Məhkəmə qərarları › İş №2-1(103)-466/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-466/2024

09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-466/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı firmasının cavabdeh Bakı şəhəri Səbail rayon Bələdiyyəsinə (üçüncü şəxslər X10 və X7) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(112)-126/2023 saylı qərarından üçüncü şəxs X6 vəkili Vəkil5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" firması cavabdeh Bakı şəhəri Səbail rayon bələdiyyəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Bələdiyyəsinin sədri Ə.Hüseynovun xx.xx.2004-cü il tarixli, 873 nömrəli “Bələdiyyə mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin vətəndaş A.N.Abdullayevin adına sənədləşdirilməsi barədə” Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 28 aprel 2004-cü il tarixli, 632 saylı razılıq məktubu və İddiaçı Firmasının müraciəti nəzərə alınaraq Səbail rayonu, Salyan şossesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində kotec tipli evlərin layihələndirilməsi və tikintisi üçün 3 ha torpaq sahəsi icarə əsasında 49 il müddətinə “Malbi" Firmasının istifadəsinə verilmişdir. “Malbi" Firması və Bakı şəhər İcra Hakimiyyəti Başçısı arasında icarə müqaviləsi bağlanmış, torpağın ayrıc aktı tərtib edilmiş, tələb olunan rüsumlar, icarə haqqı və vergilər ödənilmiş, lahiyələndirmə işləri dövlət şəhərsalma qurumları ilə razılaşdırılmışdır. 2020-ci ilin avqust ayında X10 İddiaçı Firmasının istifadəsində olan torpaq sahəsini zəbt etməyə çalışmışdır. Hüquq mühafizə orqanlarının araşdırması zamanı məlum olmuşdur ki, Səbail Bələdiyyəsinin sədri Ə.Hüseynovun xx.xx.2004-cü il tarixli, 873 nömrəli “Bələdiyyə mülkiyyətində olan 1200 kv.metr torpaq sahəsinin vətəndaş A.N.Abdullayevin adına sənədləşdirilməsi barədə” Sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.metr torpaq sahəsinin X6 adına sənədləşdirilməsinə sərəncam vermişdir. Həmin Sərəncam əsasında “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmişdir. Aktın tarixi yoxdur və yerli orqanın torpaq şöbəsi tərəfindən qeydiyyata alınmamış və təsdiq edilməmişdir. İddiaçı Firmasına ayrılan torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Səbail Bələdiyyəsi torpaq ayrılarkən ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi üçün həmin dövrdəki qaydalara əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini həyata keçirən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etməmiş, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyini almamış, nəticədə bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsinə sərəncam vermişdir. Mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir. Bələdiyyəyə məxsus torpaq sahələrinin ayrılması qərar formasında, bələdiyyə iclasında kollegiyal şəkildə (bələdiyyə üzvlərinin səs çoxluğu əsasında) qəbul olunur. Sözügedən bələdiyyə aktının kollegial orqan olan bələdiyyə tərəfindən deyil, bələdiyyənin sədri tərəfindən qəbul edildiyi, eləcə də qanunvericiliyə zidd olaraq bilavasitə cari işlərin həll edilməsi zamanı qəbul olunması nəzərdə tutulan, fərdi şəkildə qəbul edilən aktla – sərəncamla X8 və X11 torpaq ayrılmışdır. Göstərilənlərə əsasən Səbail Bələdiyyəsinin cavabdehə ayırdığı torpaq sahəsinə dair sərəncamı ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə X10, xx.xx.2023cü il tarixli qərardadı ilə X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Üçüncü şəxs X10 iddia ərizəsinə münasibətdə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı firması iddia ərizəsinin əsası kimi istinad etdiyi Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 873 nömrəli Sərəncamı ilə X6 adına rəsmiləşdirilmiş 1200 kv.m. torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olması əsasları ilə işə digər məhkəmələr tərəfindən baxılmış və iş üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmuşdur. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 mart 2014-cü il tarixli, 2inz(81)- 105/2014 saylı qərarı ilə (hakim M.S.Bayramov) iddia tələbi təmin edilərək Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinə plan və ölçüsünün hazırlanıb verilməsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli, 453 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və həmin Fərmanın 2.1-ci bəndi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilmiş X16ı və reyestrinin aparılması, torpaq bazarının təşkili, yerquruluşu ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2-1(81)-8/2017 saylı qərarı ilə (hakim M.S.Bayramov) iddia tələbinin təmin edilərək, Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinə dair X6 adına plan və ölçünün verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra tərəfindən həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əldə edilmiş və torpaq sahəsinin 0.06 ha hissəsi tərəfindən 07 fevral 2020-ci il tarixdə özgəninkiləşdirilmişdir. Bakı şəhəri 50 saylı Notariat kontorunda təsdiq edilmiş alıcı və satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair X6 adına yeni plan və ölçü tərtib edilmiş və torpaq sahəsinin kadastr göstəriciləri yenidən müəyyən edilmişdir. İddiaçının mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaqlara aid olması dəlilinin əsassızlığı ilə bir daha qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə verərkən tələbini X6 adına olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahələrinə aid olması ilə əsaslandıraraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 mart 2014-cü il tarixli, 105/2014 saylı qərarın ləğv edilməsini və işə yenidən baxılaraq iddianın rədd edilməsini xahiş etsə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tələbi təmin edilməmişdir. Hazırkı iş üzrə İddiaçı Firması qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə işdə tərəf olmasa da, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olması məsələsinə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilmişdir. Eyni zamanda, İddiaçı Firmasına icarəyə verilmiş Səbail rayonu, Salyan şosesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində ayrılmış 30000 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilmiş və əsas döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Belə olan halda Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X8 məxsus Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinə dair birinci və alqı-satqı müqaviləsi əsasında ikinci dəfə kadastr göstəriciləri müəyyən edilərkən torpaq sahələrinin kəsişdiyi aşkar edilməli idi. Hansı ki, Bakı şəhər Ərazi İdarəsi tərəfindən belə bir hal müəyyən edilməmişdir. Həmçinin, Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 873 saylı Sərəncamı ilə X6 adına sənədləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsi ilə İddiaçı Firması tərəfindən icarəyə götürülmüş Səbail rayonu, Salyan şosesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində ayrılmış torpaq sahəsinin ünvanlarına diqqət yetirdikdə də, nəinki onların sərhədlərinin kəsişmədiyi, hətta eyni ərazidə yerləşmədiyi aydın şəkildə görünür. Göründüyü kimi, torpaq sahələri ayrı ərazilərdə yerləşdiyindən və sərhədləri kəsişmədiyindən, bununla da, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu aşkar olunmadığından onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ belə mövcud deyil. Bundan başqa qeyd edilməlidir ki, mübahisəli torpaq sahələrinin sərhədlərinin kəsişdiyi şərti olaraq qəbul edilsə belə, İddiaçı Firması tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı iddia tələbində istifadəsində olan torpaq sahəsinin 2020-ci ilin avqust ayında X10 tərəfindən zəbt etmək cəhdinin olmasını göstərsə də, Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 873 saylı Sərəncamından göründüyü kimi Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsi həmin Sərəncamın verilməsindən əvvəl də X6 istifadəsində olmuşdur. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı Firması arasında bağlanmış Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilədən isə görünür ki, Səbail rayonu, Salyan şosesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində ayrılmış torpaq sahəsinə icarə müqaviləsi 26 iyul 2005-ci il tarixdə bağlanmışdır. Belə ki, İddiaçı Firması tərəfindən kotec tipli evlərin tikintisi üçün icarəyə götürülmüş və icarə haqqı kimi hər il hazırkı nominal dəyəri 15.575,04 manat icarə haqqının ödənildiyi torpaq sahəsinin X10 tərəfindən zəbt etdiyi onlara 2020-ci ilin ilin avqust ayında, yəni 16 il sonra məlum olması ağlasığmazdır. Göründüyü kimi, mübahisələndirilən Bələdiyyə Sərəncamının 2004-cü ildə qəbul edildiyinə və mübahisəli torpaq sahəsinin həmin ildən X6 istifadəsində olmasına baxmayaraq, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia 16 ildən sonra qaldırılmış, bununla da həmin növ iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 gün müddət ötürülmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-126/2023 nömrəli, 26 may 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmiş, “Bələdiyyə mülkiyyətində olan 1200 kv.metr torpaq sahəsinin vətəndaş A.N.Abdullayevin adına sənədləşdirilməsi barədə” Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 873 nömrəli sərəncamının ləğv edilməsi, iş üzrə 50 (əlli) manat məhkəmə ekspertizası xərcinin cavabdeh Səbail bələdiyyəsindən tutularaq dövlət büdcəsinə (X5, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs X6 vəkili Vəkil5 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-126/2023 saylı, 26 may 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən tərəflərin münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını səhv tətbiq və təfsir edərək həm torpağın mülkiyyətiçisi, həm də bir vətəndaş olaraq hüquqlarının pozulmasına yol vermişdir. İddiaçı firması sözügedən iddia tələbi üzrə qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aid edilməklə bələdiyyə mülkiyyətində olan 1200 kvadrat metr torpaq sahəsinin onun adına sənədləşdirilməsi barədə Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 873 nömrəli sərəncamının ləğvindən ibarət olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011-ci il tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Başqa sözlə, iddiaçı istinad edilən qərarın mübahisələndirilməsi imkanını 30 iyun 2011-ci il tarixədək itirmişdir. 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Qeyd olunanlardan belə nəticə hasil olur ki, inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən də mümkün sayılmamalıdır. Hazırkı mübahisəyə münasibətdə işin hallarından görünür ki, hazırkı iddia mahiyyət etibarı ilə iddia növlərini nəzərdə tutan normalar anlamında mübahisələndirmə haqqında iddiadır. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iddianın mümkünlüyü ilə bağlı bu şərt nəzərə alınmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi inzibati akt, yəni Bakı şəhəri Səbail bələdiyyəsinin torpağın üçüncü şəxs Arif Abdullayevin mülkiyyətinə ayrılması barədə sərəncamı 30 dekabr 2004-cü il tarixdə qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi həmin inzibati aktdan əvvəldən məlumatlı olduğu iş materialları ilə tam təsdiq olunur. Odur ki, iddiaçı tərəfindən məlumatlı olduğu halda, Bakı şəhəri Səbail bələdiyyəsinin torpağın mülkiyyətinə ayrılması barədə sərəncamını qəbul edildiyi tarixdən 17 ilə yaxın müddət ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir. Məhkəmə nədənsə bütün bu hallara diqqət yetirməyərək əsassız olaraq iddia tələbini təmin etmişdir. Bununla da məhkəmə tərəfindən obyektiv araşdırma prinsipinin tələblərini aşkar şəkildə pozmuşdur. Həmçinin, məhkəmə işə baxarkən bu cür işlər üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi də nəzərə almamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında verilmiş şərhdən aydın olur ki, Səbail bələdiyyəsi tərəfindən torpaq sahəsinin mülkiyyətinə ayrılması barədə qərar qəbul edilərkən rəyin alınması üçün Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilməməsi qəbul edilmiş bələdiyyə qərarının, yəni yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etməmişdir. Belə ki, ”İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir ki, bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Ancaq məhkəmə tamamilə qanunsuz olaraq öz səlahiyyətlər çərçivəsindən kənara çıxaraq Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarında əks etdirilmiş hüquqi mövqeyə zidd olaraq Səbail bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 873 nömrəli sərəncamını torpaq sahəsinin mülkiyyətə ayrılması barədə qərar qəbul edilərkən rəyin alınması üçün Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etməməsi nəticəsində qanunsuz və əlverişsiz inzibati akt olaraq qiymətləndirmişdir. Beləliklə, sadalananlardan aydın olur ki, məhkəmə iddiaçının tələblərini qanuni və əsaslı saymaqla yanlışlığa və aşkar qanun pozuntusuna yol vermişdir. Məhkəmə iddiaçının mübahisələndirdiyi torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçmədiyinə, bunun əksinə Arif Abdullayevin torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına hər hansı hüquqi qiymət verməyərək qanun pozuntusuna yol vermişdir. Təəssüf ki, işə baxan məhkəmə bu dəlillərini və iş üzrə müəyyən edilmiş halları heçə sayaraq iddia tələbini əsassız olaraq təmin etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün hüquqi qiymət verə bilməmiş, formal mülahizələr əsasında müvafiq iddia müddətləri keçdiyi halda iddiaçının olmayan hüququnun pozulmasına dair əsassız qənaətə gəlmişdir. Həmçinin, məhkəmə iş materiallarında olan və iddiaçıya torpaq sahəsi ayrılarkən tərtib edilmiş ayrıc aktının koordinatları ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatlarının fərqli olduğuna, ayrıc aktının koordinatlarının sürüşdürülməklə “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsinə dair sübutlar olduğu halda, bu ziddiyyətli məqama hər hansı hüquqi qiymət verməmişdir. Eyni sözləri onun torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatı aparılarkən sözügedən “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edildiyi torpağa dair onun adına sənədlərin hazırlanması məsələsinə də şamil etmək olar. Əgər həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq idisə və həmin torpağa dair iddiaçının adına “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdirsə, sual oluna bilər ki, sözügedən sənəd ləğv edilmədiyi halda torpağa dair onun adına necə qeydiyyat aparılmış və torpaqayırma sənədləri hazırlanmışdır? Məhkəmə bu məsələyə də aydınlıq gətirməmiş və səthi olaraq üzərindən keçmişdir Bütün bu sadalananlar məhkəmə tərəfindən yol verilmiş qanun pozuntuları ilə çıxarılmış məhkəmə qərarının qeyri-obyektivliyini və müvafiq qanun normalarına zidd olduğunu tam aydınlığı ilə göstərir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olan üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə və digər üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, o cümlədən digər üçüncü şəxs iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili iddiaçının iddia müddətinin ötürməsi ilə bağlıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin iddia müddəti ilə bağlı dəlillərinə münaisbətdə qeyd edir ki, iddiaçı hazırda Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 873 nömrəli sərəncamının ləğv edilməsini xahiş edir. Həmin sərəncamın ləğvinə dair iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). Mübahisəli sərəncamla ayrılmış torpaq sahəsi iddiaçının istifadəsinə verilən sahə olduğundan onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcud olmuşdur. İş materialları ilə mübahisəli sərəncamın iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Eyni zamanda işdən görünür ki, mübahisəli torpaq sahəsi boş ərazi olmuş, üçüncü şəxs həmin ərazidə hər hansı bir tikinti işi aparmamış, buna görə də iddiaçının həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılmasından məlumatlı olması imkansız olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən iddiaçının və üçüncü şəxs E.Səfərovun nümayəndələrinin izahatından müəyyən olunmuşdur ki, Arif Abdullayev mübahisəli torpaq sahəsinin 0,06 ha hissəsini xx.xx.2020-ci ildə E.Səfərova satmış, E.Səfərov həmin ərazidə inşa edəcəyi fərdi yaşayış evinin layihəsini tərtib edərək tikinti işləri apararkən iddiaçı mübahisəli əraziyə üçüncü şəxslərin mülkiyyət hüququnun qeydə alınmasından xəbərdar olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin iddia müddətinin tətbiq edilməli olması ilə bağlı dəlilləri əsassızdır. Bundan başqa, apelyasiya şikayətinin işin mahiyyəti ilə bağlı dəlillərinə münasibətdə, məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqında” xx.xx.2004-cü il tarixli, 115 saylı Sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 632 saylı razılıq məktubu və İddiaçı firmasının xx.xx.2004-cü il tarixli, 25 saylı müraciəti nəzərə alınaraq, Səbail rayonu, Salyan şosesinin «Şahinbağ» yaşayış sahəsinin şimal-şərq hissəsində kotec tipli evlərin layihələşdirilməsi və tikintisi üçün 3 ha torpaq sahəsi icarə əsasında İddiaçı firmasının istifadəsinə verilmişdir. -2004-cü il tarixli 04/174 saylı ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 115 saylı Sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində 3 ha torpaq sahəsinin sərhədləri müəyyən edilməklə ayrıc aktı tərtib edilmişdir. - İcarəyə verən Bakı şəhər İcra Hakimiyyəti ilə İcarəçi “Malbi firması arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 115 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı, xx.xx.2004cü il tarixli, 11655 saylı inşaat pasportu əsasında Səbail rayonu, Salyan şosesinin «Şahinbağ» yaşayış sahəsinin şimal-şərq hissəsində ayrılmış torpaq sahəsinə dair xx.xx.2005-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən «İcarəyəverən» icarə əsasında sahəsi 30 000 (otuz min) kv.metr olan torpaq sahəsini, İcarəçiyə 49 il müddətinə istifadəsinə vermiş, İcarəçi isə onu qəbul etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi kotec tipli evlərin tikintisi üçun verilmişdir. - xx.xx.2006-cı il tarixli **********1000020 saylı Torpaq sahəsinin Kadastr planından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 115 saylı Sərəncamı və xx.xx.2005-ci il tarixli 565 saylı icarə müqaviləsi ilə kotec tipli evlərin tikintisi üçün 49 illik müvəqqəti istifadəyə ayrılan 30000 kv.metr torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmiş, əsas döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmiş, X16 kitabında 2328 nömrə ilə uçota alınmışdır. - İşdən görünür ki, Səbail Bələdiyyəsinin 873 nömrəli, 30 dekabr 2004-cü il tarixli sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X6 adına sənədləşdirilmiş, bununla əlaqədar Torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-8/2017 saylı qərarı ilə iddiaçı X6 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə tələbi təmin edilmiş, qərar xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2018-ci il tarixdə iş üzrə icra vərəqəsi verilmişdir. -xx.xx.2018-сi il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinə dair X6 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bununla bağlı ********** reyestr nömrəli çıxarış verilmişdir. -AN-İ ******* nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X10 mülkiyyətində olan Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha hissəsini öz mülkiyyətində saxlamaqla 0,06 hissəsini X1. -********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X6, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən isə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. “Torpaq icarəsi haqqında” Qanunun Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 115 saylı Sərəncamının qəbul edildiyi dövrdə qüvvədə olan redaksiyasına əsasən: - Maddə 1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. - Maddə 5. Dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: - dağmədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; - yay və qış otlaqlarının torpaqları; -Maddə 10. Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. - Dövlət torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. - Maddə 11. İcarəyə verənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası; fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri; müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası. - Maddə 18. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Həmçinin Torpaq Məcəlləsinin həmin müqavilənin bağlandığı dövrdə qüvvədə olan redaksiyasına əsasən: - Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. - Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi 1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planının və təsvirinin hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. 5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. - Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər 1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 2. Torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. 3. Torpaqdan (o cümlədən, icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilir. 4. Dövlət aktının, şəhadətnamənin, alqısatqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. Qeyd olunan normalardan görünür ki, torpaq sahəsinin icarəyə verilməsi üçün: 1. Torpaq sahəsinin seçilmiş sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməli; 2. sahənin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilməli;

3. sahənin planı və təsviri hazırlanmalı; 4. sahənin sərhədləri yerə (naturaya) keçirilməli; 5. torpağın icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanmalıdır. İş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən yuxarıda qeyd olunan normalara əməl edilmiş, torpaq sahəsinə dair ayrıc aktı tərtib edilməklə onun iddiaçıya verilməsi barədə qərar qəbul edilmiş, daha sonra həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmış, kadastr planı tərtib edilmiş, bununla da həmin torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr bazasında sözügedən torpaq sahəsinə dair İddiaçı firmasının adına **********0020 nömrəli kadastr planının baza məlumatı mövcud olmuşdur. xx.xx.2004-cü il tarixdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: -maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. -maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; - maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. - maddə 6.7. Bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - maddə 8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Əli-Bayramlı, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; İstinad olunan normalardan görünür ki, bələdiyyə yalnız onun mülkiyyətində olan torpaq sahəsinə münasibətdə sərəncam vermək səlahiyyətinə malikdir. Lakin iş materialları ilə müəyyən edilir ki, Səbail bələdiyyəsi tərəfindən üçüncü şəxs A.Abdullayevə xx.xx.2004-cü il tarixdə ayrılmış 0,12 ha torpaq sahəsi bələdiyyəyə deyil, dövlətə məxsus torpaqlara aid olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 10/6230 nömrəli ekspert rəyindən görünür ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatları olmadığından, hazırki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasında ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə mülki iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə (yerləşmə vəziyyətini əks etdirən sxemə) əsasən tədqiqat aparılmışdır. Ekspert rəyinə əsasən müəyyən edilmişdir ki: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli mütəxəssis rəyinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 29 may 2004-cü il tarixli, 115 saylı Sərəncamı və 26 iyul 2005-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı Firmasının 49 illik müvəqqəti istifadəsinə ayrılan Səbail rayonu, Salyan şosesinin “Şahindağ” yaşayış sahəsinin şimal-şərq hissəsində yerləşən 30000 kv.m torpaq sahəsinin Kadastr planının koordinatlarına əsasən torpaq sahəsi 3.0 ha, mövcud koordinatlara görə isə 3.2 ha təşkil edir. - Mütəxəssis rəyinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şehərsalma Baş İdarəsi tərəfindən ayrıc aktlarının qeydiyyatı kitabında 04/174 sayla qeydiyyata alınmış 14 iyul 2004-cü il tarixli Ayrıc aktı koordinatlarla verilməmişdir. Bu səbəbdən də Kotec tipli evlərin tikintisi üçün İddiaçı firmasının istifadəsinə ayrılan 30000 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X16 kitabında 2328 nömrə ilə uçota alınmış və 06 dekabr 2006-cı il tarixdə tərtib edilmiş Kadastr planında torpaq sahəsinin müəyyən edilmiş əsas döngə nöqtələrinin koordinatları həmin torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrıc aktlarının qeydiyyatı kitabında 04/174 sayla qeydiyyata alınmış 14 iyul 2004-cü il tarixli Ayrıc aktına uyğun işlənib-işlənməməsini müəyyən etmək mümkün olmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli mütəxəssis rəyinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 29 may 2004-cü il tarixli, 115 saylı Sərəncamı və 26 iyul 2005-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı Firmasının 49 illik müvəqqəti istifadəsinə ayrılan 30000 kv.m torpaq sahəsinin ünvanı kimi qeyd edilmiş “Səbail rayonu, Salyan şosesinin “Şahindağ” yaşayış sahəsinin şimal-şərq hissəsi” və üçüncü şəxs X8 məxsus olan torpaq sahəsinin ünvanı kimi qeyd edilmiş “Səbail rayonu, Salyan şossesi 32" ünvanlarının adlandırılmasına dair dəqiq xəritə məlumatları mövcud deyil. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli mütəxəssis rəyinə əsasən, X6 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 15 fevral 2020-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin kadastr göstəriciləri üzrə həmin torpaq sahəsinin faktiki yeri müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 06 dekabr 2006-cı il tarixdə tərtib edilmiş Kadastr planında qeyd olunan İddiaçı Firmasına icarəyə verilmiş torpaq sahəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 15 fevral 2020-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin kadastr göstəriciləri sənədində qeyd olunan X6 xüsusi mülkiyyətində olan Torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli mütəxəssis rəyində torpaq sahəsinin mülkiyyət formasına dair hər hansı məlumat qeyd olunmadığından, X6 və X2 xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrinə dair müvafiq olaraq torpaq sahəsinin plan-ölçü sənədlərində göstərilən koordinatlar əsasında həmin torpaq sahəsi xüsusi mülkiyyət qeydə alınanadək dövlət, yoxsa bələdiyyəyə məxsus torpaq sahəsi olmasını müəyyən etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X6 və X3 xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrinə dair müvafiq olaraq torpaq sahəsinin plan ölçü sənədlərində göstərilən koordinatlar əsasında həmin torpaq sahəsinə xüsusi mülkiyyət qeydə alınanadək dövlət, yoxsa bələdiyyəyə məxsus torpaq sahəsi olması barədə suala cavab olaraq bildirmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazi Dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 23040 saylı ekspert rəyindən görünür ki, X8 ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin kadastr və yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi A.Nəbizadə tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli **********48 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən dövlət mülkiyyəti torpaqlarına aiddir. Beləliklə, iş materiallarında olan həm mütəxəssis, həm də ekspert rəyləri ilə müəyyən olunur ki, Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 saylı sərəncamı ilə Arif Abdullayevə ayrılan torpaq sahəsi dövlət mülkiyyətində olmuş, bələdiyyənin həmin torpaq sahəsi barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Bundan başqa, işdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 873 nömrəli Sərəncamı ilə X8 1200 kv.metr torpaq sahəsinin ayrılmasına dair hər-hansı məlumat aşkar edilməmişdir. Həmçinin, mübahisəli torpaq sahəsi üçüncü şəxsə ayrılarkən cavabdehin rayon icra hakimiyyətinin memarlıq xidmətinin rəyini alması iş materialları ilə müəyyən edilmir. İşdən görünür ki, cavabdeh inzibati orqan mübahisəli qərarı qəbul edərkən müvafiq rəy və razılaşdırmaları almamışdır. Həmin rəylər nəticə yaratmaq xüsusiyyətindən məhrum olsa da, hazırkı halda qəbul ediləcək inzibati aktın nəticəsini dəyişmək xüsusiyyətinə malik olmuşdur. Belə ki, iddiaçıya ayrılan torpaq sahəsinə dair 23 iyul 2004-cü ildə artıq Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsində 04/174 saylı ayrıc aktı mövcud olmuşdur. Əgər cavabdeh üçüncü şəxsə torpaq ayırmaq üçün həmin quruma rəy verilməsi barədə müraciət etmiş olsa idi, mübahisəli sahənin dövlətə məxsus torpaq sahəsinə aid olduğunu və artıq başqa şəxsin istifadəsinə verildiyini müəyyən etmiş olacaq, nəticədə mübahisələndirilən sərəncamı qəbul etməkdən imtina edəcəkdi. Lakin cavabdehin inzibati icraatın gedişində qanunun bu tələbinə əməl etməməsi qanunsuz, iddiaçıya münasibətdə isə əlverişsiz inzibati aktın qəbul edilməsinə gətirib çıxarmışdır. Cavabdehin xx.xx.2004-cü il tarixli 873 saylı qərarı qəbul edərkən inzibati icraatı pozması şübhəsizdir. Yuxarıda qeyd edilənlərə əsasən, bu pozuntunun yekun qərara təsir etdiyi təsbit edildiyindən, hazırkı halda müvafiq rəylər və razılaşdırmaların alınmaması cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas təşkil edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Bələdiyyənin mübahisələndirilən sərəncamı qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, yəni ayrılmış torpaq sahəsi əvvəllər (bələdiyyə qərarı qəbul edilənədək) və hal-hazırda dövlət mülkiyyətində olan torpaq sahəsi olması, torpaq sahəsi cavabdeh tərəfindən üçüncü şəxsə ayrılarkən bələdiyyə mülkiyyətində olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Odur ki, xx.xx.2004-cü il tarixli, 873 nömrəli sərəncamı Səbail Bələdiyyəsi tərəfindən ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edildiyindən, yəni həmin torpaq sahəsi üzərində bələdiyyənin müvafiq qərar qəbul etmək səlahiyyəti olmadığından, ən əsası isə iddiaçının maraqlarına toxunduğuna görə mübahisələndirilən sərəncam etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

Qərara aldı:

Üçüncü şəxs X6 vəkili Vəkil5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(112)-126/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar