Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-469/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1955-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyinə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2837/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 28.01.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı əmək pensiyası almaq hüququ yarandığı gündən, yəni 01.06.2019-cu il tarixdən əmək pensiyasının təyin olunması, hesablanması və 01.06.2019-cu il tarixdən ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. 26.08.1974-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. 18.11.2005-ci il tarixinə qədər müxtəlif orqan və təşkilatlarda işləmişdir. Ümumilikdə 31 il siğorta stajı vardır. Əmək fəaliyyətinin 6 ilə yaxın müddətində Azərbaycan-Gürcüstan "xxxx’' birgə müəssisəsində işləmişdir. Belə ki, Azərbaycan-Gürcüstan “xxxx” birgə müəssisəsinin 05.02.1999-cu il tarixli əmri ilə baş mühəndis vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə Müəssisə bağlanmışdır. İddiaçı Müəssisənin 18.11.2005-ci il tarixli 121 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. İşə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. İddiaçı 01.06.2019-cu il tarixdə ƏƏSMN yanında DSMF-nun Xətai rayon şöbəsinə pensiya təyin edilməsi barədə müraciət etmişdir. Lakin, İddiaçı müraciət etdiyi vaxt kifayət qədər əmək stajı olmasına baxmayaraq cavabdeh orqan tərəfindən əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Belə ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xətai rayon şöbəsinin 10.06.2019-cu il tarixli cavab məktubuna əsasən, İddiaçı iş stajı olmadığı üçün pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, imtina məktubunda göstərilmişdir ki, Azərbaycan-Gürcüstan “xxxx” birgə müəssisəsində çalışdığı müddəti müəyyən etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1 -ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1 -ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 31.1 -ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçı əmək pensiyası almaq hüququ yarandığı gündən, yəni 01.06.2019-cu il tarixdən əmək pensiyasının təyin olunması, hesablanması və 01 tarixindən ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh ƏƏSMN yanında DSMF-nun Xətai rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 09.10.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək , İddiaçı əmək pensiyası almaq hüququ yarandığı gündən, yəni 09.05.2019-cu il tarixdən əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh ƏƏSMN yanında DSMF-nun Xətai rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2837/2020 nömrəli qərardadı ilə iş üzrə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə “İddiaçı əmək pensiyası almaq hüququ yarandığı gündən, yəni 09.05.2019-cu il tarixdən əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh ƏƏSMN yanında DSMF-nun Xətai rayon şöbəsinə həvalə edilməsi” kimi icraata qəbul edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2837/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmiş, İddiaçı 64 yaşı tam olduğu 09.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 24.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2837/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında iddiaçının 05.02.1999- cu ildən 18.11.2005-ci il tarixinədək xxxx Azərbaycan- Gürcüstan birgə müəssisəsində direktor, mühəndis vəzifələrində işləməsi qeyd edilmişdir. Lakin həmin dövr üzrə iş stajının müəssisədə qarşılıqlı yoxlamaq mümkün olmamışdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinin X3 Qeydiyyatı İdarəsinin cavabdehin ünvanladığı sorğuya cavabında xxxx Azərbaycan- Gürcüstan birgə müəssisəsinin 24.10.1997-ci il tarixində dövlət qeydiyyatına alındığı bildirilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 26 fevral 2020-ci il tarixli məktubda xxxx Azərbaycan- Gürcüstan birgə müəssisəsinin sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin sorğuya cavab məktubunda müəssisənin sənədlərinin geoloji arxiv fonduna təhvil verilmədiyi qeyd edilmişdir, iddiaçının xxxx Azərbaycan-Gürcüstan birgə müəssisəsində işləməsinə dair iş yerindən arayış, əmək haqqı cədvəlləri və əmək haqqı arayışlarının təqdim edilməməsinə baxmayaraq birinci instansiya məhkəməsi cavabdehin yerində qarşılıqlı yoxlamanın mümkün olmamağı barədə imtinasını əsassız hesab etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əmək kitabçasının əsas göstərilərək iddianın təmin edilməsi qanunauyğun deyildir. Belə ki, əmək kitabçasında iddiaçının müvafiq müəssisədə qeyd edilən fəaliyyəti dövründə işə daxilolma və işdən azadolunma ilə bağlı möhürlər fərqli olmaqla iddiaçının həmin müəssisədə fəaliyyətinə dair xxxx müəssisəsinin hüquqi varisləri olan müəssisələrdən məlumat əldə etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçının 3 il 2 ay 2 gün hərbi xidmət və 4 il 11 ay 11 gün əyani təhsil müddətləri nəzərə alınsa belə xxxx birgə müəssisəsindəki əmək fəaliyyətinə dair əsaslı sübutlar olmadığından həmin dövr üzrə iddiaçının 6 il 9 ay 13 gün iş stajı sosial sığorta stajına daxil edilə bilməz. İddiaçının əmək kitabçası əsasında xxxx Birgə müəssisəsindəki fəaliyyət dövrünə qədər olan stajı nəzərə alındıqda sosial sığorta staj 19 il 6 ay 3 günə bərabər olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı tələbi ödənilmədiyindən yaşa görə əmək pensiyası təyin edilə bilməz. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi Publik Hüquqi Şəxsi tərəfindən təmsil edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə icasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinı etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materiallarında olan: - iddiaçıya məxsus Əmək Kitabçasının Azərbaycan dilinə tərcümə olunaraq notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 26.08.1974-cü ildə birinci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir. 29.10.1974-cü ildə Sovet Ordusunun sıralarına çağırılması səbəbi ilə tutduğu vəzifədən azad edilmişdir. 11.01.1978-ci ildə “Muğanmeliosutikinti” TQİ-16 trestinə ikinci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir. 16.03.1978-ci ildə bənna peşəsi verilmiş, 13.09.1978-ci ildə ştat ixtisarı səbəbi ilə işdən azad edilmiş, 27.10.1978-ci ildə Hacıqabul aeroportunun hərbiləşdirilmiş mühafizə komandasının atıcı-yanğınsöndürən vəzifəsinə qəbul edilmiş, 27.03.1979-cu ildə Hacıqaul aeroportunun hərbiləşdirilmiş mühafizə komandasının qarovul rəisi vəzifəsinə keçirilmiş, 24.08.1979-cu ildə təhsillə bağlı Azərbaycan SSR ƏHQM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, 01.09.1979-cu ildən 12.08.1984-cü ilədək Həştərxan balıq sənayesi və təsərrüfatı institutunda təhsil almış, 04.10.1984-cü ildə konserv sexinin ustası vəzifəsinə qəbul edilmiş, 01.03.1985-ci ildə Bakı Balıq Soyuducu Donanmasının sərəncamına verilmiş, 02.03.1985-ci ildə istehsalat şöbəsinin baş mühəndisi vəzifəsinə təyin edilmiş, 03.06.1985-ci ildə istehsalat şöbəsinin rəisinin v.m.i.e vəzifəsinə keçirilmişdir. 17.12.1985-ci ildə konserv zavodunun rəisinin v.m.i.e vəzifəsinə təyin edilmişdir. 29.09.1986-cı ildə köçürmə qaydasında Bakı Balıq Soyuducu Donanma İdarəsinə istehsal şöbəsinin rəisinin v.m.i.e t vəzifəsinə təyin edilmişdir. 24.10.1986-cı ildə istehsalat şöbəsinə baş mühəndis vəzifəsinə keçirilmiş, 23.01.1987-ci ildə istehsalat şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin edilmiş, 06.09.1988-ci ildə “Hövsan balıqçısı” SRTM balıqçılıq ustası vəzifəsinə keçirilmiş, 03.03.1989-cu ildə tədarük resurslarının istifadəsi, nəqliyyat və kooperativlər şöbəsinin İ dərəcəli mühəndisi vəzifəsinə keçirilmiş, 21.08.1989-cu ildə sosial inkişaf üzrə sektorun İİ dərəcəli mühəndisi vəzifəsinə keçirilmiş, 09.11.1989-cu ildə sosial məsələlər üzrə sektorun İİ dərəcəli mühəndisi vəzifəsinə keçirilmiş, 01.02.1990-cı ildə Birliyin yenidən təşkili və birləşdirilmiş aparatın yaradılması səbəbilə köçürmə qaydasında istehsalat texniki şöbəsinin mühəndisi vəzifəsinə təyin edilmiş, 09.07.1990-cı ildə müvəqqəti olaraq istehsalat-texniki şöbənin aparıcı mühəndisi vəzifəsinə keçirilmiş, 01.04.1991-ci ildə istehsalat-texniki şöbənin baş mütəxəssisinin vəzifəsini icra edən vəzifəsinə təyin edilmiş, 01.04.1992-ci ildə Elmi-texniki inkişaf, əməkdaşlıq, istehsalat və satış şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmiş, 14.01.1994-cü ildə “Balıqsatış” İdarəsinin rəisi vəzifəsi müvəqqəti olaraq həvalə edilmiş, 02.06.1994cü ildə “Balıqsatışı” İdarəsinin rəisinin vəzifəsinə təyin edilmiş, 21.02.1995-ci ildə Bakı balıq Soyuducu donanması İdarəsinin rəisi vəzifəsinə köçürülmə yolu təyin edilmiş, 21.02.1995-ci ildə Bakı Balıq Soyuducu Donanması İdarəsinin rəisi vəzifəsinə köçürülmə yolu ilə təyin edilmiş, 01.12.1995-ci ildə həmin idarədə rəisin birinci müavini vəzifəsinə keçirilmiş, 18.12.1995-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və “Bazar islahatlarına hazırlıq” qrupunun rəisi vəzifəsinə köçürülmə yolu ilə təyin edilmişdir. 06.03.1996-cı ildə istehsalat texniki şöbəsinə baş mütəxəssis vəzifəsinə köçürülmüşdür. 10.07.1997-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 10.07.1997-ci ildə “xxxx” Azərbaycan-Gürcüstan birgə müəssisəsinə baş direktor vəzifəsinə təyin edilmiş, 30.07.1998-ci ildə tutduğu vəzifədən azad edilmiş və köçürmə yolu ilə “Aqrarsənaye” firmasına köçürmə yolu ilə Baş direktor vəzifəsinə təyin edilmişdir. 10.08.1998-ci ildə “xxxx” Azərbaycan-Gürcüstan birgə müəssisəsində baş direktor vəzifəsinə qaytarılmış, 03.12.1998-ci ildə Aqrosənaye Firmasının Baş Direktor vəzifəsinə köçürülmə yolu ilə təyin edilmiş, 27.01.1999-cu ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, 05.02.1999-cu ildə “xxxx” Azərbaycan-Gürcüstan birgə müəssisəsinə baş mühəndis vəzifəsinə təyin edilmiş, 18.11.2005-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. - Cavabdeh 10.06.2019-cu il tarixli imtina məktubu ilə iddiaçının müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı komissiyasında baxılaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad etmiş, qeyd olaraq həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddinin 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırıldığı, iddiaçının tələb olunan yaş stajının olmadığı qeyd olunaraq ərizənin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyat İdarəsinin cavabdehə ünvanladığı hüquqi şəxs barədə məlumatdan müəyyən edilir ki, Azərbaycan-Gürcüstan «xxxx» Birgə Müəssisəsi 24.10.1997-ci il tarixdən dövlət qeydiyyatına alınmış, lakin hüquqi şəxsin fəaliyyət göstərməsi barədə məlumat “X3 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən kommersiya X3 reyestr məlumatlarına aid deyildir - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 26 fevral 2020ci il tarixli, 5/392 saylı məktubla bildirilmişdir ki, Azərbaycan-Gürcüstan “xxxx” birgə müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin iddiaçıya ünvanladığı 24 sentyabr 2020-ci il tarixli, 18/S-340 saylı məktubda bildirilmişdir ki, iddiaçının işlədiyi Azərbaycan-Gürcüstan “xxxx” birgə müəssisəsinin arxiv sənədləri geoloji informasiya fonduna təhvil verilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “İddiaçının 05.02.1999-cu ildən 18.11.2005-ci ilədək Azərbaycan-Gürcüstan «xxxx» Birgə Müəssisəsi”ndə mühəndis vəzifəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, onun ümumi sosial sığorta stajı həqiqi hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 31 il 03 ay 8 gün təşkil edir. Bu da iddiaçının qanunla tələb olunan minimum sosial sığorta stajından artıq staja malik olduğunu, onun yaşa görə əmək pensiyası hüququnun yarandığını göstərir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağdakıları qeyd edir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2019-cu ilin yanvar ayının 1-də kişilərin yaş həddi 64 yaş olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının yaşa görə pensiya almaq üçün qanunvericiliklə nəzərdə tutulmuş 25 illik staja malik olması iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 05.02.1999-cu ildən 18.11.2005-ci ilədək Azərbaycan-Gürcüstan «xxxx» Birgə Müəssisəsi”ndə mühəndis vəzifəsində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 26 fevral 2020-ci il tarixli, 5/392 saylı məktubla Azərbaycan-Gürcüstan “xxxx” birgə müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin iddiaçıya ünvanladığı 24 sentyabr 2020-ci il tarixli, 18/S-340 saylı məktubla isə iddiaçının işlədiyi Azərbaycan-Gürcüstan “xxxx” birgə müəssisəsinin arxiv sənədlərinin geoloji informasiya fonduna təhvil verilmədiyi qeyd edilmişdir. Həmçinin işin apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11.01.2021-ci il tarixli, **********02 №-li məktubunda Azərbaycan-Gürcüstan “xxxx” birgə müəssisəsi tərəfindən dövlət əmlakının Registrinə heç bir məlumat təqdim edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyat İdarəsinin cavabdehə ünvanladığı hüquqi şəxs barədə məlumatda , Azərbaycan-Gürcüstan «xxxx» Birgə Müəssisəsi 24.10.1997-ci il tarixdən dövlət qeydiyyatına alındığı qeyd edilsə də, iddiaçı qeyd edilən müəssisədə işləməsi barədə arayış təqdim etməmişdir. “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi, Azərbaycan-Gürcüstan «xxxx» Birgə Müəssisəsində iddiaçının 05.02.1999-cu ildən 18.11.2005-ci ilədək mühəndis vəzifəsində çalışdığı dövr arxiv arayışları ilə təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən bu normanın tələbini nəzərə almamışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçıya məxsus İT-İ № ******* seriya və nömrəli əmək kitabçasının ilk vərəqində onun 11 yanvar 1978-ci il tarixdə açıldığı qeyd edilmiş, lakin bu qeyd möhürlə təsdiqlənməmişdir. Eyni zamanda əmək kitabçasına əsasən iddiaçı 10.07.1997-ci ildə “xxxx” Azərbaycan-Gürcüstan birgə müəssisəsinə baş direktor vəzifəsinə təyin edilmiş, 30.07.1998-ci ildə tutduğu vəzifədən azad edilmiş və köçürmə yolu ilə “Aqrarsənaye” firmasına köçürmə yolu ilə Baş direktor vəzifəsinə təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq əmr “Aqrarsənaye” firmasının möhürü ilə deyil, “xxxx” Konsernin möhürü ilə təsdiq edilmişdir. Həmçinin,o, Aqrosənaye Firmasının Baş Direktor vəzifəsindən 27.01.1999-cu ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən azad edilsə də, müvafiq əmr Aqrosənaye Firmasının deyil, “xxxx” Konsernin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, əmək kitabçasına əsasən iddiaçının 08.10.1974-cü ildən 08.12.1977-ci il tarixədək hərbi xidmətdə olması qeyd edilsə də, əmək kitabçasında iddiaçının 29.10.1974-cü ildə Sovet Ordusunun sıralarına çağırılması səbəbi ilə tutduğu vəzifədən azad edildiyi göstərilmişdir.İş materiallarında olan iddiaçıya məxsus ВЧ №056074 seriya və nömrəli hərbi biletə əsasən isə iddiaçı 13.11.1974-cü ildən 23.12.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbini əsaslandıran hər hansı sənəd-sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 64 yaşdan yaşa görə pensiyaya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş iş stajına malik olması iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2837/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2837/2020 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyinə qarşı “ona əmək pensiyası almaq hüququ yarandığı gündən, yəni 09.05.2019-cu il tarixdən əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-469/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-469/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver