Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4705/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “sərhədlərinin açılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “sərhədlərinin açılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12226/2025 nömrəli, 29 sentyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 16 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin quru və su sərhədlərinin bağlı saxlanması ilə bağlı fəaliyyətsizliyinin qanunsuz hesab edilməsi, quru və su sərhədlərinin qeyri-şərtsiz və dərhal açılması üçün tədbir görülməsi və vəzifəli şəxslərin bu vəziyyətə görə məsuliyyət daşıdığı və vəzifə səlahiyyətlərini aşdığı faktının qanuni qiymətini tapması üçün aidiyyatı üzrə Baş Prokurorluğa təqdim olunması öhdəliyinin cavabdeh orqanının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsində təsbit olunmuş hərəkət azadlığının uzunmüddətli və əsassız məhdudlaşdırılmasından narazıdır. Ölkənin quru və su sərhədləri 2020-ci ildən etibarən bağlanmış, lakin hava nəqliyyatı fasiləsiz fəaliyyətini davam etdirmişdir. Bu vəziyyət təhlükəsizlik və ya sanitar-epidemioloji əsaslarla izah edilə bilməz. Əgər real təhlükə olmuş olsaydı, hava yolları da eyni məntiqə əsaslanaraq bağlanmalı idi. Ölkənin quru və su sərhədləri süni şəkildə bağlı saxlanılır, bu isə korrupsiya və dövlət vəzifəsindən sui-istifadə hallarına dəlalət edir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12226/2025 nömrəli, 29 sentyabr 2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
4. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
5. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ölkənin quru sərhədləri heç bir əsas olmadan 5 ildən də çoxdur ki, ölkə vətəndaşlarına o cümlədən də ona qarşı qapadılmışdır. Az. Res.NK- nin quru sərhədlərin qapadılmasına gətirdiyi bəhanənin heç bir hüquqi əsası yoxdur. Belə ki, ÜST artıq pandemiyanın - COVİD-19 virusunun dünyada təhlükə yaratmadığını bəyan etsə də Az.Res.NK COVİD-19 virusundan əl çəkmək istəmir ki, bu da Az.Res Konst.da təsbit olunmuş 28-ci maddəsində nəzərdə tutulmuş hərəkət azadlığının uzunmüddətli və əsassız məhdudlaşdırılmasıdır.
Tərəflərin izahatları
6. xx.xx.2025-ci il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmişdir. İddiaçı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetininin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
11. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı tələbi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin quru və su sərhədlərinin bağlı saxlanması ilə bağlı fəaliyyətsizliyinin qanunsuz hesab edilməsi, quru və su sərhədlərinin qeyri-şərtsiz və dərhal açılması üçün tədbir görülməsi və vəzifəli şəxslərin bu vəziyyətə görə məsuliyyət daşıdığı və vəzifə səlahiyyətlərini aşdığı faktının qanuni qiymətini tapması üçün aidiyyatı üzrə Baş Prokurorluğa təqdim olunması öhdəliyinin cavabdeh orqanının üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədədir.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
15. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir.
16. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir.
17. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
18. İddiaçının hüquqi marağı Azərbaycan Respublikası Nazirlər Kabinetinin quru və su sərhədlərinin bağlı saxlanması ilə bağlı fəaliyyətsizliyinin qanunsuz hesab edilməsi, quru və su sərhədlərinin açılması barədədir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında” Qərara əsasən “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 28 fevral tarixli 73- 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1) Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025ci il 1 iyul saat 06:00-dək uzadılsın. 2) “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1209 (Cild İ); 2024, № 3, maddə 308, № 6 (İİ kitab), maddə 732, № 9, maddə 1103, № 12 (İİ kitab), maddə 1450) 1.1-ci bəndində “aprel” sözü “iyul” sözü ilə əvəz edilsin.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında” Qərar inzibati aktı xarakterizə edən xüsusiyyətlərə malik deyildir. Həmin qərar Azərnaycan Republikasının qanunvericilik siteminə aid olan normativ hüquqi aktdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12226/2025 nömrəli, 29 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
24. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12226/2025 nömrəli, 29 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev