Məhkəmə qərarları › İş №2-1(103)-468/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-468/2024

09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-468/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı “test tapşırıqlarının cavablarının düzgün cavab kimi qəbul edilməsi və BA2 sertifikatının verilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7513/2023 saylı, 25 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahan mərhələsinin A variantı üzrə 51 və 63 saylı test tapşırıqlarına verdiyi cavabların düzgün hesab edilməsi və İddiaçı BA2 sertifikatının verilməsi öhdəliyinin cavabdeh X6 üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X8 tərəfindən Dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahan mərhələsində iştirak etmişdir. İmtahan nəticələri DİM tərəfindən qiymətləndirilmiş və elektron qaydada tərtib edilən Dövlət qulluğu vəzifələri üzrə test imtahanının nəticələri haqqında məlumat və cavab kartlarının qrafik təsvirində "A" variantı üzrə doğru cavablarının sayı 84, yanlış cavablarının sayı 16, yekun balı 95 (79.17%) olmaqla veriləcək sertifikatın ВАЗ qurupuna aid olması qeyd edilmişdir. DİM-in test imtahanının yekun nəticəsi ilə bağlı gəldiyi qərarla razı deyil. Belə ki, 51-ci açıq tipli test tapşırığının şərti və cavabları dəqiq, aydın, birmənalı olmadığı üçün iki cavabı düzgün hesab etmək mümkün olmuşdur. Həmçinin, 63-cü qapalı tipli test tapşırığına cavabı X6 ədəbiyyat siyahısında qeyd etdiyi (Müslümov V.B., Əliyev Ə.Ə., Həbibullayev S.B., Sərdarov Y.B. "İnformatika" vəsaiti. Yenilənmiş nəşr. Bakı: DİM, 2022) vəsaitdən oxuyaraq ona uygun düzgün cavablandırmışdır. Lakin, X8 51 və 63 - cü test tapşırıqlarına verdiyi cavabları səhv kimi qiymətləndirmişdir. Qeyd edilən test tapşırıqlarının nəticəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə X7 apellyasiya ərizəsi vermişdir. Sözügedən qurumda apellyasiya ərizəsinə baxılmış lakin, imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək bir halın aşkar olunmadığı qənaətinə gəlinərək müraciəti təmin olunmamışdır. Məlumat üçün qeyd edir ki, apellyasiya ərizəsi xx.xx.2023cü il tarixdə Elektron qaydada poçt ünvanına göndərilmiş 9-3/2-Q-34- 42- 149/2023 saylı məktub ilə cavablandırılmışdır. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, Mərkəz tərəfindən xx.xx.2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin В növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün kağız daşıyıcılar vasitəsilə test imtahanı keçirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində BA vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. İddiaçı sözügedən test imtahanında ВАЗ sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (75%) çox nəticə - 79.17% (95 bal) nəticə göstərdiyi üçün ВАЗ sertifikatı əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə BA2 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən - 80% (96 bal) aşağı olduğu üçün BA2 sertifikatını əldə etməmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair qəbul edilmiş qərardan namizəd məhkəməyə şikayət verə bilər. İddiaçı xx.xx.2023-cü il tarixində BA vəzifə qrupu A variantı üzrə müsabiqənin test imtahanı mərhələsində istifadə edilən 51 və 63 saylı test tapşırıqlarının nəticəsi ilə razılaşmamış və bununla əlaqədar olaraq, xx.xx.2023-cü il tarixində apellyasiya komissiyasına şikayət vermişdir. İddiaçının apellyasiya şikayəti komissiya tərəfindən araşdırılmış və araşdırmanın nəticəsi barədə iddiaçıya xx.xx.2023-cü il tarixində saat 16:54-də telefon vasitəsilə məlumat verilmişdir. Lakin iddiaçı xx.xx.2023-cü il tarixində Mərkəzə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli apellyasiya şikayətinə yazılı formada cavab verilməsini xahiş etmişdir. Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-Q-34-42- 149/2023 nömrəli məktubu ilə ona izah edilmişdir ki, apellyasiya şikayəti ilə əlaqədar olaraq test imtahanının nəticəsinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, o cümlədən onun ərizəsində qeyd etdiyi BA vəzifə qrupu A variantı üzrə test imtahanında istifadə olunan 51 və 63 saylı test tapşırıqları ekspertlər tərəfindən yenidən ekspertizadan keçirilmişdir. Ekspert qrupunun rəyinə əsasən, qanunvericilik proqramına aid olan 51 saylı test tapşırığında, informatika proqramına aid olan 63 saylı test tapşırığında elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Buna görə də iddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq, 51 saylı test tapşırığının şərtinin dəqiq, aydın və birmənalı olmaması, test tapşırıqlarının cavablarının Mərkəz tərəfindən duzgun qiymətləndirilməməsi ilə bağlı iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir. Apellyasiya Komissiyasının qərarına əsasən namizədin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək bir hal aşkar olunmadığından apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh İddiaçı məhkəmə qaydasında mübahisələndirdiyi test tapşırıqlarında heç bir elmi-metodiki qüsur olmadığını nəzərə alaraq iddiaçının iddiasını əsassız hesab edir və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7513/2023 saylı, 25 iyul 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilərək, İddiaçı dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahan mərhələsinin A variantı üzrə 51 və 63 saylı test tapşırıqlarına verdiyi cavabların düzgün hesab edilməsi və ona BA2 sertifikatının verilməsi öhdəliyinin cavabdeh X7 həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7513/2023 saylı, 25 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin tam və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə mübahisələndirilən test tapşırıqları ilə bağlı ekspert rəyləri Mərkəz tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən ekspert rəylərini qiymətləndirməmiş, məhkəmə qərarında həmin ekspert rəylərinə sadəcə olaraq istinad etməklə kifayətlənmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Qeyd edilən bütün hallar məhkəmənin işin nəticəsində qərəzli olduğunu aşkar şəkildə göstərir. Məhkəməyə təqdim edilmiş BA vəzifə qrupu A variantı üzrə qanunvericiliklə bağlı 51 saylı test tapşırığına dair ekspert, hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti Zaur Əzimov tərəfindən təqdim edilmiş rəydə qeyd edilir ki, “12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyasının yerlərdə icra hakimiyyətinin təşkili və fəaliyyətinin əsaslarını tənzimləyən 124-cü maddəsinin İİ hissəsinə əsasən unitar ərazi quruluşu formasına uyğun olaraq yerli icra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının əsaslarına dair müəyyən fərqlər nəzərə alınmaqla eyni əsaslar qüvvədədir. X1 Muxtar Respublikasında yerli icra hakimiyyəti adlanan 141-ci maddəsinə görə Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. Göründüyü kimi ali iradənin ifadə forması olan X10 Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının vəzifəyə təyin edilməsi üçün fərqli qayda nəzərdə tutulmuşdur. Bu fərqlilik yalnız onların təyin edilməsi qaydasına aid edilir. NMR-da yerli icra hakimiyyətinin başçılarının vəzifəyə təyin edilməsi qaydası fərqli olsa da, həmin vəzifəli şəxsin vəzifədən azad edilmə qaydası fərqli norma təsbit edilmədiyi üçün burada ümumi qayda qüvvədə olur. Yəni NMR-da yerli icra hakimiyyəti başçılarının vəzifədən azad edilməsi onun vəzifəyə təyin edilməsi qaydası ilə eyni deyildir, Əsas Qanunun 124-cü maddəsinin İİ hissəsindəki kimi tənzimlənir. Belə bir hüquqi tənzimləmə mexanizmi Azərbaycan dövlətinin unitar idarəetmə quruluşuna da uyğundur. Belə ki, yerli icra hakimiyyətini səlahiyyətli Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən icra hakimiyyəti başçıları həyata keçirdiyi üçün onları vəzifədən azad edilməsi barədə qərar qəbul etməsi üçün NMR-nin Ali Məclisinin sədrinin bu barədə təqdimatı olması tələbinin imperativ formada nəzərdə tutulması məntiqsizlik olardı. Eyni zamanda göstərmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən NMRnin Ali Məclisinin sədrinin NMR-da yerli icra hakimiyyəti başçılarının vəzifədən azad edilməsi barədə dövlət başçısına təqdimat vermək səlahiyyəti təsbit edilmişdir. İlkin baxışdan bu normaların bir-birinin məntiqi ardı olduğu qənaəti yaranmış olsa da, bu normalar ayrı-ayrılıqda eyni sistemin tərkib hissəsi kimi nəzərdən keçirilə bilməz. Bunun təsdiqi kimi göstərmək olar ki, belə bir təqdimatın verilməsi barədə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı cinayət təqibi orqanı da qəbul edə bilər. Heç şübhəsiz ki, bu əsasda dövlət başçısı həmin vəzifəli şəxsi vəzifədən azad edə bilər, etməyə də bilər. Belə bir müddəa Konstitusiyanın əsas və ya əlavə mətnində təsbit edilmədiyi üçün onu Əsas Qanunun məzmunu kimi nəzərdən keçirilməsi düzgün olmazdı. Göstərilənlər əsasında yekun olaraq hesab edilmişdir ki, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad edilməsi üçün NMR-nin Ali Məclisinin sədrinin təqdimatı zəruri şərt deyildir, ölkə başçısı belə təqdimat olmadan həmin vəzifəli şəxsi vəzifədən azad etmək səlahiyyətinə malikdir. Məhz bu səbəbdən də göstərilən test tapşırığında qanunvericilik baxımından səhv yoxdur və qüvvədə olan qanunvericiliyin tələbləri baxımından düzgündür. Məhkəmə tərəfindən qəbul edilmiş qərarda yuxarıda qeyd edilən test tapşırığı ilə bağlı Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına istinad edilsə də, məhkəmə test tapşırığının şərtinə diqqət yetirməmiş, həmin test tapşırığında Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yerli icra hakimiyyətləri ilə bağlı yanlış olanların müəyyən edilməli olduğunu nəzərə almamışdır. Belə ki, sözügedən test tapşırığı Azərbaycan Respublikası Konstitusiyası ilə bağlı mənimsənilən biliklərin ölçülməsinə yönəlmişdir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası isə qanunvericilik üzrə test imtahanı proqramında nəzərdə tutulmadığı üçün test imtahanlarında həmin akt üzrə biliklər yoxlanılmır. Nəzərə alsaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir və qanunvericilik sisteminin əsasını təşkil edir, belə olan halda test tapşırıqlarının məhz Azərbaycan Respublikası Konstitusiyası üzrə tərtib edilməsi və biliklərin həmin normativ hüquqi akt üzrə ölçülməsi daha məqsədəuyğundur. Bu nöqteyi nəzərdən məhkəmənin qərarını əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasına deyil, qeyri-normativ hüquqi aktlara istinad etməsi məhkəmə tərəfindən yol verilmiş kobud pozuntudur. İnformatika proqramı üzrə mübahisələndirilən test tapşırığına dair eskpert Azərbaycan Republikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, riyaziyyat elmləri doktoru, dosent X4 tərəfindən təqdim edilmiş rəyə əsasən “iyerarxik modeli verilənlər bazasında birin-birə (1:1), birin-çoxa (1:M) və çoxun birə (M:1) əlaqələri mümkündür, çoxun-çoxa (M:N) əlaqəsi isə mümkün deyil. Ona görə 63-cü testin doğru cavabı çoxun çoxa (M:N) əlaqəsidir. Verilənlər bazasına aid müxtəlif ədəbiyyatlardan (1, s.325; 2, s. 223; 3, s. 134) məlumdur. Ədəbiyyat: 1. Kərimov S.Q., Həbibullayev S.B., İbrahimzadə T.l, İnformatika. Ali məktəblər üçün dərslik. Bakı: ADNA, 2011. 2. Xəlilov M.S., Həsənova N.Ə. İnformatika. Bakı: BDU, 2015, 3. Kərimov S.Q. İnformatika sistemləri. Bakı: Elm, 2008, 676’’ Verilmiş ekspert rəyindən və istinad olunan mənbələrdən də göründüyü kimi, sualın və cavabların məzmunu ilə bağlı hər hansı elmi metodiki qüsur yoxdur. Məhkəmə tərəfindən qəbul edilmiş qərarın 17-ci hissəsində məhkəmənin vəzifəsinin test tapşırıqlarının qanunvericilikdə qeyd edilən tələblərə uyğunluğunun yoxlanmasından ibarət olduğu göstərilmişdir. Buna baxmayaraq, məhkəmə informatika proqramı üzrə ədəbiyyat siyahısında ilk sıradakı vəsaitdə olan texniki qüsura diqqət çəkmiş, həmin ədəbiyyat siyahısında müxtəlif vəsaitlərin nəzərdə tutulduğunu gözardı etmişdir. Beləliklə, məhkəmə tərəfindən informatika proqramına aid olan 63 saylı test tapşırığının mahiyyətinə toxunulmadan tövsiyə olunan ədəbiyyatda olan texniki qüsur qiymətləndirilmişdir. Adıçəkilən müvafiq ədəbiyyatın 574-575-ci səhifələrində iyerarxik modelin düzgün formada cədvəllərlə geniş izahı verilməsinə və qrafik təsvirlərlə oxucuya çatdırılmasına baxmayaraq, məhkəmə 594-cü səhifədə yol verilən texniki qüsura əsaslanmışdır (dərsliyin müvafiq səhifələri əlavə olunur). Heç bir elmi metodiki qüsur olmayan test tapşırığının yox, test imtahanı proqramında nəzərdə tutulan müxtəlif ədəbiyyatlardan yalnız birində yol verilmiş texniki qüsurun qabardılaraq qiymətləndirilməsi məhkəmə tərəfindən yol verilmiş kobud prosessual pozuntu hesab olunmalıdır. Bundan əlavə, məhkəmə qərarını əsaslandırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydasının 2.6.3-cü və 2.6.5-ci bəndlərinə istinad etsə də, sözügedən Qaydanın müvafiq bəndlərində qeyd edilmişdir ki, test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalı, həmçinin test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. İnformatika proqramına aid olan 63 saylı test tapşırığı göstərilən proqram və ədəbiyyat siyahısında öz əksini tapmaqla yanaşı, test tapşırığının şərti, o cümlədən cavabları dəqiq, aydın və birmənalıdır. Ekspert qrupunun rəylərinə əsasən, qanunvericilik proqramına aid olan 51 saylı test tapşırığında, informatika proqramına aid olan 63 saylı test tapşırığında elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Buna görə də iddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq, 51 saylı test tapşırığının şərtinin dəqiq, aydın və birmənalı olmaması, test tapşırıqlarının cavablarının Mərkəz tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən məhkəmə qərarı ləğv olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 11 aprel tarixli, 860 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsin Nizamnaməsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirmək və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin etmək, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının məzmununu və proqramlarını təsdiq etmək Mərkəzin vəzifələrindən biridir. Dövlət qulluğuna qəbul üçün müsabiqənin test imtahanı mərhələsi keçirildikdən sonra test imtahanından müvəffəqiyyətlə keçən şəxslərə müvafiq vəzifə altqrupu üzrə sertifikatın verilməsi məqsədilə Azərbaycan Respublikası X8 tərəfindən müvafiq qərar qəbul olunur. Məhkəmə qərarında iddianın növünü öhdəliyin icrasına dair iddia olaraq qiymətləndirmiş və iddianı mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Lakin məhkəmə qərarının icrası üçün Mərkəz tərəfindən müvafiq vəzifə altqrupu üzrə əvvəlki sertifikatın verilməsi barədə inzibati aktın ləğv edilərək yeni inzibati akt qəbul edilməsi zərurəti yaranır. Bu isə öhdəliyin icrasına dair iddiaya uyğun deyil. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7513/2023 saylı, 25 iyul 2023cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin hallarından göründüyü kimi, hazırki iş üzrə iddiaçı dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahan mərhələsinin A variantı üzrə 51 və 63 saylı test tapşırıqlarına verdiyi cavabların düzgün hesab edilməsi və ona BA2 sertifikatının verilməsi öhdəliyinin cavabdeh X6 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 101 bal toplamış və ona BA2 sertifikatının verilməsinə razılıq verilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iddia ilə çatmaq istədiyi məqsədə çatmış, yəni ona BA2 sertifikatının verilməsinə nail olmuşdur. Belə olan halda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün artıq hüquqi marağa malik deyildir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Daha sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, ”subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7513/2023 saylı, 25 iyul 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7513/2023 saylı, 25 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı “test tapşırıqlarının cavablarının düzgün cavab kimi qəbul edilməsi və BA2 sertifikatının verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar