Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-470/2024 26.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi vəzifəsinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3227/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı məhkəməyə müraciət edərək Lökbatan qəsəbəsinin cənub hissəsində istifadəmdə olan, Bakı şəhəri Cavabdeh1 Başçısının 15 sentyabr 2000-ci il tarixli, 896 nömrəli sərəncamı ilə mənə ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh1 üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh1 Başçısının 15 sentyabr 2000-ci il tarixli, 896 nömrəli sərəncamı ilə onun Lökbatan qəsəbəsinin cənub hissəsində istifadəsində olan torpaq sahəsinin ona ayrılaraq, sahibkarlıq fəaliyyəti göstərilməsinə icazə verilmişdir. Həmin sərəncam əsasında ayrılmış torpaq sahəsinin plan-ölçü sxemi (yerləşmə cizgisi) vaxtilə ona verilməmişdir. Hazırda torpağa dair sənədləşdirmə işləri aparmaq niyyəti olduğundan, plan-ölçü sxeminin olması zəruridir. Çünki sənədləşmə ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sənədləri təqdim edərkən, bildirdilər ki, Cavabdeh1 Başçısının 15 sentyabr 2000-ci il tarixli, 896 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin tərəflərindən göstərilən torpaq sahəsinə aid olmasını dəqiqləşdirmək mümkün olmadığından sənədlərin qəbulundan imtina edildi. Bakı şəhəri Cavabdeh1 Başçısının 15 sentyabr 2000-ci il tarixli, 896 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsinə dair Cavabdeh1nə etdiyi müraciətinə cavab olaraq bildirildi ki, Cavabdeh1 başçısının xx.xx.2000-ci il tarixli, 896 nömrəli sərəncamına əsasən ona Lökbatan qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə bağlı torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən ona yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsasdır. Cavabdeh1nə qanuni əsaslarla verilmiş torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsinə dair müraciət etmişdi. İcra Hakimiyyəti isə onun müraciətinə formal cavabla münasibət bildirmişdir. O faktiki olaraq ona məxsus və istifadəsində olan 9,7 ha torpağa dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi ilə bağlı müraciət etmişdi. Həmin cizginin verilməsinin İcra hakimiyyəti üçün nə problem yaratması ona aydın deyil. Ona görə də, Bakı şəhər Cavabdeh1 imtinasını əsassız hesab edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3227/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Cavabdeh1 başçısının xx.xx.2000-ci il tarixli 896 nömrəli Sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh1 üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən ona yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, İddiaçı ayrılmış torpaq sahəsi neft məqsədilə istifadə olunan torpaqlar kateqoriyasına aid oluduğu üçün burada subyektiv hüquq Azərbaycan Respublikası Neft Şirkətinə məxsusdur. Birinci instansiya məhkəməsi tərəfindən bu hal, yəni subyektiv hüququn kimə məxsus olması araşdırılmadığı üçün iddianın təmin edilməsi yolverilməzdi. Belə ki, iddiaçının subyektiv hüququ belə olmadığı halda iddia tələbi birinci instansiya məhkəməsi təmin edilmişdir Həmçinin sözügedən torpaq sahəsi “Azəriqaz” və “Azərişıq” mühafizə zolağında yerləşir. Bütün bunlarla yanaşı hətta dəmir yolundan sadəcə bir qədər aralıda olduğundan sözügedən iddia tələbinin təmin edilməsi qanunsuzdur. “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqların istifadə istifadə olunması Qaydalarınınn və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya -mühafizə zonası üçün torpaqayırma NormalarCnın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli Qərarının 16-cı maddəsinə əsasən, dəmir yolunun sanitariya-mühafızə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. İşin hallarından da göründüyü kimi, iddiaçının onun adma rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsi dəmir yolunun çox yaxınlığında yerləşdiyi üçün ona dair plan cizginin verilməsi və iddia tələbinin təmin edilməsi qanunsuzdur. “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarf'nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarf’nın təsdiq edilməsi haqqında 10 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabineti Qərarının 5-ci maddəsinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq qadağandır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Cavabdeh1 Başçısının 15 sentyabr 2000-ci il tarixli, 896 nömrəli sərəncamı ilə iddiaçıya Lökbatan qəsəbəsinin cənub hissəsində istifadəsində olan torpaq sahəsi ona ayrılmış, lakin həmin sərəncam əsasında ayrılmış torpaq sahəsinin plan-ölçü sxemi (yerləşmə cizgisi) vaxtilə ona verilməmişdir. Daha sonra iddiaçı plan-ölçünü verilməsi üçün cavabdehə müraciət etsə də, tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. İş materiallarından görünür ki, Cavabdeh1 Başçısının xx.xx.2000-ci il tarixli 896 nömrəli sərəncamına əsasən Bakı şəhər İcra hakimiyyəti Başçısının 1362 saylı, 10 dekabr 1997-ci il tarixli sərəncamına əsaslanaraq Bakı şəhər sakini İddiaçı Lökbatan qəsəbəsinin cənub hissəsində istifadəsində olan torpaq sahəsi ona ayrılaraq sahibkarlıq fəaliyyəti göstərilməsinə icazə verilmişdir. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 896 saylı sərəncamından təsdiq edilmiş (eyni məzmunlu) arxiv çıxarışı təqdim edilmişdir. Arxiv çıxarışında sərəncama heç bir sənəd əlavə edilmədiyinə dair qeyd vardır. Məhkəmənin sorğusuna cavab olaraq torpaqayırma qərarının arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Bakı şəhər İcra hakimiyyəti Başçısının 1362 saylı, 10 dekabr 1997-ci il tarixli sərəncamının təsdiq olunmuş çıxarışından görünür ki, Cavabdeh1 xx.xx.1997-ci il tarixli məktubu nəzərə alınaraq digər ərazilərlə yanaşı Lökbatan qəsəbəsində ticarət cərgələrinin layihələşdirilməsi və tikintisi üşün torpaq sahələri ayrılmışdır. Qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum istifadəsində olan torpaq sahəsinin cizgisini həmin dövrdə sərəncamı ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Torpaq sahəsi hazırda Qaradağ rayonunun inzibati ərazi vahidində yerləşir. Qeyd edilməlidir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Qaradağ Rayon İH Başçısının xx.xx.2000-ci il tarixli 896 nömrəli qərarı qüvvədədir, ləğv olunmayıb. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının tələbi onun göstərdiyi hansısa yerə plan sxem sənədinin verilməsi ilə bağlı deyil, onun tələbi müvafiq sərəncamla ona ayrılmış torpaq sahəsinin cizgisinin çəkilib ona verilməsi ilə bağlıdır. Hansı ki, belə cizginin çəkilməsi də qanunla cavabdeh inzibati orqanın vəzifəsinə aid edilmişdir və həmin cizgi məhz torpağın ayrıldığı dövrdə, yəni İH sərəncamı qəbul olunan zaman çəkilib verilməli idi. Belə olan halda torpaqayıran orqan kimi cavabdeh ayırdığı torpağın hansı ərazidə yerləşdiyinə uyğun olan cizginin çəkilib verilməsi öhdəliyini daşıdığından, bu vəzifəni vaxtında icra etməməsi hazırki vəziyyətdə vaxtında çəkilməmiş cizgiyə görə məsuliyyət məsələsinin iddiaçının üzərinə qoyulması üçün əsas ola bilməz. Cavabdehin apellyasiya şikayətindən aydın olur ki, cavabdeh 3 əsas dəlilə istinad edir. 1) torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən ona yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. 2) İddiaçı ayrılmış torpaq sahəsi neft məqsədilə istifadə olunan torpaqlar kateqoriyasına aid oluduğu üçün burada subyektiv hüquq Azərbaycan Respublikası Neft Şirkətinə məxsusdur. 3) Torpaq sahəsi “Azəriqaz” və “Azərişıq” mühafizə zolağında, həmçinin dəmir yolundan bir qədər aralıda yerləşir. Cavabdehin apellyasiya şikayətinin ilk dəlilinə münasibətdə Kollegiya bildirir ki, cavabdehin qeyd etdikləri, yəni yerləşmə cizgisinin yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlərin rəsmiləşdirilib verilməsi iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin arxiv çıxarışında sərəncama heç bir sənəd əlavə edilmədiyinə dair qeyddə vardır. Cavabdehin apellyasiya şikayətinin digər dəlilləri isə, hazırkı iş üzrə araşdırma predmeti ola bilməz. Yuxardada qeyd edildiyi kimi, cavabdehin vəzifəsi cizginin çəkilib verilməsi ilə bağlıdır. Cavabdehin qeyd etdiyi dəlillər, onun öz vəzifələrini icra etməkdən azad etməməklə yanaşı, həmdə cizginin hazırlanmasına maneə deyil. Hazırki işdə iddiaçının istədiyi inzibati aktın qəbulundan imtina edən cavabdeh inzibati orqanın həmin inzibati aktın qəbulunu istisna edən halları əsaslandıra bilməməsini nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (2-1(102)-1359/2023 saylı 05.07.23-cü il tarixli qərar). Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3227/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-470/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-470/2024
26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver