Məhkəmə qərarları › İş №2-1(103)-4665/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4665/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4665/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4, ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə1, ərizəçilər X10, X8, X5, X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “qərarın ləğv edilməsi və tikintiyə dair sənədlərin elektron portola qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13118/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qərardadından ərizəçilər X14 və digərləri tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 1104 nömrəli “Tikinti işlərinin dayandırılması haqqında” qərarının ləğv edilməsi və tikintiyə dair sənədlərin elektron portala qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Maraqlı şəxs və qeyrilərinin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatətlə müraciət edərək vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi iddiaçılar X9 və digərləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə (İddiaçı, Azərbaycan Respublikası Arxitektura və Şəhərsalma Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Suraxanı rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilməklə) qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin, Mirzəağa Əliyev (keçmiş Məktəb) küçəsində (Cümə məscidi ilə üzbəüz), reyestrdən çıxarışa əsasən yeni qaydalarla Hövsan qəsəbəsi 163-cü Hövsan küçəsi, giriş 63 ünvanında qanunsuz inşa edilən tikinti obyektinin sökülməsi ilə bağlı tədbirlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5356/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının hakimi Xəyalə Cəmilovanın icraatındadır. İş üzrə cavabdeh Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi cavabdeh İddiaçı qarşı “qanunsuz inşa edilmiş tikinti obyektinin sökülməsi barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkləməsinə müraciət etmişdir. Həmin iş 2-1(112)-14266/2025 saylı inzibati iş nömrəsi ilə hakim Orxan Həsənovun hal-hazırda icraatındadır. Hüquqlarını müdafiə etdiyi X11 və digərləri vəsatətləri əsasında iddiaçı tərəfdən 3-cü şəxs qismində işə qoşulmuşdur. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinə təqdim etdikləri sorğuya cavabla əldə etdikləri məlumata əsasən İddiaçı cavabdeh Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “Tikinti işlərinin dayandırılması haqqında” 19 noyabr 2024-cü il tarixli 1104 nömrəli qərarın ləğv edilməsi və tikinti sənədlərinin elektron portala yerləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə inzibati iş 2-1(112)- 13118/2025 saylı nömrə ilə hazırda icraatdadır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin, Mirzəağa Əliyev (keçmiş Məktəb) küçəsində (Cümə məscidi ilə üzbəüz), reyestrdən çıxarışa əsasən yeni qaydalarla Hövsan qəsəbəsi 163-cü Hövsan küçəsi, giriş 63 ünvanında qanunsuz inşa edilən tikinti obyekti Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə, həmçinin ictimai mənafeyə, hüquqların müdafiə etdiyi şəxslərin və digər qəsəbə sakinlərinin hüquqi maraqlarına zidd inşa edilmişdir. Nəticə etibarilə qanuni maraqlarına toxunduğuna görə hüquqlarını müdafiə etdiyi X9 və digərlərinin Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-13118/2025 nömrəli iş üzrə icaata üçüncü şəxs qismində cəlb edilmələri zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-13118/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan ərizəçi X14 və digərləri apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçilər X9 və digərləri qeyd edilən qanunsuz obyektin sökülməsi tələbi ilə Suraxanı Rayon Məhkəməsində qaldırılmış iş üzrə birbaşa iddiaçıdırlar. Eyni zamanda FHN Tikintidə X2 Agentliyinin tikinti sahibi İddiaçı qarşı həmin ünvanda “qanunsuz inşa olunmuş tikinti obyektinin sökülməsi barədə” təqdim etdiyi iddia ərizəsi ilə açılmış 2-1(112)-14266/2025 nömrəli Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun icraatında olan inzibati iş üzrə X9 və digərləri 2- 1(112)-14266/2025 nömrəli qərardad ilə həmin iş üzrə 3-cü şəxs kimi tanınmışlardır. Hazırkı iddia İddiaçı tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı "Tikinti işlərinin dayandırılması haqqında" 19 noyabr 2024-cü il tarixli 1104 nömrəli qərarın ləğv edilməsi və tikinti sənədlərinin Elektron Portala yerləşdirilməsi tələbinə dairdir. Bu tələbin təmin edilməsi, yəni qanunsuz tikinti işlərinin dayandırılması haqqında qərarın ləğv edilməsi və sənədlərin portala qəbul edilməsi, X9 və digərlərinin qanunsuz tikinti obyektinin sökülməsi tələbi üzrə qanuni maraqlarına və faktiki olaraq məhəllənin yaşayış mühitinə birbaşa mənfi təsir edəcək. Əgər tikinti dayandırılmasa və icazə verilərsə, onların sökülməyə dair tələbləri (həm FHN-in qaldırdığı 2-1(112)- 14266/2025 nömrəli iş üzrə, həm də Suraxanı Rayon Məhkəməsində qaldırılmış iş üzrə) əhəmiyyətsiz qalacaq. Başqa sözlə, məhkəmə qərarının İddiaçı lehinə qəbul edilməsi, üçüncü şəxs qismində cəlb edilməsi tələb olunan şəxslərin qanunla qorunan hüquqlarını ləğv etmiş olacaq. Bu hal isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərardadında qeyd edildiyi kimi, məhkəmə aktının üçüncü şəxsin hüquqi statusuna təsir etməsi halıdır. Eyni zamanda X9 və digərlərinin iş üzrə üçüncü şəxs kimi tanınmaq üçün kifayət qədər qanuni və əsaslı səbəbləri mövcuddur. Belə ki, onlar qeyd edir ki, sakini olduğumuz Hövsan qəsəbəsi, Mirzəağa Əliyev küçəsində (keçmiş Məktəbli küçəsi) qanunsuz inşa edilən qeyri-yaşayış obyektinin yaratdığı xaotik vəziyyət onları dərindən narahat etdiyi və maraqlarına toxunduğu üçün Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-5356/2025 nömrəli inzibati işə iddiaçılar tərəfindən qoşulmaq istəmişlər. Qanunsuz inşa edilən tikilinin düz qarşısında ibadət yeri olan Cümə məscidi və qəsəbə sakinləri tərəfindən yas, ehsan, xeyriyyə mərasimlərinin və müxtəlif zamanlarda dövlət rəsmilərinin də iştirak etdiyi tədbirlərin keçirildiyi bina yerləşir. Onların vəfat edən yaxınları üçün Cümə məscidində təşkil etdikləri xeyriyyə məclislərində əraziyə çoxsaylı avtomobillər toplaşır. Qeydiyyatda olduqları, faktiki yaşadıqları və qanunsuz tikilinin də yerləşdiyi Mirzəağa Əliyev küçəsində (Keçmiş Məktəbli küçəsi) məktəb, uşaq bağçası, ambulator poliklinika, poçt şöbəsi, mədəniyyət klubu, qəsəbə İcra Nümayəndəliyi və çoxsaylı yaşayış və qeyri-yaşayış obyektlərinin yerləşir. Hövsanın kənd hissəsinin əsas mərkəzi avtomobil yolu olan bu küçə dən piyada hərəkət edən məktəbli, uşaq, yaşlı, qadın, qoca, cavan qəsəbə sakinləri və intensiv hərəkət edən fərdi nəqliyyat vasitələri istifadə edirlər. Hövsanın kənd hissəsindən digər yaşayış məntəqələrinə çıxışı təmin edən ictimai nəqliyyat vasitələri yalnız bu küçə boyu hərəkət edir. Mərkəzi yolun tikilən obyektin yerləşdiyi həmin hissəsində iki avtomobil qarşı-qarşıya hərəkət edə bilmir, bir istiqamət digər istiqamətdən gələn avtomobilləri gözləyib yol verməklə hərəkət edir. Tikinti və şəhərsalma qanununun tələbləri pozulmaqla tikilən qanunsuz tikili piyadaların həyatı və avtomobillər üçün real təhlükə mənbəyidir. Əhmədli metrostansiyası - Hövsan qəsəbəsi - Zeytun sovxozu marşrut xətti üzrə hərəkət edən 132 nömrəli və Suraxanı dairəsi - Hövsan qəsəbəsi – Zeytun sovxozu marşrut xətti üzrə hərəkət edən 161 nömrəli marşrut avtobusları Hövsan qəsəbəsindən Hövsan kəndi adlanan məntəqəyə daxil olduqdan sonra yalnız Mirzəağa Əliyev küçəsi (keçmiş Məktəbli küçəsi) boyu hərəkət edir ki, küçənin qanunsuz tikinti işlərinin aparıldığı həmin hissəsində qeyri-yaşayış obyektinin istifadəyə verilməsi nəqliyyatın və piyadaların hərəkətini iflic vəziyyətinə gətirəcək. 50 ildən artıq mövcud olmuş Səməd Vurğun bağı- Hövsan qəsəbəsi – Zeytun sovxozu marşrut xətti üzrə hərəkət edən 175 nömrəli marşrut avtobusları BakuBus tərəfindən yeni avtobuslarlə əvəz edildikdən sonra Mirzəağa Əliyev küçəsinin həmin hissəsinin ensiz olması səbəbindən artıq ləğv edilmiş, 28 may metrostansiyasından gələn yeni marşrut xətti Hövsan qəsəbəsi - 1-ci və 2-ci MİDA - 28 may metrostansiyası istiqamətində hərəkət edir. Çoxsaylı yaşayış məntəqəsi olan Hövsanın kənd hissəsinin sakinləri artıq şəhər mərkəzinə bir yox, bir neçə nəqliyyat vasitəsilə gedə bilirlər. Bu isə onların bir neçə dəfə artıq xərc çəkmələrinə səbəb olur. Hətta əldə etdikləri qeyri-rəsmi məlumata görə küçənin qanunsuz tikinti inşa edilən hissəsində hərəkətin artıq xeyli çətinləşməsi səbəbindən həmin marşrut xətlərinin Mirzəağa Əliyev küçəsi istiqamətindəki hərəkəti dayandırılacaq. Onlar, övladları, ailə üzvləri məktəbə, bağçaya və şəhərin mərkəzinə yalnız həmin marşrut xətləri vasitəsilə gedib gələ bilirlər. Onların bu marşrut xətlərindən əlavə alternativi yoxdur və bu qanunsuz tikilinin inşa edilib fəaliyyətə başlaması sərbəst hərəkət edə bilmək hüququnu da pozmuş olacaq. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin, Mirzəağa Əliyev (keçmiş Məktəb) küçəsində (Cümə məscidi ilə üzbəüz), reyestrdən çıxarışa əsasən yeni qaydalarla Hövsan qəsəbəsi 163-cü Hövsan küçəsi, giriş 63 ünvanında qanunsuz inşa edilən tikinti obyekti Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə, həmçinin ictimai mənafeyə və sakinlərin maraqlarına zidd inşa edildiyi üçün sökülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadının 39,40 və 72-ci bəndlərində də qeyd edildiyi kimi iş üzrə çıxarılacaq məhkəmə qərarının üçüncü şəxs kimi işə qoşulmaq istəyən şəxslərin maraqlarına təsir etmə ehtimalı xeyli yüksəkdir. Çünki yuxarıda da qeyd edildiyi kimi üçüncü şəxs kimi işə qoşulmaq istəyən şəxslərin Suraxanı Rayon Məhkəməsində iddiaçı kimi qaldırdıqları qanunsuz obyektin sökülməyinə dair iddia tələbləri (həm də FHNin qaldırdığı 2-1(112)-14266/2025 nömrəli iş) əhəmiyyətsiz qalacaq. Başqa sözlə, məhkəmə qərarının İddiaçı lehinə qəbul edilməsi, üçüncü şəxs qismində cəlb edilməsi tələb olunan şəxslərin qanunla qorunan hüquqlarını ləğv etmiş olacaq. Məhkəmə tərəfindən ərizəçilərin mübahisə üzrə qəbul ediləcək qərardan birbaşa təsirlənmədiyi nəticəsi əsassızdır. Belə ki, qanunsuz tikinti eyni küçədə yerləşir və ərizəçilərin yaşayış şəraitinə, sərbəst hərəkət imkanlarına, təhlükəsizliyinə və ictimai asayişə birbaşa təsir göstərir. Eyni zamanda bu iş ərizəçilərin qanunsuz obyektin sökülməsi tələbinə dair Suraxanı Rayon Məhkəməsində qaldırdığı və hələ də davam edən işin nəticəsinə birbaşa təsir göstərəcək. Bu səbəbdən, ərizəçilərin maraqları sırf sosial deyil, maddi-hüquqi xarakter daşıyır və İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən onlar işə üçüncü şəxs qismində cəlb edilməlidirlər. Məhkəmə iclasında iştirak edən ərizəçilər, ərizəçilərin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli qərardadı:

24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur.

33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir.

36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPMin 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.

37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.

38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.

40. Adi cəlbetmə zamanı üçüncü şəxs bir qayda olaraq, mübahisə tərəflərindən birinin yanında, yəni iddiaçının yaxud cavabdehin tərəfində icraatda iştirak edir. Bu halda, onun hüquqi marağı da daha çox yanında iştirak etdiyi tərəfin (iddiaçı və ya cavabdehin) mübahisədə qalib gəlməsi ilə bağlı yaranır. Lakin üçüncü şəxs həmişə prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak etməyə bilər, onun həm də tərəflərə aid olmayan öz maraqlarının müdafiəsi məqsədilə də icraata qoşulması mümkündür. Adi cəlbetmədə üçüncü şəxsin hüquqi marağı birbaşa iddia predmeti ilə əlaqəli olmur. Çıxarılacaq məhkəmə qərarının cəlb ediləcək şəxsin maraqlarına təsir etmə (toxunma) ehtimalı varsa, adi cəlbetmə həyata keçirilməlidir. Sözügedən təsir (toxunma) ehtimalı isə o zaman mövcud olur ki, məhkəmə qərarından asılı olaraq şəxsin hüquqi statusunun mövcud hüquqi statusu ilə müqayisədə pis və ya yaxşıya doğru dəyişməsi halı yaranmış olur. Başqa sözlə, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsi baş verir. Beləliklə, adi cəlbetmə üçün şərtlərin mövcud olub-olmadığını müəyyən etmək üçün məhkəmə qərarının üçüncü şəxsin maraqlarına toxunmasının mümkün olub-olmamasını qiymətləndirmək lazımdır. Əgər bu cür toxunma ehtimalı mümkün hesab olunursa, bu zaman adi cəlbetmə üçün şərtlər formalaşmış olur.

42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. Qeyd edilməlidir ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Qəbul ediləcək məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunduğu hallarda məhkəmə həmin şəxsləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Belə ki, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır. Lakin iddia tələbindən və iş materiallarında olan sənədlərdən göründüyü kimi, hazırkı mübahisə ərizəçilərin qanunla qorunan maraqlarına toxunmur. Eyni zamanda buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, həmçinin iş materialları ilə ərizələrin cəlb edilməsi üçün hər hansı bir zərurət müəyyən edilməmişdir. Bu məsələyə formal yanaşılması, yəni şəxsin əsassız olaraq məhkəmə icraatına cəlb edilməsi, iddiaçının qanunla qorunan maraqlarının pozulması ilə nəticələnə bilər. Beləliklə, ərizəçilərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğu hal müəyyən edilmir, onların inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud deyil. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, vəsatət əsassızdır, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13118/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar