Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-465/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-5811/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi 27.02.2009-cu ildən əmək pensiyasının hesablanması zamanı yaranmış fərq məbləğinin ödənilməsinin başlandığı tarixə qədər, yəni 16.05.2015-ci il tarixə qədər olan ödənilməmiş fərq məbləğinin hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbində göstərilmişdir ki, İddiaçı qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2-1(103)-479/19 saylı qərarına əsasən 1973-cü ildən 1995-ci ilə qədər olan dövr üzrə əmək stajı nəzərə alınmaqla, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 50 yaşının tamam olduğu 27.02.2009-cu il tarixdən pensiya təyin edilmişdir. Təyin edilmiş əmək pensiyası məbləğinin hesablanması zamanı yaranmış fərq məbləğinin ödənilməsi isə iddiaçıya əmək pensiyası təyin edildiyi tarixdən deyil, 16.05.2015-ci il tarixdən 16.05.2018-ci il tarixədək olan dövr üzrə həyata keçirilir. İddiaçı ona təyin edilmiş əmək pensiyası məbləğinin hesablanması zamanı isə pensiya təyin edildiyi tarixdən, yəni 27.02.2009-cu ildən əmək pensiyasının hesablanması zamanı yaranmış fərq məbləğinin ödənilməsinin başlandığı tarixə qədər, yəni 16.05.2015-ci ilədək olan ödənilməmiş fərq məbləğinin ödənilməsi barədə ərizə ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq iddiaçıya cavabdehin 28.12.2019-cu il tarixli məktubu ünvanlanmış, məsələnin iddiaçının xeyrinə həlli mümkün olmamışdır. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ona 1 oktyabr 2019-cu il tarixində 200,00 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyul 2019-cu il tarixli, 2- 1(102)-2088/2019 nömrəli qərarına əsasən əmək pensiyası 16 may 2015-ci il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyası keçmiş müddət üçün aşağıdakı qaydada müəyyən edilmişdir: 2015-ci ilin 16 may tarixindən 2015-cı ilin 31 dekabr tarixinədək aylar üzrə - 154,06 manat; 2016-cı ilin 1 yanvar tarixindən 2016-cı ilin 31 yanvar tarixinədək -156,23 manat; 2016-cı ilin 1 fevral tarixindən 2016-cı ilin 31 dekabr tarixinədək aylar üzrə-166,23 manat; 2017-cı ilin hər ayı üzrə -173,22 manat; 2018-ci ilin hər ayı üzrə -183,09 manat; 2019-cu ilin 1 yanvar tarixindən 31 sentyabr tarixinədək aylar üzrə-188,59 manat olmaqla ümumilikdə 9115,72 manat. Keçmiş dövr üçün hesablanmış 9115,72 manat pensiya məbləği cari ilin noyabr ayından etibarən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə aylıq pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-5811/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)- 5811/2020 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia ərizəsindən görünür ki, iddiaçıya qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2-1(103)-479/19 saylı qərarına əsasən 50 yaşının tamam olduğu 27.02.2009-cu il tarixdən pensiya təyin edilmişdir. Təyin edilmiş əmək pensiyası məbləğinin hesablanması zamanı yaranmış fərq məbləğinin ödənilməsi isə 16.05.2015-ci il tarixdən 16.05.2018-ci il tarixədək olan dövr üzrə həyata keçirilmişdir. İddiaçı ona təyin edilmiş əmək pensiyası məbləğinin hesablanması zamanı pensiya təyin edildiyi tarixdən, yəni 27.02.2009-cu ildən əmək pensiyasının hesablanması zamanı yaranmış fərq məbləğinin ödənilməsinin başlandığı tarixə qədər, yəni 16.05.2015-ci ilədək olan ödənilməmiş fərq məbləğinin ödənilməsini tələb edir Birinci instansiya məhkəməsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxılmış, bununla da iddianın mümkünlüyünə qiymət verilməmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi 27.02.2009-cu ildən əmək pensiyasının hesablanması zamanı yaranmış fərq məbləğinin ödənilməsinin başlandığı 16.05.2015-ci il tarixə qədər olan ödənilməmiş fərq məbləğinin hesablanaraq birdəfəlik qaydada ödənilməsi tələbinə dair iddianın mümkünlüyünü araşdırmamış, iddiaya mahiyyəti üzrə baxaraq tələbi rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 08.01.1973cü il tarixdən 26.05.1976-cı il tarixədək sovxozda fəhlə; 05.06.1976-cı ildən 01.11.1977-ci il və 06 dekabr 1979-cu il tarixdən 20.12.1990-cı il tarixədək Ermənistan SSR-də Zəngəzur Filiz İdarəsinin Misçıxarma Baş İdarəsində fəhlə; 01.01.1991-ci il tarixdən 01.01.1995-ci il tarixədək «Layihətikinti» kiçik müəssisəsində; 01.04.1995-ci il tarixdən 08.01.1998-ci il tarixədək Bakı şəhəri 3 saylı Təmir Tikinti İdarəsində və 04.02.1998-cu il tarixdən 30.05.2000-ci il tarixədək X2 nəzdində 16 saylı Təmir Tikinti İdarəsində 4-cü dərəcəli qaynaqçı işlədiyi illər nəzərə alınmaqla, ona 50 yaşı olan tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin cavabdeh şöbənin öhdəsinə qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018- ci il tarixli qərarının ləğv edilməsi; iddiaçıya, onun 1973-cü ildən 1995-ci ilə qədər olan dövr üzrə əmək stajı nəzərə alınmaqla, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 50 yaşının tamam olduğu 27.02.2009-cu il tarixdən, lakin pensiya təyin edilməsi üçün müraciət etdiyi 16.05.2018-ci il tarixdən əvvəlki 3 il üçün, yəni, 16.05.2015-ci i! tarixdən hesablanıb ödənilməklə, ömürlük pensiya təyin olunması vəzifəsi cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2019-cu il tarixli, 2-1(102)-2088/2019 saylı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi iddiaçı daha öncə ona 50 yaşının tamam olduğu 27.02.2009-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı ilə iddiası qismən təmin edilmiş və 50 yaşının tamam olduğu 27.02.2009-cu il tarixdən, lakin pensiya təyin edilməsi üçün müraciət etdiyi 16.05.2018-ci il tarixdən əvvəlki 3 il üçün, yəni, 16.05.2015-ci i! tarixdən hesablanıb ödənilməklə, ömürlük pensiya təyin olunması müəyyən edilmişdir. Həmin qərar qüvvəyə minmiş və icra olunmuşdur. Hazırda da, iddiaçı pensiya təyin edildiyi tarixdən, yəni 27.02.2009-cu ildən əmək pensiyasının hesablanması zamanı yaranmış fərq məbləğinin ödənilməsinin başlandığı tarixə qədər, yəni 16.05.2015-ci ilədək olan ödənilməmiş fərq məbləğinin ödənilməsini tələb edir. Qeyd edilməlidir ki, əvvəlki qərar qəbul edilən zaman, iddiaçının hazırda irəli sürdüyü tələblə bağlı hissəyə də qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, eyni tələbin yenidən məhkəmə baxışının və araşdırmasının predmeti olması yolverilməzdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-5811/2020 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)-5811/2020 saylı qərarı ləğv edilsin. İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-465/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-465/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver