Məhkəmə qərarları › İş №2-1(103)-4687/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4687/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4687/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Arif qızının sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Burcalıyev Ələsgər Müşfiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X7 iştrakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-5301/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər 44 günlük "Vətən Mübaribəsi” də iştirak etmişdir. Müharibə zamanı hərbi silah olan minimiyotun partlaması nəticəsində xəsarət almışdır. Xəsarət aldıqdan sonra səhəttində ciddi problemlər yaranmış özünü idarə edə bilmir, tez-tez sudurğaları tutur, dəfələrlə intihara cəhd etmişdir. Səhhətində olan problem ilə əlaqədar həkim müayinələrində olmuşdur. Lakin səhhəti düzəlmədiyinə, əksinə daha da ciddi problemlər yarandığına görə xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert komisiyyasının qərarına əsasən Üzvi (2-ci Qarabağ müharibəsi zamanı qapalı kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu, tez-tez ba. verən dekompensasiyayalar, depressev daxilolmalar, intihar cəhdləri epileptiform qıcolma tutmaları, anamnezində psixotik epizodlar, üzvi sayıqlama (şizoffreniyabənzər) pozğunluğu diaqnozu ilə iki il müddətinə 3-cü qrup əlilillik təyin edilmişdir. 2 ilin sonunda müddət bitdikdən sonra cavabdeh orqana yerli poliknika tərəfindən yenidən Forma-88 göndərilmişdir. xx.xx.2024-cü il tarixli qərar ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

3. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək cavabdehin 27 noyabr 2024-cü il tarixli qərarının iddiaçıya aid hissədə və 11 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və 01 noyabr 2024-cü il tarixli göndəriş əsasında əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-5301/2025 saylı Qərardadı ilə iddia tələbinin dəqiqləşməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir.

5. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və OFP 35% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022ci il tarixli 172 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş poskommosion sindrom, şəxsiyyətin isterik tip pozuntusu, tez-tez baş verən funksional tutmalarla. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Çənəaltı nahiyyədə yumşaq toxumaların kor qəlpə yaralanmasına (xx.xx.2020) görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “İİİ dərəcəli alimentar konstitusional piylənmə BÇİ-40,5” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 8276/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən epileptiform daxilolmalar və psixotik epizodlarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 11905 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən epileptiform qıcolmalar və psixotik epizodlarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10186736 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 7612/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən epileptiform qıcolmalar və psixotik epizodlarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli 6165 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, teztez baş verən epileptiform qıcolmalar və psixotik epizodlarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2024-cü il tarixli 11839272 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-ci il tarixli 1107/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri, epileptiform qıcolma tutmaları, anamnezində psixotik epizodlar” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3479 nömrəli Tibbi rəyində diaqnoz “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri, epileptiform qıcolma tutmaları, anamnezində psixotik epizodlar” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 3128/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri, epileptiform qıcolma tutmaları, anamnezində psixotik epizodlar” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 6991/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, teztez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri, epileptiform qıcolma tutmaları, anamnezində psixotik epizodlar” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-ci il tarixli 13251742 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 127 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri, epileptiform qıcolma tutmaları, anamnezində psixotik epizodlar” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir). Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolmalardan, aqressivlikdən, sidik saxlamamazlıqdan və bezdən istifadə etməsindən şikayətlənmişdir. Dərmanlardan Finlepsal, Depakin, Amitriptillin qəbul etdiyini söyləmişdir. Anamnezində tutmadan sonra aqresiiv ataklarının olduğunu, övladını və həyat yoldaşını döydüyünü söyləmişdir. Hətta bir dəfə 5 yaşlı övladını döyərək “reanimasiyalıq etdiyini” bildirmiş, bunu təsdiq edən tibbi sənəd istənildikdə həyat yoldaşı tərəfindən bəhanələr gətirilmişdir. Klinik olaraq isə tutmadan sonra süstlük baş verməli idi. Makyevelistik tip şəxs kimi izlənmişdir. Hazırlıqlı olaraq telefonda çoxlu şəkil göstərmişdir. Hər gün Relanium inyeksiyası edildiyini, hazırda da inyeksiya təsiri altında olduğunu söyləsə də, tam aktiv müşahidə edilmişdir. İntihar cəhdi kimi özünü 4-cü mərtəbədən ataraq intihar etmək istədiyini bildirmiş, sol saiddə səthi kəsik izləri izlənmişdir. Bələdliyi bütün istiqamətlərdə qorunmuş, qavraması qüsursuz, təfəkkürü ardıcıl və məntiqi olmuşdur. Əhval-ruhiyyə fonu normal diapazonda, mühakimə və analiz qabiliyyəti situasiyaya uyğun olmuşdur. Ailəli, 5 yaş və 1 yaş 3 aylıq övladlarının olduğunu bildirmişdir. Müharibədən sonra sidik saxlamama və bez istifadə etməsi probleminin nevroloji araşdırılmasına əsas görülməyərək psixoloji durumla əlaqələndirildiyini bildirmişdir. Lakin bu fakt körpə övladının dünyaya gəlməsi ilə tamamilə ziddiyyət təşkil etmişdir (psixoloji fonda cinsi dinsfunksiya) ƏƏSMN tərəfindən Hövsan-MİDA yaşayış kompleksində mənzillə təmin olunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (barotravma) yüngül ifadəli isterik tip şəxsiyyət pozuntusu, sidik qaçırmanın, epileptiform tutmaların və davranış pozuntularının simulyasiyası” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5301/2025 saylı 08 sentyabr 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin 27 noyabr 2024-cü il tarixli qərarı İddiaçı aid hissədə və 11 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı Bakı 2 nömrəli X2 sonuncu 01 noyabr 2024-cü il tarixli göndərişi əsasında əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsi qərara alınmışdır.

7. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, mötəbərliyi məhkəmə üçün şübhə doğurmayan ekpert rəyindən və iş materiallarına daxil olan digər sənədlərdən, eləcə də əlillik təyinatına əsas olmalı olan göndərişdən görünür ki, iddiaçıda F07.0 kodu ilə göstərilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri epilleptiform qıcolma tutmaları, anamnezində psixotik epizodlar” mövcuddur və həmin xəstəlikdən əziyyət çəkir. Həmin xəstəlik yuxarıda adıçəkilən Meyarlara əlavədən görünür ki, əlillik təyinatına əsas olan xəstəlikdir. Aydın məsələdir ki, həmin xəstəliyin təkcə özünün mövcudluğu ilə yanaşı, qiymətləndirilməsinə əsas verən digər hallar müəyyən edilməlidir ki, ekspert rəyində də xəstəliyin özü ilə yanaşı, eyni zamanda bu xəstəliyin iddiaçıda zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığının istisna edilmədiyi göstərilmişdir. Göründüyü kimi şəxsiyyətin davamlı dəyişikliyi (şəxsiyyətin pozuntusu) iddiaçıda mövcuddur və həmin xəstəliklə yanaşı əlillik təyinatı üçün əsas olan iddiaçıda tez-tez dekompensasiyaların olması, zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı da istisna edilmir ki, məhkəmə hesab edir ki, cavabdehin imtinasının qanuni və əsaslı olmaması ekspert rəyi ilə sübut edilməkdədir. Nəzərə alınmalıdır ki, qərarlardan görünür ki, qərarlar əlillik əlamətinin təyin edilməməsi yox, diaqnozun təsdiqini tapmaması ilə əlaqədardır ki, ekspert rəyindən də görünür ki, göndərişdə əsas diaqnoz kimi göstərilmiş F07.0 iddiaçıda öz təsdiqini tapmışdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilə bilməmiş, diaqnozun öz təsdini tapması isə ekspert rəyi və iş materiallarına daxil olan digər sənədlərlə sübut edilmişdir. Eləcə də, iddiaçıda həmin xəstəliklə yanaşı xəstəliyin yaratdığı ağırlaşmaların (teztez dekompensasiyaların olması, zahirən gərgin olması, təfəkkürünün ləng olması və s) istisna edilmədiyi də xüsusi olaraq göstərilmişdir.

8. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

9. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Forma 88 qeyd edilən xəstəliklərinin ağırlaşması olmadığı halda iddia təmin edilmişdir. İş üzrə əyani müayinə qərardadını qəbul edilməsini xahiş edir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

IV. Tərəflərin izahatları:

10. Məhkəmə iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

Əsaslandırıcı hissə

V. Tətbiq olunan hüquq

12. Azərbaycan Respublikasının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunu: 3.3-1.Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”

7. Psixi və davranış pozuntuları ... 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında” Qərarı: 2.7.1. 7.2-ci bənd, 7.3.1.1-ci, 7.6.2-ci və 7.7.1-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin: üzvi mənşəli şəxsiyyət pozuntusu- F07.0)

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası" 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

VI. Məhkəmənin mövqeyi

15. İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdə 2 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir. Təyin edilən əlilliyin diaqnozu-“Baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular. Üzvi mənşəli şəxsiyyət pozuntusu”. İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X2 Q00231391ZAE nömrəli, xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və Diaqnozun mətni: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və xx.xx.2024-cü il tarixli göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsini xahiş edir.

16. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

17. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair mübahisələndirmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

18. Göründüyü kimi, bu iddia vasitəsilə iddiaçının hüquqi marağı həm qiymətləndirmənin nəticələrinin ləğv olunmasını, həm də özünün xeyrinə inzibati aktın qəbul olunmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, hazırkı iddia məhz məcburetmə haqqında iddia növünə aiddir.

19. Odur ki, məhkəmənin hazırki iş üzrə əlilliyin müəyyən edilməsinə dair qərarın qəbulu vəzifəsinin qoyulması faktiki olaraq əlilliyin təyin olunmasından imtinaya dair iddiaçıya münasibətdə əlverişsiz olan əlilliyin təyin olunmasından imtinaya dair xx.xx.2024-cü il tarixli inzibati aktın nəticələrini aradan qaldırır və onu əvəz edir.

20. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarından əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi hissəsi çıxarılmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli qərar öz mahiyyətinə görə xx.xx.2024-cü il tarixli göndəriş əsasında xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmənin nəticələrini qüvvədə saxlayan və həmin qərardan irəli gələn hüquqi vəziyyəti təsdiq edən qərardır. Bu baxımdan, ilkin, yəni xx.xx.2024-də aparılmış qiymətləndirmənin nəticələrinin ləğvi onun nəticələrini təsdiqləyən xx.xx.2024-cü il tarixli qərarın hüquqi əsaslarını aradan qaldırmış olur.

21. Belə ki, məhkəmə hesab edir ki, əlliyin təyinindən iddiaçının qiymətləndirildiyi xx.xx.2024cü il tarixdən imtina qanunsuz hesab edilməlidir.

22. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya xx.xx.2024-cü il tarixli Q00231391ZAE nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin müəyyən olunması 10 iş günü müddətində aparılmalıdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən cavabdeh orqan 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul etməli, əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilməsi nəzərdə tutulmuşdur. İşin hallarından isə görünür ki, iddiaçının əlilik vəziyyətinin fasiləsizliyini təmin etmək üçün cavabdeh tərəfindən əlillik xx.xx.2024-cü il tarixdən təyin edilməlidir. Belə ki, əlillik altsitemindən çıxarışdan görünür ki, iddiaçının müayinəsi xx.xx.2022-ci il tarixdə aparılmaqla 2 il müddətinə ilkin əlillik təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2024-cü il tarixdə aparılması nəzərdə tutulmuşdur. Odur ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlilliyin fasiləsizliyini təmin etmək üçün müvafiq təyinat məhz xx.xx.2024-cü il tarixdən aparılmalıdır.

23. Apellyasiya şikayəti sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin qanunsuz olması ilə əsaslandırılmışdır.

24. Məhkəmə hazırki iş üzrə birinci instansiya məhkəməsinin qənəati ilə (həmin əsaslandırmanı təkrarlamadan) razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur.

25. MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

26. Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Ekspertiza aparılmasının əsasında duran mühüm prinsiplərdən biri odur ki, məhkəmə ekspertizası aparılarkən ekspert tərəfindən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 2.1.4-ci bəndinə əsasən, strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək agentliyin fəaliyyət istiqamətlərindən biri, 3.1.3-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək agentliyin vəzifələrindən biri kimi öz təsdiqini tapmışdır. Hazırkı işdə Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert kommissiyası cavabdeh qurumun tabeliyindədir.

27. Həmçinin ekspertiza qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçıda tibb müəssisəsinin göndərişində adıçəkilən xəstəliklər F07.0 (əsas diaqnoz) və F06.8 (ağırlaşma) kod altında nəzərdə tutulmuşdur. Həmin xəstəliklər yuxarıda adıçəkilən normativ hüquqi aktla təsdiq edilən xəstəliklər siyahısında mövcuddur. Lakin həmin xəstəliklərin təkcə özü əlillik təyinatı üçün birbaşa əsas vermir. Onda həmin xəstəliklərlə bağlı ağırlaşma əlillik dərəcəsinin (sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin) və müddətinin dəyişilməsinə əsas yarada bilər.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin şəxsdə sözügedən xəstəliyin ağırlaşmalarının mövcud olması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, xx.xx.2025-ci il tarixli, 1340 saylı rəydən görünür ki, yoxlanılan şəxs İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu amnestik məlumatlar (kəllə-beyin) travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanasın”da “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu. Tez-tez baş verən dekompensasiylarla, Depressiv daxilolmalar. İntihar cəhdləri. Epileptiform qıcolma tutmaları. Anamnezində epizodlar F07.0” diaqnozu təyin olunması) və hal-hazırki psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyənin dəyişkən olması, emosiaonla Dayanıqsızlığı və s.) sübut edir.

29. Həmçinin ekspert rəyində birinci suala cavab olaraq bildirilmişdir ki, İddiaçı oğlunda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Göründüyü kimi, ekspert rəyinin həm motivləşdirici hissəsindən, həm də məhkəmə tərəfindən qoyulmuş suallara cavab hissəsindən şəxsdə ağırlaşmaların olması müəyyən edilir.

30. Bundan əlavə, apellyasiya şikayətinin yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticələrə dair dəlilinə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən bu məzmunda ifadəni cavabdeh orqan bir daha nəzərdən keçirməli, bunu məhkəmələrin gəldiyi səhv nəticə kimi yox, analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsi kimi qiymətləndirməlidir.

31. Əlavə olaraq, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən Forma 88-də qeyd edilən xəstəliklərin ağırlaşmasının olmaması ilə bağlı qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, Q00231391ZAE saylı Forma 88 göndərişinin “TSEK-ə göndəriş zamanı diaqnoz” hissəsinin “Ağırlaşma” bəndində “F06.2.Üzvi sayıqlama[şizofreniyayabənzər] pozuntusu, Üzvi sayıqlama [şizofreniyayabənzər] pozğunluğu” qeyd edilmişdir.

32. Həmçinin məhkəmə kollegiyası apellyatorun əyani müayinə qərardadının qəbul edilməsi ilə bağlı bildir ki, iş üzrə ekspertiza keçirilmişdir. Həmçinin iş materiallarında olan, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3497 saylı Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14 fevral 2023-cü il tarixli “vətən müharibəsi iştrakçılarının psixatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Respublika Psixatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: üzvi(travma mənşəli) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri, epileptiform qıcolma tutmaları, anamnezində psixotik epizodlar olaraq göstərilmişdir.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5301/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticə hissəsi

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5301/2025 saylı iş üzrə, xx.xx.2025-ci il tarixli qərarı, nəticə hissəsində “27 noyabr 2024-cü il tarixli qərarı İddiaçı aid hissədə” çıxarılmaqla və xx.xx.2024-cü il tarixli göndəriş əsasında əlilliyin təyinatının həmin tarixdən aparılmaqla dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193- cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Pərviz Hüseynov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar