Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4677/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Babayeva (Hacıyeva) Könül Muxtar qızının cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11389/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2025-ci il tarixli, ******* №-li qərarından müəyyən olunur ki, X9 18 aprel 2025-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət etmişdir. Təqdim edilən sənədlər araşdırılmaqla aşağıdakı səbəblərdən belə nəticəyə gəlinmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.4-cü bəndini rəhbər tutaraq, 29 may 1972-ci il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaması qərara alınmışdır.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-17229 №-li cavab məktubunda göstərilmişdir ki, Babayeva (Hacıyevə) Könül Muxtar qızının SSRİ nümunəli pasportla sənədləşdirilməsi və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi barədə məlumat aşkar olunmamışdır.
3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-cü il tarixli, 18/2-17229 №-li cavab məktubunda göstərilmişdir ki, xx.xx.1972-ci il təvəllüdlü X5 Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı, şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli, 3-16-5/2-49513/2025 №-li cavab məktubunda göstərilmişdir ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X10 ilə X6 olan xx.xx.1972ci il təvəllüdlü Könül Babayevanın, xx.xx.1974-cü il təvəllüdlü Emin Babayevin və xx.xx.1978-ci il təvəllüdlü Sehran Babayevin doğumunun Neftçala rayonunun Boyat icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir. İnformasiya sisteminə baxış küçirilərkən Könül Babayevanın (Hacıyeva) nikahı haqqında akt qeydinə dair məlumat aşkar edilmədi.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X9 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1972-ci il tarixində Salyan rayonun Ballıcallı kəndində doğulmuşdur. X2 və anası X7 hər ikisi Azərbaycan Respublikasında doğulmuşlar və Azərbaycan Respublikasının vətəndaşıdırlar. Atası 1983cü ildə vəfat etmiş, anası isə halhazıra qədər Neftçala rayonunda qeydiyyatda olmaqla yaşayır. Özü ailə qurduqdan sonra daimi yaşamaq üçün Rusiya Federasiyasına 1989-cu ildə köçüb getmiş və 2006-cı ilin 16 fevral tarixində Krasnoyarsk şəhərinin Jeleznodorojniy Rayon Məhkəməsinin qətnaməsi ilə nikahı pozulmuşdur. Hazırda anası yaşlı qadındır və sağlamlığında nasazlıqlar olduğundan ona baxıb-qulluq etmək məqsədi ilə daimi yaşamaq üçün Azərbaycan Respublikasına gəlmiş və aidiyyatı üzrə cavabdeh təşkilata Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə xx.xx.2025-ci il tarixdə müraciət etsə də, cavabdehin xx.xx.2025-ci il tarixli ******* saylı qərarı ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Səbəb kimi onun digər ölkə, yəni Rusiya Federasiya vətəndaşı olmasıdır. Hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuzdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi o, xx.xx.1972-ci il tarixində Salyan rayonun Ballıcallı kəndində doğulmuşdur. X2 və anası X7 hər ikisi Azərbaycan Respublikasında doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdırlar. Özü ailə qurana kimi Neftçala rayonunda anası ilə bir yerdə yaşamış və həmin rayonunda orta məktəbi bitirmişdir. Halhazırda anası yaşlı qadındır və sağlamlığında problemlər olduğundan ona baxıb-qulluq etmək məqsədi ilə daimi yaşamaq üçün Azərbaycana qayıtmışdır. Bu səbəbdən hesab edir ki , Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun tələbinə görə Azərbaycan Respublikasının vətəndaşıdır və AR vətəndaşlığına mənsubiyyəti tanınmalıdır.
7. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixdə Xidmətə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2025-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edirəm ki, Xidmət sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. İş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və həmin ölkəyə məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxsin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər Rusiya Federasiyasının vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa-verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Yəni, şəxs vətəndaşlıq iddia etdiyi dövlətin ərazisində doğulmamışdırsa və vətəndaşlığı yoxdursa, həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa o zaman Dövlət ona öz vətəndaşlığını verir. Əlavə olaraq qeyd etmək lazımdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətitanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Eyni zamanda qeyd olunmalıdır ki, şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və ikinci hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqaəqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11389/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı vaxtilə doğulduğu Azərbaycan Respublikasını tərk etmiş, 1989-cu ildə Rusiya Federasiyasına köçmüş və digər dövlətin vətəndaşlığını, yəni Rusiya Federasiyası vətəndaşlığını könüllü əldə etmişdir. Bu isə o deməkdir ki, vətəndaşı olduğu ölkə qarşısında şəxsin uzun müddət ərzində yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, habelə siyasi hüquqi və bu cür digər öhdəlikləri yaranmışdır. Belə ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşı oldugundan həmin dövlətin “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanununun 3-cü maddəsinə əsasən Rusiya Federasiyasının vətəndaşlığı olan şəxsi kimi Rusiya Federasiyası ilə, onların qarşılıqlı hüquq və vəzifələrinin ümumiliyində ifadə olunan möhkəm hüquqi bağlılığı yaranmışdır. Həmin Qanunun 6-cı maddəsinə əsasən eyni zamanda digər vətəndaşlığı olan Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyasının beynəlxalq müqaviləsində və federal qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, yalnız Rusiya Federasiyasının vətəndaşı hesab edilir (1). Rusiya Federasiyası vətəndaşının digər vətəndaşlıq əldə etməsi Rusiya Federasiyası vətəndaşlığının xitamına səbəb olmur (2). Beləliklə, Rusiya Federasiyası öz vətəndaşının digər dövlətlərin vətəndaşlığına mənsubiyyətini, həmin dövlətlərlə bağlanmış müqavilələrdə və federal qanunlarda nəzərdə tutulmuş hallar istisna edilməklə, tanımır. Bu isə o deməkdir ki, Rusiya Federasiyası özünün vətəndaşı hesab etdiyi şəxsdən vəzifələrin/öhdəliklərin (o cümlədən, həmin dövlətin qəbul etdiyi yeni qanunlarla müəyyən edilən vəzifə və öhdəliklərin) icrasını istənilən vaxt tələb edə bilər. İddiaçının Rusiya Federasiyası ilə möhkəm bağlılığı vəümumi (publik) hüquq münasibətlərindən irəli gələn öhdəlikləri onun Rusiya Federasiyasının vətəndaşlığına xitam verildiyi vaxtadək qüvvədə qalır.
10. Bundan əlavə, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, bu vətəndaşlığı könüllü olaraq qəbul etmişdir. Belə ki, hazırkı vaxtadək bu halı mübahisələndirməmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə cavabdeh inzibati orqanın imtinası qanuni, iddiaçının tələbi isə əsassızdır. Eyni zamanda, məhkəmə iddiaçının Rusiya Federasiyasının vətəndaşı ilə evləndiyi üçün həmin ölkənin vətəndaşı olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının Rusiya Federasiyasında evlənib daimi yaşamaq üçün köçməsi faktı onun məhz Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməli olması anlamına gəlmir. Başqa sözlə, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını məcburi deyil, könüllü şəkildə qəbul etmiş və bu hal-hazırda da davam etməkdədir.
11. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11389/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun:
Maddə 5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) Bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) Bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər
...
Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
18. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:
Maddə 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.2.2 İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1 Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. İddiaçı vaxtilə doğulduğu Azərbaycan Respublikasını tərk etmiş, 1989-cu ildə Rusiya Federasiyasına köçmüş və digər dövlətin vətəndaşlığını, yəni Rusiya Federasiyası vətəndaşlığını könüllü əldə etmişdir. Bu isə o deməkdir ki, vətəndaşı olduğu ölkə qarşısında şəxsin uzun müddət ərzində yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, habelə siyasi hüquqi və bu cür digər öhdəlikləri yaranmışdır.
28. İddiaçı Rusiya Federasiyasının vətəndaşı oldugundan həmin dövlətin “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanununun 3-cü maddəsinə əsasən Rusiya Federasiyasının vətəndaşlığı olan şəxsi kimi Rusiya Federasiyası ilə, onların qarşılıqlı hüquq və vəzifələrinin ümumiliyində ifadə olunan möhkəm hüquqi bağlılığı yaranmışdır. Həmin Qanunun 6-cı maddəsinə əsasən eyni zamanda digər vətəndaşlığı olan Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyasının beynəlxalq müqaviləsində və federal qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, yalnız Rusiya Federasiyasının vətəndaşı hesab edilir (1). Rusiya Federasiyası vətəndaşının digər vətəndaşlıq əldə etməsi Rusiya Federasiyası vətəndaşlığının xitamına səbəb olmur (2). Beləliklə, Rusiya Federasiyası öz vətəndaşının digər dövlətlərin vətəndaşlığına mənsubiyyətini, həmin dövlətlərlə bağlanmış müqavilələrdə və federal qanunlarda nəzərdə tutulmuş hallar istisna edilməklə, tanımır. Bu isə o deməkdir ki, Rusiya Federasiyası özünün vətəndaşı hesab etdiyi şəxsdən vəzifələrin/öhdəliklərin (o cümlədən, həmin dövlətin qəbul etdiyi yeni qanunlarla müəyyən edilən vəzifə və öhdəliklərin) icrasını istənilən vaxt tələb edə bilər. İddiaçının Rusiya Federasiyası ilə möhkəm bağlılığı vəümumi (publik) hüquq münasibətlərindən irəli gələn öhdəlikləri onun Rusiya Federasiyasının vətəndaşlığına xitam verildiyi vaxtadək qüvvədə qalır.
29. İddiaçı istinad olunan Qanunun qüvvəyə minməsinədək Azərbaycan Respublikası SSR-nin vətəndaşı kimi Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmasına baxmayaraq, Rusiya Federasiyasına gedərək həmin ölkənin vətəndaşlığını qəbul etdiyinə görə ona münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndi ona şamil edilə bilməz. Belə ki, həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsasdır və bu halda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 19 və 20-ci bəndlərində sadalanan qanunvericilik normalarının tələbi baxımından, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.
31. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, xx.xx.1972-ci il tarixində Salyan rayonun Ballıcallı kəndində anadan olmuşam. X3 və anam X8 hər ikisi Azərbaycan Respublikasında doğulmuşlar və Azərbaycan Respublikasının vətəndaşıdırlar. Atam 1983cü ildə vəfat etmiş , anam isə hal-hazıra qədər Neftçala rayonunda qeydiyyatda olmaqla yaşayır. Göründüyü kimi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması ilə bağlı vətəndaşlıq haqqında Azərbaycan Respublikası Qanunun tələbimdə qeyd edildiyi kimi valideynlərim Azərbaycan Respublikası vətəndaşıdırlar , özüm də Azərbaycan Respublikasında doğulub boya başa çatmışam. Orta məktəbi bitirdikdən sonra müvəqqəti yaşamaq üçün Rusiya Federasiyasına köçüb getmişəm. Belə olduğu halda hesab edirəm Mənim Azərbaycan Respublikası vətəndaşlığıma mənsubiyyətim tanınmalıdır.
32. Hazırkı iş üzrə işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, sadalanan qanunvericilik normalarının tələbi baxımından, iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır.
33. Həmçinin, iddiaçının apellyasiya şikayəti “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.4-cü bəndi ilə əsaslandırılmışdır.
34. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini əsaslı hesab etmir. Belə ki, Qaydanın 4.1.4-cü bəndi də daxil olmaqla iddiaçının istinad etdiyi normalar şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməli olduğu halları nəzərdə tutur. Başqa sözlə, həmin hallar özü-özlüyündə vətəndaşlığı müəyyən etmir və yalnız mənsubiyyətin müəyyənləşdirilməsinin əsası kimi çıxış edirlər. Həmin normalar doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs (4.1.5.-ci bənd) şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə münasibətdə tətbiq olunur.
35. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır (hazırda da vətəndaşı olmaqda davam edir) və bunu təsdiq edən rəsmi sənədlər, o cümlədən iddiaçıya aid pasport iş materiallarına əlavə olunmuşdur.
36. Yuxarıda qeyd edilən normalara, o cümlədən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə görə, Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması şərtilə Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Nəzərə almaq lazımdır ki, iş üzrə materiallardan iddiaçının həmin dövrdə Rusiya Federasiyasında yaşadığı və qeydiyyatda olduğu müəyyən olunmuşdur.
37. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı hazırda Rusiya Federasiyası vətəndaşıdır. 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji işlər üzrə əvvəlki qərarlarında, o cümlədən 14 mart 2024-cü il tarixli, 2-1(102)-373/2023 nömrəli; 02 fevral 2024-cü il tarixli, 2-1(102)-22/2024 nömrəli və 07 aprel 2023-cü il tarixli, 2-1(102)- 340/2023 nömrəli qərarlarında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının müddəalarına istinad edərək, iddiaçının vəziyyətində olan şəxslərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmaması barədə cavabdehin imtinasını qanuni və əsaslı hesab etmişdir.
39. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuş və cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunun müddəaları pozulmamışdır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11389/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11389/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.