Məhkəmə qərarları › İş №2-1(103)-4689/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4689/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4689/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X2 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-10907/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ona 59 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciət, güzəştli iş stajının 10 ildən az (5 il 3 ay 11 gün (xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövr)) müddət təşkil etməsi əsası ilə cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 59 yaşının tamam olduğu gündən, yəni 13 yanvar 2025-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin olunmasını və keçmiş ayların da hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1966-cı ildə doğulmuşdur. O, əmək fəaliyyətinə 02 oktyabr 1990-cı ildə Bakı şüşə zavodunda başlamışdır. 10 yanvar 1994-cü ilə kimi Bakı Şüşə zavodunda müxtəlif vəzifələrdə işləmişdir. 21 oktyabr 1995-ci il tarixindən Bakı Metropoliteni Tunel Qurğuları Xidmətdə Tunel fəhləsi peşəsinə qəbul edilmişdir. xx.xx.2001-xx.xx.2001-ci illərdə hərəkət xidmətində nəzarətçi, xx.xx.2001xx.xx.2016-cı il tarixlərində dezinfektor peşəsinə qəbul edilmişdir. xx.xx.2016-xx.xx.2019cu illərdə nəzarət xidmətində istehsalat sahələri və xidməti otaqların yığışdırılması peşəsinə keçirilmişdir. Əmək fəaliyyətini davam etdirmişdir. Onun ümumi iş stajı 25 ildən artıq zərərli iş şəraitinə görə iş stajı 20 ildən artıq olmuşdur. Cavabdeh inzibati orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının təyin olunması ilə bağlı müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinasının əsasları qanunsuzdur və onun konstitusion hüquqlarını pozur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X1 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndinin (21.5) tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan fəhlələr yarımbəndində (21.5.1) tunel fəhlələri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.2021-ci il tarixli ******* nömrəli əmək kitabçasının dublikatında və "xxxx" QSC-nin ona dair xx.xx.2025-ci il tarixli A/080 nömrəli arayışında xx.xx.2001-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə dezinfektor vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi dezinfektor vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan tunel fəhlələri vəzifəsinə aid deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. İddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçının xx.xx.2001-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “dezinfektor” vəzifəsi Siyahıda nəzərdə tutulan “tunel fəhlələri” vəzifəsi ilə uyğunluq təşkil etmədiyi və bü səbəbdən iddiaçının güzəştli iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmədiyi sübuta yetirilmiş hesab edilməlidir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı qanunvericiliklə tələb olunan 10 ildən az (5 il 3 ay 11 gün (xx.xx.1995-xx.xx.2001-ci il tarixləri arasındakı dövr)) müddət təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-10907/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 59 yaşdan, yəni xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. İddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. (etirazın əsasları ilə eynilik təşkil edir) Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1966-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır; xx.xx.2021-ci il tarixdə doldurulmuş ******* №-li əmək kitabçasının dublikatında (notarial qaydada təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o, aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: “Bakı Şüşə Zavodu”nda (iş stajı: 03 il, 03 ay, 09 gün) xx.xx.1990-cı il tarixdə şüşə kristolit sexinə 3 dərəcəli xammal doldurucusu vəzifəsinə işə qəbul edilmişdir; xx.xx.1992-ci il tarixdə 4 №-li sexə cilalayıcı vəzifəsinə keçirilmişdir; xx.xx.1992-ci il tarixdə İ dərəcə almışdır; xx.xx.1993-cü il tarixdə İİ dərəcə almışdır; xx.xx.1994-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətində (iş stajı: 23 il, 01 ay, 21 gün) xx.xx.1995-ci il tarixdə tunel qurğuları xidmətinə İİ dərəcə ilə tunel fəhləsi peşəsinə qəbul edilmişdir (xüsusi zərərli əmək şəraiti, tunel yalnız gecə işi); xx.xx.2001-ci il tarixdə hərəkət xidmətinə İİİ dərəcəli avtomt. buraxılış məntəqələrinin nəzarətçisi vəzifəsinə keçirilmişdir; xx.xx.2001-ci il tarixdə əmək müqaviləsi ləğv edilmişdir; xx.xx.2001-ci il tarixdə tunel quğuları xidmətinin sanitar epidemioloji qrupuna dezinfektor peşəsinə qəbul edilmişdir; xx.xx.2016-cı il tarixdə hərəkət xidmətinə istehsalat sahələri və xidməti otaqları yığışdıran peşəsinə keçirilmişdir; xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi ləğv edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, A/080 №- li “Arxiv arayışı”nda göstərilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində İİ dərəcəli tunel fəhləsi (yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti ilə), İV dərəcə ilə dezinfektor (yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti ilə) peşələrində, xx.xx.2016-cı il tarixindən Hərəkət xidmətinə istehsalat sahələrini və xidməti otaqları yığışdıran (üzlüklərin yuyulması üzrə) (yeraltı, növbəli iş rejimi olan 20% xüsusi zərərli əmək şəraiti ilə) peşələrində çalışmışdır. xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsi ləğv edilmişdir. Tunel fəhləsi peşəsinin əsas vəzifə və funksiyaları istismarda olan tunellərdə bütün növ axıntıların ləğvi, su arxların bərpası, tunel geyimlərinin arxasına məhlulvurma işləri, diafraqmaların gücləndirilməsi, tunellərin və drenajların yuyulması, tikinti materiallarının yüklənməsi və boşaldılması, pnevmatik alət vasitəsi ilə tübinqlərdə tikişlərin pərçimlənməsi, perferatorların və çəkiclərin işə hazırlanması, cetalların dəyişdirilməsi və s. işlərdən ibarətdir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 2330 - dan 0530 -dək) tunel fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. Dezinfektor peşəsinin əsas vəzilə və funksiyaları stansiyalarda, istismarda olan tunellərdə və metropoliten obyektlərində deratizasiya (yoluxucu (parazitar) xəstəliklərin törədicilərinin infeksiya mənbəyi sayılan, həmçinin böyük iqtisadi zərər yetirən gəmiricilərlə mübarizədə həyata keçirilən tədbirlər kompleksi), dezinfeksiya (yoluxucu (parazitar) xəstəliklərin törədicilərinin keçiriciləri olan həşaratların və gənələrin, həmçinin sanitar-gigiyenik əhəmiyyətə malik olan və insanların fəaliyyətinə və istirahətinə maneçilik yaradan buğumayaqlıların məhv edilmə prosesi) və dezinfeksiya (yoluxucu (parazitar) xəstəlikərin törədicilərinin (patogen bakteriyalar, viruslar, rikketsiyalar, ibtidailər, göbələklər və s.) infeksiya mənbəyindən həssas şəxslərə ötürülməsi yollarında məhv edilmə prosesi) işlərinin təşkil olunması, həmin işlərin həyata keçirilməsi üçün müvafiq normalara uyğun olaraq dərman, tibb ləvazimatları və preparatlarının hazırlanması və s. işlərdən ibarətdir. Hazırlanan preparatlar geniş antimikrol aktivlik spektrinə, nisbətən tez təsir göstərmək xüsusiyyətinə malikdir, haloidtərkibli, oksigentərkibli, quanidinlər, aldehidtərkibli, səthi-aktiv maddələr, spirtlər, fenoltərkibli vasitələrdən ibarətdir. Dezinfektorun işində dust, emulsiya konsentrantları, lak, boya, aerozol, dixlofos, qeyri-üzvi birləşmələr, kerosin, skipidar, lizol, benzin və s. 1-ci sinif təhlükəli zərərli kimyəvi maddələrdən istifadə edilir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:30 -dan 05:30 - dək) dezinfektorun əmək haqqına 40% (qırx), peşənin təhlükəlilik dərəcəsi nəzərə alınaraq əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri barədə tərtib olunmuş protokollar və iş yerlərində əmək şəraitinin qiymətləndirilməsi xəritəsində göstərilən amillərə əsasən xüsusi zərərli əmək şəraitinə görə 24% (iyirmi dörd) əlavə Ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. İddiaçı xüsusi zərərli əmək şəraitində yalnız gecə vaxtı tuneldə işlədiyi peşələr üzrə əmək stajı 20 il 07 ay 11 gün (iyirmi il yeddi ay on bir gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21. Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinin tunel fəhlələri sətrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır; "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 13-19/2-827/2025 №-li cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində İİ dərəcəli tunel fəhləsi (yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti ilə), İV dərəcə ilə dezinfektor (yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti ilə) peşələrində, xx.xx.2016-cı il tarixindən Hərəkət xidmətinə istehsalat sahələrini və xidməti otaqları yığışdıran (üzlüklərin yuyulması üzrə) (yeraltı, növbəli iş rejimi olan 20% xüsusi zərərli əmək şəraiti ilə) peşələrində çalışmışdır. xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsi ləğv edilmişdir. Tunel fəhləsi peşəsinin əsas vəzifə və funksiyaları istismarda olan tunellərdə bütün növ axıntıların ləğvi, su arxların bərpası, tunel geyimlərinin arxasına məhlulvurma işləri, diafraqmaların gücləndirilməsi, tunellərin və drenajların yuyulması, tikinti materiallarının yüklənməsi və boşaldılması, pnevmatik alət vasitəsilə tübinqlərdə tikişlərin pərçimlənməsi, perferatorların və çəkiclərin işə hazırlanması, detalların dəyişdirilməsi və s. işlərdən ibarətdir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:30-dan 05:30-dək) tunel fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. Dezinfektor peşəsinin əsas vəzifə və funksiyaları stansiyalarda, istismarda olan tunellərdə və metropoliten obyektlərində deratizasiya (yoluxucu (parazitar) xəstəliklərin törədicilərinin infeksiya mənbəyi sayılan, həmçinin böyük iqtisadi zərər yetirən gəmiricilərlə mübarizədə həyata keçirilən tədbirlər kompleksi), dezinfeksiya (yoluxucu (parazitar) xəstəliklərin törədicilərinin keçiriciləri olan həşaratların və gənələrin, həmçinin sanitargigiyenik əhəmiyyətə malik olan və insanların fəaliyyətinə və istirahətinə maneçilik yaradan buğumayaqlıların məhv edilmə prosesi) və dezinfeksiya (yoluxucu (parazitar) xəstəlikərin törədicilərinin (patogen bakteriyalar, viruslar, rikketsiyalar, ibtidailər, göbələklər və s.) infeksiya mənbəyindən həssas şəxslərə ötürülməsi yollarında məhv edilmə prosesi) işlərinin təşkil olunması, həmin işlərin həyata keçirilməsi üçün müvafiq normalara uyğun olaraq dərman, tibb ləvazimatları və preparatlarının hazırlanması və s. işlərdən ibarətdir. Hazırlanan preparatlar geniş antimikrol aktivlik spektrinə, nisbətən tez təsir göstərmək xüsusiyyətinə malikdir, haloidtərkibli, oksigentərkibli, quanidinlər, aldehidtərkibli, səthi-aktiv maddələr, spirtlər, fenoltərkibli vasitələrdən ibarətdir. Dezinfektorun işində dust, emulsiya konsentrantları, lak, boya, aerozol, dixlofos, qeyri-üzvi birləşmələr, kerosin, skipidar, lizol, benzin və s. 1-ci sinif təhlükəli zərərli kimyəvi maddələrdən istifadə edilir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:30-dan 05:30dək) dezinfektorun əmək haqqına 40% (qırx), peşənin təhlükəlilik dərəcəsi nəzərə alınaraq əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri barədə tərtib olunmuş protokollar və iş yerlərində əmək şəraitinin qiymətləndirilməsi xəritəsində göstərilən amillərə əsasən xüsusi zərərli əmək şəraitinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. Hər iki peşənin əmək şəraiti (xüsusi zərərli) eynilik təşkil etdiyindən bərabər tutulur. İddiaçı xüsusi zərərli əmək şəraitində yalnız gecə vaxtı tuneldə işlədiyi peşələr üzrə əmək stajı 20 il 07 ay 11 gün (iyirmi il yeddi ay on bir gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinin tunel fəhlələri sətrinə aiddir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.

“Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddianın təmin edilməyən hissəsi hazırkı apellyasiya baxışının predmetini təşkil etmir. Belə ki, həmin hissə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, metropoliten sahəsində yalnız gecə növbəsində işləyən və Siyahıda nəzərdə tutulmuş vəzifəni icra edən əməkdaşların güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranır. Qeyd olunmalıdır ki, iddiaçının iş növbəsinin 50%-dan çox hissəsinin gecə növbəsi olması təkzibolunmazdır. Lakin, nəzərə alınmalıdır ki, iddiaçının həmin dövrlərdə icra etdiyi əmək funksiyaları dezinfektor vəzifəsinə aid olunmuşdur ki, həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Baxmayaraq ki, həmin vəzifələr Siyahıda nəzərdə tutulmasa da, həmin vəzifənin ən yüksək zərərlilik faizə, yəni 24 % faizə uyğun olması müəyyən olunmuşdur. Bakı Metropoliteni” QSC-nin sorğuya cavab məktubunda xüsusi olaraq qeyd olunmuşdur ki, tunel fəhləsi və dezinfektor peşələri əmək şəraiti (xüsusi zərərli) eynilik təşkil etdiyindən bərabər tutulur. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının xx.xx.2025-ci il tarixədək güzəşli iş stajı 10 ildən çox təşkil etdiyi müəyyən edir. (05 il, 03 ay, 13 gün (xx.xx.2005 + xx.xx.2001) + 15 il, 01 ay, 16 gün (xx.xx.2001 + xx.xx.2016) = 20 il, 06 ay, 08 gün) Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2025-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2025-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Cavabdehin imtina məktubunda, etirazında və apellyasiya şikayətində yeganə mübahisə etdiyi məsələ iddiaçının işlədiyi vəzifənin arayışlarda istinad edilmiş vəzifələrə aid olmamasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İşin mübahisələndirilən halına – iddiaçının güzəştli iş stajına malik olub-olmamasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi dezinfektor peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndində əks olunan tunel fəhləsi peşəsinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil etməsi "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 13-19/2-827/2025 №-li məktubu ilə öz təsdiqini tapır. Bundan əlavə, məktubda vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri də geniş formada açıqlanmışdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, pensiyanın təyin edilməsinə dair oxşar mübahisə (dezinfektor peşəsi) ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-2860/2024 №-li iş üzrə xx.xx.2024-cü il tarixli Qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 59 yaşının tamam olduğu vaxta qədər ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 10 ildən artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-10907/2025 nömrəli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-10907/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar