Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4708/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın X13 Reyestri publik hüquqi şəxsinə qarşı “yeni şəhadətnamənin və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X8 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın X13 Reyestri publik hüquqi şəxsinə qarşı “yeni şəhadətnamənin və çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-14302/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən verilən mülkiyyət hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi və onun payını əks etdirən yeni şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın X13 Reyestri publik hüquqi şəxsinə etdiyi müraciət xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təmin edilməmişdir. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın X13 Reyestri” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən (“Leyla” kiçik müəssisəsi (ayrica tikili)) olan qeyri-yaşayış tikililərdə paya münasibətdə onun da payı göstərilməklə yeni şəhadətnamənin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən “Leyla” kiçik müəssisəsinin əmlakında paya malik olmuşdur. Mülkiyyətçi olduğu “Leyla” müəssisəsi vaxtı ilə xx.xx.1993-cü il tarixdən Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin nəzdində “Leyla” kiçik müəssisəsi kimi fəaliyyət göstərmişdir. xx.xx.2001-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Leyla” kiçik müəssisəsi “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə Dövlət Mülkiyyətinin özəlləşdirilməsi proqramına” müvafiq olaraq özəlləşdirilmiş və ona Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001154 saylı şəhadətnamə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X13 Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixdə “Medleks “Vəkil Bürosuna unvanladığı cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 1 MK-3369 saylı 11 noyabr 2002-ci il tarixli qətnaməsinə əsasən sözügedən daşınmaz əmlaka dair hissəsi ləğv edilmişdir. Odur ki Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 1 MK-3369 saylı 11 noyabr 2002-ci il tarixli qətnaməsinə əsasən İddiaçı, “təsisçilikdən, ortaqlıqdan çıxarılması qət edilsə də, həmin daşınmaz əmlakda olan payına münasibətdə isə heç bir mövqe bildirilməmişdir. Bu da onu deməyə əsas verir ki, təsisçilikdən çıxarılsa da, həmin əmlak üzərində mülkiyyət hüququ saxlanılmışdır. Lakin buna baxmayaraq, onun mülkiyyət hüququ kobudcasına pozulmaqla Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001154 saylı şəhadətnamə dəyişdirilmiş və onun adı qeyd olunmadan xx.xx.2004-cü il tarixdə 002871 nömrəli mülkiyyət hüququ haqqında yeni şəhadətnamə verilmişdir. Məhkəmə qətnaməsində onun mülkiyyətçi olaraq şəhadətnamədən adının çıxarılması nəzərdə tutulmasa da, əsassız olaraq şəhadətnamədə mülkiyyətçi kimi göstərilməmiş və əmlak üzərində mülkiyyət hüququndan məhrum olmuşdur. Adıçəkilən əmlakda payı olmağına baxmayaraq, onun razılığı və məlumatı olmadan mülkiyyət hüquqularının pozulmaqla, adı həmin şəhadətnamədən çıxarılmış və payı qanunsuz şəkildə özgəlləşdirilmişdir. Halbuki, həmin şəhadətnamədə (xx.xx.2001-ci il tarixli 001154 saylı) də birbaşa göstərilirdi ki, əmlak alıcının toxunulmaz mülkiyyətindədir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-14302/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təqdim edilmiş sənədlər və subutlar düzgün təhlil edilməmişdir və tam araşdırılmamış verilmiş sorğuların cavabları alınmamış, qərardad çıxarılmışdır. Belə ki, ilkin baxışdan görünür ki, tam fərqli müəssisələrə dair sənədlər təqdim edilib: 1-ci “Leyla” kiçik müəssisəsinin əmlakında xx.xx.2001-ci il tarixli 001154 saylı şəhadətnaməyə əsasən paya malik olmuşdur. 2-ci Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 1 MK-3369 saylı, 11 noyabr 2002-ci il tarixli qətnaməsinə əsasən, o İddiaçı “X7 və ortaqlarının tam ortaqlı “Leyla” müəssisəsinin ortaqlığından və təsisçiliyindən çıxarılması qət edilmişdir. Bir sözlə, məhkəmənin diqqətinə çatdırmaq istədiyi əsas məqam ondan ibarətdir ki, məhkəmə qərarları ilə yalnız “X7 və ortaqlarının tam ortaqlı “Leyla” müəssisəsinin təsisçilikdən çıxarılmış, əmlak üzərində mülkiyyət hüququ isə “Leyla” kiçik müəssisəsinin əmlakında toxunulmaz olaraq qalmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001154 nömrəli xx.xx.2001-ci il tarixli şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən (“Leyla” kiçik müəssisəsi (ayrıca tikili)) X5 və digərlərinin mülkiyyətindədir; Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi departamenti mülkiyyət hüququ haqqında 002871 nömrəli xx.xx.2004-cü il tarixli şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən (“Leyla” kiçik müəssisəsi (ayrıca tikili)) X3, X6, X4 xüsusi mülkiyyətindədir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X13 Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-21739/2025 **********39 nömrəli məktubdan görünür ki, İddiaçı adına ümumbirgə payda ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasına dair Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001154 nömrəli, xx.xx.2001ci il tarixli şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK-3369 nömrəli, xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən sözügedən daşınmaz əmlaka dair hissəsi ləğv edilmişdir; Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kolegiyasının xx.xx.2002-ci il tarixli MK-3369/02 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı və X1 “vəzifəli şəxslərin hərəkətindən şikayətləri barədə” ərizələri əsassız olduğu üçün təmin edilməmiş, iddiaçılar “Leyla” tam ortaqlı müəsisəsinin direktoru X6 və direktor müavini X3 cavabdeh İddiaçı qarşı “təsisçilikdən, ortaqlıqdan çıxarılmaya dair” qarşılıqlı iddiaları təmin edilmiş, İddiaçı “X7 və ortaqlarının tam ortaqlı “Leyla” müəsisəsinin ortaqlığından və təsisçilyindən çıxarılmış, “Leyla” tam ortaqlı müəsisəsi tərəfindən İddiaçı onun malik olduğu 5.0625% pay haqqı, yəni, ******* manat ödənilmiş, Qətnamənin İddiaçı “X7 və ortaqlarının tam ortaqlı “Leyla” müəsisəsinin ortaqlığından və təsisçiliyindən çıxarılması və həmin müəssisə tərəfindən İddiaçı onun malik olduğu 5.0625% pay haqqı, yəni, ******* manat ödənilməsi eyni vaxtda icra edilmiş, İddiaçı “Leyla” tam ortaqlı müəsisəsinin təsisçiliyindən ortaqlıqdan çıxarılması ilə əlaqədar Nizamnamədə müvafiq dəyişikliklər edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinə həvalə edilmişdir; Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3-6- 8/2-16705/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 1MK-3369/2002 nömrəli mülki iş xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə göndərilmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3-6- 8/2- 17158/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 1MK-3369/2002 nömrəli mülki iş xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə göndərilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi rayon Məhkəmə Nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinin xx.xx.2002-ci il tarixli məktubundan göründüyü kimi, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kolegiyasının xx.xx.2002-ci il tarixli MK-3369/02 nömrəli icra vərəqəsinə əsasən İddiaçı “Leyla” müəsisəsinin ortaqlığından və təsisçilyindən çıxarılmaqla “Leyla” tam ortaqlı müəsisəsi tərəfindən İddiaçı onun malik olduğu 5.0625% pay haqqı, yəni, ******* manat ödənilmişdir. Pay haqqının götürülməsindən imtina olunduğuna görə, məbləğ məhkəmənin depozit hesabına köçürülmüşdür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia etdiyi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına dair hüquqi marağının mövcudluğunu (subyektiv hüququnu) təsdiq edən sənəd əlavə etməmiş, iddiaçıya hüquqi yardım edilərək subyektiv hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, qeyd edilən çatışmazlıqların aradan qaldırılmamasının iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir. Lakin qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddianın irəli sürülməsinə subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gələrkən, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 1MK-3369/2002 nömrəli qətnaməsinə istinad etmiş və qeyd etmişdir ki, iddiaçı pay haqqını almaqla təsisçilikdən çıxmışdır. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001154 nömrəli xx.xx.2001ci il tarixli şəhadətnamə ilə ünvan 1 ünvanında yerləşən (“Leyla” kiçik müəssisəsi (ayrıca tikili)) X5 və digərlərinin mülkiyyətində olmuşdur. Daha sonra isə, iddiaçının adı paylı mülkiyyətçilər sırasından çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi departamenti mülkiyyət hüququ haqqında 002871 nömrəli xx.xx.2004-cü il tarixli şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən (“Leyla” kiçik müəssisəsi (ayrıca tikili)) X3, X6, X4 xüsusi mülkiyyətindədir. İddiaçı isə hazırda bu dəyişikliyi mübahisələndirir və məhkəmə qətnaməsinin buna əsas vermədiyini iddia edir. Belə olan halda, həmin qətnamənin bu dəyişlikliyin əsası kimi çıxış edib-etməməsi iddiaya mahiyyəti üzrə baxılan zaman hüquqi qiymət verilməli məsələdir. İddiaçının mübahisələndirdiyi əsaslara istinad edib subyektiv hüququnun olmamasına qənaətinə gəlməklə məhkəmə səhvə yol vermişdir. Başqa sözlə, nə qədər ki, daha əvvəlki şəhadətnamədə iddiaçı paylı mülkiyyətçidir, həmin şəhadətnamədə edilmiş dəyişikliyi mübahisələndirmək üçün subyektiv hüquqa malikdir. Həmin dəyişikliyin əsaslı olubolmamasına isə artıq mahiyyəti üzrə qiymət verilməlidir və bu zaman həmin qətnamə də sübut kimi araşdırma predmeti ola bilər. Qeyd olunanlara, əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-14302/2025 nömrəli qərardadı ləğv edilərək, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-14302/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-4708/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4708/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver