Məhkəmə qərarları › İş №2-1(103)-47/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-47/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-47/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər "xxxx" MMC və "xxxx" MMC) qarşı “bağ sahəsinə çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2-1(82)-999/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın (arayışın) və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 nömrəli orderinə əsasən Bakı şəhər İK-nin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən mərhum X2 149 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 3506 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi uzun müddət mərhumun istifadəsində olmuşdur. Hal-hazırda mərhumun vərəsəsi kimi bağ sahəsi iddiaçının istifadəsindədir. Həmin bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən toplanaraq cavabdeh orqana təqdim edilmişdir. Lakin iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, 3506 saylı bağ sahəsinin göstərilən ərizəyə aidiyyatı olmadığı və elektron kadastr məlumatlarına əsasən sahənin bir hissəsi digər hüquqi şəxsə aid olan ərazi ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. Qeyd olunan bağ sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir. İmtina onunla əsaslandırmışdır ki, hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200 kv.m. təşkil etsə də, faktiki olaraq əlavə 142.7 kv.m. torpaq sahəsi istifadə edilməkdədir. Bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 3506 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyatı yoxdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-999/2019 nömrəli qərardadı ilə "xxxx" MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2-1(82)- 999/2019 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın (arayışın) və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2497/2019 saylı qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyul 2020-ci il tarixli, 2-1(102)-1417/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)- 2497/2019 saylı qərarı ləğv edilmiş iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 3506 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyatı yoxdur. Bundan başqa elektron kadastr məlumatlarına əsasən göstərilən sahənin bir hissəsi digər hüquqi şəxsə aid olan ərazi ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, mövcud torpaq sahəsi ilə sxematik xəritə arasında uyğunsuzluq var. Ekspert rəyinə etiraz etmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Gülnisə xanım iddiaçının anasıdır, heç kimin ərazisinə müdaxilə edilmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı "xxxx" MMC 3-cü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Apellyasiya baxışı zamanı iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsinə dair hüququn mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddia təmin edilməlidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 12.1, 82-ci maddələrinin tələblərini pozaraq iddiaçının mərhum G.Məmmədovanın həqiqətən qanun üzrə vərəsə olmasını təsdiq edən vərəsəlik şəhadətnaməsini tələb etməmiş, yəni, bu sənəd işdə mövcud deyildir, halbuki hazırkı iddia üzrə iddiaçının subyektiv hüququnun olub-olmamasını təsdiq edən sənəd məhz qanun üzrə vərəsəlik şəhadətnaməsi sayılır. Digər tərəfdən, qeyd edilməlidir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.5, 8.0.7-ci maddələrinə görə bağ torpaq sahəsinə verilmiş order həmin bağ torpaq sahəsinə çıxarış verilməsi üçün yetərli sənəd sayılır. Məhkəmə kollegiyası xüsusi olaraq iki mühüm məsələnin üzərində dayanmasını zəruri hesab edir. Belə ki, birincisi, əgər mübahisəli bağ sahəsi yerləşmə koordinatlarının dəyişməsinə həqiqətən uğramışdırsa, o zaman bu faktın təsdiq edilib-edilməməsi üçün cavabdehin mühəndis-inventarlaşdırıcısı İlqar Hacıyevin rəyi və yenə cavabdeh tərəfindən təqdim edilmiş bağ sahələrinin cizgisi ilə kifayətlənmək olmaz. Bu məsələdə xüsusi bilik tələb edən müstəqil şəxsin, yəni, ekspertin cəlb edilməsi və ekspertiza təyin edilməsi mütləq şərtdir. İkincisi, apelyasiya instansiyası məhkəməsi yazır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 20 iyun 2007-ci il tarixli, 285 saylı sərəncamına əsasən Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində 101 hektar torpaq sahəsi "xxxx" MMC-yə ayrılmış və mərhum G.Məmmədovanın istifadəsində olmuş bağ sahəsinin bir hissəsi "xxxx" MMCnin ərazisinə düşür. Belə olan halda "xxxx" MMC-nin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi zəruri olsa da, apelyasiya instansiyası məhkəməsi bunu etməmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası, ilk növbədə iddiaçının subyektiv hüququnun olub-olmaması ilə bağlı qeyd edir ki, 5 saylı ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Xüsusi Notariusunun Azərbaycan respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 1899 saylı məktubunda xx.xx.2000-ci il tarixdə vəfat etmiş mərhum X1 vərəsəsi olan Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, İ.Dadaşov küçəsi, ev 74, mənzil 16-da yaşayan İddiaçı ərizəsi əsasında 5 saylı Bakı Asan xidmət mərkəzində notariat kontorunda ondan qalmış miras əmlaka dair vərəsəlik işi açıldığı və mərhumdan qalan hər hansı bir əmlakın daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alaraq çıxarış və Forma N1 verilməsinin təmin edilməsi xahiş edilmişdir. İddiaçının anası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinin üzərində vəfat etmiş anası X1 adına çıxarış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsnin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 saylı orderinə əsasən Bakı şəhər İK-nin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən X3 Ləhiş bağlar sahəsində 149 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 3506 saylı bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2018-ci il tarixli, 3255 saylı arxiv çıxarışına əsasən Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 15/595 saylı qərarı ilə 149 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında torpaq ayrılan şəxslər arasında X1 adı 20-ci yerdə qeyd olunmuşdur. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2018- ci il tarixli, 039-19629-1218 saylı məktubunda X5 adına olan Ləhiş bağ massivində yerləşən 3506 saylı bağ sahəsinə verilmiş 20 nömrəli orderin tapılması barədə Bakı şəhər Baş polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmadığı qeyd olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********08 saylı imtina məktubunda bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, 3506 saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyatı olmadığı, bundan başqa elektron kadastr məlumatlarına əsasən göstərilən sahənin bir hissə digər hüquqi şəxsə aid olan ərazi ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Ali Məhkəmənin göstərişinə uyğun olaraq apellyasiya baxışı zamanı iş üzrə 2-1(103)- 123/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 10/2850 saylı, 20 iyun 2022-ci il tarixli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 saylı orderinə əsasən Bakı şəhər İK-nin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına uyğun olaraq X1 naturada göstərdiyi torpaq sahəsinin 1206 kv.m. təşkil edir. Mütəxəssis rəyinə əsasən X2 ayrılmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 3506 nömrəli bağ sahəsinin koordinatları Bakı şəhər İcra Hakimiyyətinin 20 iyun 2007-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin və ya hər hansı fiziki və hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşmir və üstüstə düşmə faktı qeydə alınmamışdır. Mütəxəssis rəyinə əsasən İddiaçı naturada istifadə etdiyi 0,2 ha torpaq sahəsi (faktiki ölçü 1206 kv.m.) elektron kadastr məlumat bazasının məlumatına əsasən hər hansı hüquqi və ya fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi, ekspert rəyi ilə İddiaçı naturada istifadə etdiyi 0,2 ha torpaq sahəsi (faktiki ölçü 1206 kv.m.) elektron kadastr məlumat bazasının məlumatına əsasən hər hansı hüquqi və ya fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçməmişdir. Həmçinin, X2 ayrılmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 3506 nömrəli bağ sahəsinin koordinatlarının Bakı şəhər İcra Hakimiyyətinin 20 iyun 2007-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin və ya hər hansı fiziki və hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşmədiyi və üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, mərhum atası mərhum X1 adına məxsus olması haqqında arayışın verilməsini tələb etdiyi bağ sahəsi uzun müddətdir ki, iddiaçının faktiki istifadəsindədir. Torpaq sahəsi ilə sxematik xəritə arasında uyğunsuzluqla bağlı cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Mütəxəssis rəyi ilə Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 saylı orderinə əsasən Bakı şəhər İK-nin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına uyğun olaraq X1 naturada göstərdiyi torpaq sahəsinin 1206 kv.m. təşkil etdiyi müəyyən edilsə də, iddiaçının tələbi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsinə dair hüququn ölmüş şəxs X2 məxsus olması haqqında arayışın verilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsinə dair hüququn mərhum X2 məxsus olması haqqında arayışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsinə dair hüququn mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2-1(82)- 999/2019 saylı qərarı ləğv edilsin, İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3506 saylı bağ sahəsinə dair hüququn mərhum X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar