Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-465/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3784/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən ona ayrılmış 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən, İddiaçı ayrılmış 0,07 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla bu barədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli, 521 saylı Qərarına və bu Qərar əsasında Sovxoz Həmkarlar Komitəsi ilə Əmək kollektivi Şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli, 23 nömrəli qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0.07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Qərara əlavə edilmiş “adlı” Siyahıda 1263 sıra sayı ilə X3 fərdi yaşayış evinin tikintisi üçün 0.07 ha torpaq sahəsi ayrılması qeyd edilmişdir. Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, xx.xx.1990-ci il tarixli Əmrinə əsasən həmin torpaq sahəsi üzrə ilkin yerquruluşu sənədlərinin düzgünlüyü müəyyən edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən koordinatları müəyyənləşdirilmiş 1:1000 miqyasında yerləşmə sxemi göstərilməklə 2006-cı ildə **********1000016 nömrəli “Torpaq sahəsinin kadastr planı” sənədi verilmişdir. Həmin torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin əldə edilməsi məqsədilə cavabdehə və digər səlahiyyətli şəxslərə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə dəfələrlə rəsmi müraciətlər olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi müraciətinə cavab olaraq bildirilmişdir ki, aparılan araşdrıma zamanı məlum olmuşdur ki,sözügedən torpaq sahəsi idarənin istifadəsində olan elektron baza məlumatlarına əsasən hal-hazırda Bakı şəhərinin inzibati ərazisinin hüdudları daxilində yerləşir. Ona görə aidiyyat üzrə torpağın yerləşdiyi ərazi Xəzər rayonu, Binə qəsəbəsi, 1 saylı Bakı Ərazi idarəsinə aiddir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubunda qeyd edilir ki, elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi yaşayış binalarının ümumi istifadəsi üçün nəzərdə tutulan yol və ətrafı yaşıllıq olan torpaq sahəsidir. Həmçinin, sözügüdən torpaq sahəsi ilə bağlı Abşeron rayonu “Donuzkökəltmə” sovxozu üzrə xx.xx.1990-cı il tarixində verilmiş 135 nömrəli Əmrin əsli və yerləşmə sxemi təqdim edilməmişdir. Əslində isə qeyd edilən sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədləri Siyahısının 2.5-ci bəndinə uyğun olaraq tələb olunan Əmrdən çıxarış (arxiv arayışına əlavə edilmiş) və müvafiq torpaq sahəsinin yerləşdiyi koordinatları və yerləşməsi, ölçüləri göstərilməklə “Torpaq sahəsinin Kadastr planı” sənədləri təqdim edilmişdir. Digər tərəfdən imtina məktubunda qeyd edilən Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən torpaq sahəsinin ümumi istifadədə olan yol hissəsinə düşməsi isə həqiqətə uyğun deyildir. Torpaq sahəsinin yerləşdiyi ərazinin 3 tərəfindən keçən 5-6 metr enində olan ara yolu ərazi ilə üst-üstə düşmür və vətəndaşların və avtomobillərin sərbəst hərəkət üçün heç bir maneə mövcud deyildir. Torpaq sahəsi digər qonşu torpaq sahələri ilə kəsişmir və üst-üstə düşmür. Müvafiq koordinatlara əsasən elektron baza məlumatlarında da belə hallar mövcud deyildir. Ərazidə yaşıllıq isə yoxdur. Cavabdehin əməkdaşları ərazidə baxış keçirərkən və təqdim edilmiş sənədlərə baxaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hər hansı maneənin, sənəd çatışmazlığının olmadığını bildirmişlər. Lakin sonradan eyni məzmunlu məktubla müraciətindən imtina olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İmtina məktubunda qeyd edilənlər qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Belə ki, Abşeron rayon Dövlət Arxiv İdarəsinin F184 saylı,16 fevral 2021-ci il tarixli və F1002 saylı, 15 avqust 2023-cü il tarixli arxiv arayışlarına əsasən xx.xx.1990-ci il tarixli, 135 saylı Əmrindən çıxarışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 dekabr 1989cu il tarixli, 521 saylı Qərarına və bu qərar əsasında Sovxoz Həmkarlar Komitəsi ilə Əmək kollektivi Şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cil tarixli, 23 nömrəli qərar sovxoz fəhlə və qulluqçularına 0.07 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı vətəndaş siyahısında X1 adı 1263 sıra sayı ilə qeyd edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təsdiq edilmiş Abşeron rayonu “Donuzkökəltmə” sovxozunun ərazisinin Yerquruluşu planından 1:10000 miqyasla çıxarışında mövcud 0.07 ha torpaq sahəsi, ölçüləri göstərilməklə qeyd edilmişdir. Torpaq sahəsinə dair coğrafi mövqeyi göstərən yerləşmə cizgisində, dəqiq istinad və məsafələr qeyd edilmişdir və sənəd üzrə yerləşməni dəqiqləşdirmək mümkündür. Abşeron rayon, Binə qəsəbəsində Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli, 521 saylı Qərarına və Abşeron rayon “Donuzkökəltmə” sovxozu üzrə 135 saylı, xx.xx.1990-ci il tarixli Əmrinə əsasən 0.07 ha torpaq sahəsinin koordinatları X1- 423474.86; X2-423487.71; X3-423471.44; X4- 423454.72; Y1-4478572.64; Y2-4478539.11; Y3-4478532.51; Y4-4478561.45 və faktiki ölçüləri göstərilməklə təsdiq edilmiş xx.xx.2006-cı il tarixli ”Torpaq sahəsinun Kadastr planı” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 590 sayla uçot kitabında İddiaçı adına qeydiyyatı aparılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 1998 nömrəli, 22 sentyabr 2006-cı il tarixli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli, 521 saylı Qərarına və Abşeron rayon “Donuzkökəltmə” sovxozu üzrə 135 saylı, xx.xx.1990-ci il tarixli əmri ilə İddiaçı 0.07 ha olmaqla fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsi qanuna müvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz etmir. "xxxx" MMC-nə müraciət olunaraq “Torpaq sahəsinin Kadastr planı”nda göstərilmiş koordinatlara əsasən Binə qəsəbəsində İddiaçı adına ayrılmış 0.07 ha torpaq sahəsinin Abşeron rayonu Donuzkökəltmə sovxozunun ərazisinə aid olduğu barədə arayış verilməsi xahiş olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, elektron baza və arxiv məlumatlarına əsasən təqdim edilmiş “Torpaq sahəsinin Kadastr Planı”nda qeyd olunmuş koordinatlarda yerləşən torpaq sahəsi Abşeron rayon “Donuzkökəltmə” sovxozunun ərazisində yerləşir. Daha sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən xx.xx.2006-cı il tarixli torpaq sahəsinin kadastr planının baza məlumatlarına daxil edilməsi xahiş olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubla ona bildirilmişdir ki, “Torpaq sahəsinin Kadast Planı” sənədinə aid məlumatları elekton bazasına yerləşdirilməsi ilə bağlı tərəflərindən müvafiq tədbir görülmüşdür. Bu, o anlama gəlir ki, həmin torpaq sahəsi digər torpaq sahələri ilə üst-üstə düşmür. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Ayrılmış torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə etdiyindən, iddia əsaslıdır və təmin edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) e-2-1(112)-3784/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixli 135 №-li əmri ilə İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən, 0,07 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən ona ayrılmış 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli saylı qərarına əsasən iddianın təmin edilməsi, Abşeron rayon Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixli 135 №-li əmri ilə İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən, 0,07 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, sözügedən torpaq sahəsi ilə bağlı Abşeron rayonu Donuzkökəltmə sovxozu üzrə 135 saylı xx.xx.1990-cı il tarixdə verilmiş əmrin əsli və yerləşmə sxemi sənədlər toplusuna əlavə edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli Torpaq sahəsinin Kadastr planının baza məlumatı İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin, şəxsiyyəti təsdiq edən sənəddə soyad kimi “Zaidov” qeyd edilsə də, təqdim olunmuş sənədlərdə vətəndaşın soyadı “Zahidov” olaraq qeyd olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi yaşayış binaları, 285 saylı uşaq bağçası, yol və yaşıllıq sahə ilə əhatələnmiş ümumi istifadədə olan torpaq sahəsidir. Həmçinin, təqdim edilmiş yerquruluşu planında heç bir istinad, məsafələr olmadığından mövqeyi müəyyənləşdirmək mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 12 iyul 1990-cı il tarixli 135 №-li əmrindən çıxarışdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarın tələbinə uyğun olaraq X2 (sovxoz fəhlə və ya qulluqçusu kimi) fərdi ev tikmək üçün 0,07 ha həyətyanı torpaq sahəsi ayrılması barədə əmr verilmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd olunur: Abşeron rayon Donuzkökəltmə Sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 №-li əmri Abşeron rayon Dövlət Arxivində saxlanılır. 12 iyul 1990-cı il tarixli 135 №-li əmrdə göstərilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarına əsasən sovxoz fəhlə və ya qulluqçularına 0.07 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur: … 1263. X4. Əsas: F.101. s. 1a. s.v.69, b.8. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin Kadastr planından görünür ki, Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1990-cı il tarixli 135 №-li əmri və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 №-li qərarı ilə X2 fərdi ev tikmək üçün ayrılmış 700 kv.m torpaq sahəsinin xx.xx.2006-cı ildə kadastr planı tərtib edilmiş və koordinatlar müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 nömrəli və Abşeron rayonu Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli 135 nömrəli Qərarları əsasında **********1000016 nömrəli “Torpaq sahəsinin Kadastr planı” ilə vətəndaş İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin Abşeron rayonu Donuzkökəltmə sovxozunun ərazisinə aid olub-olmaması ilə bağlı məlumatın verilməsi barədə iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır, elektron baza və arxiv məlumatlarına əsasən təqdim olunmuş “Torpaq sahəsinin Kadastr planı”nda qeyd olunmuş koordinatlarda yerləşən torpaq sahəsi Abşeron rayonu keçmiş Donuzkökəltmə sovxozunun ərazisində yerləşir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2157/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə verilmiş xx.xx.1990-cı il tarixli, 135 saylı əmrin, Azərbaycan Respublikası DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 2006-cı il tarixli **********1000016 nömrəli torpaq sahəsinin kadastr planının xx.xx.1968-ci il təvəllüdlü İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə müraciətlərinə aidiyyəti üzrə baxılmışdır. Elektron kadastr baza məlumatına əsasən tərəfindən göstərilən ərazi yaşayış binalarının ümumi istifadəsi üçün nəzərdə tutulan yol və ətrafı yaşıllıq olan torpaq sahəsidir. Həmçinin, sözügedən torpaq sahəsi ilə bağlı Abşeron rayonu Donuzkökəltmə sovxozu üzrə xx.xx.1990-cı il tarixində verilmiş 135 nömrəli əmrin əsli və yerləşmə sxemi təqdim edilməmişdir. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla təqdim olunmuş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, hüquq müəyyənedici sənəd üzrə torpaq sahəsi 700,0 kv.m., faktiki sahə 700 kv.m. təşkil edir, bir mərtəbəli qeyri-yaşayış tikilisi mövcuddur (Market), 5 mərtəbəli yaşayış binasından 6-7 m məsafədə yerləşir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 oktyabr 2016-cı il tarixli qərarı. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı. İşin faktiki hallarından görünür ki, Abşeron rayon Donuzkökəltmə Sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 №-li əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarına əsasən sovxoz fəhlə və ya qulluqçularına, o cümlədən iddiaçıya 0.07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı hazırda həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədilə cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Qeyd olunan sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İddiaçıya qeyd olunan torpaq sahəsinin ayrılması barədə Abşeron rayon Donuzkökəltmə Sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 №-li əmri Abşeron rayon Dövlət Arxivində saxlanılır və məhkəməyə təqdim edilmişdir. Bundan başqa, Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1990-cı il tarixli 135 №-li əmri və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 №-li qərarı ilə iddiaçıya fərdi ev tikmək üçün ayrılmış 700 kv.m torpaq sahəsinin kadastr planı xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş və koordinatlar müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, elektron baza və arxiv məlumatlarına əsasən “Torpaq sahəsinin Kadastr planı”nda qeyd olunmuş koordinatlarda yerləşən həmin torpaq sahəsi Abşeron rayonu keçmiş Donuzkökəltmə sovxozunun ərazisində yerləşir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından həmin sənədlər mötəbər sübut kimi qiymətləndirilməlidir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan həmin sənədlərə etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Eyni zamanda həmin torpaq sahəsi iddiaçıya ayrılmışdır və onun istifadəsinə verilmişdir, həmin tarixdən də iddiaçının qanuni istifadəsindədir. Cavabdeh inzibati orqan göstərilən bağ sahəsinə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, xx.xx.2006-cı ildə tərtib edilmiş Torpaq sahəsinin kadastr planında qeyd olunmuş koordinatlarla cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktında göstərilmiş koordinatlar eynidir. Bundan başqa, sənədlərin arxivdə saxlanılması iddiaçının vəzifəsinə daxil deyildir və buna görə iddiaçı məsuliyyət daşımır. Habelə şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddir. Qeydiyyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də digər inzibati orqanların davranışını müəyyən edir. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Beləliklə, göstərilən hallar torpaq sahəsinə hüquqların qeydiyyatına maneə deyil və imtina üçün əsas hesab edilmir. Cavabdehin imtinasında istinad etdiyi əsaslarla bağlı qeyd edilməlidir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3784/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-465/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-465/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver