Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-466/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5266/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01.09.1981-ci il tarixdən 30.04.2007-ci ilə kimi işlədiyi illərin güzəştli iş stajına daxil edilməklə 15.09.2014-cü il tarixindən ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və yaranacaq fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən 15.09.2014-cü il tarixindən ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Belə ki, o, 01.09.1981-ci il tarixdən 30.04.2007-ci il tarixinə kimi “Bakı X3” zavodunda tornaçı peşəsində işləmişdir. İşlədiyi vəzifə bütünlükdə ağır şəraitdə olmuş və 10 ildən çox güzəştli iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına əsasən onun 12 ildən çox güzəştli sahələrdə əmək stajı və 25 ildən çox ümumi əmək stajı vardır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş 01 aprel 2020-ci il tarixli **********1 saylı məktubla ona əsassız imtina vermiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993cü il 21 iyun tarixli 320 nömrəli qərarında onun peşəsinin göstərilmədiyini qeyd etmişdir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət edərkən işlədiyi “Bakı X3” zavodununun hüquqi varisi “X3” Açıq Səhmdar Cəmiyyətinin 09 yanvar 2020-ci il tarixli arayışını da müraciətinə əlavə etmişdir. Həmin arayışda zavodun “X3” sexində plitələrin istehsalı üçün tərkibində fenol, formalin, sidik cövhəri və onların törəmələri və sintetik yapışqanlardan istifadə olunur, zərərli şəraitdə çalışan işçilərə süd və süd məhsulları verilirdi. Əmək haqlarına əlavə ödəmələr, əmək məzuniyyətlərinə isə 6 gün əlavə edilib, tornaçı və təmirçi-çilingər peşələri eyni sayılmışdır. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısına əsasən ona güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququnun verildiyi bildirilmişdir. Peşəsinin kodu isə 2230101a-18559 kimi qeyd olunmuşdur. Bu səbəbdən də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək stajına malik olduğuna görə ona 55 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Verilmiş cavab məktubu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbləri təhrif edilmiş və onun ərizəsində yazılanlara heç bir münasibət bildirmədən qanuni tələbləri təmin edilməmişdir. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçının idarəyə təqdim etdiyi 25.08.1976-ci il tarixli ИТ-l ******* nömrəli əmək kitabçasında 01.09.1981- 30.04.2007-ci il tarixlərini əhatə edən dövr ərzində Bakı X3 zavodunda tornaçı peşəsində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü i tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nın meşə sənayesi müəssisələri və meşə təsərrüfatı, sellüloz-kağız və ağac emalı istehsalatları bölməsində (XXİ) nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5266/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 55 yaşdan güzəştli şərtlərlə yaşa əmək pensiyası hüququna malikdir. 01.09.1981-ci il tarixdən 30.04.2007-ci il tarixinə kimi Bakı “X4” zavodunda tornaçı peşəsində işləmişdir. İşlədiyi peşə bütünlükdə ağır şəraitdə olmuş və 10 ildən artıq güzəştli iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü i tarixli, 320 nömrəli Qərarına əsasən onun 12 ildən çox güzəştli sahələrdə əmək stajı və 25 ildən çox ümumi stajı vardır. Necə ola bilər ki, eyni sexdə eyni vaxtda eyni iş şəraitində işləyən şəxslərin birinə güzəştli şərtlərlə pensiya təminatı mümkün olur digərinə yox. Bu məsələ kifayət qədər araşdırma tələb etdiyi halda məhkəmə tələsik qərar qəbul etməklə onun hüquqlarının pozulmasına şərait yaratmış oldu. Əgər mənim işlədiyim müəssisə, iş şəraiti zərərli deyildisə, nəyə görə ona süd və süd məhsulları verilirdi, əmək məzuniyyətinə isə 6 gün əlavə edilib. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5266/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. “X4” ASC tərəfindən verilmiş 09.01.2020-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı Bakı “X4” zavodun “X4” sexində 03.02.1982-ci ildən 30.04.2007-ci ilədək tornaçı (токарь) peşəsində işləyib. Həmin sexdə torna dəzgahlarında müxtəlif səthlərdə yüksək dəqiq yoxlamanı tələb edən detalların və alətin torna emalı ilə məşğul olub. 01.06.1995-ci ildən 30.04.2007-ci ilədək isə zavoda xammal gəlmədiyinə görə əmək haqqı saxlanılmadan məzuniyyətdə olub (zavodda ümumi iş stajı 01.09.1981-30.04.2007-сi illər). Zavodun “X4” sexində plitələrin istehsalı üçün tərkibində fenol, formalın, sidik cövhəri və onların törəmələri, sintetik yapışqanlardan istifadə olunur, zərərli şəraitdə çalışan işçilərə süd və süd məhsulları verilirdi, əmək haqlarına əlavə ödəmələr, əmək məzuniyyətlərinə isə 6 (altı) gün əlavə edilirdi, tornaçı və təmirçi çilingər peşələri eyni sayılıb (ayrı-ayrılıqda ştat olmayıb). İddiaçı sosial sığorta şəhadətnaməsi yoxdur, 01.01.2006-cı ildən 30.04.2007-ci ilədək sosial sığorta ödənişi olmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən: Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə təqaüd hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısına əsasən vətəndaşa güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verilir. 2230101a-18559-təmirçi çilingərlər Azərbaycan Dövlət Əmlak Komitəsinin 01.11.1997-ci il tarixli 9966 N-li sərəncamına əsasən Bakı “X4” zavodu 01.11.1997-ci il tarixdən bu günə kimi “X4" Açıq tipli Səhmdar Cəmiyyəti adlanır. İddiaçıya məxsus ИТ-İ № ******* saylı, 25 avqust 1976-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 20.07.1976-cı il tarixdən 26.12.1978-ci il tarixədək tornaçı vəzifəsində işləmiş, 04.01.1979-cu il tarixdən 19.11.1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur, 05.01.1981-ci il tarixdən 01.07.1981-ci il tarixədək tornaçı, 13.07.1981-ci il tarixdən 30.04.2007-ci il tarixədək tornaçı vəzifəsində işləmişdir. İddiaçı 01.09.1981-ci il tarixdən 30.04.2007-ci il tarixədək “X4” ASC-də (Bakı “X4” zavodunda) işlədiyi dövrün güzəştli iş stajına daxil edilməklə ona 15.09.2014-cü il tarixdən, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən 01 aprel 2020-ci il tarixli, **********1 saylı məktubla müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunaraq, qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edildiyi, təqdim etdiyi 25.08.1976-cı il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında 01.09.1981- 30.04.2007-ci il tarixlərini əhatə edən dövr ərzində Bakı X3 zavodunda tornaçı peşəsində işlədiyi qeyd olunduğu, işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nın meşə sənayesi müəssisələri və meşə təsərrüfatı, sellüloz-kağız və ağac emalı istehsalatları bölməsində (XXİ) peşəsi nəzərdə tutulmadığı göstərilmiş, qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və iddiaçı 01.08.1997-ci il tarixə qədər 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı yığdığı halda onun “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 55 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi hüququ yaranmış olardı. Lakin işdə olan sənədlər əsasında iddiaçının 01.08.1997-ci il tarixə qədər 25 il ümumi iş stajının olması müəyyən edilməmişdir. Belə olan halda ona 55 yaşdan pensiyanın təyin edilməsi mümkün deyildir. İddiaçı 01.09.1981-ci il tarixdən 30.04.2007-ci il tarixədək işlədiyi illərin güzəştli iş stajına hesablanmasını tələb etdiyindən, ona münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Həmin dövr üzrə kişilər üçün güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün yaş həddi 57 yaşdan müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Beləliklə, istinad edilən qanunun tələbinə görə, iddiaçıya 2 nömrəli siyahı üzrə 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya o zaman təyin oluna bilərdi ki, o, 01.01.2006-cı il tarixədək 12 il 06 ayını 2 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışmaqla ən azı 25 il ümumi iş stajına malik olmuş olsun. İddiaçının işlədiyi “tornaçı” peşəsinin həmin siyahıda olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahısının Meşə sənayesi müəssisələri və meşə təsərrüfatı. Sellüloz-kağız və ağac emalı istehsalatları XXİ bölməsinin (kod: 2230000) Sellüloz-kağız istehsalatı yarımbölməsində (kod: ********) tornaçı peşəsi nəzərdə tutulmamışdır. “X4” ASC tərəfindən təqdim edilmiş güzəştli arayışda iddiaçının işlədiyi tornaçı peşəsinin həmin bölmədə göstərilmiş 2230101a-18559 kodlu təmirçi çilingər peşəsi ilə eyni peşə olması, eyni ştat vahidində olaraq eyni işləri görməsi göstərilsə də, lakin iş materiallarında olan əmək kitabçasında buna dair hər hansı qeydin aparılması müəyyən edilməmiş, həmçinin buna dair müvafiq sübutlar və əmrlər məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, 01.06.1995-ci ildən 30.04.2007-ci ilədək “X4” ASC-də işlədiyi göstərilsə də, “X4” ASC tərəfindən verilmiş 09.01.2020-ci il tarixli güzəştli arayışdan görünür ki, 01.06.1995-ci ildən 30.04.2007-ci ilədək zavoda xammal gəlmədiyinə görə iddiaçının əmək haqqı saxlanılmadan məzuniyyətdə olmuşdur. Belə olan halda iddiaçının 01.06.1995-ci ildən 30.04.2007-ci il tarixədək “X4” ASC-də ödənişsiz məzuniyyətdə olduğu müddət iş stajına daxil edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi qanunvericiliklə əmək (iş) dövlərinin yalnız o hissəsi (hissələri) sosial sığorta stajı kimi nəzərə alınır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbiq olunmamışdır. Odur ki, iddiaçının 01.06.1995-ci ildən 30.04.2007-ci il tarixədək “X4” ASC-də ödənişsiz məzuniyyətdə olduğu müddət iş stajına daxil edilə bilməz. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçı 01.01.2006-cı il tarixinə qədər 25 il ümumi iş stajı, 12 il 6 ay güzəştli iş stajı toplamadığından cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5266/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-466/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-466/2021
04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver