Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-470/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 qızının, İddiaçının vəkili və nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik hüquqi şəxsin Xüsusi X1rşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3468/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik hüquqi şəxsin Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16.12.1993-cü ildən hal-hazırkı tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda texniki nəzarət və keyfiyyətə nəzarət şöbəsində nəzarətçi peşəsində 35 il iş stajının zərərli əmək şəraitində çalışmağı nəzərə alınaraq ona pensiya hüququn yarandığı 20.09.2017-ci il tarixdən hesablanaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı 20.09.2017-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1981-ci ilin sentyabr ayından əmək fəaliyyətinə başlamış, 16.12.1993-ci ildən hal-hazırkı tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda texniki nəzarət və keyfiyyətə nəzarət şöbəsində nəzarətçi peşəsində çalışmış, 40 ildən çox ümumi iş stajı vardır, onun 35 ildən çox hissəsini zərərli əmək şəraitində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 № li siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi müəssisə tərəfindən verilən arayışlarla və əmək kitabçasında zərərli peşələrdə işləməyi öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh ona pensiya təyin etməkdən imtina edərək onunla əsaslandırmışdır ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi, ona münasibətdə 45600,00 manat hesablandığı halda, pensiya kapitalının cəmi 28475,15 manat təşkil etdiyi nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı imtinanı qanunsuz və əsassız hesab edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3468/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı 20.09.2017ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına hvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağə olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 2842,51 manat təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - İddiaçı barədə “AZEMİS” Elektron Məhkəmə portalından çıxarışdan görünür ki, iddiaçı xx.xx.1965-ci il tarixdə Cəbrayıl rayonu, Hovuslu kəndində anadan olmuşdur. - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanlanmış 13.11.2020-cu il tarixli **********4 №-li imtina məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28475,15 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinati qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. - Cəbrayıl Rayon Məhkəməsinin qüvvədə olan 2(072)-344/2018-ci saylı 24.04.2018-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı 1981-ci ilin sentyabr ayından 23 avqust 1993-cü ilə kimi Cəbrayıl rayon “Q.Namazəliyev” adına kolxozda kolxozçu işləməsi faktı müəyyən edilməklə sosial sığorta stajı bərpa edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 11.01.2017-ci il tarixli 09 saylı arayışından görünür ki, iddiaçı həmin zavodda 17.12.1993-cü il tarixdə həmin zavodun laboratoriyasına 3 aylıq müddətə yüksək təzyiqli polietilen üzrə 3 dərəcəli nəzarətçi peşəsinə qəbul edilmişdir. - “SOCAR”-ın “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 23.06.2021-ci il tarixli 3104/ON-15-946 saylı məktubu ilə məhkəmə göndərilmiş əmrlərdən görünür ki, iddiaçı 13.12.1993-cü il tarixli 815/K saylı əmrlə “Üzvi Sintez” İstehsalat Birliyinin zavodunun laboratoriyasına 17.12.1993-cü il tarixdən 3 aylıq müddətə yüksək təzyiqli polietilen üzrə 3 dərəcəli nəzarətçi peşəsinə qəbul edilmiş və 14.06.1994-cü il tarixli 382/K saylı əmrlə 15 nömrəli sexdə 3-cü dərəcəli nəzarətçi peşəsində işləmə müddəti 17.06.1994-cü il tarixdən 17.09.1994-cü il tarixə qədər uzadılmışdır. - “SOCAR”ın “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 01.04.2021-ci il tarixli 127 saylı arayışından görünür ki, iddiaçı 16.12.1993-cü il tarixdən 17.09.1994-cü ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun yüksək təzyiqli polietilen zavodunun laboratoriyasında nəzarətçi vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının X bölməsinin 3cü bəndinin 2110A030- 1754v şifrinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - “SOCAR”ın “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 01.04.2021-ci il tarixli 128 saylı arayışından görünür ki, iddiaçı 02.01.1995-ci il tarixdən 31.12.2005-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun texniki nəzarət şöbəsində nəzarətçi vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının X bölməsinin 4-cü bəndinin 2110A04a- 12920 şifrinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - “SOCAR”ın “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 01.04.2021-ci il tarixli 129 saylı arayışından görünür ki, iddiaçı 11.12.2012-ci il tarixdən 14.03.2021-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun istehsalat və keyfiyyətə nəzarət laboratoriyasında polietilen istehsalatı üzrə nəzarətçi vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 8-ci bölməsinin 8.3.3-cü bəndinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 44 saylı 01.04.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı 02.01.1995-ci il tarixdən hal-hazıra kimi işlədiyi müddətdə aşağıda qeyd olunan tarixlərdə uşağa qulluqla əlaqədar olaraq sosial məzuniyyətdə olmuşdur: 10.06.2003 – 13.01.2004, 06.07.2004 – 16.04.2006, 27.09.2008 – 31.01.2021. - “SOCAR”ın “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 25.09.2020-ci il tarixli 139 saylı arayışından görünür ki, iddiaçı 02.01.1995-ci il tarixdən 31.12.2005-ci il tarixə qədər həmin zavodda texniki nəzarət şöbəsində nəzarətçi vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının X bölməsinin 4cü bəndinin 2110A04a12920 şifrinə əsasən “texniki nəzarət şöbəsində nəzarətçilər” istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - “SOCAR”ın “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 25.09.2020-ci il tarixli 140 saylı arayışından görünür ki, iddiaçı 01.01.2006-cı il tarixdən 31.01.2011-ci il tarixə qədər həmin zavodda texniki nəzarət şöbəsində nəzarətçi vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 8-ci bölməsinin 8.3.3-cü bəndinə əsasən “texniki nəzarət şöbəsinin işçiləri” istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - “SOCAR”ın “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 25.09.2020-ci il tarixli 141 saylı arayışından görünür ki, iddiaçı 01.02.2011-cı il tarixdən 31.10.2011-ci il tarixə qədər həmin zavodda keyfiyyətə nəzarət laboratoriyasında nəzarətçi vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 8-ci bölməsinin 8.3.3-cü bəndinə əsasən “texniki nəzarət şöbəsinin işçiləri” istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - “SOCAR”ın “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 25.09.2020-ci il tarixli 142 saylı arayışından görünür ki, iddiaçı 01.11.2011-cı il tarixdən 10.12.2012-ci il tarixə qədər həmin zavodda mərkəzi laboratoriyada nəzarətçi vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 8-ci bölməsinin 8.3.3-cü bəndinə əsasən “texniki nəzarət şöbəsinin işçiləri” istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - “SOCAR”ın “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 25.09.2020-ci il tarixli 143 saylı arayışından görünür ki, iddiaçı 11.12.2012-cı il tarixdən hal-hazıra kimi həmin zavodda istehsalat və keyfiyyətə nəzarət laboratoriyasında nəzarətçi vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 8-ci bölməsinin 8.3.3-cü bəndinə əsasən “texniki nəzarət şöbəsinin işçiləri” istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - İddiaçıya məxsus 09.11.2010-cu il tarixdə doldurulmuş əmək kitabçasının surətindən görünür ki, o, 02.01.1995-ci il tarixdən (əmr № 103, 01.07.1995) 01.02.2011-ci il tarixə qədər (əmr № 297, 01.02.2011) “SOCAR” “Etilen- Polietilen” zavodunda keyfiyyətə nəzarət laboratoriyasında 2-ci dərəcəli nəzarətçi, 01.11.2011-ci il tarixdən (əmr № 1479k, 01.11.2011) 11.12.2012-ci il tarixə qədər (əmr № 1006k, 11.12.2012) həmin zavodun 60 nömrəli Mərkəz ilaboratoriyaya texnoloji proseslərə nəzarət üzrə 2-ci dərəcəli nəzarətçi (növbəli), 11.12.2012-ci il tarixdən (əmr № 1006k, 11.12.2012) istehsalat və keyfiyyətə nəzarət laboratoriyasında polietilen istehsalatı üzrə 2-ci dərəcəli nəzarətçi (növbəli), 15.01.2015-ci il tarixdən (əmr № 14-k, 15.01.2015) həmin laboratoriyada 3-cü dərəcəli nəzarətçi (növbəli polietilen istehsalatı üzrə), 15.03.2021-ci il tarixdən (əmr № 42-k, 15.03.2021) etilen istehsalatının Qazayırma sahəsinə 3- cü dərəcəli kondensasiya aparatçısı (yüksək tempuraturda qazayırma qurğusu) keçirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (qadınlara): - 50 yaşdan pensiya təyin edilməsi üçün şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu 20.09.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısında X. Kimya istehsalatı bölməsində 4. yarımbölməsində (Azbest texniki məmulatların istehsalı) 2110A04a—12920 saylı şifrlə texniki nəzarət şöbəsində məşğul olan nəzarətçilər, həmin bölmədə 3. yarımbölməsində 2110A030—1754v sadalanmış (cızqı analizinin yerinə yetirilməsində məşğul olanlar istisna edilməklə), istehsalatlarda bilavasitə məşğul olan sex və istehsalat laboratoriyalarının işçiləri peşələri qeyd edilmişdir Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 16.12.1993-cü il tarixdən 17.09.1994-cü ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun yüksək təzyiqli polietilen zavodunun laboratoriyasında nəzarətçi (9 ay 2 gün ), 02.01.1995ci il tarixdən 31.12.2005-ci ilə kimi “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun texniki nəzarət şöbəsində nəzarətçi vəzifəsində (11 il) zərərli peşələrində işləməklə ümumilikdə tələb olunandan da artıq 11 il 9 ay 2 gün güzəştli iş stajını tamamlamışdır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1- ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı arxiv arayışları ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından göründüyü kimi iddiaçının Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-344/2018-ci saylı 24.04.2018-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş 1981-ci ilin sentyabr ayından 23 avqust 1993- cü ilə kimi Cəbrayıl rayon “Q.Namazəliyev” adına kolxozda kolxozçu işlədiyi 11 il 11 ay 23 gün müddət onun ümumi iş stajına hesablanmalıdır. Beləliklə də iddiaçının kolxozda kolxozçu işlədiyi 11 il 11 ay 23 gün müddət nəzərə alınmaqla, habelə 16.12.1993-cü il tarixdən 17.09.1994-cü ilə kimi “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun yüksək təzyiqli polietilen zavodunun laboratoriyasında nəzarətçi (9 ay 2 gün), 02.01.1995-ci il tarixdən 01.01.2006ci ilə kimi “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun texniki nəzarət şöbəsində nəzarətçi vəzifəsində işlədiyi müddət (11 il) olmaqla 01.01.2006-cı il tarixə qədər ümumilikdə 23 il 8 ay 2 gün ümumi iş stajı toplanmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddaçıya münasibətdə tətbiq edilməli olan normativ hüququ aktın düzgün realizə etməmişdir. Belə ki, cavabdehin imtina məktubundan da göründüyü kimi o özü də hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbayacan Respublikasının Qanunun 9.1-ci maddəsinə istinad edərək, onun fərdi hesabının sığorta hesabında qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verilmədiyi bildirilmişdir. Halbuki, cavabdeh tərəfindən hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbayacan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən, əvvəllər qüvvədə olan, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiq edilməli idi. İddiaçıya münasibətdə tətbiq edilməli olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin “b” bəndinin hipotezasında cavabdehin istinad etdiyi şərtlər göstərilməmişdir. Həmin maddənin tələbləri iddiaçıya münasibətdə yarandığı üçün ona cavabdeh tərəfindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməməsi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 01.01.2006-cı il tarixədək 22 il 10 ay 25 gün ümumi iş stajına, o cümlədən 11 il 9 ay 2 gün güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası inzibati qanunvericiliyin tələblərinə əsasən qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur. Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3468/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-470/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-470/2022
21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver