Məhkəmə qərarları › İş №2-1(103)-4650/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4650/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4650/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Arif qızının sədrliyi və məruzəsi ilə, X2 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Burcalıyev Ələsgər Müşfiq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması və artıq ödənilmiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)- 3866/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən artıq ödənilmiş 136919 manat vergi məbləğinin qaytarılması barədə rəy tərtib edərək Maliyyə Nazirliyinə göndərilməsi və artıq ödənimiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “İddiaçı MMC tərəfindən artıq ödənilmiş 136919 manat vergi məbləğinin qaytarılması və artıq ödənilmiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin qaytarılması barədə rəy tərtib edərək Maliyyə Nazirliyinə göndərilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3866/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı MMC tərəfindən artıq ödənilmiş 136919 manat vergi məbləğinin qaytarılması və artıq ödənilmiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

4. Qərardan narazı qalan cavabdeh inzibati orqan iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3866/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2331/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3866/2024 saylı 27 fevral 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Kassasiya icraatı zamanı cavabdeh Ali Məhkəməyə müraciət edərək kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3724/2024 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 2-1(103)- 2331/2024 nömrəli qərarından kassasiya şikayətinin geri götürülməsi barədə müraciəti təmin edilmişdir.

9. İPM-in 79.1-ci maddəsinə uyğun olaraq, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3866/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı qanuni qüvvəsini aldığından icra olunması üçün xx.xx.2024-cü il tarixli məktubla cavabdeh orqana göndərilmişdir.

10. Cavabdehin 16 yanvar 2025-ci il tarixli 3-21-2-3/2-43254/2025 saylı məhkəmə qərarının icrası barədə məktubu ilə bildirilmişdir ki, iddiaçı "xxxx" MMC-nin (VÖEN: **********) iddiası ilə bağlı “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” 3-21-2-3/2- 6016/2025 nömrəli rəy Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmişdir

11. İddiaçının vəkili xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarının icra edilmədiyi üçün müvafiq icra tədbirlərinin görülməsini xahiş etmişdir.

12. İPM-in 79.2-ci maddəsinə uyğun olaraq, Bakı İnzibati e-2-1(112)-3866/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının icrasına dair xx.xx.2025-ci il tarixdə icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir.

13. İddiaçının vəkili xx.xx.2025-ci il tarixdə yenidən ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarının icra edilmədiyi üçün müvafiq icra tədbirlərinin görülməsini, hərəkətsizlik edən şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.

14. Məhkəmənin iş üzrə xx.xx.2025-ci il tarixli Nizami rayon İcra şöbəsinə ünvanlanan məktubu ilə icra sənədinin icrası ilə bağlı qısa müddətdə məlumat verilməsi xahiş olunmuşdur.

15. Məhkəmənin iş üzrə xx.xx.2025-ci il tarixli cavabdehə ünvanlanan məktubu ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən cərimə barədə xəbardarlıq olunaraq qərarın icrasına dair məhkəməyə 15 gün müddət ərzində məlumat verilməsi xahiş olunmuşdur.

16. Cavabdehin 30 aprel 2025-ci il tarixli 3-21-2-3/2-537410/2025 saylı məktubu ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-3866/2024 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-2331/2024 nömrəli Qərarlarına əsasən İddiaçınə (VÖEN:**********) faiz məbləğinin geri qaytarılmasına dair “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” A 3-21-2-3/2-6016/2025 rəyin 2 nüsxəsi və ona əlavələr aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir.

17. İddiaçının vəkili xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək artıq ödənilmiş əsas məbləğ qaytarılanadək gecikdirilmiş günlərin sayınin neçə gün təşkil etməsi, artıq ödənilmiş əsas məbləğ qaytarılanadək gecikdirilmiş günlərin sayı üçün 0,1% məbləğində vəsaitin neçə manat təşkil etməsi, gecikdirilmiş hər bir gün üçün 0,1% olmaqla cavabdehin təqdim edəcəyi rəydə neçə manat məbləğində vəsaiti göstərməli olduğuna dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3866/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarına izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

18. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan espublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması və artıq ödənilmiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsi e-2-1(112)-3866/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərar ilə iddianı təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2331/2024 nömrəli qərarı həmin qərar qüvvədə saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etə də, sonradan AR Ali Məhkəməsinə müraciət edərək kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. AR Ali Məhkəməsi bu ərizəni təmin edərək, buna dair 2-1(102)-3724/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardad çıxarmışdır. Bununla da İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması və artıq ödənilmiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3866/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı qüvvəyə minərək 136919 manat vergi məbləğinin qaytarılması və artıq ödənimiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Lakin cavabdeh tərəfindən qeyd edilən qərar hissəvi icra edilmiş, yəni 136919 manat məbləğində, artıq ödənimiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləği kimi cəmi 142121.50 manat ödənilmişdir. Cavabdehə dəfələrlə 0,1% məbləği kimi cəmi 14211.50 manat deyil, əhəmiyyətli dərəcədə artıq məbləğ ödəməli olduğu barədə müraciətlərimizə yazılı cavab verilməmiş, onlar hesab etmişlər ki, gecikdirilmiş məbləğ cəmi 14211.50 manat təşkil edir. Lakin bizim hesablamalar fərqli bir məbləğ ortaya çıxarmış olur. Belə ki, qeyd olunan qərarın İV. “Məhkəmənin mövqeyi” bölməsinin 14-cü bəndində açıq şəkildə bildirilir ki: “Artıq ödənilmiş məbləğ qanunvericiliyə uyğun olaraq 20 gün müddətində qaytarılmalı, bu müddətdən artıq olan hər bir gecikdirilmiş gün üçün 0.1% məbləğində penya hesablanmalı və ödənilməlidir. Cavabdeh qurum tərəfindən 6 aydan çox müddət keçməsinə baxmayaraq iddiaçıya rəy verilməmiş, artıq ödəmə geri qaytarılmamışdır. Bu hal rəy verilməsindən imtina hesab edilir və iddiaçının faiz almaq hüququnu yaradır.” Bütün bunlara baxmayaraq, İqtisadiyyat Nazirliyinin verdiyi rəyə əsasən, Maliyyə Nazirliyi tərəfindən sözügedən qərar yalnız qismən icra edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində, İddiaçı MMC-nin AZ35UBAZ**********0040AZN001 nömrəli hesabına əsas məbləğ olan 136,919 manat ödənilmişdir. xx.xx.2025-ci il tarixində isə həmin hesaba 14.211,50 AZN məbləğində əlavə vəsait köçürülmüşdür. Bu vəsaitin penya məbləği kimi ödənildiyi bildirilmişdir. Halbuki, xx.xx.2025-ci il tarixində təqdim edilən rəsmi məktubda xx.xx.2023 – xx.xx.2025 tarixlərini əhatə edən 668 gün üzrə penya məbləğini 91,460 AZN olaraq məhkəmə qərarına və Vergi Məcəlləsinin müvafiq müddəalarına əsaslanaraq təqdim edilib. Ödənilmiş 14.211,50 AZN bu məbləğin yalnız kiçik bir hissəsini təşkil edir və məhkəmə qərarında göstərilən tarixlərə əsaslanan penya dövrünü tam şəkildə əhatə etmir. Qeyd edilir ki, məhkəmə qərarına uyğun olaraq penya hesablaması aşağıdakı kimi aparılmışdır: xx.xx.2023 – xx.xx.2025 tarixləri arasında, 699 gün ərzində, 136,919 manat məbləğ üçün gündəlik 0.1% penya hesablanmaqla ümumi penya məbləği: 95,755.81 AZN təşkil edir. xx.xx.2025-ci il tarixində yalnız 14,211.50 AZN ödənilmişdir. Bu məbləğ ümumi penya məbləğindən çıxıldıqda, xx.xx.2025 tarixədək hələ də ödənilməli olan qalıq penya borcu: 95,755.81 – 14,211.50 = 81,544.31 AZN təşkil edir. Bu hesablamalar Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-3866/2024 nömrəli qərarının 14-cü bəndinə və Vergi Məcəlləsinin müvafiq müddəalarına əsasən aparılmışdır. Qeyd edilən xüsusatlar birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarında əks olunsa da, qərarda konkret peniya məbləği (20 gün müddətində qaytarılmalı olan məbləğin bu müddətdən artıq olan hər bir gecikdirilmiş gün üçün 0.1% məbləğində penya) rəqəm olaraq göstərilməmişdir. Rəqəm olaraq peniya məbləğinin qərarda əks olunmamsı cavabdehə qərarı icra etməməyə imkan verir və cavabdeh bundan sui-istifadə edərək hazırki günədək qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmir. Hazırda bu hissə üzrə, yəni dəqiq peniya məbləğinə dair qərarın izahına ehtiyac və zərurət yaranmışdır.

19. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-3866/2024 saylı Qərardadı ilə ərizə rədd edilmişdir.

20. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-3866/2024 saylı Qərardadından İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3866/2024 saylı, 27 fevral 2024-cü tarixli qərarına izah verilməsini təmin etmək məqsədilə qeyd edilən qərara izah verilməsindən imtinaya dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-3866/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

II. Apellyasiya şikayətinin dəlilləri:

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir əsas olmadan həmin qərarın izah edilməsindən imtina edərək buna dair qərardad çıxarmışdır. Məhkəmənin mövqeyi belə olmuşdur ki, hazırkı iş üzrə 27 fevral 2024-cü il il tarixli qərar aydın olmaqla iddiaçının iddia tələbinə uyğun təmin olunmuşdur. Lakin iddia verilərkən və məhkəmə baxışları həyata keçirilərkən artıq ödənilmiş vəsaitin qaytarılması təmin edilmədiyindən həmin günlərin sayı da konkret bəlli deyildi. Belə ki, AR Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»nın 6.1-ci bəndinə görə vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu qaydaların da dispozisiyasından bəlli olur ki, geri qaytarılmayan məbləğin 0,1 faizi məbləğində faizi ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək hesablanmalıdır. Təqdim etdiyimiz ərizədə biz bu hesablamanı açıqlamışıq. Məhkəmənin izahdan imtina edərkən əsas kimi istinad etdiyi mövqe isə mahiyyəti üzrə çıxarılmış qərarda əks olunmamışdır və əks oluna bilməzdi. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması və artıq ödənilmiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin ödənilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsi e-2-1(112)-3866/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərar ilə iddianı təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2331/2024 nömrəli qərarı həmin qərar qüvvədə saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, sonradan AR Ali Məhkəməsinə müraciət edərək kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. AR Ali Məhkəməsi bu ərizəni təmin edərək, buna dair 2-1(102)-3724/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad çıxarmışdır. Bununla da İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması və artıq ödənilmiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin ödənilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3866/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı qüvvəyə minərək 136919 manat vergi məbləğinin qaytarılması və artıq ödənimiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Lakin cavabdeh tərəfindən qeyd edilən qərar hissəvi icra edilmiş, yəni 136919 manat məbləğində, artıq ödənimiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləği kimi cəmi 142121.50 manat ödənilmişdir. Cavabdehə dəfələrlə 0,1% məbləği kimi cəmi 14211.50 manat deyil, əhəmiyyətli dərəcədə artıq məbləğ ödəməli olduğu barədə müraciətlərimizə yazılı cavab verilməmiş, onlar hesab etmişlər ki, gecikdirilmiş məbləğ cəmi 14211.50 manat təşkil edir. Lakin bizim hesablamalar fərqli bir məbləğ oratya çıxarmış olur. Belə ki, qeyd olunan qərarın İV. "Məhkəmənin mövqeyi" bölməsinin 14-cü bəndində açıq şəkildə bildirilir ki: "Artıq ödənilmiş məbləğ qanunvericiliyə uyğun olaraq 20 gün müddətində qaytarılmalı, bu müddətdən artıq olan hər bir gecikdirilmiş gün üçün 0.1% məbləğində penya hesablanmalı və ödənilməlidir. Cavabdeh qurum tərəfindən 6 aydan çox müddət keçməsinə baxmayaraq iddiaçıya rəy verilməmiş, artıq ödəmə geri qaytarılmamışdır. Bu hal rəy verilməsindən imtina hesab edilir və iddiaçının faiz almaq hüququnu yaradır." Bütün bunlara baxmayaraq, İqtisadiyyat Nazirliyinin verdiyi rəyə əsasən, Maliyyə Nazirliyi tərəfindən sözügedən qərar yalnız qismən icra edilmişdir. Belə ki: xx.xx.2025-ci il tarixində, "xxxx" MMC-nin AZ35UBAZ**********0040AZN001 nömrəli hesabına əsas məbləğ olan 136,919 manat ödənilmişdir. xx.xx.2025-ci il tarixində isə həmin hesaba 14,211.50 AZN məbləğində əlavə vəsait köçürülmüşdür. Bu vəsaitin penya məbləği kimi ödənildiyi bildirilmişdir. Halbuki, biz xx.xx.2025-ci il tarixində Sizə təqdim etdiyimiz rəsmi məktubda xx.xx.2023 - xx.xx.2025 tarixlərini əhatə edən 668 gün üzrə penya məbləğini 91,460 AZN olaraq məhkəmə qərarına və Vergi Məcəlləsinin müvafiq müddəalarına əsaslanaraq təqdim etmişdik. Ödənilmiş 14,211.50 AZN bu məbləğin yalnız kiçik bir hissəsini təşkil edir və məhkəmə qərarında göstərilən tarixlərə əsaslanan penya dövrünü tam şəkildə əhatə etmir. Qeyd edirik ki, məhkəmə qərarına uyğun olaraq penya hesablaması aşağıdakı kimi aparılmışdır: xx.xx.2023-xx.xx.2025 tarixləri arasında, 699 gün ərzində, 136,919 manat məbləğ üçün gündəlik 0.1% penya hesablanmaqla ümumi penya məbləği: 95,755.81 AZN təşkil edir. xx.xx.2025-ci il tarixində yalnız 14,211.50 AZN ödənilmişdir. Bu məbləğ ümumi penya məbləğindən çıxıldıqda, xx.xx.2025 tarixədək hələ də ödənilməli olan qalıq penya borcu: 95,755.81 - 14,211.50 = 81,544.31 AZN təşkil edir. Bu hesablamalar Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-3866/2024 nömrəli qərarının 14-cü bəndinə və Vergi Məcəlləsinin müvafiq müddəalarına əsasən aparılmışdır. Qeyd edilən xüsusatlar birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarında əks olunsa da, qərarda konkret peniya məbləği (20 gün müddətində qaytarılmalı olan məbləğin bu müddətdən artıq olan hər bir gecikdirilmiş gün üçün 0.1% məbləğində penya) rəqəm olaraq göstərilməmişdir. Rəqəm olaraq peniya məbləğinin qərarda əks olunmamsı cavabdehə qərarı icra etməməyə imkan verir və cavabdeh bundan sui-istifadə edərək hazırki günədək qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmir. Hazırda bu hissə üzrə, yəni dəqiq peniya məbləğinə dair qərarın izahına ehtiyac və zərurət yaranmışdır. Lakin məhkəmə heç bir əsas olmadan izah vermədən imtina edərək buna dair qərardad çıxarmışdır. AR MPM-nin 230.1-ci maddəsinə əsasən İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir.

III.Tərəflərin izahatları:

22. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Məhkəmə iclasının keçirilmə yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılan iddiaçı hüquqi şəxsin nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

Əsaslandırıcı hissə

IV. Tətbiq olunan hüquq

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi. Maddə 1. ...1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra–inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Qərarı. Bənd 33. Məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər.

V. Məhkəmənin mövqeyi

27. Məhkəmə apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-3866/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onlar xx.xx.2025-ci il tarixində vergi orqanına təqdim etdiyi rəsmi məktubda xx.xx.2023xx.xx.2025 tarixlərini əhatə edən 668 gün üzrə penya məbləğini 91,460 AZN olaraq məhkəmə qərarına və Vergi Məcəlləsinin müvafiq müddəalarına əsaslanaraq təqdim etmişlər. Ödənilmiş 14,211.50 AZN bu məbləğin yalnız kiçik bir hissəsini təşkil edir və məhkəmə qərarında göstərilən tarixlərə əsaslanan penya dövrünü tam şəkildə əhatə etmir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilənlərə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı icra edilməsi üçün Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir.

30. İş materiallarında olan DVX Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-537410/2025 saylı məktubun məzmumundan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)- 3866/2024 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)- 2331/2024 nömrəli Qərarlarına əsasən İddiaçı MMC-nə(VÖEN:**********) faiz məbləğinin geri qaytarılmasına dair “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” A 3-21-2-3/2-6016/2025 rəyin 2 nüsxəsi və ona əlavələr aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir.

31. Göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması və artıq ödənilmiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin ödənilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı icraya yönəldilmiş, cavabdeh tərəfindən tələbin icra edilməsi ilə bağlı cavab verilmişdir.

32. Məhkəmə qeyd edir ki, məhkəmə qərarına izah verilməsi qərarda aydın ifadə edilməyən məsələlərlə bağlı ola bilər. Hazırki halda məhkəmə qeyd edir ki, qərarın mətni aydındır, işin hallarına uyğun olaraq hər hansı anlaşılmayan məqamlar yoxdur. Belə ki, iddiaçı tərəfindən bildirilən hallar riyazi hesablamalarla bağlı olmaqla hər hansı şəkildə izahla həll edilməli məsələ deyil. Belə ki, qərar aydındır. Aydın ifadə edilən qərarın icrası ilə bağlı yaranmış narazılıq izah verilməsi ilə deyil, məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. Belə ki, hazırki işdən görünür ki, məhkəmə qərarında iddiaçı tərəfindən artıq ödənilmiş 136919 manat vergi məbləğinin qaytarılması və artıq ödənilmiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin qaytarılması barədə müvafiq rəyin verilməsi tələbi təmin edilmişdir. Odur ki, qeyd edilən halda ödənilməli faiz məbləğinin hesablanması üçün hər hansı izaha ehtiyac yoxdur, söhbət sadə riyazi hesablamadan gedir. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi marağı məhkəmə qərarına izah verilməsində deyil, məhkəmə qərarının icrası qaydasında müraciətdə ifadə edilir. Odur ki, iddiaçı rəy verilmiş məbləğdən narazı olduğu təqdirdə, hüquqi marağına uyğun olaraq icra məmuruna müraciət edə, müraciətinin təmin edilməsindən imtina edildiyi təqdirdə isə məhkəmə qərarının lazımi qaydada icra olunmaması ilə bağlı icra məmurunun hərəkətlərindən şikayət edə bilər. Məhz icra qaydasında verilmiş şikayətə baxıldığı zaman məhkəmə qeyd edilən qərarın məzmununa uyğun olaraq tam icra olunmasına da qiymət vermiş olacaqdır.

33. Odur ki, məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2-1(112)- 3866/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır

Nəticə hissəsi

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3866/2024 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Rəşid Səmədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar