Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4651/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Arif qızının sədrliyi və məruzəsi ilə, X3 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Burcalıyev Ələsgər Müşfiq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 İdidaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2-1(112)- 971/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 yanvar 2026-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların mərhum X6 məxsusluğu haqqında arayışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Cavabdeh orqanın imtina məktubunda qeyd etdiyi əsaslar qanunsuzdur. Azərbaycan SSR Nazirlər Sovetinin 15 yanvar 1990-ci il tarixli 22№-li qərarı və Azərbaycan SSR X13 Komitəsinin 13 fevral 1990-cı il tarixli 82№-li əmrinə uyğun olaraq iddiaçının anası X6 xx.xx.1990-cı il tarixli həyətyanı torpaq sahəsinin verilməsinə aid akta əsasən Abşeron rayonu, Maştağa qəsəbəsi Tərəvəzçilik-südçülük sovxozu ünvanında fərdi yaşayış evi tikdirmək məqsədilə 0,12 ha torpaq sahəsi ayrılaraq daimi istifadə üçün təhkim edilmişdir. X4 xx.xx.2019-cı il tarixində vəfat etməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixində vərəsəlik işi açılmışdır və İddiaçı mərhumun varisidir Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Abşeron rayonu Maştağa sovxozunun xx.xx.1990-cı il tarixli aktında istinad olunan Maştağa tərəvəzçilik-südçülük sovxozunun 57 saylı, xx.xx.1990-cı il tarixli əmrinin qüvvədə olub-olmaması barədə məlumat verməsi üçün Abşeron rayon Dövlət Arxivinə sorğu göndərilmiş, sorğuya T/32-2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Maştağa tərəvəzçilik-südçülük sovxozunun xx.xx.1990-cı il tarixli 57 saylı əmri vətəndaşlara hər hansı məqsəd üçün torpaq sahəsinin ayrılması barədə deyil, sovxozun mühasibatlıq sənədləri barədə olduğundan vətəndaş X4 adının araşdırılması mümkün olmamışdır. Elektron kadastr məlumatına əsasən göstərilən sahə Maştağa tərəvəzçiliksüdçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin yerləşmə cizgisində dəqiq istinadlar və istinad məsafələri qeyd edilməmişdir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m göstərilsə də, faktiki 1170 kv.m təşkil edir.
II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-971/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilərək, iddiaçının “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-südçülük sovxozu ünvanında yerləşən 1200 kv.m. sahəsi olan torpaq sahəsinin mərhum X6 məxsus olmasını təsdiq edən arayışın verilməsi” barədə iddiası təmin edilməmişdir.
5. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçı T.Bədəlovanın hüquqların dövlət qeydiyyatı üçün qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədləri təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur.
6. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
III. Apellyasiya şikayətinin dəlilləri:
7. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəçilik-südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmişdir. Müraciətə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Cavabdeh orqanın imtina məktubunda qeyd etdiyi əsaslar qanunsuzdur. Azərbaycan SSR Nazirlər Sovetinin 15 yanvar 1990-cı il tarixli 22 № lı Qərarı və Azərbaycan SSR X13 Komitəsinin 13 fevral 1990-cı il tarixli 82 № li əmrinə uyğun olaraq iddiaçının anası X6 xx.xx.1990-cı il tarixli həyətyanı torpaq sahəsinin veriloməsinə aid akta əsasən Abşeron rayonu,Maştağa qəsəbəsi Tərəvəzçilik- südçülük sovxozu ünvanında fərdi yaşayış evi tikdirmək məqsədilə 0,12 ha torpaq sahəsi ayrılaraq daimi istifadə üçün təhkim edilmişdir.X4 xx.xx.2019-cu il tarixində vəfat etməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixində vərəsəlik işi açılmışdır və İddiaçı mərhumun varisidir.Verilmiş olan iddianın təmin olunması üçün kifayət qədər sübutlar olmasına baxmayaraq Bakı İnzibati Məhkəməsi (hakim Səlma Qənbərovanın sədrliyi) tam,hərtərəfli və obyektiv araşdırma aparmamış, iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğun deyildir,ona görə də həmin qərar qanuni və əsaslı hesab edilə bilməz.
IV. Tərəflərin izahatları:
8. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı şikayətin təmin olunması və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin olunmasını və apellyasiya instansiyası mərhələsində iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəmə kollegiyasına ərizə təqdim edərək torpaq sahəsinin ölçüsünün 1170 kv.m olaraq nəzərə alınmasını xahiş etmişdir.
10. İddiaçı tərəfindən dəqiqləşdirilmiş ərizə apellyasiya icraatı zamanı qəbul edilmişdir. .
Əsaslandırıcı hissə
V. Tətbiq olunan hüquq
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış;
13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyişəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyətkəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
VI. Məhkəmənin mövqeyi
14. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarına görə, Azərbaycan SSR Nazirlər Sovetinin 15 yanvar 1990-ci il tarixli 22№-li qərarı və Azərbaycan SSR X13 Komitəsinin 13 fevral 1990-cı il tarixli 82№-li əmrinə uyğun olaraq iddiaçının anası X6 xx.xx.1990-cı il tarixli həyətyanı torpaq sahəsinin verilməsinə aid akta əsasən Abşeron rayonu, Maştağa qəsəbəsi Tərəvəzçilik-südçülük sovxozu ünvanında fərdi yaşayış evi tikdirmək məqsədilə 0,12 ha torpaq sahəsi ayrılaraq daimi istifadə üçün təhkim edilmişdir. X4 xx.xx.2019-cı il tarixində vəfat etməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixində vərəsəlik işi açılmışdır və İddiaçı mərhumun varisi kimi tanınmşdır. Torpaq sahəsinin hasar daxili faktiki sahəsi hazırda 1170 kv.m-dir. Həmin vaxtdan mərhumun istifadəsində olmuşdur.
15. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların mərhum X6 məxsusluğu haqqında arayışın verilməsi onun istifadəsinə verilmiş bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.
16. X12 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə kollegiyası qeyd edir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
17. Məhkəmə kollegiyası tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanan 2-1(103)- 4651/2025 saylı xx.xx.2025 tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4033/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmişdir. Sözügedən qərardan cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilmiş, iş Apellyasiya Məhkəməsinin icraatında olarkən cavabdeh apellyasiya şikayətindən imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-485/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə apellyasiya icraatına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4033/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəsini almışdır.
18. Həyətyanı torpaq sahəsinin verilməsinə aid xx.xx.1990-cı il tarixli aktla Abşeron rayonu Maştağa tərəvəzçilik-südçülük sovxozu tərəfindən Maştağa qəsəbəsində X6 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinin yerləşmə sxemi Sabunçu rayon icra hakimiyyəti tərəfindən təsdiq edilmişdir.
19. İşin mübahisəsiz halıdır ki, torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilmişdir.
20. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsini) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə qonşuluğunda yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış fərdi yaşayış evinin altındakı torpaq sahəsinə dair (ilkin olaraq X9, daha sonra X2 adına rəsmiləşdirilmiş) xx.xx.1990-cı il tarixli aktdan (həyətyanı torpaq sahəsinin verilməsinə dair akt) görünür ki, həmin torpaq sahəsi (iddiaçının mərhum anası) “Bədəlova T.” ilə qonşudur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həyətyanı torpaq sahəsinin verilməsinə dair xx.xx.1990-cı il tarixli aktdan da görünür ki, mərhum X6 ayrılmış torpaq sahəsi “Qasımov S.” ilə qonşudur. Hər iki akt eyni tərtibatda olmaqla eyni şəxslər tərəfindən imzalanmışdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçıya torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi qərara alınmış və bu hal həmin cizginin verilməsinə əsas olan sənədin məhkəmə tərəfindən tanınmasını şərtləndirir. Odur ki, həmin məhkəmə qərarı artıq iddiaçının (mərhum anasının) torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün “qanuni gözlənti” qismində çıxış edir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, həmin qərar icra olunmuş və yerli icra hakimiyyəti orqanı tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, həmin məhkəmə qərarı ilə iddiaçının mərhum anasına ayrılmış torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədinin legitimliyinə qiymət verildiyindən göstərilən hal iddiaçıda həmin torpaq sahəsinə mülkiyyət hüququnun da rəsmiləşdiriləcəyi, yəni çıxarışın veriləcəyi barədə qanuni gözlənti formalaşdırmışdır.
25. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq orqan bu cür legitim gözləntini yaradan məhkəmə qərarını nəzərə almalı, formal əsaslarla qeydiyyatdan imtina etməməli idi. Əks halda, müxtəlif dövlət orqanlarının bir-biri ilə uzlaşmayan mövqeləri nəticəsində iddiaçının qanuni gözləntisi və hüquqi müəyyənlik prinsipi pozulmuş olur.
26. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
27. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-971/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməli, iş üzrə yeni qərar qəbul edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa Tərəvəzçilik- Südçülük sovxozu ərazisində yerləşən 1170 kv.m torpaq sahəsi üzərində hüquqların mərhum X6 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır.
Nəticə hissəsi
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-971/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 1170 kv.m torpaq sahəsinə üzərində hüquqların iddiaçının anası mərhum X6 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Rəşid Səmədov Orxan İsmayılov