Məhkəmə qərarları › İş №2-1(103)-4701/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4701/2025

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4701/2025 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “yaşa görə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “pensiya təyin edilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsi, yaşa görə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8381/2025 nömrəli, 4 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 mart 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:

1. İddiaçı 4 iyun 1959-cu il təvəllüdlüdür.

2. ЛВ 017419 nömrəli diploma əsasən iddiaçı 1981-ci ildən 1986-cı ilədək Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunda təhsil almışdır.

3. ZE ******* nömrəli hərbi biletə əsasən iddiaçı 23 oktyabr 1978-ci il tarixdən 30 noyabr 1979-cu il tarixədək orduda xidmət etmişdir.

4. İddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçı xx.xx.1980-ci il tarixdə alüminium və laqon məhsulu yükləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə məişət məhsullarının yukləyici vəzifəsinə keçirilmiş, xx.xx.1980-ci il tarixdə işdən azad edilmişdir; xx.xx.1986-cı il tarixdə mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cu il tarixdə tərbiyyəçi, baş növbətçi vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir; xx.xx.1994-cü il tarixdə texniki informasiya və patent lisenziya təqdimatları şöbəsinə əmək haqqının ödənilməsi, 8-ci tarif dərəcəsi olmaq şərti ilə tərcüməçi vəzifəsinə qəbul elmiş, xx.xx.1995-ci il tarixdə 9-cu dərəcəli tərcüməçi vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixdə öz təşəbbüsü ilə işdən azad edilmişdir.

5. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh müraciət əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 1.07.2020-ci il tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslərdə daxil olmaqla) 2006-cı il yanvarın 1-dək oları sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək hazırlıq dövrü və xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək əyani təhsil aldığınız illər də nəzərə alınmaqla cəmi sığorta stajınız 17 il 1 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006- cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmıyıb. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azadolma əmri kiril qrafikalı möhürlə təsdiqləndiyindən) həmin dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunan dövr üzrə əmək haqqı almağınızı təsdiq edən sənədləri (əmək haqqı arayışları və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra sözügedən dövrün sığorta stajınıza daxil edilməsinə baxıla bilər. Əlavə olaraq bildiririk ki, sözügedən dövr əmək stajı kimi təstiqlənsə belə sığorta stajınız qanunla müəyyən olunan müddətə (25 il) tamamlanmır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2024-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.”.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

6. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ona 65 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinətə görə edilən ödənişlər nəzərə alınmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib)

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1994-ci il tarixdən xx.xx.1999-cu il tarixədək faktiki Dəniz neft-qaz layihə İnstutunda tərcüməçi işlədiyi müddət qanunsuz və əsassız olaraq nəzərə alınmamışdır. Həmçinin ailədə yeganə oğlan övlad olduğundan hər iki valideynlərim ölən günədək onun himayəsində olmuşlar və o, onlara qulluq etmişdir və bu hal da onun stajına faktiki olaraq daxil edilməmişdir. Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbə nümayəndəliyinin verdiyi 57 saylı xx.xx.2025-ci il tarixli arayışda qeyd olunanlar öz əksini tapmışdır. Atası ikinci qrup əlil olduğundan onun himayəsində olmuş və o onların hər ikisinə qulluq etmişdir. Məhz bu səbəbdən onu hərbi xidmətdən yarımçıq olaraq geri çağırmışlar. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan stajında qeydə alınmamışdır. Həmçinin xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Mülki Müdafiə nazirliyinin kimyəvi labaratoriyasında mühafizəçi işləmiş və bu da onun pensiyasına hesablanmalıdır.

8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı ana və atasına - valideynlərinə qulluq keçmə dövrünün də əmək stajına daxil edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli icra hakimiyyətinin arayışına və həmin hissədə iddiaçının hüquqi marağına münasibətdə bildirilir ki, iddiaçının iddiasında olduğu qulluq dövrünün onun ümumi stajına daxil edilməsi ilə bağlı təqdim etdiyi sənəd əmək pensiyalarının təyin olunması zamanı sığorta stajının hesablanması qaydalarını tənzimləyən qanunvericilik normalarının tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.8-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı ahıllara qulluqetmə müddəti sosial sığorta stajına aşağıda qeyd olunan üç əsasla daxil edilə bilər: • patronajın təyin edilməsi barədə qərara əsasən; • qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; • qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Yuxarıda qeyd olunan tələblərdən aydın olunur ki, iddiaçının vəfat etmiş atasına və anasına qulluq etdiyi dövrün onun ümumi stajına daxil edilməsi üçün ilk növbədə bunu təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu əsas şərtdir. Bu səbəbdən də, iddiaçının vəfat edən atasına və anasına qulluq etdiyini iddia etdiyi müddət onun stajına daxil edilməməlidir.

9. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-8381/2025 nömrəli, 4 sentyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 65 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinətə görə edilən ödənişlər nəzərə alınmaqla hesablanıb ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır.

10. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin olaraq bildiririk ki, İddiaçı xx.xx.2025-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Bakı Dost Mərkəzinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-275194/2024 nömrəli məktubu ilə iddiaçıya onun ümumi sosial sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edildiyi bildirilmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək hazırlıq dövrü və xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 17 il 1 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmadığı üçün ona avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyinatının aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azadolma əmri kiril qrafikalı möhürlə təsdiqləndiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadığda və işləmədikdə təyin olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumilikdə sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2024-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş və hazırda 220 manat olmaqla davam etdirilir. İddiaçı iddia ərizəsində qeyd olunanlara Mərkəzi Filialın münasibəti aşağıdakı kimi olmuşdur: 1. Bildiririk ki, İddiaçı iddia ərizəsində xx.xx.1983-cü il tarixindən xx.xx.1986-cı il tarixindədək Mülki Müdafiə Nazirliyinin kimyəvi labaratoriyasında mühafizəçi işlədiyi və həmin dövrün staja daxil edilməsini məhkəmədən tələb etmişdir. Lakin bildiririk ki, Mərkəzi Filialın xx.xx.2025-ci tarixli 3-17-1/2-Ə- 27093/2025 nömrəli məktubunda xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək əyani təhsil aldığı illərin əmək stajına daxil edildiyi qeyd olunmuşdur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Sığorta stajının hesablanması qaydalarına dair 22.2-ci maddəsində sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablandığı qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Mərkəzi Filial tərəfindən üst-üstə düşən dövrlərləri ən çox olanı, yəni xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixədək əyani təhsil aldığı dövr əmək stajına hesablanmışdır. 2. Bundan başqa, xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər üzrə stajının qeydə alınmadığını bildirmişdir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Lakin qeyd edək ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018- ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. 3. Bundan başqa, iddiaçı ana və atasına – valideynlərinə qulluq keçmə dövrünün də əmək stajına daxil edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli icra hakimiyyətinin arayışına və həmin hissədə iddiaçının hüquqi marağına münasibətdə bildiririk ki, iddiaçının iddiasında olduğu qulluq dövrünün onun ümumi stajına daxil edilməsi ilə bağlı təqdim etdiyi sənəd əmək pensiyalarının təyin olunması zamanı sığorta stajının hesablanması qaydalarını tənzimləyən qanunvericilik normalarının tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.8-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı ahıllara qulluqetmə müddəti sosial sığorta stajına aşağıda qeyd olunan üç əsasla daxil edilə bilər: · patronajın təyin edilməsi barədə qərara əsasən; · qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluq edənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; ·qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Yuxarıda qeyd olunan tələblərdən aydın olunur ki, iddiaçının vəfat etmiş atasına və anasına qulluq etdiyi dövrün onun ümumi stajına daxil edilməsi üçün ilk növbədə bunu təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu əsas şərtdir. Bu səbəbdən də hesab edirik ki, iddiaçının vəfat edən atasına və anasına qulluq etdiyini iddia etdiyi müddət onun stajına daxil edilməməlidir. Əlavə olaraq onu da qeyd edirik ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli 2-1(112)-8381/2025 nömrəli qərarında qeyd olunmuşdur ki: 1. “Cavabdeh iddiaçının yaşlı valideynlərinə qulluq etdiyi dövrü də nəzərə almayaraq bildirir ki, həmin dövrlərin nəzərə alınması üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi təqim olunmalıdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bununla bağlı bildirdi ki, məhkəmə qətnaməsi dedikdə, valideynlərə qulluq faktının təsdiq edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktın təsdiqinə dair mülki icraat qaydasında qəbul edilmiş qətnamə nəzərdə tutulur. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Məhkəmə qeyd edir ki, Qaydalarda nəzərdə tutulmuş qanuni qüvvəyə minmiş məhkəmə qərarı dedikdə, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı mülki icraat qadasında rayon (şəhər) məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə nəzərdə tutulmur. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 № li qərarının 11-ci bəndində qeyd edilmiıdişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir”. Göründüyü kimi, iddiaçı mülki icraat qaydasında valindeylərinə qulluq etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı ərizə versə belə, ümumi məhkəmələrdə belə ərizələrə baxılması nəzərdə tutulmamışdı”. Məhkəmənin mövqeyinə münasibətdə ilkin olaraq bildiririk ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 № li qərarının 11-ci bəndində sadalanan hallar mövcud iş üzrə hər hansı oxşarlıq təşkil etmir. Belə ki, məhkəmə öz mövqeyində xəstəyə qulluq etmə faktının– hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməzliyinə əsaslanarkən, İddiaçı ana və ya atasının – valideynlərinin xəstə, sağlamlıq imkanları məhdud şəxs kimi qiymətləndirilməsinə dair hər hansı təsdiqedici sənədlərə, sübutlara istinad etməmişdir. Bundan başqa bildiririk ki, məhkəmə maddi hüquq normalarının əksinə olaraq, Xəzər rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlara əsaslanaraq, hüquqi faktın müəyyən olunmasına dair məhkəmə qətnaməsi olmadan, işə inzibati qaydada baxaraq İddiaçı valideynlərinə qulluq etdiyini qeyd etdiyi dövrləri sığorta stajına daxil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1838/2023 saylı iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının mübahisəli illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı, əldə edilən mötəbər sübutlar qiymətləndirməli, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmalı və əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsaslandırılmalıdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 361/2024 nömrəli qərarının 37-ci bəndində qeyd olunmuşdur ki, X7 Filialı tərəfindən təqdim edilmiş Ağdam rayonu 5 nömrəli tam orta məktəbə aid olan 1994-2004 dövrlərinin bəzi aylarının əmək haqqı cədvəllərində iddiaçının adı aşkar edilməmişdir və apellyasiya məhkəməsi tərəfindən işin həmin halını ümumiyyətlə araşdırmamış, bu sənədlərə hüquqi qiymət verilmədən, məhkəməyə təqdim olunmuş əmək kitabçasında olan məlumatlar mötəbər hesab edilmişdir. Göründüyü kimi Ali Məhkəmə həmin qərarda iş stajının iddiaçının əmək kitabçasında qeyd olunması ilə kifayətlənməyərək əməkhaqqı cədvəllərinin araşdırma zamanı nəzərə alınmalı olduğu qənaətinə gəlmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun: § 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. § 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. § 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may2025-cı il tarixli 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “İşçilərin əmək kitabçasının forması və onun doldurulması Qaydalarının təsdiq edilməsi” barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli № 156 Qərarın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: - İşçinin soyadı, adı, atasının adı, doğulduğu tarix (gün, ay, il), təhsili (o cümlədən başa çatdırılmamış), peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix, əmək kitabçası verən məsul şəxsin imzası. Bu məlumatları işçi imzası ilə təsdiq edir; - 1-ci qrafada daxil edilən qeydin sıra nömrəsi, 2-ci qrafada işçinin işə qəbul edildiyi, başqa daimi işə keçirildiyi və işdən çıxarılmasının əsası göstərilməklə əmək müqaviləsinə xitam verildiyi tarix (gün, ay, il), 3-cü qrafada başlıq formasında işəgötürənin tam adı, işçinin peşəsi (vəzifəsi), təyin edildiyi struktur bölmə, 4-cü qrafada qeydin əsası (sənəd, onun tarixi və nömrəsi). İşəgötürənin, onun struktur bölmələrinin, peşələrin (vəzifələrin) adlarında dəyişikliklər olduqda əmək kitabçasında müvafiq dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına, qərarına) əsasən aparılır. Qərarın 3.5-ci bəndinə əmək kitabçasında işə qəbul və başqa daimi işə keçirilmə barəsində bütün qeydlər işəgötürən tərəfindən müvafiq əmr (sərəncam, qərar) verildikdən 5 (beş) gündən gec olmamaq şərtilə əmək müqaviləsinə xitam verilmə haqqında isə işçinin əmək müqaviləsinə xitam verildiyi gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın, qərarın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Qərarının 3.7-ci bəndinə əsasən Əmək kitabçasında və onun əlavə içliyində 3-cü bölmədə qeydin dəyişdirilməsi zəruri olduqda onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “......” nömrəli qeyd etibarsızdır”. Qərarının 3.11-ci bəndinə əsasən işçinin soyadının, adının, atasının adının əmək kitabçasında dəyişdirilməsi son iş yerində işəgötürən tərəfindən müvafiq sənədlərə əsasən aparılır. Belə halda hansı sənədlərə istinad edilməsi göstərilməlidir. Dəyişikliklər əmək kitabçasının birinci səhifəsində edilir. Təhsil, peşə, ixtisas haqqında dəyişikliklər də eyni qaydada aparılır. Qərarın 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının xx.xx.1991-ci il tarixli Qərarına əsasən 1992-ci il tarixdən latın qrafikasına keçilmiş, möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının latın qrafikasına dəyişdirilməsinə başlanılmışdır. 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasənməsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddələrin məzmunundan da göründüyü kimi şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1- ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanıeyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməs i şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının hazırki vəziyyətdə qanunvericilikdə tələb olunan (25 il) ümumi stajı mövcud deyil. Bundan başqa qeyd olunanlardan görünür ki, Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Tərəflərin izahatları

12. xx.xx.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçının iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. Bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1.Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

15. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu (qüvvədən düşmüşdür)

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”

3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

21. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2025-ci il tarixdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür.

22. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının “ona yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “məhkəmə iddiaçının xx.xx.1994-ci il tarixdən xx.xx.1999-cu il tarixinədək olan əmək fəaliyyəti dövründə həmin müəssisdə çalışdığı (işə qəbul edilmə, yerdəyişmə və işdən azad edilmə) bütün dövrlərdə qəbul edilmiş əmrlərin tarixi, nömrəsi ilə bağlı qeydlər əksini tapmışdır. İddiaçının işdən çıxma barədə əmrində müəssisənin möhürünün kiril qrafikalı olması, işəgötürənin məsuliyyət sferasına aiddir. İddiaçının ahıl atasına qulluq etdiyi dövrlər (1999-2013) də nəzərə alındıqda onun sosial sığorta stajı 25 ildən çoxdur.”

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

24. İddiaçı xx xxxx 1959-cu il tarixdə doğulduğundan onun 65 yaşının tamam olduğu 04 iyun 2024-cü il tarixə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərti mövcud olmalıdır. 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı.

25. İddiaçı 1981-ci ildən 1986-cı ilədək Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunda təhsil almış və iddiaçı 23 oktyabr 1978-ci il tarixdən 30 noyabr 1979-cu il tarixədək orduda xidmət etmişdir.

26. İddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçı xx.xx.1980-ci il tarixdə alüminium və laqon məhsulu yükləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə məişət məhsullarının yukləyici vəzifəsinə keçirilmiş, xx.xx.1980-ci il tarixdə işdən azad edilmişdir; xx.xx.1986-cı il tarixdə mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cu il tarixdə tərbiyyəçi, baş növbətçi vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir; xx.xx.1994-cü il tarixdə texniki informasiya və patent lisenziya təqdimatları şöbəsinə əmək haqqının ödənilməsi, 8-ci tarif dərəcəsi olmaq şərti ilə tərcüməçi vəzifəsinə qəbul elmiş,xx.xx.1995-ci il tarixdə 9-cu dərəcəli tərcüməçi vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixdə öz təşəbbüsü ilə işdən azad edilmişdir.

27. Hazırda iddiaçınının 17 il, 1 gün (xx.xx.1978-ci il tarixdən 30.11,1979-cu il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək hazırlıq dövrü və xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək əyani təhsil dövrü və əmək kitabçasına əsasən işlədiyi dövlər) stajı cavabdeh inzibati orqan tərəfindən mübahidələndirilmir.

28. Cavabdeh iddiaçının əmək kitabçasına əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1999cu il tarixədək olan dövrün doldurulma qaydası pozulduğuna istinad edərək (işdən azadolma əmri kril qrafikalı möhürlə təsdiqləndiyindən) həmin dövrü iddiaçının stajına daxil etmir. İddiaçı isə, hesab edir ki, həm xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixinədək olan dövr, həm də yaşlı valideynlərinə qulluq etdiyi dövrlər də, nəzərə alındıqda ümumi stajı 25 ildən artıq olur və ona yaşa görə pensiya təyin edilməlidir. Cavabdeh iddiaçının valideynlərinə qulluq dövrünü qəbul etməyərək bildirir ki, həmin dövrün staja daxil edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmalıdır.

29. Məhkəmə kollegiyası “iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan əmək stajı”na münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.11-ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işəgötürən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir.

30. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərdən də görünür ki, iddiaçı xx.xx.1994cü ildə Dəniz neft-qaz layihə İnstutunda texniki informasiya və patent lisenziya təqdimatları şöbəsinə əmək haqqının ödənilməsi, 8-ci tarif dərəcəsi olmaq şərti ilə tərcüməçi vəzifəsinə qəbul edilmiş, iddiaçının həmin dövrdə işə daxil olma əmrləri və tarixi, müəssisənin möhürü vurulmuş, xx.xx.1995-ci il tarixdə 9-cü dərəcəli tərcüməçi işinə keçirilmiş, həmin əmrin də tarixi nömrəsi əks olunmuş, xx.xx.1999-cu il tarixli, 176/k nömrəli əmrlə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının həmin müəssisdə çalışdığı (işə qəbul edilmə, yerdəyişmə və işdən azad edilmə) bütün dövrlərdə qəbul edilmiş əmrlərin tarixi, nömrəsi ilə bağlı qeydlər əksini tapmışdır. İşdən çıxma barədə əmrində müəssisənin möhürünün kiril qrafikalı olmasına görə iddiaçı məsuliyyət daşımır. Əmək kitabçasında səhv və qeyri-dəqiq qeydlərin aparılması işəgötürənin məsuliyyətinə aiddir. Ona görə də birinci instansiya məhkəməsi həmin dövrün iddiaçının əmək stajına daxil etməklə düzgün nəticəyə gəlmişdir.

31. Həmin dövrlə yanaşı cavabdehin münahisələndirmədiyi 17 il 1 gün nəzərə alındığında iddiaçının 21 il 11 ay 12 gün (17 il 1 gün + 4 il 11 ay 11 gün) əmək stajı olur.

32. Məhkəmə kollegiyası iddiaçının ahıl atasına qulluq etdiyi dövrlərin (1999-2013) iddiaçının sosial sığorta stajına daxil edilib-edilməməsinə münasibətdə qeyd edir ki, iş materiallarına əsasən iddiaçının mərhum atasına məxsus əmək kitabçasından müəyyən edilir ki, iddiaçının mərhum atası X6 1926-cı ildə doğulmuş və xx.xx.2013-cü ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin 6 ayanın 7 günündə 488 nömrə ilə qeyd edilmişdir.

33. Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 57 nömrəli arayışa əsasən, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı mərhum anası X5 xx.xx.2009-cu il tarixdə (ölüm haqqında şəhadətnamə №06, AZ-İ 388431 nömrəli) vəfat etmişdir və mərhum atası X6 xx.xx.2013-cü il tarixdə (ölüm haqqında şəhadətnamə №488, AZ-İ 627838 nömrəli) vəfat etmişdir. Hər iki mərhum ölən günə kimi tək övladları olan iddiaçının himayəsində olmuşdur.

34. Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 555 nömrəli arayışa əsasən, iddiaçının mərhum anası X5 1.12.2009-cu il tarixdə (ölüm haqqında şəhadətnamə № 06, AZ- İ 388431 nömrəli) vəfat etmişdir və mərhum atası 1926-cı il təvəllüdlü X6 xx.xx.2013-cü il tarixdə (ölüm haqqında şəhadətnamə № 488, AZ-İ 627838 nömrəli) vəfat etmişdir. X1 1999cu ildən ölən günə kimi tək övladı olan iddiaçının himayəsində olmuşdur.

35. Göründüyü kimi iddiaçının mərhum atası 1926-cı ildə doğulmuş, 1996-cı ildə 70 yaşı tamam olmuş və xx.xx.2013-cü ildə ölmüşdür. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı əmək faəliyyəti ilə məşğul olduğuna görə valideynlərinə baxa bilməzdi. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının əmək kitabçasına əsasən son əmək fəaliyyəti dövrü xx.xx.1999-cu il tarixdir.

36. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

37. Həmin Qanunu 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.8-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı ahıllara qulluqetmə müddəti sosial sığorta stajına aşağıda qeyd olunan üç əsasla daxil edilə bilər: patronajın təyin edilməsi barədə qərara əsasən; qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən.

39. Birinci instansiya məhkəməsi qeyd edilən hüquq normasını hazırki mübahisəyə yanlış tətbiq edərək bildirmişdir ki, “Qaydalarda nəzərdə tutulmuş qanuni qüvvəyə minmiş məhkəmə qərarı dedikdə, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı mülki icraat qadasında rayon (şəhər) məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə nəzərdə tutulmur. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 № li qərarının 11-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi, iddiaçı mülki icraat qaydasında valindeylərinə qulluq etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı ərizə versə belə, ümumi məhkəmələrdə belə ərizələrə baxılması nəzərdə tutulmamışdır.”

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində ahıllara qulluqetmə faktının deyil, xəstəyə qulluq etmə faktının məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməzliyi təsbit olunmuşdur.

41. Yuxarıda qeyd olunan tələblərdən aydın olunur ki, iddiaçının vəfat etmiş atasına və anasına qulluq etdiyi dövrün onun ümumi stajına daxil edilməsi üçün ilk növbədə bunu təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmalıdır. İddiaçının 1999-2013-cü illərdə mərhum ahıl atasına qulluq faktının müəyyən olunması hazırda inzibati məhkəmə icraatının predmeti olmadığından iddiaçı bununla bağlı rayon (şəhər) məhkəmələrinə müraciət edə bilər. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz.

42. Odur ki, iddiaçının ümumi iş stajı 25 ildən az təşkil etdiyindən iddiaçı qanunvericilikdə müəyyən edilmiş ümumi iş stajı tələbi tam ödənilmədiyindən onun iddia tələbi əsassızdır.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlməmişdir.

44. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8381/2025 nömrəli, 4 sentyabr 2025-ci il tarixli qərarı ləğv edilməlidir.

45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8381/2025 nömrəli, 4 sentyabr 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar