Məhkəmə qərarları › İş №2-1(103)-468/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-468/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-468/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3764/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixli JN-0855 KOD 00700003 saylı “X7 hüququna dair” Dövlət Aktında göstərilən 0.32 hektar torpaq sahəsindən qalan 0.26156 hektar üzərində İddiaçı Firmasının daimi istifadə hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 321 saylı sərəncamına əsasən İddiaçı Firmasına Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 1910 saylı məhəllə ünvanında 0,32 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası “X7 hüququna dair” xx.xx.2002-ci il tarixli JN - 0855 KOD 00700003 saylı Dövlət aktına əsasən həmin torpaq sahəsi üzərində iddiaçının daimi istifadə hüququ qeydə alınmışdır və həmin Dövlət aktı qeydiyyat kitabında 277 nömrə ilə qeydə alınmışdır. İddiaçının müraciətinə cavab olaraq cavabdeh təşkilat tərəfindən xx.xx.2023-cü il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmişdir və həmin bildirişdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, torpaq sahəsinin üzərində qeyri-yaşayış binası mövcuddur və torpaq sahəsi dövlət mülkiyyətindədir. Cavabdehin imtinası əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Belə ki, İddiaçı-nın sifarişi ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Baççısının X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib olunmuş və hal-hazırda İddiaçı-nın təsisçisi X1 qızının adına olan xx.xx.1999-cu il tarixli texniki pasportda torpaq sahəsi üzrə eksplikasiyada tikilinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə və həqiqi sahəsi 3200 kv.m. olaraq qeyd olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası “X7 hüququna dair” xx.xx.2002-ci il tarixli JN - 0855 KOD 00700003 saylı Dövlət aktına əsasən ünvan 1 ünvanında yerləşən 0,32 hektar torpaq sahəsindən 0,058440 hektarı İddiaçı-nın təsisçisi X1 qızının adına fiziki şəxs olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Göründüyü kimi hazırki halda da torpaq sahəsi iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 321 saylı sərəncamına əsasən ayrıldığından 1978-ci ildə qüvvədə olan qanunvericiliyə əsasən həmin torpaq sahəsinin daimi istifadəyə verilməsi ilə bağlı münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsinə zərurət yoxdur. Bundan başqa, cavabdeh daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ümumi istinad etməsi də qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) e-2-1(112)-3764/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, xx.xx.2002-ci il tarixli JN 0855 KOD 00700003 saylı “X7 hüququna dair” Dövlət Aktında göstərilən 0.32 ha torpaq sahəsindən qalan 0.26156 ha üzərində İddiaçı Firmasının daimi istifadə hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Firması cavabdehə qarşı xx.xx.2002-ci il tarixli JN 0855 KOD 00700003 saylı “X7 hüququna dair” Dövlət Aktında göstərilən 0.32 ha torpaq sahəsindən qalan 0.26156 ha üzərində İddiaçı Firmasının daimi istifadə hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən iddianın təmin edilməsi, xx.xx.2002-ci il tarixli JN 0855 KOD 00700003 saylı “X7 hüququna dair” Dövlət Aktında göstərilən 0.32 ha torpaq sahəsindən qalan 0.26156 ha üzərində İddiaçı Firmasının daimi istifadə hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsi üzərində qeyri-yaşayış binasının mövcud olduğu müəyyən edilmişdir. Odur ki, göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyə olunmuşdur. Ümumi sahəsi 3300 kv.m olan torpaq sahəsinin yerləşmə mövqeyi faktiki sahəsi uyğun gəlsə də, perimetrik ölçü və konfiqurasiya uyğunsuzluğu mövcuddur. Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi ilə bağlı ərizənizə baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsi üzərində qeyri-yaşayış binasının mövcud olduğu müəyyən edilmişdir. Odur ki, göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 321 saylı Sərəncamının surətindən görünür ki, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsindəki 1910 saylı məhəllədə S.Xasiyev adına Mədəniyyət və istirahət parkının ərazisində İddiaçı Firmasına sağlamlıq və istirahət mərkəzinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Dövlət Aktının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən İddiaçı Firmasına Bakı şəhər İcra Hakimiyyəti Başçısının 03 aprel 1997-ci il tarixli 321 saylı sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 1910 saylı məhəllədə, sağlamlıq və istirahət mərkəzinin layihələşdirilməsi və tikintisi üçün ayrılmış 0.32 ha torpaq sahəsinə dair “X7 Hüququna Dair” JN-0855 KOD 00700003 nömrəli Dövlət Aktı verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim olunmuş Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 1910 saylı məhəllə ünvanında yerləşən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, torpağın sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.32 ha, faktiki 0.33 ha təşkil edir. Faktiki torpaq sahəsi daş hasarla sərhədlənmişdir. İki tərəfdən yol və qonşu sahələr ilə əhatə olunub. Torpaq sahəsi üzərində tikililər mövcuddur və Şəkər bala uşaq bağçası kimi fəaliyyət göstərir. Sahədə çoxlu sayda şam və digər ağaclar vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2715 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 321 nömrəli sərəncamı ilə İddiaçı Firmasına ayrılmış torpaq sahəsinin faktiki vəziyyət üzrə koordinatları qeyd olunmuşdur. Qeyd olunur ki, iddia olunan torpaq sahəsi sənəd üzrə 0,32 ha, faktiki vəziyyət üzrə isə 0,33 ha-dır. Baxış zamanı əldə olunmuş texniki parametrlər (ölçülər, yerləşmə vəziyyəti, konfiqurasiya və s.) ilə sənəd üzrə texniki parametrləri müqayisə edilərkən, həmin torpaq sahəsinin eyni torpaq sahəsi olduğu müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsi digər fiziki və hüquqi şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Mülki iş materiallarında olan (i.v. 227) Samir Xasiyev adına mədəniyət və istirahət parkının “torpaq sahəsinin və tikililərin planı” bölməsinə əsasən iddia olunan torpaq sahəsinin istirahət parkının ərazisindən kənarda yerləşdiyi müəyyən edildi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 1-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahələrinin məhdudiyyətli istifadəsi torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. 18-ci maddəsinin 1-ci hissəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. 18-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri. 59-cu maddəsinin 2-ci hissəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. 1.0.2. yaşıllıq əraziləri - yaşıllıqların yerləşdiyi və ya yaşıllıq salmaq üçün ayrılmış torpaq sahəsi və ona aid ekoloji mühitdir (məkan). 4.1. Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin obyektləri yaşıllıqlar (ağac, kol, gül-çiçək, ot bitkiləri, onların əkin materialları (toxumlar, şitillər, tinglər), yaşıllıq əraziləri və onlardan istifadə hüquqlarıdır. 5.0. Yaşıllıqların mühafizəsinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. yaşıllıq ərazilərində ekoloji tarazlığın təmin edilməsi; 5.0.2. mədəni-sağlamlaşdırma mühitinin yaradılması və təmin edilməsi; 5.0.3. yaşıllıqların mühafizəsində dövlət və bələdiyyə orqanlarının, əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması; 5.0.4. yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmənin tətbiq edilməsi; 5.0.5. yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarəti və ictimai nəzarət; 5.0.6. qanunun pozulmasına görə məsuliyyət; 5.0.7. yaşıllaşdırma sahəsində beynəlxalq əməkdaşlıq. 6.1. Təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında yaşıllıqların aşağıdakı növləri vardır: 6.1.1. ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); 6.1.2. məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); 6.1.3. xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar). 9.0. Yaşıllıqların mühafizəsi aşağıdakı tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur: 9.0.1. yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili; 9.0.2. yaşıllıq ərazilərində torpaqların münbitliyinin artırılması, lazımi rütubət mühitinin yaradılması, su və külək eroziyasından qorunmasının təmin edilməsi; 9.0.3. yaşıllıq ərazilərindəki ağac və kol bitkilərinin budanması, yaşıllıqlara aqrotexniki qulluğun təşkili, onların xəstəliklərdən və zərərvericilərdən mühafizəsi; 9.0.4. qanun pozuntularının qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması; 9.0.5. zədələnmiş, məhv edilmiş və götürülmüş (kəsilmiş) yaşıllıqların bərpası; 9.0.6. yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması; 9.0.7. yaşıllıqların ətraf mühiti sağlamlaşdırma, iqlimtənzimləyici, torpaqqoruyucu, suqoruyucu və digər xüsusiyyətlərinin artırılmasına və yaşıllıqların mühafizəsinə yönəlmiş başqa tədbirlərin həyata keçirilməsi. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 321 saylı Sərəncamına əsasən Nərimanov rayonu, İ.Hidayətzadə küçəsindəki 1910 saylı məhəllədə S.Xasiyev adına Mədəniyyət və istirahət parkının ərazisində İddiaçı Firmasına sağlamlıq və istirahət mərkəzinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı xx.xx.2002-ci il tarixli Dövlət Aktında göstərilən 0.32 hektar torpaq sahəsindən qalan 0.26156 hektar üzərində İddiaçı Firmasının daimi istifadə hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində iddia olunan torpaq sahəsinin sənəd üzrə 0,32 ha, faktiki vəziyyət üzrə isə 0,33 ha olması, baxış zamanı əldə olunmuş texniki parametrlər (ölçülər, yerləşmə vəziyyəti, konfiqurasiya və s.) ilə sənəd üzrə texniki parametrləri müqayisə edilərkən, həmin torpaq sahəsinin eyni torpaq sahəsi olduğunun, Samir Xasiyev adına mədəniyət və istirahət parkının “torpaq sahəsinin və tikililərin planı” bölməsinə əsasən iddia olunan torpaq sahəsinin istirahət parkının ərazisindən kənarda yerləşdiyinin müəyyən edilməsi göstərilmişdir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin tələblərinə əsasən məhkəmə ekspertinin (ekspertlərinin) rəyində istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri, tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert tərəfindən rəy verilsə də, qeyd olunan ekspert rəyində istifadə edilən metodlar göstərilməmiş, aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməmiş, ekspert gəldiyi nəticəni əsaslandırmamışdır. Bundan başqa, ekspert iddia olunan torpaq sahəsinin istirahət parkının ərazisindən kənarda yerləşdiyini qeyd etsə də, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 321 saylı Sərəncamından görünür ki, torpaq sahəsi S.Xasiyev adına Mədəniyyət və istirahət parkının ərazisində ayrılmışdır. Eyni zamanda apellyasiya instansiyasında icraat zamanı məhkəmənin və tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı qeyd olunan əraziyə girişdə həmin yerin məhz S.Xasiyev adına Mədəniyyət və istirahət parkının ərazisi olmasına dair lövhə vurulduğu, ərazinin ümumi istifadədə olan yaşıllıq ərazisi olduğu, iddiaçının iddia etdiyi torpaq sahəsinin həmin parkın ərazisində yerləşdiyi, parkın ərazisindən həmin əraziyə girişin hasarla bağlanıldığı, ərazinin çoxlu sayda ağaclar olmaqla yaşıllıq ərazi olduğu müəyyən edildi. xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 70-ci maddəsinə əsasən şəhər, qəsəbə və kənd yaşayış məntəqələri torpaqlarının tərkibinə aşağıdakılar daxildir: 1) tikinti torpaqları; 2) ümumi istifadədə olan torpaqlar; 3) kənd təsərrüfatı təyinatlı və digər torpaqlar; 4) yaşayış məntəqələrinin meşə torpaqları; 5) təbiəti mühafizə, sağlamlaşdırıcı, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı torpaqlar; 6) dəmir yolu, su, hava nəqliyyatının, boru kəməri xətlərinin, dağ-mədən və digər sənaye sahələrinin torpaqları. 76-cı maddəsinə əsasən şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ümumi istifadəsində olan torpaqlar aşağıdakılardır: 1) meydanlar, küçələr, keçidlər, yollar, sahil torpaqları; 2) əhalinin mədəni-məişət ehtiyaclarının ödənilməsi üçün istifadə edilən və istifadə edilməsi nəzərdə tutulan torpaqlar: parklar, meşə-parklar, bulvarlar, bağçalar, sututarlar, stadionlar, idman meydançaları və s; 3) kommunal təyinatlı torpaqlar (qəbiristanlar, şəhər tullantılarının zərərsizləşdirildiyi yerlər və s). 78-ci maddəsinə əsasən şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin meşə torpaqlarından əhalinin istirahətinin təşkili, mədəni tələbatının ödənilməsi, ərazinin külək və su eroziyasından qorunması üçün istifadə edilir. 86-cı maddəsinə əsasən mütəşəkkil kütləvi istirahət və turizm üçün nəzərdə tutulan və istifadə edilən torpaqlar istirahət (rekreasiya) təyinatlı torpaqlar sayılır. Bu torpaqlara ərazisində istirahət evlərinin, pansionatların, sanatoriyaların, kempinqlərin, turist bazalarının, balıqçı və ovçular evinin, stasionar turist sağlamlaşdırma bazalarının, uşaq turist stansiyalarının, parkların, meşə parkların, tədris turist cığırlarının, nişanlanmış yolların, uşaq və idman düşərgələrinin yerləşdiyi torpaq sahələri aiddir. İstirahət (rekreasiya) təyinatlı torpaqlardan təyinatı üzrə istifadə edilməsinə maneçilik törədən fəaliyyət qadağan edilir. 88-ci maddəsinə əsasən şəhər hüdudlarından kənarda yerləşən, şəhər ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma və şəhər təsərrüfatının normal işləməsi ilə əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və sanitar-gigiyena məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşə-parklarla və digər yaşıllıqlarla örtülü torpaqlar müvafiq surətdə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən şəhərin şəhərətrafı zonasına və yaşıllıq zonasına ayrılır. Şəhərətrafı və yaşıllıq zonası torpaqlarından bu zonaların təsdiq edilmiş planlaşdırma layihəsinə uyğun olaraq istifadə edilir, Bu torpaqlar xüsusi mühafizə edilir və orada sanitar, gigiyena, sağlamlaşdırıcı funksiyalar və əhalinin istirahətinin təşkili məqsədləri ilə bir araya sığmayan tikililər və qurğular yaradılması qadağandır. Məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarına və araşdırılmış sübutlara əsasən qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması haqqında sərəncam verilərkən həmin ərazi park ərazisi olmuş, ərazi ümumi istifadədə olan yaşıllıq zonası olmuşdur. Həmin torpaq sahəsi iddiaçıya ayrıla bilməzdi. Bu səbəbdən də cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir. Ona görə də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3764/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar