Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4699/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşının tamam olduğu tarixdən, yəni ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1964-cü ildə Gədəbəy rayonunda anadan olmuşdur. Əmək kitabçasından da göründüyü kimi əmək fəaliyyətinə ##.##.1985-ci ildən “Leninneft” Neft-qazçıxarma Idarəsində Istehsalat prosesinin avtomatlaşdırılması sexində elektrik avadanlığının xidməti üzrə elektrik montyoru kimi başlamışdır. Hazırda ##.##.2012-ci il tarixdən “X4 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət-ölçü cihazları sexində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru peşəsində çalışır. Çalışdığı sahənin iqtisadi fəaliyyət növünün təsnifatı “xxxx” sahəsidir. Işlədiyi müəssisə Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Həmin Sazişə əsasən Əməliyyat Şirkətinin əsas fəaliyyəti kontrakt sahəsində olan Balaxanı-Sabunçu- Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun işlənməsi və neftin hasilatını həyata keçirməkdir. Hal-hazırda 61 yaşı var və güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək stajı kifayət qədərdir. Bununla bağlı güzəştli şərtlərlə pensiyanın təyin olunması məqsədilə cavabdehə rəsmi qaydada müraciət etsə də, ##.##.2025-ci il tarixli, *-**-*/*-A-*****/**** saylı məktubu ilə cavabdeh müraciətin icrasından rəsmi qaydada imtina etmiş və öz imtinasını onunla əsaslandırmışdır ki, təqdim edilən arayışda elektrik montyoru vəzifəsində işlədiyi dövrdə neft, qaz və qaz hasilatı obyektlərində bilavasitə məşğul olması barədə hər hansı məlumat göstərilməmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Onun vəzifə öhdəliyi elektrik avadanlığının təmiri, eyni zamanda xidməti üzrə elektrik montyoru vəzifəsi olmaqla, təmir olunan avadanlıqlara xidmət birbaşa mədənlərdə-quyularda həyata keçirilir. Onunla eyni vəzifə və funksiyaları yerinə yetirən digər elektrik montyorlarına güzəştli şərtlərlə pensiya hüququ verildiyi halda onun üçün güzəştlərin müəyyən olunmaması onun hüquqlarını pozur. Həm neft və qazçıxarma sexlərində işləyən elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, həm də istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət-ölçü cihazları sexində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan hesab edir ki, işlədiyi sexdən asılı olmayaraq, peşə ümumiliyinə, həmçinin işlədiyi müəssisənin iqtisadi fəaliyyət sahəsinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Işlədiyi peşə və icra etdiyi funksiyalar Azərbaycan Rspublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş Siyahının 10.2-ci bəndində nəzərdə tutulan güzəştli pensiya hüququ verən “elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru” vəzifə koduna uyğundur. Qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər ona münasibətdə mövcuddur, yəni onun 60 yaşının tamam olduğu vaxta qədər ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) *-*(***)-*****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, X2 60 yaşının tamam olduğu tarixdən, yəni ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən ##.##.1964-cü il təvəllüdlü X2 ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Sözügedən müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmış və cavabdehin ##.##.2025-ci il tarixli *-**-*/*-A-******/**** nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla ödənilməsi vəzifəsinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş ## ### 1964-ci il tarixli IT-İ ******* nömrəli əmək kitabçasında və “X4 LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının iddiaçıya dair ##.##.2025-ci il tarixli **/** nömrəli arayışında iddiaçının ##.##.2012-ci il tarixdən ##.##.2025-ci il tarixədək Istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sexində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda elektrik montyoru vəzifəsində işlədiyi dövrdə neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olmağı barədə hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən də iş stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq ünvanlanmış ##.##.2025-ci il tarixli məktubla iddiaçının işlədiyi sexin bilavasitə neft, qaz və qaz kondensatı hasilatı sahəsi deyil, köməkçi sahə olduğu bildirilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajının olmadığı müəyyən edilmişdir. Əlavə olaraq, iş materiallarında olan “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialının ##.##.2025-ci il tarixli **/** №-li arayışında qeyd edilmişdir ki, X2 “X4 LTD“ şirkətinin Azərbaycan Respublikasındakı Filialının Istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sexində ##.##.2012-ci il tarixindən halhazıradək elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir. Qeyd: Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı“nın 10-cu bölməsinin “Neft, qaz və qaz kondensatının hasilatı" 10.2 "a" bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir. Yuxanda göstərilən arayışın məzmunundan iddiaçının işlədiyi peşə ilə müvafiq siyahıda nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə arasındakı uyğunluq müəyyən edilməsi mümkün deyildir. Lakin qeyd olunan hal məhkəmənin diqqətindən kənarda qalmış, kifayət qədər araşdırılmamışdır. Daha sonra məhkəmə gedişatı zamanı “X3 LTD”-yə ünvanlanmış ##.##.2025-ci il tarixli məhkəmə sorğusuna cavab olaraq ##.##.2025-ci il tarixli sorğuya baxılma haqqında məktubda iddiaçının çalışdığı peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı“nda təsbit olunmuş neft, qaz və qazkondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi ilə üst-üstə düşmədiyi qeyd olunmuşdur. Həmçinin istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət-ölçü cihazları sexində çalışan montyorlar avtomatika və telemexanika sistemlərində telemexanika vericilərinin (IQV-2), qəbuledicilərinin təmir və təmizlənməsi işlərini yerinə yetirdiyi və bunun mədən ərazisindəki yüksək gərginikli elektrik xətlərində çalışan elektrik montyorlarının işi ilə bir araya gəlmədiyi göstərilmişdir. Yekun olaraq, iddiaçının işlədiyi elektrik montyoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı“nın 10.2-ci bölməsində göstərilmiş neft, qaz və qazkondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə uyğun gəlmədiyi təsbit olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan iş üzrə zəruri olan məlumatların məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) və “xxxx” Istehsalat Birliyinə (“xxxx” IB) daxil olmuş ##.##.2025-ci il tarixli sorğuya cavab kimi müəssisə tərəfindən ##.##.2025-ci il tarixli məktub ünvanlanmışdır. Həmin məktubla yuxarıdakı məktublarda qeyd olunan uyğunsuzluq halı bir daha öz əksini tapmışdır. Məhkəmə tərəfindən yuxarıda göstərilən arayışlar kifayət etmədiyindən təkrar sorğu göndərilmişdir. Məhkəmənin təkrar sorğusuna “X3 LTD" şirkətinin Azərbaycan Respublikasındakı Filialının ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X2 Istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət-ölçü cihazları sexində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru vəzifəsində çalışır. Işçinin vəzifə öhdəliyi elektrik avadanlığının təmiri, eyni zamanda xidməti üzrə elektrik montyoru vəzifəsi olmaqla, Filialın bütün sex və mədənlərində yerləşən elektrik avadanlıqlarının təmiri funksiyasını yerinə yetirir ki, bu məqamda da işçinin vəzifə funksiyaları neft və qazçıxarma sexlərində işləyən elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorunun vəzifə funksiyaları ilə kəsişir. Göstərilən cavab mötəbər hesab edilməklə iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Lakin işin bütün halları ətraflı şəkildə araşdırılmamış, peşə uyğunsuzluğunun təsbit olunduğu digər məktublara münasibət bildirilməmişdir. Beləliklə, iddiaçı Iddiaçı güzəştli iş stajı olmadığından, habelə məhkəmə icraatı zamanı əldə olunmuş məktublarla iddiaçının çalışdığı peşənin müvafiq siyahı ilə uyğunluğu təsdiq edilmədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsi qanunamüvafiq deyildir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı X2 ##.##.1964-cü ildə doğulmuşdur. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli məktublarda qeyd olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) fəhlələr yarımbəndində (a) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “X4” LTD-nin Sizə dair ## ###### 2025-ci il tarixli **/** nömrəli arayışında ##.##.2012-ci il tarixindən bugünədək həmin müəssisənin istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sexində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində işlədiyiniz qeyd edilib. Lakin sözügedən arayışda elektrik montyoru vəzifəsində işlədiyiniz dövrdə neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olmağınız barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən də iş stajınızın dəqiqləşdirilməsi ilə bağlı tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq işlədiyiniz sexin bilavasitə neft, qaz və qaz kondensatı hasilatı sahəsi deyil, köməkçi sahə olduğu bildirilib. Bu səbəbdən də Sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Iş materiallarında olan “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən də ##.##.2012-ci il tarixdən hal-hazıradək “X5 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının Istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sexində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir. Iş materiallarında olan “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **/** nömrəli arayışdan görünür ki, X2 “X5 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının Istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sexində ##.##.2012-ci il tarixdən halhazıradək elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir. Əsas: T-2 şəxsi vərəqəsi. Qeyd: Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10-cu bölməsinin “Neft, qaz və qaz kondensatının hasilatı” 10.2 “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir. Iş materiallarında olan “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X2 ##.##.2012-ci il tarixdən hal-hazıra kimi “X5 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının Istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sexində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində çalışır. Iddiaçının çalışdığı peşə AR NK-nin ##.##.1993-cü il tarixli *** saylı Siyahıdakı 1100000a-19861 kodlu və ##.##.2007-ci il tarixli ** nömrəli Siyahısında təsbit olunmuş - neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi ilə üst-üstə düşmür. Belə ki, Istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət-ölçü cihazları sexində çalışan montyorlar avtomatika və telemexanika sistemlərində telemexanika vericilərinin (IQV-2), qəbuledicilərinin təmir və təmizlənməsi işlərini yerinə yetirir. Bu isə Mədən ərazisindəki yüksək gərginlikli elektrik xətlərində çalışan elektrik montyorlarının işi ilə bir araya gəlmir. Iddiaçının çalışdığı peşə üzrə təsdiqlənmiş Peşə təlimatında da yuxarıda qeyd olunanlar öz təsdiqini tapır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının işlədiyi elektrik montyoru peşəsinin ##.##.2007-ci il tarixli ** nömrəli Siyahısının 10.2-ci bölməsində göstərilmiş neft, qaz və qazkondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə uyğun gəlmir. Iş materiallarında olan “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X2 Istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət-ölçü cihazları sexində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru vəzifəsində çalışır. Işçinin vəzifə öhdəliyi elektrik avadanlığının təmiri, eyni zamanda xidməti üzrə elektrik montyoru vəzifəsi olmaqla, Filialın bütün sex və mədənlərində yerləşən elektrik avadanlıqlarının təmiri funksiyasını yerinə yetirir ki, bu məqamda da işçinin vəzifə funksiyaları neft və qazçıxarma sexlərində işləyən elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorunun vəzifə funksiyaları ilə kəsişir. Iş materiallarında olan “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli RN **-**-***/**** nömrəli məktubda qeyd olunur: Iddiaçı X2 ##.##.2012-ci il tarixindən Filialda Istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət-ölçü cihazları sexində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində çalışır. Işçinin vəzifə öhdəliyinə uyğun olaraq Filialın bütün sex və mədənlərində yerləşən elektrik avadanlıqlarının təmiri funksiyasını yerinə yetirir ki, bu məqamda da işçinin vəzifə funksiyaları neft və qazçıxarma sexlərində işləyən elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorunun vəzifə funksiyaları ilə kəsişir. Işçi tərəfindən icra olunan funksiyalar hasilat obyektlərində istismar edilən elektrik avadanlıqlarının, o cümlədən texnoloji prosesə xidmət edən avtomatika və telemexanika sistemlərinin (o cümlədən IQV- 2 tipli telemexanika verici və qəbulediciləri) təmiri, sazlanması və texniki baxışını əhatə edir. Bu avadanlıqlar hasilat prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, onların saz vəziyyətdə saxlanılması hasilatın dayanıqlılığı və təhlükəsizliyi üçün zəruridir. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, işçi X2 işlədiyi elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bəndində göstərilmiş, neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə (“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** saylı qərarın X bölməsi 1100000a—19861 vəzifə kodu) uyğun gəlir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (##.##.2022-ci ilədək olan redaksiyası). Həmin maddənin ##.##.2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, iddiaçı X2 ##.##.1964-cü il tarixdə doğulmuşdur. Iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı hərbi xidmət müddəti də daxil olmaqla 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir - ##.##.1982-##.##.1984-cü illər hərbi xidmət dövrü, ##.##.1985-ci ildən bu günədək əmək fəaliyyəti dövrü. ##.##.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. ##.##.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi sığorta stajı mübahisələndirilməsə də, iş materiallarından görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixə 25 ildən artıq ümumi sığorta stajına malikdir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının çalışdığı elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı; 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi; a) fəhlələr: neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları. Iddiaçının işlədiyi, qeyd olunan sahə və peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahə və peşələrə aid olduğu işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarla da öz təsdiqini tapır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işəgötürən tərəfindən verilən arayışlarda müəyyən ziddiyyətlərin araşdırılması məqsədi ilə apellyasiya baxışı zamanı “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialına təkrar məhkəmə sorğusu verilmiş, məhkəmə sorğusuna cavab məktubu və müvafiq peşə təlimatı məhkəməyətəqdim edilmiş, işəgötürən “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddiaçının çalışdığı elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinin vəzifə öhdəliyinə Filialın bütün sex və mədənlərində yerləşən elektrik avadanlıqlarının təmiri funksiyasının daxil olduğunu, işçinin həmin vəzifə funksiyalarının neft və qazçıxarma sexlərində işləyən elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorunun vəzifə funksiyaları ilə eyni olduğunu qeyd etmiş və iddiaçının işlədiyi həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bəndində göstərilmiş neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə uyğun gəldiyini bir daha təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı 60 yaşının tamam olduğu ##.##.2024-cü ilədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması tələbi müəyyən edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4699/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4699/2025
08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver