Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-467/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının qeyri-qanuni hesab edilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, X1-Yusiflinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının qeyri-qanuni hesab edilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6803/2021 saylı 26 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. QL seriyalı 090700 saylı 09.10.1989-cu il hərbi biletdən görünür ki, İddiaçı 1985-ci ildə institututda hərbi hazırlıq kursu keçmişdir. Azərbaycan Texniki Universitetinin 19.02.2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 29.10.1981-ci il tarixli əmrə əsasən Azərbaycan Politexnik İnstitutunun “avtomatika və hesablama texnikası” fakültəsinə əyani olaraq qəbul edilmiş və 07.07.1986-cı il tarixli əmrə əsasən institutun əyani şöbəsinin “sənaye elektronikası” ixtisası üzrə tam kursu bitirərək ona HB seriyalı 967855 saylı 07.07.1986-cı il tarixli elektron texnikası mühəndisi diplomu verilmişdir. HB seriyalı 967855 saylı 07.07.1986-cı il tarixli diplomdan görünür ki, İddiaçı 1981ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1986-cı ildə həmin institutu “sənaye elektronika” ixtisası üzrə bitirmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 05.11.2000-ci il tarixli əmək kitabçasından görünür ki, o, 13.04.1987-01.02.1993-cü illər ərzində Radiofiziki Cihazqayırma xüsusi konstruktor bürosunda mühəndis və böyük mühəndis kimi əmək fəaliyyəti ilə məşğul olmuş, 20.02.1993-01.11.1996-cı illərdə MMC-də mühəndis, 05.11.1996-01.04.2000-ci illərdə 16 saylı valyuta dəyişmə məntəqəsində xəzinədar, 08.01.2001-02.01.2004-cü illərdə Respublika sarayının enerji təminatı xidmətində mexanik işləmişdir. 09.02.2004-cü il tarixdə Bakı Metropoliteninin Yol xidmətinə 4-cü dərəcə ilə yol fəhləsi qəbul edilmiş (iş gecə tuneldə, xüsusi zərərli iş şəraiti), 18.07.2014-cü ildə 2 saylı yol hissəsinin 1-ci sahəsinə 4-cü dərəcəli yol montyoru keçirilmiş və hazırkı vaxtadək bu vəzifədə çalışır. Azərbaycan Respublikası "xxxx" QSC-nin A/48 saylı 23.02.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 09.02.2004-cü il tarixdən 18.07.2014-cü il tarixədək fəhlə (iş yalnız gecə tuneldə xüsusi zərərli əmək şəraitində) vəzifəsində çalışmışdır. 18.07.2014cü il tarixdən "xxxx" QSC-nin Yol xidmətində yol montyoru peşəsində (iş yalnız gecə tuneldə xüsusi zərərli əmək şəraitində) işləyir. Yol montyoru yol fəhləsi hesab edilir. Yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 20%, gecə saatına görə 40% əlavə ödənilir. Azərbaycan Respublikası Prezidentinin 289 saylı 27.02.2014-cü il tarixli Sərəncamına əsasən Bakı Metorpoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkil yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********6 saylı 28.04.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim olunan sənədlərdən göründüyü kimi, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (22 il 7 ay 17 gün) təşkil edir. Eyni zamanda onun güzəştli iş stajı yoxdur. Həmçinin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyanın minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Pensiya kapitalı ona münasibətdə 47200.00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alnan pensiya kapitalı cəmi 43649.77 manat təşkil edir. Qeyd olunanların nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin imtinasının qeyri-qanuni hesab edilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan onun əmək kitabçasında qeyd olunan ali təhsil aldığı müddəti, hərbi xidmət dövrünü, 30 ildən artıq ümumi iş stajını və həmin stajın 17 ildən artıq olan hissəsinin yeraltı tunellərdə, xüsusi zərərli iş şəraitində işləməsini nəzərə almamışdır. İşlədiyi peşələr 12 saylı Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarında öz əksini tapmışdır, buna görə də cavabdehin pensiya təyin olunmasından imtinası qeyri-qanunidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əmək kitabçasındakı iş stajı və təhsil aldığı müddət nəzərə alınarsa, o, 01.01.2006-cı il tarixədək Qanun ilə tələb edilən 25 il ümumi iş stajı müddətini tamamlamamışdır (22 il 7 ay 17 gün). Həmçinin İddiaçının əmək kitabçasından və ‘‘Bakı Metropoliteni” QSC tərəfindən təqdim edilmiş 23 fevral 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı metropolitendə “yol montyoru" peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahının 28-ci bölməsinin (“Nəqliyyat”) 2-ci hissəsində (“Metropolitenlər” - ********) həmin sahə üzrə güzəştli hesab edilməli olan peşələr arasında İddiaçının işləmiş olduğu peşə mövcud deyildir. İddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 57 yaşdır. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçıya münasibətdə 47200.00 manat hesablanmışdır. İddiaçının cəmi pensiya kapitalı isə 43649.77 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6803/2021 saylı 26 avqust 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə onun 30 ildən artıq ümumi iş stajına malik olmasını, həmin stajın 17 ilə yaxın müddətini əmək şəraitinin xüsusilə zərərli və ağır olan işlərdə çalışmasını nəzərə almamış, bununla da qanunsuz qərar qəbul etmişdir. O, cavabdehin imtinasının qanunsuz olduğunu bildirir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz iddiaçıya ünvanlanmış imtinanın və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini, apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. 12.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdi. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 28.04.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 21.05.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı tələbi cavabdehin imtinasının qanunsuz hesab edilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi xidməti və təhsili ilə bağlı sənədləri, əmək kitabçasını və güzəştli iş stajına dair arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletindən görünür ki, o, hərbi xidmət keçməmiş, təqdim etdiyi diploma əsasən 29.10.1981-ci il tarixdən 07.07.1986-cı il tarixədək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun əyani şöbəsində təhsil almışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının ümumi iş stajının 25 ildən az (22 il 7 ay 17 gün) olması, güzəştli iş stajının olmaması, həmçinin pensiya kapitalının kifayət qədər olmaması təşkil edir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 13.04.1987-01.02.1993-cü illər ərzində Radiofiziki Cihazqayırma xüsusi konstruktor bürosunda mühəndis, böyük mühəndis, 20.02.1993- 01.11.1996-cı illərdə MMC-də mühəndis, 05.11.1996-01.04.2000ci illərdə 16 saylı valyuta dəyişmə məntəqəsinə xəzinədar, 08.01.2001-02.01.2004-cü illərdə Respublika sarayının enerji təminatı xidmətində mexanik işləmiş, 09.02.2004-cü il tarixdə Bakı Metropoliteninin Yol xidmətinə 4-cü dərəcə ilə yol fəhləsi qəbul edilmiş (iş gecə tuneldə, xüsusi zərərli iş şəraiti), 18.07.2014-cü ildə 2 saylı yol hissəsinin 1-ci sahəsinə 4-cü dərəcəli yol montyoru keçirilmiş və hazırkı vaxtadək bu vəzifədə çalışır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 25 il ümumi sığorta stajına malik deyildir. Hətta onun təhsil aldığı müddət də nəzərə alınarsa, iddiaçının ümumi sığorta stajı 01.01.2006-cı il tarixə 25 ildən az təşkil edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxması üçün cavabdehin mübahisələndirdiyi ümumi staj (25 il) ilə bağlı tələb tam olaraq ödənilmir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Qanunvericiliyin tələblərindən göründüyü kimi, 01.07.2017-ci il tarixədək qüvvədə olmuş Qanunun tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün eyni vaxtda 3 şərtin ödənilməsi tələb olunur - şəxsin 01.07.2017-ci il tarixədək 25 il ümumi iş stajı, bunun 12 il 06 ayını güzəştli işlərdə işləməsi və onun 57 yaşının tamam olması. Lakin hazırki işdə iddiaçının 57 yaşı 19.01.2021-ci il tarixdə, yəni 01.07.2017-ci il tarixdə Qanuna edilmiş dəyişiklikdən sonra tamamlandığı üçün Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən tələb olunan 3-cü şərtyaş tələbi iddiaçıya münasibətdə ödənilmir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunda nəzərdə tutulan şərtlər tamamlanmadığı üçün birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etdiyindən və bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı iddianın təmin edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6803/2021 saylı 26 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6803/2021 saylı 26 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-1(103)-467/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-467/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver