Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-47/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1600/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Səbail Rayon İcra Hakimiyyəti başçısının 406 saylı xx.xx.1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Səbail Rayon İcra Hakimiyyəti başçısının 406 saylı, xx.xx.1995-ci il tarixli Sərəncamı ilə Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunmuşdur. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilərək, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarış verilməsini xahiş edilmişdir. Lakin cavabdeh xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli bildiriş məktubları ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd olunmuşdur ki, təqdim olunan yerləşmə cizgisində uyğun dəqiq istinad məlumatı və məsafələr qeyd edilmədiyindən bildirilmişdir ki, sahənin sənəd üzrə yerini dəqiqləşdirmək mümkün olmamışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən İdarəyə təqdim olunan yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyindən sahənin sənəd üzrə yerini dəqiqləşdirmək mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********14 saylı xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bundan əlavə, torpaq sahəsinin bir kənarından 20- 25 metr aralı məsafədən yüksək gərginlikli (110 kvt.) elektrik hava xətti keçir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1600/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərar qanunsuz və əsassızdır. Belə ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 406 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsi mənə, İddiaçı ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunmuşdur. Bununla yanaşı, məhkəmə tərəfindən Dövlət Arxivinin Bakı filialına göndərilmiş sorğuya cavab olaraq, 10 avqust 2021-ci il tarixli məktubla İddiaçı 600 (altı yüz) kv/metr torpaq sahəsi ayrılması barədə Səbail Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli 406 saylı Sərəncamından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Həmçinin, iş üzrə məhkəmə texniki-tikinti ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 10/4528 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu mühəndisi tərəfindən xx.xx.2022-ci il tarixli **********46 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən sözügedən torpaq sahəsi sənəd üzrə 600,0 kv.m olsa da faktiki olaraq 580,0 kv.m təşkil edir və üzərində tikili yoxdur və tədqiq olunan torpaq sahəsi relyefi mürəkkəb (mailli) olan ərazidə yerləşməklə bir kənarında 20-25 metr məsafədən yüksək gərginlikli (110 kvt) elektrik hava xəttinin keçdiyi müəyyən edilmiş, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmişdir. Onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair hüquqmüəyyənedici sənədlər və həmin sənədin arxivdən çıxarışı mövcud olduğundan, cavabdeh tərəfindən göstərilən əsaslarla onun müraciətindən imtina etməsi qanunsuz və əsassızdır...” Mövcud mübahisəli işdə də məhkəmə mötəbər sübutlara düzgün hüquqi qiymət verməyərək işin faktiki hallarını və tərəflərin həqiqi vəziyyətlərinin işin hallarına uyğunluğunu dəqiqliklə yoxlamamışdır. Qərarı qanunsuz və əsassız hesab edir və qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Ona görə də hazırkı məhkəmə qətnaməsi işin bütün faktiki hallarını özündə əks etdirmir və mübahisəyə yenidən baxılaraq ədalətli qətnamə qəbul olunmalıdır…» Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş iddiaçı (apellyator) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyasının 27 aprel və 27 iyul 2023-cü il tarixli iclaslarında iştirak edən cavabdehin nümayəndəsi N.C.Rzazadə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi cizgi həmin torpaq sahəsinin göstərdiyi yerə uyğun gəlib-gəlməməsini müəyyən etmək olmur. İstinad və məsafələr tam dəqiq müəyyən edilməyib. Həmin ərazidə cizgiyə əhəmiyyət verirlir. Səbail rayon İcra Hakimiyyətinin sərəncamı olub, lakin faktiki istifadəsində olması barədə məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin 20-25 metr aralı məsafədən yüksək gərginlikli (110 kvt.) elektrik hava xətti keçir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar…; Həmin Qanunun 10.2.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü…; İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən müəyyən olunur ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 406 saylı, xx.xx.1995-ci il tarixli Sərəncamı ilə Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. Tədqiq olunan arxiv arayışının qeydindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının həmin sərəncamına cizgi əlavə edilməmişdir. Həmin torpağa dair Səbail rayon İH Badamdar qəsəbə nümayəndəliyinin işə əlavə olunmuş cizgisindən isə görünür ki, həmin cizgi 18 aprel 2004-cü il tarixdə, yəni sərəncam qəbul edildikdən, təxminən, 9 il sonra tərtib olunmuşdur. Halbuki, mübahisəli sərəncamla iddiaçıya torpaq sahəsi ayrılarkən 27 fevral 2001ci il tarixədək qüvvədə olmuş, keçmiş Azərbaycan Rspublikasının Torpaq Məcəllənin Torpaq Məcəlləsinin 23-cü maddəsinin 1-ci hissəsi nəzərdə tuturdu ki, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Digər tərəfdən İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 10/4528 nömrəli ekspert rəyindən görünür ki, mübahisəli torpaq sahəsi sənəd üzrə 600,0 kv.m olsa da, faktiki olaraq 580,0 kv.m təşkil edir və üzərində tikili yoxdur. Ttorpaq sahəsinin relyefi mürəkkəb (mailli) olan ərazidə yerləşməklə bir kənarında 20-25 metr məsafədən yüksək gərginlikli (110 kvt) elektrik hava xəttinin keçdiyi müəyyən edilmişdir. Eyni zamanda hazırkı mərhələdə mübahisəli torpaq sahəsi məhkəmə tərəfindən yerində müəyinə olunarkən müəyyən olunmuşdur ki, torpaq sahəsi «Dostluq» Parkının arxa hissəsində, ətrafı 2-3 mişar daşı hündürlyündə hasarlanmış boş sahə olmaqla, mənzərəsi dənizə açılan, sərt maili dağ yamacında yerləşir və yaxınlığından ( 20-25 m) məsafədən yüksək gərginli elektrik xətti keçir (fotoşəkillər əlavə edilir). Mübahisəli sərəncamla ayrılan torpaq sahəsinin sahə ölçülərinin fərqli olması, həmin sahənin sərt dağ yamacında yerləşməsi, həm də cizgisinin 9 ildən sonra 2004-cü ildə tərtib olunması -mötəbərlilik baxımından məhz, həmin sərəncamla ayrılan torpaq sahəsi olmasını istisna edir. Digər tərəfdən, sərəncamın 2-4-cü bəndləri aşağıdakıları nəzərdə tutur. “...2. Tikinti işləri ciddi olaraq təsdiqlənmiş layihə əsasında aparılsın. 3.Tikinti işlərinin başa çatdırılması müddəti sərəncam qəbul olunduğu gündən 2(iki) il hesab edilsin.
4. Qeyd olunan müddətdə tikinti işlərinə başlanmazsa və ya layihədəki ölçülərə əməl olunmazsa verilmiş torpaq sahəsi İcra Hakimiyyəti tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilsin...” Konkret halda isə sərəncamın qəbul olunduğu vaxtdan 29 ilə yaxın müddət kemiş, lakin işin hallarından, o cümlədən, ekspert tədqiqatının nəticələrinə, həm də torpaq sahəsi yerində müayinəsi zamanı aşkar olunan hallara əsasən müəyyən olunur ki, həmin torpaq sahəsində heç bir tikinti işləri aparılmamışdır. 27 fevral 2001-ci il tarixədək qüvvədə olmuş, keçmiş Torpaq Məcəlləsinin 32-ci maddəsinin birinci hissəsinin 2-ci bəndi isə nəzərdə tuturdu ki, torpaq sahəsinin verildiyi müddət qurtardıqda torpaq sahəsindən istifadə hüququna xitam verilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən qeyd olunan sərəncamla ayrılan mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə rəsmiləşdirilməsindən imtina olunması əsaslıdır. Başqa sözlə, iddiaçı tərəfindən müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olması kimi qiymətləndirilməsi istisna olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi, cavabdeh orqan qeydiyyatdan imtina etməklə, əslində qanunla üzərinə düşən öhdəliyinə uyğun hərəkət etmişdir. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarını pozması kimi qəbul oluna bilməz. İPM-in 73.1-ci maddəsindən isə görünür ki, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1600/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1600/2023 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.