Məhkəmə qərarları › İş №2-1(103)-467/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-467/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-467/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “müsabiqədə iştirakının təmin edilməsi vəzifəsinin həvalə edilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7210/2023 nümrəli, 27 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixdə elan etdiyi müsabiqədə iddiaçının iştirakının təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən 19 sentyabr 2022-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edilmişdir. Bu elanın məzmununda bildirilir ki, Dövlət vergi orqanlarına xidmətə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İ1Q nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********301500 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi Qaydaları"na müvafiq olaraq aparılır. Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə xx.xx.2022-ci il saat 10:00-dan xx.xx.2022-ci il saat 23:59-dək həyata keçirilmişdir. Tərəfindən xx.xx.2022-ci il tarixində elektron ərizə ilə müraciət edilmiş və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7.3-cü bəndinə əsasən əvvəllər vergi orqanında fəaliyyət göstərdiyini əsas gətirərək müsabiqənin test mərhələsindən azad edilməyini və müsahibə mərhələsində iştirak eləməyini Dövlət Vergi Xidmətindən xahiş etmişdir. Eyni tarixdə müraciətə baxılmanın nəticəsi barədə sizə məlumat veriləcəyi cavabı elektron poçtuna göndərilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixində Elektron ünvan elektron poçt ünvanına “Sizin ərizəniz aşağıdakı səbəb ilə gözləmədədir” cavabı göndərilmişdir. Səbəb: (Dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli İ4İ-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq test imtahanı və müsahibədən ibarət müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Vergi Xidmətinin 19 sentyabr 2022-ci il tarixli elanına əsasən təşkil olunan müsabiqə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində vakant olan başlanğıc vəzifələrə işə qəbulla əlaqədar keçirilir. Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə kadr ehtiyatına daxil ediləcək və həmin strukturlarda mövcud olan başlanğıc vakant vəzifələrə təyin ediləcəklər. Sizin birbaşa müsahibə mərhələsində iştirakınızla bağlı bildiririk ki, dövlət vergi orqanlarında birbaşa müsahibə formatında qəbul keçirildiyi halda iştirakınızla bağlı Sizə əlavə məlumat veriləcək). Daha sonra xx.xx.2023-cü il tarixində (AVİS:**********181600) nömrəli məktubla müsabiqədə iştirakının təmin edilməyəcəyi ilə bağlı cavab göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7.3-cü bəndinə əsasən əvvəllər dövlət vergi orqanlarında xidmət etmiş (xidməti intizamı bir dəfə kobud şəkildə pozması və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirməməsi səbəbindən vergi orqanlarında xidmətinə xilam verilmiş şəxslər istisna olmaqla) şəxslər müsabiqənin test mərhələsindən azad edilir. Əsasnamədən də göründüyü kimi birbaşa müsahibə formatı və ya adi formal deyə bir hal əks etdirilməyib və Dövlət Vergi Xidmətinin cavabı tamamilə absurd və əsassızdır. Yəni namizəd ərizəsini təqdim edir, daha sonra test mərhələsindən azad edilərək müsahibədə iştirak edir. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********301500 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarəedilməsi Qaydaları”nın 1.4-cü bəndində qeyd edilir ki, Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi qaydaları, habelə namizədlərin dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmaması və müsabiqənin test imtahanı mərhələsindən azad edilməsi halları “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq tənzimlənir. X6 Xidməti öz qərarı ilə təsdiqləyir ki, müsabiqəyə buraxılmama halı yalnız əsasnamə ilə tənzimlənə bilər. Dövlət Vergi Xidmətinin kadr məsələləri ilə bağlı elanda qeyd etdiyi (012) ***-**-** nömrəsi ilə əlaqə saxlayıb elektron məktuba gələn cavabın izahını soruşduqda dəstəyi götürən əməkdaş bu müsabiqənin başlanğıc vəzifələrlə bağlı olduğunu və istədiyiniz halda test mərhələsində iştirak edə biləciyini bildirdikdə əsasnamənin qurum tərəfindən tamamilə yalnış şərh edildiyi ona aydın olmuşdur. Çünki iddiaçının hər hansı elanda göstərilən vəzifələrdən daha yüksək vəzifə iddiası olmamışdır və test imtahanında iştirak etdikdən sonra müsahibə mərhələsindən keçən şəxs hansı vəzifəyə təyin edilirsə, test mərhələsindən azad olan şəxsdə müsahibədə uğur qazandıqda eyni vəzifəyə təyin edilir. Dövlət Vergi Xidmətinin ziddiyətli mövqeyində deyilir ki, o, test mərhələsində iştirak edib müsahibəyə buraxıla bilər, amma test mərhələsindən azad edilə bilməz. Halbuki bunlar arasında prinsipcə heç bir fərq yoxdur. Bu da qurumun əsasnaməni yalnış şərh edildiyinin sübutudur. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının dövlət vergi orqanlarına işə qəbulla bağlı keçiriləcək imtahan barədə 19 oktyabr 2022-ci il tarixli müraciətinə DVXda baxılmış və ona bildirilmişdir ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq test imtahanı və müsahibədən ibarət müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Vergi Xidmətinin 19 sentyabr 2022-ci il tarixli elanına əsasən təşkil olunan müsabiqə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində vakant olan başlanğıc vəzifələrə işə qəbulla əlaqədar keçirilir. İddiaçının birbaşa müsahibə mərhələsində iştiraka buraxılması tələbinə münasibətdə bildirir ki, dövlət vergi orqanlarında birbaşa müsahibə formatında qəbul keçirildiyi halda bu tələbə baxıla bilər. Eyni zamanda, hesab edir ki, aşağıda qeyd olunanlara əsasən İddiaçı iddia tələbi mümkün hesab edilməməlidir. İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı öz iddia ərizəsində xx.xx.2022-ci il tarixdə müraciət etdiyini bildirsə də, daha sonra ona xx.xx.2023-cü il **********81600 nömrəli məktubla müsabiqədə iştirakının təmin edilməyəcəyi ilə bağlı məktubun göndərildirildiyini qeyd etmişdir. Lakin iddiaçının xx.xx.2022-ci il tarixli **********927800 nömrəli müraciətinə daha öncə, yəni xx.xx.2022-ci il tarixli **********147500 nömrəli cavab məktubu ilə Dövlət Vergi Xidməti tərəfindən münasibət bildirilmişdir. İddianın məcburetmə haqqında iddia növünə aid olduğunu və cavabdehin onun müraciətini xx.xx.2022-cı il tarixində cavablandırdığını nəzərə alsaq iddia müddətlərinin ötürüldüyü aydın olur. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əlavədə bildirilmişdir ki, iddiaçının dövlət vergi orqanlarına işə qəbulla bağlı keçiriləcək imtahan barədə 19 oktyabr 2022-ci il tarixli müraciətinə DVX-da baxılmış və ona bildirilmişdir ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş ‘Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərman, ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə’’yə müvafiq olaraq test imtahanı və müsahibədən ibarət müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Vergi Xidmətinin 19 sentyabr 2022-ci il tarixli elanına əsasən təşkil olunan müsabiqə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində vakant olan başlanğıc vəzifələrə işə qəbulla əlaqədar keçirilmişdir. Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə kadr ehtiyatına daxil edilmiş və həmin strukturlarda mövcud olan başlanğıc vakant vəzifələrə təyin edilmişdirlər. İddiaçının birbaşa müsahibə mərhələsində iştiraka buraxılması tələbinə münasibətdə bildirilmişdir ki, dövlət vergi orqanlarında birbaşa müsahibə formatında qəbul keçirildiyi halda bu tələbə baxıla bilər. Digər tərəfdən iddiaçı öz iddia ərizəsində Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnamənin 1.7.3-bəndinə istinad edərək əvvəllər dövlət vergi orqanlarında xidmət etmiş (xidməti intizamı bir dəfə kobud şəkildə pozması və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirməməsi səbəbindən vergi orqanlarında xidmətinə xitam verilmiş şəxslər istisna olmaqla) şəxslərin müsabiqənin test imtahanı mərhələsindən azad edildiyini bildirmişdir. Lakin bununla bağlı qeyd etməliyik ki, Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 13-1-ci maddəsinə əsasən vergi orqanlarına xidmətə qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin xüsusi rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində sınaq müddəti müəyyən edilmir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 iyun tarixli 1371 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması” Qaydasının 2.3-cü bəndinə əsasən dövlət qulluğunda ixtisas dərəcəsinə malik olan dövlət qulluqçusu və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxs dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edildikdə, onun barəsində staj və sınaq müddəti tətbiq edilmədən malik olduğu ixtisas dərəcəsinin rütbələrə uyğunlaşdırılması həyata keçirilir. Odur ki, xx.xx.2022ci il tarixində elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçən namizədlərin Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə kadr ehtiyatına daxil ediləcəyi və həmin strukturlarda mövcud olan başlanğıc vakant vəzifələrə təyin ediləcəkləri nəzərdə tutulduğundan və İddiaçı daha öncə vergi orqanlarında dövlət qulluğunun xüsusi növünə aid rütbəyə malik olduğundan iddiaçının müraciəti təmin edilməmişdir. Bununla əlaqədar olaraq iddiaçıya dövlət vergi orqanlarında birbaşa müsahibə formatında qəbul keçirildiyi halda iştirakı ilə bağlı məlumat veriləcəyi xx.xx.2022-cı il tarixli **********147500 nömrəli cavab məktubu ilə Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7210/2023 nümrəli, 27 iyul 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəzərə almamışdır ki, xx.xx.2022-ci il tarixdə elan edilmiş müsabiqə vergi orqanının kadr siyasəti çərçivəsində mövcud olan başlanğıc vəzifələr üzrə yaranmış kadr tələbatını ödəmək məqsədi ilə elan edilmiş və keçirilmişdir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən istinad olunan maddi hüquq norması səhv təfsir edilmişdir. Belə ki, məhkəmə tərəfindən Əsasnamənin normaları onların hərfi mənası əsasında təfsir olunmuş və normanın həqiqi məqsədi və mahiyyəti nəzərə alınmamışdır. xx.xx.2022-ci il tarixdə vergi orqanlarına qəbulla bağlı elan edilmiş müsabiqə başlanğıc vəzifələr üzrə yaranmış kadr tələbatını ödəmək məqsədi ilə elan edilmiş və həmin elanda sabiq vergi orqanı əməkdaşlarının da qeyd olunan Əsasnamənin 1.7.3-cü maddəsinə uyğun olaraq birbaşa müsahibə mərhələsində keçiriləcəyi ilə bağlı qeyd olmamışdır. Həmin normanın Əsasnaməyə daxil edilməsi məqsədi qısa bir zamanda vergi orqanlarında yüksək tələbat olan sahələr üzrə yaranmış vakansiyaların hazırlıqlı və təcrübəli mütəxəssislərlə təmin edilməsi olmuşdur. Eyni zamanda bu qaydada qəbulun həyata keçiriləcəyi halda qəbul elanın bununla bağlı xüsusi qeyd öz əksini tapır. Digər tərəfdən qeyd edirlər ki, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 13-1-ci maddəsinə əsasən vergi orqanlarına xidmətə qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin xüsusi rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində sınaq müddəti müəyyən edilmir. Bu norma vergi orqanının tətbiq etməli olduğu və qanundan irəli gələn daha üstün hüquqi qüvvəyə malik olan normadır və iddiaçı hüququnun pozulduğunu bildirərkən istinad etdiyi norma qanundan irəli gələn norma deyildir. Başqa sözlə, qeyd olunan normativ aktlar birlikdə və əlaqəli şəkildə tətbiq olunmalıdır. Qeyd olunan norma qanundan irəli gəldiyinə və vergi orqanı üçün imperativ xarakter daşıyan norma olduğuna görə əvvəllər dövlət qulluğunda işləmiş şəxsə münasibətdə tətbiqi mütləqdir. İddiaçı şifahi məhkəmə baxışı zamanı verdiyi izahatlarında malik olduğu ixtisas dərəcəsinin xüsusi rütbələrə uyğunlaşdırılmasını tələb etmədiyini və onun barəsində sınaq müddəti müəyyən edilməsinə etiraz etmədiyini bildirsə də, inzibati orqan tərəfindən bunun həyata keçirilməsi mümkün olmayacaqdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 iyun tarixli 1371 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması” Qaydasının 2.3-cü bəndinə əsasən dövlət qulluğunda ixtisas dərəcəsinə malik olan dövlət qulluqçusu və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxs dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edildikdə, onun barəsində staj və sınaq müddəti tətbiq edilmədən malik olduğu ixtisas dərəcəsinin rütbələrə uyğunlaşdırılması həyata keçirilir. Beləliklə, xx.xx.2022-ci il tarixində elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçən namizədlərin Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə kadr ehtiyatına daxil ediləcəyi və həmin strukturlarda mövcud olan başlanğıc vakant vəzifələrə təyin ediləcəkləri nəzərdə tutulduğundan və İddiaçı daha öncə vergi orqanlarında dövlət qulluğunun xüsusi növünə aid rütbəyə malik olduğundan iddiaçının müraciəti təmin edilməmişdir. İddia tələbini mümkünsüz edən digər əsas isə onun artıq bitmiş hüquq münasibətləri ilə bağlı olması və qəbul edilmiş məhkəmə qərarının Dövlət Vergi Xidmətinin üzərinə xx.xx.2022-ci il tarixdə elan etdiyi müsabiqədə İddiaçı iştirakının təmin edilməsi vəzifəsinin qoyulmasından ibarət olmasıdır. Bu isə aşağıda göstərilənlərə əsasən iddia tələbini və onun əsasında qəbul edilmiş məhkəmə qərarının icrasını mümkünsüz edir: 1) xx.xx.2022-ci il tarixdə elan olunmuş müsabiqə artıq yekunlaşmış, nəticəsi xx.xx.2023-cü il tarixli protokolla rəsmiləşdirilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin rəsmi saytında məlumat dərc edilmişdir; 2) xx.xx.2022-ci il tarixdə elan olunmuş müsabiqədə İddiaçı iştirakı ilə bağlı Dövlət Vergi Xidməti tərəfindən hər hansı maneə yaradılmamış və iddiaçının elan edilmiş qaydada müsabiqədə iştirak etmək hüququ olmuşdur. Nəticədə birinci instansiya məhkəməsinin qərarında vergi orqanı ilə iddiaçı arasında yaranmış münasibətlərə düzgün hüquqi qiymət verilmədiyindən qəbul edilmiş məhkəmə qərarının hansı hərəkətlərin yerinə yetirilməsinə yönəldiyi anlaşılan olmamışdır. Bu isə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsinə əsasdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İlk öncə Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Hazırki işin hallarından görünür ki, iddiaçının hazırki iddianın qaldırılmasında hüquqi marağı 19 sentyabr 2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı elan edilmiş müsabiqənin test mərhələsində iştirak etmədən, birbaşa müsahibə mərhələsində iştirakının təmin edilməsidir. Belə ki, iddiaçı müsabiqədə iştirak etmək üçün elektron ərizə ilə müraciət etmişdir və “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7.3-cü bəndinə əsasən əvvəllər vergi orqanında fəaliyyət göstərdiyini əsas gətirərək müsabiqənin test mərhələsindən azad edilməyini və müsahibə mərhələsində iştirak etməyini Dövlət Vergi Xidmətindən xahiş etmişdir. İş materiallarından görünür ki, iddia tələbi artıq bitmiş hüquq münasibətləri ilə bağlı olmasına baxmayaraq, birinci instansiya məhkəməsinin qərarı ilə Dövlət Vergi Xidmətinin üzərinə cavabdehin xx.xx.2022-ci il tarixdə elan etdiyi müsabiqədə İddiaçı iştirakının təmin edilməsi vəzifəsi qoyulmuşdur. Halbuki iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə elan olunmuş müsabiqə artıq yekunlaşmış, nəticəsi xx.xx.2023-cü il tarixli protokolla rəsmiləşdirilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin rəsmi saytında məlumat dərc edilmişdir. Kollegiya qeyd edir ki, hətta iddia tələbi əsaslı belə olsa, apellyasiya şikayətinin digər dəlilləri əsaslı olmasa da iddiaçının iştirakının təmin edilməsini tələb etdiyi müsabiqə artıq yekunlaşdığından, iddia tələbinin əsasında qəbul edilmiş məhkəmə qərarlarının icrası mümkün olmayacaqdır. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçının hazırda iddia qaldıraraq tələb irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Məhkəmə kollegiyası həmçinin onu da diqqətə çatdırır ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək, iddia tələbində dəqiqləşdirilmənin aparılması zəruriliyi izah edilsə də, iddiaçı son olaraq hazırki iddia tələbinə baxılmasını xahiş etmişdir. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “xx.xx.2022-ci il tarixdə elan edilmiş müsabiqədə iştirakının təmin edilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7210/2023 nümrəli, 27 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “xx.xx.2022-ci il tarixdə elan edilmiş müsabiqədə iştirakının təmin edilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar