Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-465/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiаçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2- 1(112)-5175/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 57 yaşdan, yəni 01.06.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci ildə Xudat rayonunda anadan olmuş, 01.08.1975-ci ildən 11.05.2020-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək fəaliyyəti dövründə motros və stropçu vəzifələrində işləmişdir. Həmin vəzifə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi və 12 il 6 aydan çox xüsusi stajı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəaritinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yəni güzəştli şərtlərlə pensiya təyin olunması üçün qeyd edilən maddə üç tələb müəyyənləşdirir: yaş, staj və pensiya kapitalı. İddiaçı qeyd edilən tələblərin ikisinə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olararq iddiaçıya münasibətdə 31800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26226,84 manat təşkil edir. Bundan əlavə, iddiaçının 2-ci tələbə cavab verməsi də təqdim etdiyi sübutlar vasitəsi ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən güzəştli arayış təqdim edilməmişdir. İddiaçı tərəfindən yalnız bir arayış təqdim edilmişdir ki, o da arxiv arayışıdır və hətta o belə 12 il 6 ayı əhatə etmir. Cavabdeh qeyd olunanları nəzərə alaraq iddianı təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-5175/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuş, 02 may 1976cı ildən 12 may 1978-ci ilədək hərbi xidmətdə olmuşdur. O, 30.09.1986-cı ildən “İstilik enerji təchizatı” trestinin Bakı qazanmexaniki zavodunda Dəmiryolu nəqliyyatı sahəsinə 3 (üçüncü) dərəcəli dəmir yolu fəhləsi qismində qəbul edilmiş, 15.04.1987-ci ildə Dəmiryolu nəqliyyatı sahəsində ikinci dərəcəli stropaçı vəzifəsinə keçirilmiş, 01.10.1987-ci ildə Əmək haqqının ödənişi üzrə yeni tarif şərtlərinin tətbiqi ilə bağlı dəmiryolu nəqliyyatı sahəsində stropaçı qismində ikinci dərəcə verilmiş, 08.10.1991-ci ildə dəmiryolu nəqliyyatı sahəsində üçüncü dərəcəli stropaçı vəzifəsinə keçirilmiş, 23.10.2000-ci ildə Azərbaycan Respublikası DƏK-nin sərəncamı ilə Bakı Qazan-Mexaniki Zavodunun bazasında Bakı Qazan-Mexaniki Açıq tipli Səhmdar Cəmiyyəti yaradılmış, 16.11.2001-ci ildə satış və nəqliyyat şöbəsinə 3cü dərəcəli stropaçı keçirilmiş, 02.09.2004-cü ildə istehsalat sexinə 3-cü dərəcəli stropaçı keçirilmiş, 06.12.2007-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin şəhadətnaməsinə əsasən, Bakı Qazan Mexaniki Açıq Səhmdar Cəmiyyəti adlandırılmış, 01.10.2008-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə (müəssisənin ləğv edilməsi) əmək müqaviləsinə xitam verilmişdir. “Azərbaycan X4” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/17-03 nömrəli, 13.01.2021-ci il tarixli arxiv arayışına əsasən, İddiaçı həqiqətən Bakı Dənizçilik məktəbini bitirdikdən sonra (1974-1975-ci illər) 01.08.1975-ci ildən (25.08.1975-ci il tarixli 84 nömrəli əmr) 27.04.1976-cı ilə kimi (27.04.1976-cı il tarixli 47 nömrəli əmr), 21.06.1978-ci ildən (19.06.1978-ci il tarixli 38 nömrəli əmr) 12.08.1982-ci ilə kimi (12.08.1982-ci il tarixli 158/н nömrəli əmr), 06.09.1984-cü ildən (06.09.1984-cü il tarixli 176/н nömrəli əmr) 31.10.1985ci ilə kimi (31.10.1985-ci il tarixli 214/н nömrəli əmr) X4 “Emba”, “Marşal Varabyov”, “Xankəndi” gəmilərində matros vəzifəsində işləmişdir. Onun tutduğu bu vəzifələr üzücü heyətə və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, xidmət, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X4 Azərbaycan Dövlət X4 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət X4nin və X7 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X4” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının İddiaçı ünvanladığı 10 fevral 2021-ci il tarixli, BA-00344-2021 nömrəli arxiv arayışına əsasən, 2 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş 15.01.2021-ci iltarixli müraciətinə əsasən verilir ondan ötrü ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Qazan Mexaniki Zavodunun arxiv sənədlərinin şəxsi vərəqələrində vətəndaş İddiaçı 30.09.1986-cı il tarixli, 114/p saylı əmrlə 29.09.1986-cı il tarixdən dəmiryolu nəqliyyatı sahəsinə 3-cü dərəcəli fəhlə vəzifəsinə işə qəbul olunması və 01.10.2008-ci il tarixli, 10 saylı əmrlə müəssisənin ləğv edilməsi ilə əlaqədar olaraq 01.10.2008-ci il tarixdən işdən azad olunması barədə məlumatlar mövcuddur. Zərərli iş barəsində Dövlət Arxivinin Bakı filialında hər hansı bir məlumat saxlanılmır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının “güzəştli şərtlərlə pensiya təyinatından imtina edilməsi haqqında” 11 mart 2021-ci il tarixli, **********2 nömrəli İddiaçı ünvanlanmış məktubunda göstərilmişdir ki, Mərkəzi filiala təqdim edilən “Azərbaycan X4” QSC-nin iddiaçıya dair 13 yanvar 2021-ci il tarixli 01/17-03 nömrəli arayışından göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 12 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 31800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26226,84 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1- dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qanunvericiliyə görə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyın edilməsi üçün «Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-ci il tarixinə 25 il ümumi iş stajı, 12 il 06 ay əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsi ilə bağlı staj olmalıdır. Beləliklə, iş materiallarında olan hərbi biletin, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən, arxiv arayışından göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında iddiaçının işlədiyi matros peşəsi nəzərdə tutulsa da, iddiaçının həmin peşədə iş stajı 01.01.2006-ci il tarixinə 12 il 6 aydan azdır, cəmi 06 il 12 gün təşkil edir. İddiaçının işlədiyi digər peşələr (stropçu və s.) isə güzətli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatlara aid olmadığı üçün güzəştli staja daxil edilə bilməz. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün onun güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan əmək stajı yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün onun güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan güzəşti əmək stajının olmaması əsası ilə iddianın rədd edilməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: İş materiallarında olan əmək kitabçasından, arxiv arayışından görünür ki, iddiaçı 01.08.1975-ci ildən 27.04.1976-cı ilə kimi, 21.06.1978-ci ildən 12.08.1982-ci ilə kimi, 06.09.1984-cü ildən 31.10.1985-ci ilə kimi matros vəzifəsində, 15.04.1987-ci ildən 01.10.2008-ci ilədək stropçu peşəsində işləmişdir. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: XXVİİİ hissənin 3-cü bəndinin Dəniz və çay donanması 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) uyğundur. “Azərbaycan X4” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/17-03 nömrəli, 13.01.2021-ci il tarixli arxiv arayışında da qeyd olunmuşdur ki, İddiaçı X4 “Emba”, “Marşal Varabyov”, “Xankəndi” gəmilərində matros vəzifəsində işləmişdir. Onun tutduğu bu vəzifələr üzücü heyətə və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, xidmət, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. İddiaçının işlədiyi “stropçu” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahıda güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur (Metallurgiya istehsalatı (əlvan metallar) 20900000 -Vİİİ. Xammalın boşaldılması ilə məşğul olan stropçular- 2090100a—18897). Eyni ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 7-ci “Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsində “xammalın boşaldılması ilə məşğul olan stropçular” güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyətinə dair məlumatlar ona məxsus əmək kitabçası və arxiv arayışları ilə təsdiq olunur. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1- ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının əmək kitabçasındakı və arxiv arayışlarındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. İddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli olduğuna dair imtinanın dəlilinə gəldikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarları ilə təsdiq olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarında “stropçu” peşəsinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi aşkar və qeyd-şərtsiz olaraq nəzərdə tutulması, iddiaçının əmək kitabçasında da onun işlədiyi peşənin adının “stropçu” qeyd olunması məhz həmin peşə üzrə hər hansı izahedici arayışa ehtiyacı da aradan qaldırır. Bununla yanaşı, apellyasiya baxışı zamanı iddiçının stropçu peşəsi üzrə çalışdığı "xxxx" ASC-nin fəaliyyət göstərib-göstərməməsinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinə, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular ünvanlanmış, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən məhkəməyə daxil olmuş 11 fevral 2022-ci il tarixli sorğuya cavab məktubunda 07.11.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin (VÖEN **********) 29.01.2009-cu il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığı bildirilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daxil olmuş 15 fevral 2022-ci il tarixli məktubda “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət Proqramı”na uyğun olaraq ləğv edilmiş Azərenerjitikintiquraşdırma Dövlət Şirkətinin Qazan Mexaniki zavodunun bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin 23.10.2020-ci il tarixli, 254 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 21.12.2004cü il tam özəlləşdirilərək mülkiyyətçisi dəyişdirilmişdir. Qeyd edilməlidir ki, hazırkı halda iddiaçının stropçu peşəsində çalışdığı müəssisə "xxxx" Açıq Səhmdar Cəmiyyəti fəaliyyət göstərmədiyindən iddiaçının zərərli əmək şəraitində işləməsinə dair arayış təqdim edilməsi mümkün deyildir. Bununla belə güzəştli arayış təqdim edilməsə də, iddiaçının çalışmış olduğu stropçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarları ilə təsdiq olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarında bütün istehsalat sahələrində güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə kimi qeyd olunmuşdur. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. Cavabdehin imtina məktubunda həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olması ilə bağlı dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya hüququ 01.01.2006-cı il tarixədək yarandığından, bu zaman fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunmadığından iddiaçının zəruri pensiya kapitalına malik olmadığına görə pensiya hüququnun yaranmadığı barədə cavabdehin dəlili əsaslı sayıla bilməz. Eyni zamanda, kollegiya qeyd edir ki, pensiya kapitalı ilə bağlı qeyd edilən tələb 01.07.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu 01.01.2006-cı il tarixəndək qazanmışdı. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, 01.06.2014-cü il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbini irəli sürməkdə haqlı olmuş, cavabdehin imtinası isə əsassız olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı əmək pensiyası təyin edilməsi barədə tələb irəli sürsə də, son nəticədə, bu iddianı qaldırmaqda onun marağı pensiya hüququ yaranan vaxtdan ödənilməli olan pensiya məbləğinin hesablanıb ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da aydınlıq gətirməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. İddiaçı ilkin olaraq 17.02.2021-ci il tarixli ərizə ilə (11.03.2021-ci il tarixli imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona 01.06.2014-cü il tarixdən əmək pensiyasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bu halda iddiaçıya pensiya 17.02.2021-ci il tarixdən əvvəlki üç ilə görə, yəni 17.02.2018-ci ildən ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu 01.06.2014-cü il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi 17.02.2021-ci il tarixdən əvvəlki üç ilə, yəni 17.02.2018-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-5175/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 01.06.2014-cü il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi 17.02.2021-ci il tarixdən əvvəlki üç ilə, yəni 17.02.2018-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-465/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-465/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver