Məhkəmə qərarları › İş №2-1(103)-469/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-469/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-469/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1239/2024 nömrəli, 05 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 96 saylı qərarına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 51.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Biləcəri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 96 saylı qərarına əsasən Biləcəri Bələdiyyəsi daxilində uzun müddətdən bəri bağ-bostan sahəsi kimi istifadə etdiyi 51.0 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı müqaviləsi yolu ilə iddiaçıya ayrılmışdır. Torpağın müəyyən edilmiş satış qiymətini ödəmiş və qanunla müəyyən edilmiş vergiləri vaxtlı-vaxtında yerli büdcəyə ödəmişdir. xx.xx.2023-cü il tarixdə hüquqmüəyyənedici sənədləri ərizəyə əlavə edərək, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana, yəni 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciət etmiş, onun müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixdə 3-21-3-30/2- Ə-18/2023 nömrəli imtina verilmişdir. İmtinada torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci i tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət resyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi bildirilmiş, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad edilmişdir. Həmin təşkilat belə cavab versə də, o, cavabının əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını qeyd etmişdir. Sonuncu dəfə isə xx.xx.2023-cü ildə bütün hüquqmüəyyənedici sənədləri ərizəyə əlavə edərək, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana, yəni 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciət etdi. Onun müraciətinə baxılaraq ərizəsinə xx.xx.2023-cü il tarixdə **********35 imtina verilmişdir. İmtinada torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci i tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reseystri haqqında” Azərbycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi bildirilmiş, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad edilmişdir. Həmin təşkilat belə cavab versə də, o, cavabının əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını qeyd etmişdir. Cavabdeh təşkilatın bu məktubu imtinadır və onun imtinası qanunsuzdur, onun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsinə maneçilik törədir. Qanunvericilik normalarının tələblərindən müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri bələdiyyələrin qərarı hesab olunur. Göründüyü kimi, qeyd olunan torpaq sahəsi xx.xx.2007-ci il tarixədək vətəndaşlara alqı-satqı yolu ilə torpağı mülkiyyətə vermək səlahiyyəti olmuş Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 96 saylı qərarı əsasında iddiaçıya ayrılmış, torpaq sahəsinin sxemi və digər sənədlər təqdim edilmiş, iddiaçı tərəfindən dövlət rüsumu bələdiyyənin büdcəsinə ödənilmiş, hazırki vaxtadək həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsindən sahibkarlıq subyekti kimi istifadə edir. İddiaçı məhz qanuni istifadəsinə verilmiş 51.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir ki, həmin sahəyə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamışdır. Torpaqayırma sənədləri də hazırda qüvvədədir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) e-2-1(112)-1239/2024 nömrəli, 05 iyul 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 96 saylı qərarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 51.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 96 saylı qərarına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 51.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim olunaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə uyğun olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim olunmamışdır. Bundan əlavə, göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında məlumat aşkar edilməmişdir. Eyni zamanda göstərilən torpaq sahəsinin faktiki vəziyyəti ilə təqdim edilən cizgidə qeyd olunan perimetrik ölçülər arasında cüzi fərqlər mövcuddur. Qeyd olunanlarla yanaşı, idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sənəd üzrə sahəsi 51 kv.m, faktiki 50 kv.m təşkil edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 96 saylı qərarına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 51.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 9-cu abzasına əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin dövlət mülkiyyətində olubolmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının vəkilinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət resyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-48-2F/2-03869/2023 nömrəli məktubla təqdim edilmiş Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 96 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində uzun müddətdən bəri bağ-bostan sahəsi kimi istifadə etdiyi 51.0 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ünvan 3 ünvanda yaşayan İddiaçı ayrılması qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş torpaq sahəsinin sxeminin surətindən görünür ki, həmin torpaq torpaq sahəsinin sxemi tərtib edilərək Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin sədri, baş mühəndisi və memarı tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli 08 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən torpaq alqı-satqısı üçün xx.xx.2006-ci ildə Biləcəri Bələdiyyəsinin «Kapitalbank»ın 1 saylı Binəqədi filialında olan hesabına 163,20 manat ödənilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: Göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 51.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi dörd tərəfdən üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədlənib. Torpaq sahəsinin üzərində ara sərhədləri mişar daş divarla sərhədlənən qeyri-yaşayış obyekti mövcuddur. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Sahəyə digər şəxs müraciəti olmuşdur (Bakı İnzibati Məhkəməsinin X3). Bundan əlavə, Azərsu məlumatlarına əsasən sahə bütövlüklə mühafizədə yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5072 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-29961/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 51.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi dörd tərəfdən üzərindəki mövcud tükilinin çöl divarı ilə sərhədlənib. Torpaq sahəsinin üzərində ara sərhədləri mişar daş divarla sərhədlənən qeyri-yaşayış obyekti mövcuddur. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Sahəyə digər şəxs müraciəti olmuşdur (Bakı İnzibati Məhkəməsinin X3). Bundan əlavə, Azərsu məlumatlarına əsasən sahə bütövlüklə mühafizədə yerləşir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X4 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 oktyabr 2016-cı il tarixli qərarı. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 96 nömrəli qərarına əsasən Biləcəri Bələdiyyəsi hüdudları daxilində uzun müddətdən bəri bağ-bostan sahəsi kimi istifadə etdiyi 51.0 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə İddiaçı ayrılmışdır. Həmin torpaq torpaq sahəsinin sxemi tərtib edilərək Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin sədri, baş mühəndisi və memarı tərəfindən təsdiq edilmiş, həmin torpaq sahəsinin alqı-satqısı üçün müəyyən edilmiş məbləğ iddiaçı tərəfindən Biləcəri Bələdiyyəsinin hesabına ödənilmişdir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Qeyd olunan bələdiyyə qərarı və onunla əlaqədar olan sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən həmin bələdiyyə qərarının və ayrılmış torpaq sahəsinin təsdiq edilmiş sxeminin arxivdə saxlanılan nüsxəsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan bələdiyyə qərarı və onunla əlaqədar olan sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Həmin sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş, ondan təyinatına uyğun istifadə etməyə başlamış və bu, hazırda da davam edir. Təqdim edilən sənədlərin qeyri-mötəbərliyi ilə bağlı hər hansı bir sübut və dəlil məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan bələdiyyə qərarı və onunla bağlı sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında saxlanılır və arxiv nüsxələrinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan qərara uyğun olaraq torpaq sahəsinin sxemi tərtib edilərək yerində müəyyən edilmiş və iddiaçıya təqdim edilmiş, həmin torpaq sahəsinə görə müəyyən edilmiş məbləğ iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. O da qeyd edilməlidir ki, həmin torpaq sahəsi qeyd olunan qərara əsasən iddiaçıya ayrılmışdır və onun istifadəsinə verilmişdir, həmin tarixdən də iddiaçının qanuni istifadəsindədir. Müvafiq torpaq sahəsi ilə bağlı hər hansı uyğunsuzluq olsa belə, bu, iddiaçıdan asılı olmayan haldır və bu halın aradan qaldırılması isə cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert rəyində torpaq sahənin dövlət mülkiyyəti torpağı olması göstərilsə də, bununla bağlı hər hansı sübuta istinad olunmamış və rəy əsaslandırılmamışdır, yalnız ekspert tərəfindən cavabdehin mütəxəssis rəyinə istinad olunmaqla kifayətlənilmişdir. Cavabdeh isə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, qeyd olunan bələdiyyə qərarına uyğun olaraq torpaq sahəsinin sxemi tərtib edilərək yerində müəyyən edilmiş və iddiaçıya təqdim edilmiş, həmin torpaq sahəsinə görə müəyyən edilmiş məbləğ iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir, həmin sənədlər isə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Həmçinin torpaq sahəsinin Azərsu məlumatlarına əsasən bütövlüklə mühafizədə yerləşməsi qeyd olunsa da, bununla bağlı da sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən iddiaçıya ayrılmışdır, torpaq sahəsi naturada ayrılaraq ona verilmişdir, uzun müddətdir onun istifadəsindədir və həmin sənədlər hazırda qüvvədədir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan ərazidə torpaq sahəsinin ayrılması və rəsmiləşdirilməsi ilə bağlı sənədlərdə nəzərdə tutulmuş, eləcə də torpaq sahəsinin ayrılması məqsədlərinə uyğun olan lazımi tədbirlər həyata keçirmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qeyd olunan torpaq sahəsinin təsdiq edilən sxemində «Azərsu» SC-nin X9 və X1 Sahəsinin baş mühəndisi İ.Kərimov tərəfindən imza və möhürlə təsdiq edilmişdir ki, qeyd olunan sahədən Biləcəri su-kanala məxsus su və kanalizasiya xətləri keçmir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Beləliklə, cavabdehin imtinasında istinad etdiyi əsaslarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hallar torpaq sahəsinə hüquqların qeydiyyatına maneə deyil və imtina üçün əsas hesab edilmir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh inzibati orqan iddiaçıya ayrılmış torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üstüstə düşməsini təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin müraciətinin olduğunu qeyd etdiyi digər şəxs X5 isə iddiaçının nümayəndəsi qismində məhz həmin bələdiyyə qərarına əsasən qeydiyyatın aparılması üçün cavabdehə müraciət etmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1239/2024 nömrəli, 05 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar