 152160, 152166 və 152161 saylı neft quyularının və “Azəriqaz” İB-nə məxsus qaz xəttinin mühafizə zolağında yerləşir. ... Şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir. Eyni zamanda mübahisəli ərazi məhkəmənin də qeyd etdiyi kimi Saziş hüdudları daxilində, fəaliyyətsiz fonda daxil olmuş, lakin gələcəkdə fəaliyyətli fonda qəbul ola biləcək neft quyularının mühafizə zolaqlarında yerləşir. Dövlət mülkiyyətində və SOCAR-ın daimi istifadəsində olan torpaq sahəsi olmaqla, məlum “X3 haqqında” Saziş üzrə neft-qaz əməliyyatlarının aparılması məqsədilə “X5” şirkətinin qanuni istifadəsinə verilmiş ərazidə müvafiq icazələr almadan inşa işləri aparan vətəndaşın hər hansı mülkiyyət hüquqları yoxdur və ola bilməz. İddiaçı apellyasiya şikayətinə etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Kirov rayonu X2 27 yanvar 1989-cu il tarixli, 40/59 saylı qərarı ilə Biəcəri qəsəbəsi, küçə 1, Kirov 6 (indiki (Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi) ünvanında İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün 624 kv.metr ölçüdə torpaq sahəsi ayrılmış, torpağın yerləşdiyi yerin çizgisi-də tərtib edilmişdir. Torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialında məlumatlar mövcuddur. Həmin dövrdə Dövlət neft şirkəti, xüsusilə də Binəqədi Oyl şirkəti olmamışdır ki, hazırda da torpaq sahəsi həmin qurumların balansında olsun. Bununla belə yuxarıda qeyd olunduğu kimi ərazi yaşayış məntəqəsidir, ərazidə yerləşən bir çox evlərə və torpaqlara dair mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Üçüncü şəxs İddiaçı Azərbaycan Respubikası Konstitusiyasının 25-ci maddəsinə əsasən (bərabərlik hüququ) İddiaçı qarşı fərqli rəftarın olması qəbul olunmazdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1984/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il qərarında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi 2005-ci il tarixdə saziş əsasında "X5" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edildiyi halda, həmin sahə iddiaçıya bundan daha əvvəl-2000-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1088 saylı sərəncamı əsasında ayrılmışdır. Belə olan halda, həmin torpaq sahəsinin hazırda neft şirkətinin kontrakt sahəsinə düşməsi həmin sahə üzərində iddiaçının mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına maneə təşkil etməməlidir. İddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə- Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 31 iyul 2000-ci il tarixli, 1088 saylı sərəncamına əsaslanır. Həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki allara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X4” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikayətinin verilməsinə əsas səbəb odur ki, mübahisə predmeti olan ərazi “X4” şirkətinin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olan neft quyularının və qaz xəttinin mühafizə zolağında yerləşir. Həmçinin orada quyular da mövcuddur. Eyni zamanda nümayəndə ona verilmiş suallara cavab olaraq bildirdi ki, hal-hazırda həmin ərazidə hasilatın aparılıb-aparılmaması barədə məlumatı yoxdur. Amma bir məsələ var ki, qeyri-işlək olan quyu nə vaxtsa işlək ola bilər. ... İddiaçının torpaq sahəsində işlək və yaxud qeyri-işlək quyulardan heç biri mövcud deyil, amma iddiaçının ərazisi mühafizə zonasına düşür. ... İddiaçıya qarşı mülki qaydada iddianın irəli sürülüb-sürülməməsi barədə məlumatsızdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq Bakı Kommersiya Məhkəməsində təyin edilmiş məhkəmə iclası ilə əlaqədar hazırkı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə kollegiyası göstərilən əsası üzrlü hesab etmədi, işə üçüncü şəxsin nümayəndəsinin və məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Kirov XDS İK-nin xx.xx.1989-cu il tarixli qərarından görünür ki, həmin qərarla mübahisəli torpaq sahəsi yaşayış evinin tikintisi məqsədilə İddiaçı təhkim edilmişdir. İş materiallarında olan imtina məktubunda qeyd edilir ki, torpaq sahəsi Dövlət Neft Şirkətinin (Binəqədi Oyl) istifadəsinə verilmiş ərazidə yerləşir. Dəqiq istinad və istinad məsafələri qeyd edilməmiş, perimetrik ölçülərlə faktik sahə arasında uyğunsuzluq mövcuddur. Faktiki torpaq sahəsi 517 kv.m. təşkil edir, torpaq sahəsinin bir hissəsi başqa şəxsin adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür, əksər hissə elektrik xəttinin mühafizə zonasında yerləşir. İş materiallarında olan yerləşmə cizgisindən görünür ki, ayrılmış həmin torpaq sahəsinin yerləşmə nöqtəsi müəyyən edilmişdir. Müayinə aktından isə müəyyən edilir ki, faktiki sahə 517 kv.m. təşkil edir, torpaq sahəsində fərdi yaşayış evləri, kölgəlik mövcuddur, mişar daşı ilə hasarlanıb və mövcud tikililərin çöl divarları ilə sərhədlənmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1). Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində sadalanmış və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı Bakı şəhəri Kirov rayonu X2 27 yanvar 1989-cu il tarixli 40/59 №-li qərarına və yerləşmə cizgisinə istinad edərək, həmin qərarla fərdi yaşayış evinin tikilməsi üçün ona ayrılmış indiki Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi ünvanında 624 kv.m. torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınması tələbini irəli sürmüşdür. Birinci instansiyası məhkəməsi qərarında üst-üstə düşmə halı ilə əlaqədar qeyd etmişdir ki, 23 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsin qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşməsinə münasibətdə iddiaçı tərəfindən azalma verilmiş və 517 kv.m əvəzinə 494 kv.m sahəyə dair hüququn qeydiyyatı tələb edilmişdir. Elektrik xəttinin mühfaizə zolağında yerləşmə barədə imtina dəlilinə münasibətdə isə birinci instansiyası məhkəməsi haqlı olaraq qərarında göstərmişdir ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxtda qüvvədə olan 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmçinin, 1999-cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in 1.4-cü maddəsinə əsasən, bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qanunvericiliyin tələblərinə riayət edilməklə istifadə oluna bilər Cavabdehin imtinasının (etirazının) əsasını elektron kadastr məlumatına əsasən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə yerləşməsi təşkil edir. Məhkəmə kollegiyası cavabdeh orqanın imtinasının həmin dəlilini də iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Belə ki, cavabdehin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə yerləşməsi dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və neft-qaz quyularının mühafizə zolağında yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir. Apellyasiya şikayətiinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin maddənin 3-cü bəndinə görə, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin maddənin 5-ci bəndinə müvafiq olaraq, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun əlavəsindən görünür ki, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri təhlükə potensiallı istehsal obyektlərinin sırasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə görə, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum məsafə 75 m olmalıdır. Normaların məzmunundan göründüyü kimi, təhlükə potensiallı istehsal obyektlər sırasına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə istifadə oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İşin faktiki hallarından və təqdim edilən sənədlərdən də göründüyü kimi, iddiaçının qonşuluğunda və ətrafında (*Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə) digər əmlaklara hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır ki, iddiaçıya münasibətdə fərqli rəftarın müəyyən edilməsi zərurəti mövcud olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1984/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il qərarında qeyd edilmişdir ki, … mübahisəli torpaq sahəsi 2005-ci il tarixdə saziş əsasında ‘‘X5” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edildiyi halda, həmin sahə iddiaçıya bundan daha əvvəl – 2000-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1088 nömrəli sərəncamı əsasında ayrılmışdır. Belə olan halda, həmin torpaq sahəsinin hazırda neft şirkətinin kontrakt sahəsinə düşməsi həmin sahə üzərində iddiaçının mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına maneə təşkil etməməlidir. iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 31 iyul 2000-ci il tarixli, 1088 nömrəli sərəncamına əsaslanır. həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. 2-1(102)-1608/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında, 2- 1(102)-263/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında, da oxşar mövqedən çıxış edilmişdir. 2-1(102)-1548/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardaddan isə görünür ki, cavabdeh ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş nəzarətdə olan ərazilərə düşdüyünə istinadən müraciətin təmin edilməsindən imtina etmiş, iddianın təmininə dair apellyasiya instansiya məhkəməsinin qərarından üçüncü şəxs “X5” Şirkət tərəfindən verilmiş kassasiya şikayəti vahid məhkəmə təcrübəsi nəzərə alınmaqla qeyri-mümkün hesab edilmişdir. Hazırkı işin materiallarından də müəyyən edilir ki, mübahisəli torpaq sahəsi 2005ci il tarixdə saziş əsasında ‘‘X5” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edildiyi halda, həmin sahə iddiaçıya bundan daha əvvəl – xx.xx.1989-cu il tarixdə Kirov XDS İK-nin qərarı əsasında ayrılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Ona görə də, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(112)-10485/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs “X5” şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(112)-10485/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-4644/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4644/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver