Məhkəmə qərarları › İş №2-1(103)-4695/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4695/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4695/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X4 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “ƏDV-nin qaytarılması” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, * nömrəli, 1 otaqlı mənzilə görə ona qaytarılacaq ƏDV-nin yekun məbləği (Payçı müqaviləsinin ümumi dəyəri olan 67317 manatın 10268,69 manat ƏDV-nin 30%-i (3080,61 manat) barədə məlumatın müvəkkil banka (“xxxx" ASC-yə) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırmışdır ki, “xxxx” MTK ilə aralarında olan ##.##.2023-cü il tarixli **** nömrəli Payçı müqaviləsinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT Park” Yaşayış Kompleksinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, * nömrəli, bir otaqlı mənzili almışdır. Müqavilə üzrə mənzilin məbləği ƏDV daxil olmaqla 67317 manat məbləğində qiymətləndirilmişdir və həmin məbləğ tam olaraq ##.##.2023-cü ildə ödənilmişdir. MTK-dan aldığı mənzilin ümumi dəyəri olan 67317 manatın 10268,69 manat ƏDV-nin 30%-i (3080,61 manat) barədə məlumatın müvəkkil banka (“xxxx” ASC-yə) ötürülməsi barədə qanunun tələbinə əsasən 90 gün ərzində cavabdehə müraciət etmişdir. Ilk müraciəti ##.##.2023-cü il tarixdə elektron formada olmuşdur. Təxminən 1 ildən çox müddətdə cavabdehlə müxtəlif məzmunlu yazışmalar və başqa müxtəlif əsaslarla imtinalar olub. Həmin imtinalara əsas olmuş sənədlər hamısı qanunvericiliyə uyğun olaraq qaydasına salınmışdır. Cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə imtina ## ### 2025-ci il tarixdə verilmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) *-*(***)-*****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 3 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, * nömrəli, 1 otaqlı mənzilə görə X3 qaytarılacaq ƏDV-nin yekun məbləği (Payçı müqaviləsinin ümumi dəyəri olan 67317 manatın 10268.69 manat ƏDV-nin 30%-i (3080.61 manat)) barədə məlumatın müvəkkil banka (“xxxx" ASC-yə) ötürülməsi öhdəliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı nağdsız qaydada ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması məqsədilə ilk dəfə ##.##.2023-cü il tarixdə vergi orqanına müraciət etmişdir. Müraciətə cavab olaraq, ##.##.2023-cü il tarixli “Müraciətə baxılması barədə” məktubla iddiaçıya bildirilmişdir ki, ##.##.2023-cü il tarixli BPM************ nömrəli ödəniş sənədində “Ödəyici” bölməsində “köçürmələr üzrə tranzit hesab” göstərilmiş, digər ##.##.2023-cü il tarixli BPM************ nömrəli ödəniş sənədində isə ödənişin alıcı (iddiaçı) tərəfindən deyil, başqa şəxs tərəfindən aparıldığı (ödənişi həyata keçirən şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmişdir. Məktubda qeyd olunmuşdur ki, göstərilən uyğunsuzluqlar 10 iş günü müddətində aradan qaldırıldığı və ödənişin nümayəndə tərəfindən aparılması halında səlahiyyəti təsdiq edən sənədlər həmin müddətdə təqdim edildiyi təqdirdə, ƏDV-nin geri qaytarılması məsələsinə yenidən baxıla bilər. Lakin iddiaçı (alıcı) tərəfindən bildirişin alındığı tarixdən 10 iş günü ərzində çatışmazlıqlar aradan qaldırılmadığı üçün ##.##.2023-cü il tarixli **************** nömrəli qərarla ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Daha sonra iddiaçı ##.##.2023-cü il tarixdə yenidən ƏDV-nin qaytarılması barədə müraciət etmiş, lakin ##.##.2023-cü il tarixli “Müraciətə baxılması barədə” məktubla eyni məsələlər bir daha onun diqqətinə çatdırılmışdır. Nəticədə, ##.##.2023-cü il tarixli **************** nömrəli qərarla da iddiaçı tərəfindən bildirişdə göstərilən çatışmazlıqların müəyyən olunmuş 10 iş günü müddətində aradan qaldırılmadığı əsas götürülərək, ƏDV-nin qaytarılması növbəti dəfə təmin edilməmişdir. Sonuncu dəfə iddiaçı ##.##.2023-cü il tarixdə portal vasitəsilə yenidən ərizə ilə müraciət etmiş, bu müraciət **************** nömrəli qərarla cavablandırılmışdır. Həmin qərarda ödəniş zamanı bank ödəniş sənədlərinin təyinat bölməsində elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilmədiyi iddiaçıya bildirilmişdir. Beləliklə, cavabdehin imtina verməsinin səbəbi Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra “Qayda”) 5.2-ci bəndinin tələblərinin iddiaçı tərəfindən pozulması olmuşdur. ##.##.2023-cü il tarixli **************** nömrəli ödəniş sənədi üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ödəniş iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirilmiş, ödənişi aparan şəxsin soyad, ad və ata adı iddiaçı ilə uyğun gəlməmişdir. Bu səbəbdən, vergi orqanı tərəfindən ödənişin nümayəndə tərəfindən aparılması halında onun səlahiyyətini təsdiq edən sənədlərin təqdim edilməsi tələb edilmişdir. Lakin müəyyən olunmuş müddət ərzində tələb olunan sənədlər təqdim edilmədiyindən və mövcud uyğunsuzluqlar aradan qaldırılmadığından həmin ödəniş sənədi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Bununla belə, qeyd olunan uyğunsuzluq sonrakı imtinanın əsası olmamışdır. Belə ki, İddiaçı ##.##.2023-cü il tarixdə təqdim etdiyi növbəti müraciətə əsasən araşdırılmış **************** nömrəli ödəniş sənədində imtinanın səbəbi kimi artıq ödənişin digər şəxs tərəfindən aparılması deyil, bank ödəniş sənədlərinin təyinat bölməsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilməməsi göstərilmişdir. Beləliklə, ##.##.2023-cü il tarixli **************** nömrəli ödəniş sənədi üzrə imtinanın əsası məhz elektron qaiməfaktura rekvizitlərinin (tarix, seriya və nömrə) bank ödəniş sənədlərində qeyd edilməməsi olmuşdur. Bu hal isə məhkəmənin Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərini pozduğunu, işi dərindən və hərtərəfli araşdırmadığını, imtinanın həqiqi səbəblərinə lazımi qiymət vermədiyini və nəticədə iddianın təmin edilməsini düzgün əsaslandırmadığını göstərir. Digər tərəfdən, imtinanın səbəbi ödənişin alıcı tərəfindən aparılmaması olsa idi belə, cavabdehin imtinası yenə də əsaslı hesab edilərdi. Çünki Qaydanın 5.1.2-ci bəndinə əsasən bank ödəniş sənədində ödənişi aparanın deyil, məhz alıcının adının, soyadının və atasının adının qeyd olunması tələb olunur. Həmin bənddə, həmçinin ödəniş məlumatlarının dəqiq və düzgün göstərilməsi şərti də açıq şəkildə nəzərdə tutulur. Beləliklə, iddiaçı əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaydada ərizə ilə müraciət etmiş, lakin Qaydanın 5.2-ci bəndinin tələblərini pozaraq bank ödəniş sənədinin təyinat hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsini göstərməmişdir. Bu hal isə cavabdehin əsaslı imtinasına səbəb olmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan “xxxx” MTK ilə Payçı İddiaçı arasında imzalanmış **** nömrəli ##.##.2023-cü il tarixli Payçı müqaviləsindən görünür ki, MTK pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan «Avant Park» yaşayış kompleksinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, * nömrəli, 1 otaqlı mənzili tikib Payçının mülkiyyətinə verməyi, Payçı mənzili qəbul etməyi və bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan ödənişləri MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 67317 manat təşkil edir. Iş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, “xxxx” MTK ilə Payçı İddiaçı arasında imzalanmış **** nömrəli ##.##.2023-cü il tarixli Payçı müqaviləsi (ödənişin təyinatı) üzrə ##.##.2023-cü il tarixdə “xxxx” MTK-nin hesabına 57048,31 manat və 10278,96 manat məbləğində vəsait ödənilmişdir (ödəyən X1). Iş materiallarında olan İddiaçı və X1 tərəfindən imzalanmış və Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən notarial qaydada təsdiq edilmiş ##.##.2023-cü il tarixli ərizədən görünür ki, ##.##.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın alışı ilə bağlı 57048,31 manat və 10278,96 manat (ƏDV) ödənişi İddiaçı əvəzində X1 tərəfindən ödəniş edilmişdir. Lakin bu ödəniş X1 adından qeydə alınmışdır, qeyd olunan ünvanda yerləşən mənzili İddiaçı almış və ödənilmiş vəsait ona məxsusdur. X1 bildirir ki, bu vəsaitin ona heç bir aidyyəti yoxdur, sözügedən mənzil onun mülkiyyətində deyil, İddiaçı mülkiyyətindədir, bu vəsaitlə bağlı ona qarşı heç bir iddiası yoxdur. İddiaçı adından ##.##.2023-cü il tarixli **** nömrəli alqı-saqtı müqaviləsinə əsasən həmin məbləğlər 40030029447244614120 və ******************** nömrəli hesablara ödənilmişdir. İddiaçı bildirir ki, ##.##.2023-cü il tarixdə edilmiş ödəniş ona məxsusdur və onun adından ##.##.2023-cü il tarixli **** nömrəli alqı-saqtı müqaviləsi üzrə ödəniş edilməsi üçün X1 etibar edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir (Həmin maddə «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının ## ###### 2019-cu il tarixli ****-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə edilmişdir və ##.##.2020-ci il tarixdən qüvvəyə minmişdir). “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/44014" \o "Azərbaycan Respublikasının 2019-cu il ## ###### tarixli ****-VQD nömrəli Qanunu"2019cu il ## ###### tarixli ****-VQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası» təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDVyə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.9. Müvəkkil bank bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği barədə məlumatı ƏDV-nin qaytarıldığı tarixdən 3 (üç) iş günü müddətində vahid məlumat bazası üzərindən operatora ötürür. 5.13. Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya digər səbəblərlə əlaqədar alıcının dəyişməsi zamanı (yeni alıcı tərəfindən əvvəlki alıcının ödədiyi məbləğ nəzərə alınmaqla qalıq məbləğin ödənilməsi davam etdirildiyi halda) satıcı yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarda yeni alıcının adına dəqiqləşdirmə aparır. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Işin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı “xxxx” MTK ilə aralarında bağlanmış ##.##.2023-cü il tarixli **** nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək mənzilin dəyərini tam ödəmiş və həmin məbləğin ödənilməsini təsdiq edən sənədlərlə birlikdə ödənilmiş ƏDV-nin qaytarılması üçün cavabdehə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın tələblərinə əsasən ƏDV-nin qaytarılması üçün əsas tələb alınmış yaşayış sahəsinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməsi və bu halı təsdiq edən sübut kimi bank ödəniş sənədinin təqdim edilməsidir. Iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı bu sənədləri cavabdehə təqdim etmişdir. Iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, mənzilin dəyərini ödəyən şəxs kimi alıcı İddiaçıdur, ödəniş isə həmin mənzilin alınmasına dair İddiaçı ilə “xxxx” MTK arasında imzalanmış ##.##.2023-cü il tarixli **** nömrəli müqaviləyə əsasən həyata keçirilmişdir. Qeyd olunan Qaydaların tələblərinə əsasən ödəniş sənədində ödənişi aparan alıcının soyadı, adı və atasının adı, ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi, ödənişin təyinatı göstərilməlidir. Qəbzlərdə adı qeyd olunan şəxs (X1) alıcı kimi mənzilin dəyərini ödəyən şəxs deyil, pul vəsaitini iddiaçının adından banka təqdim edən şəxs olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Qaydaların 5.1.2-ci yarımbəndində “ödənişi aparan alıcının soyadı, adı və atasının adı” dedikdə, hərfi mənada pulu təqdim edən şəxs deyil, mənzilin dəyərini vermək öhdəliyi daşıyan alıcı nəzərdə tutulur. Çünki Qaydalara əsasən ƏDV yaşayış sahəsini nağdsız qaydada almış ödəyiciyə qaytarılır, alıcı isə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs ilə müqavilə bağlayan fiziki şəxs, hazırkı halda iddiaçı İddiaçıdur. Bunun əksini düşünmək, yəni Qaydaların, pul vəsaitini başqa şəxs vasitəsilə banka ödəyən alıcıya ƏDV-nin qaytarılmasını istisna etməsi həm onun qəbul edilmə məqsədlərinə, həm hüququn ümumi prinsiplərinə, həm də qanunvericiliyin tələblərinə zidd olar, bu hal bərabər vəziyyətə fərqli rəftara gətirib çıxarar. Göründüyü kimi, iddiaçı tərəfindən müqaviləyə əsasən mənzilin dəyəri nağdsız qaydada satıcıya tam ödənilmişdir və ödənilmiş ƏDV-nin qaytarılması ilə əlaqədar sadalanan normalarda nəzərdə tutulmuş müddət və qaydada cavabdehə müraciət edilmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar