Məhkəmə qərarları › İş №2-1(103)-4686/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4686/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4686/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinin yerləşmə cizgisinin tərtib olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X7 və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9846/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-48-2F/2- H- 2344-8-2684/2024 №-li məktubu ilə təqdim edilmiş Suraxanı RİHB-nın “X3 Yeni-Suraxanı qəsəbəsində zavoda ayrılmış torpaq sahəsində fərdi yaşayış binalarının tikintisində iştirak etmək istəyən işçilərinin siyahısının təsdiq edilməsi haqqında” xx.xx.1992-ci il tarixli, 1766 №-li sərəncamından müəyyən olunur ki, Yeni-Suraxanı qəsəbəsində yerləşən zavoda ayrılmış torpaq sahəsində fərdi yaşayış binalarının tikintisində iştirak etmək istəyən 101 nəfər X3 işçisinin siyahısının təsdiq edilməsi qərara alınmışdır (siyahı əlavə olunur). Sərəncama əlavə edilmiş siyahıda 23-cü sırada adı qeyd olunmuş İddiaçı 3- cü Köndələn küçəsində 5 №li sahənin ayrıldığı qeyd olunmuşdur.

2. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq Suraxanı RİH-nin xx.xx.2025-ci il tarixli, 5-20/2-Ə-142-091/2025 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair cizgi aktının verilməsinə köməklik göstərilməsi haqqında ərizənizə Suraxanı RİH-də baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanTnın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirildiyindən müraciətinizin müsbət həiii səiahiyyətiərimiz xaricindədir”.

3. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 30/2- 32460/2025 №-li cavab məktubu ilə təqdim edilmiş “Mütəxəssis rəyi”ndə göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 800 kv. m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə 800 kv. metr olmaqla Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisidir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, uqodiyası tikinti altında olan torpaqlara aiddir. Həmçinin göstərilən torpaq sahəsi keçmiş Hövsan Zeytunçuluq sovxozunun ərazisində yerləşir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları əlavə olunur.

XY

1. 418605.609 4475318.041

2. 418639.110 ********.415

3. 418628.843 4475277.554

4. 418595.362 4475301.500

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Suraxanı RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı RİH-nin xx.xx.1992-ci il tarixli, 1766 saylı sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin (sxeminin) verilməsi vəzifəsinin cavabdeh Suraxanı RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı RİH-nin xx.xx.1992-ci il tarixli 1766 №-li sərəncamına əsasən, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 3-cü Podolnaya küçəsi (köhnə Köndələn, indiki Elnur Şahbazov küçəsi) ərazisində 5 №-li torpaq sahəsi X2 ayrılmışdır. Torpaq sahəsi X2 verilmiş, mərz nişanları qoyulmuşdur. Lakin Suraxanı RİH torpaq sahəsini ona ayıran zaman eyni vaxtda torpağın yerləşmə cizgisini (sxemini) plan və torpaq sahəsinin təhkim aktını tərtib etməli olduğu halda tərtib edərək ona təqdim etməmişdir. Sonradan torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin adıçəkilən İdarədən şifahi olaraq bildirmişdir ki, yerləşmə sxemi, plan və torpaq sahəsinin təhkim aktı DƏDRX ərazi idarələrinin səlahiyyəti xaricindədir, bu səlahiyyət torpağın ayrılması barədə qərar qəbul etmiş təşkilat tərəfindən tərtib edilməlidir. Qeyd edilənlərlə bağlı Suraxanı RİH-yə müraciət edilmiş, lakin Suraxanı RİH də xx.xx.2025-ci il tarixli imtina ilə ayrılmış torpaq sahəsinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmadığını bildirmişdir.

6. 06.05.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Suraxanı RİH-nin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir.

7. Cavabdeh Sabunçu RİH-nin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı X1 cavabdeh Suraxanı RİH-yə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” tələbinə dair icraatda olan inzibati işlə bağlı bildirirlər ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmçinin bildiririk ki, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı RİH-yə qarşı “torpaq sahəsinə cizginin verilməsi” tələbinə dair iddianın mümkün sayılmaması barədə qərar çıxarılması xahiş olunmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9846/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, Suraxanı RİH-nin sərəncamı əsasında torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, qərar tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə qərar ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasına əsas olan sənədlər hazırda qüvvədədir.

10. Digər tərəfdən isə qeyd olunur ki, aparılmış araşdırma zamanı iddia olunan torpaq sahəsinin Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, uqodiyası tikinti altında olan torpaqlara aiddir. Göründüyü kimi hazırda torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi məsələsi hər hansı şəxsin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmamışdır.

11. Məhkəmə qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir.

12. Məhkəmə qeyd edir ki, cavabdeh torpaq sahəsinin ayrılması barədə inzibati aktların ləğv edilmədiyini, geri çağrılmadığını, dəyişdirilmədiyini və hal-hazırda öz hüquqi qüvvəsini saxladığını nəzərə almamışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9846/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə dair yerləşmə cizgisi (plansxem) RlHB-nin sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi olaraq vətəndaşlara təqdim edilmişdir. 1992-ci ildə ayrılmış torpaq sahəsinə 33 il ötdükdən sonra cizginin verilməsi ilə bağlı RlH-ə müraciət etməsi və imtina aldıqdan sonra məhkəmədə iddia qaldırması cavabdeh tərəf olaraq ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda RlHB-nin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və buda ciddi qanun pozuntuları ilə nəticələnir. Məhkəmənin nəzərinə çatdırırlar ki, birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1766 saylı sərəncamı ilə qeyd olunan ünvanla sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

16. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: (27 fevral 2001-ci il tarixli 96- İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) ... Maddə 14. müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. ... Maddə 22. torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. ... Maddə 29. torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalqdeputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 56. ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Maddə 57. yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.

19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: (Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695-İQ nörəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) ... Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. ... Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

20. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında”Əsasnamə: ... Bənd 2.Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. Bənd 3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. Bənd 4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: - qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: - mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; - mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; - məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; - torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; - istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; - torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; - torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. - Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, tətbiq edilən qanunvericiliyin müddəalarından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır.

27. İş materiallarından müəyyən edilir ki, Suraxanı RİH-nin sərəncamı əsasında torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, qərar tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə qərar ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasına əsas olan sənədlər hazırda qüvvədədir.

28. Digər tərəfdən isə qeyd olunur ki, aparılmış araşdırma zamanı iddia olunan torpaq sahəsinin Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, uqodiyası tikinti altında olan torpaqlara aiddir. Göründüyü kimi hazırda torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi məsələsi hər hansı şəxsin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmamışdır.

29. Məhkəmə qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir.

30. Məhkəmə qeyd edir ki, cavabdeh torpaq sahəsinin ayrılması barədə inzibati aktların ləğv edilmədiyini, geri çağrılmadığını, dəyişdirilmədiyini və hal-hazırda öz hüquqi qüvvəsini saxladığını nəzərə almamışdır.

31. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

32. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir.

33. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.”

34. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

35. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir.

36. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1359/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İş materiallarından müəyyən edilir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya Zirə qəsəbəsinin şimal-qərb hissəsində 145 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/611 həmin sərəncamı hazırda qüvvədədir”.

37. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1577/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İş üzrə müəyyən olunur ki, iddiaçı məhz Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02 may 1994-cü il tarixli Sərəncamı və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 1998-ci il tarixli 13 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X5 (iddiaçının mərhum əri) ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin təsdiq edilməsini xahiş etmişdir. İddiaçı öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz sərəncama əsasən ona verilmiş torpaq sahəsinə dair cizginin təsdiq edilməsini tələb etdiyindən məhkəmələr iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişlər.”

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1595/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda icarə müqaviləsinin bağlanmasına, cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Həmin sərəncamın və müvafiq sənədlərin arxivdə aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun təqsirli davranışının nəticəsi kimi qiymətləndirilə bilməz. Bundan başqa, həmin sərəncamın Dövlət Arxivinin Bakı filialında aşkar edildiyi və hazırda qüvvədə olduğu da nəzərə alınmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, sərəncamın və ya onun tərkib hissəsi olan sənədlərin icra hakimiyyətinin arxivində aşkar edilməməsi, habelə hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir.

39. Yuxarıda adı çəkilən məhkəmə qərarlarından da göründüyü kimi kassasiya instansiya məhkəməsinin hazırki işlər üzrə formalaşmış mövqeyi vətəndaşın xeyrinə olmuş, torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam qəbul edilərkən yerli icra hakimiyyəti tərəfindən verilməli olan yerləşmə cizgisinin məhz yerli icra hakimiyyətinin özü tərəfindən təmin olunmasını nəzərdə tutmuşdur. Göstərilən bütün halları nəzərə alqıda məhkəmə hesab edir ki, iddiaçı öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz qərar əsasən ona verilmiş torpaq sahəsinə dair cizginin təsdiq edilməsini tələb etdiyindən, cavabdeh inzibati orqan kimi Əsasnamayə görə iddiaçının müraciətini təmin etməməkdə haqlı olmamışdır.

40. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki,Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə dair yerləşmə cizgisi (plansxem) RlHB-nin sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi olaraq vətəndaşlara təqdim edilmişdir. 1992-ci ildə ayrılmış torpaq sahəsinə 33 il ötdükdən sonra cizginin verilməsi ilə bağlı RlH-ə müraciət etməsi və imtina aldıqdan sonra məhkəmədə iddia qaldırması cavabdeh tərəf olaraq ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda RlHB-nin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və buda ciddi qanun pozuntuları ilə nəticələnir.

41. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə Kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz.

42. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

43. Bundan başqa cavabdeh 33 il ötdükdən sonra iddiaçı cizginin verilməsi ilə bağlı RlH-ə müraciət etməsi və imtina aldıqdan sonra məhkəmədə iddia qaldırması cavabdeh tərəf olaraq ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmasını bildirməklə konkret sübutlara istinad etmir.

44. Halbuki, İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

46. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9846/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9846/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar