Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-471/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibаrət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı yaşayış sahəsi ilə təmin edilməsi barədə inzibati mübahisəyə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3733/2020 saylı qərarından cavabdehin nümayəndəsi M.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3733/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının növbəlik əsasında yaşayış sahəsi ilə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardan cavabdehin nümayəndəsi M.Hüseynov tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1980-ci il təvəllüdlüdür. 1987-ci ildə faciəvi şəkildə anasını itirmişdir. Atası isə 1989-cu ildə başqa qadınla ailə qurmuşdur. Məlum hadisələr nəticəsində 1993-cü ildə təbii ki, o da hamı kimi qaçqın düşmüşdür. Ailə başçısının olmadığına görə Nərimanov rayonu Böyük Şor qəsəbəsində 106 saylı evdə yaşayan qohumunun himayəsində yaşamaq məcburiyyətində qalmışdır. 1998-ci ildə hərbi xidmətə getmişdir. Hərbi xidmətdə olduğu zaman daxili orqanlarında problem olduğundan cərrahiyyə əməliyyatı olunmuşdur. Bağırsaqları bir neçə santimetr kəsilərək çıxarılmışdır. Bununla da tam olmayan sağlamlığı itirmişdir. Hərbi xidməti bitirənə qədər ona sığınacaq verən ailə dağılıb, boşanmışdırlar. Odur ki, o, 2000-ci ildən evsiz-eşiksiz qalmışdır. O vaxtlarda mərhum prezident Heydər Əliyev cənablarına da çoxsaylı yazılı müraciətləri olmuşdur. Həmin müraciətlərin poçt qaimələrin indiyə qədər saxlamışdır. Lakin ərizələrinin ünvanlandığı aidiyyatı orqanlar onu yaşayış sahəsi ilə təmin etmək iqtidarında olmadıqlarını bildiriblər. O, cavabdeh inzibati orqana yazılı müraciət edərək xahiş etmişdir ki, Azərbaycan vətəndaşı kimi onun bu acınacaqlı vəziyyətini nəzərə alıb, normal yaşayış sahəsi ilə təmin olunmağı ona köməkdarlıq edilsin. Cavabdeh inzibati orqanın ona ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, 01/3816 saylı məktubunda bildirilmişdir ki: "...Onun Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə ünvanladığı müraciətə aidiyyəti üzrə komitə tərkibində fəaliyyət göstərən xüsusi komissiyada baxılmışdır.. Müraciəti ilə bağlı bildirilmişdir ki, məcburi köçkün ailələrinin mənzillə təmin olunması Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2004-cü il tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və həmin Dövlət Proqramına xx xxxxxxx 2007-ci il tarixli, 2475 nömrəli və xx xxxxxx 2011-ci il tarixli, 1346 nömrəli sərəncamlarla edilmiş əlavələrə əsasən mərhələli şəkildə həyata keçirilir. Kirayə mənzillərdə, qohum evlərində və fərdi evlərdə yaşayan, onunla eyni vəziyyətdə olan məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı qərar qəbul ediləndə onun da müraciəti qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır.. .". Hesab etmişdir ki, onun müraciəti təmin olunmasından imtin edilməsi qanunsuz və əsassızdır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, izhatında göstərmişdir ki, iddiaçı tərəfindən “mənzil verilməsi” tələbi ilə bağlı Komitəyə müraciəti daxil olmuş və bununla bağlı Komitə tərəfindən xx.xx.2020-ci il tarixli 01/3816 nömrəli məktubla cavab verilərək, məcburi köçkünlərin mənzillə təmin edilməsinin Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamına əsasən, “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na və həmin Dövlət Proqramına edilmiş Əlavələrə uyğun olaraq mərhələli qaydada həyata keçirilməsi bildirilmişdir. Eyni zamanda kirayə mənzillərdə, qohum evlərində və fərdi evlərdə yaşayan və İddiaçı kimi vəziyyətdə olan məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı qərar qəbul ediləndə onun da ailəsinin mənzillə təmin edilməsi məsələsinə qanunla nəzərdə tutulan qaydada baxılacağı barədə məlumat verilmişdir. Nümayəndə məcburi köçkünlərin mənzillə təmin edilməsi prosesi ilə bağlı bildirdi ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə məskunlaşıb faktiki yaşayan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.1-ci bəndinin tələbinə uyğun olaraq, məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən tərtib və təsdiq edilmiş siyahı əsasında həyata keçirilir. Təqdim edilmiş siyahı yaradılmış Komissiya tərəfindən yoxlanıldıqdan sonra mənzil almaq hüququ olan məcburi köçkün ailələrinin dairəsi müəyyənləşdirilir. Bu sahədə qəbul edilmiş Dövlət Proqramına və Dövlət Proqramına edilmiş Əlavələrə uyğun olaraq ölkə ərazisində salınmış yeni qəsəbələrə yalnız həmin Dövlət Proqramında və ona edilmiş Əlavələrdə göstərilən obyektlərdə məskunlaşıb faktiki yaşayan məcburi köçkün ailələri köçürülür. Qaydanın 2.4.2-ci bəndinə əsasən, yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələri mənzillə təmin olunur. Yeni tikilən mənzillər Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş obyektlərdə məskunlaşmış məcburi köçkün ailələri üçün nəzərdə tutulub və həmin ailələrin sayına uyğun tikinti işləri lahiyələndirilərək aparılır. Tikiniti zamanı əlavə mənzil nəzərdə tutulmadığından həmin evlərə digər mənzilə ehtiyacı olan ailələrin sonradan köçürülməsi mümkün deyil. İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün İddiaçı ünvan 1 ünvanında məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. Nümayəndə qeyd etdi ki, Komitə tərəfindən Dövlət Proqramında və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nda nəzərdə tutulanlardan əlavə olaraq məcburi köçkünlərin növbədənkənar mənzillə təmin edilməsi həyata keçirilmir. Odur ki fərdi qaydada mənzillə təmin edilməsi ilə bağlı Komitəyə müraciət edən məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilmələri imkan xaricindədir. Bu səbəbdən də, hazırda ayrıca yaşayış sahəsi ilə təmin etmək mümkün deyildir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətininin dəlillərini araşdıraraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarında olan sənədlərdən görünür ki: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə Kəlbəcər rayonunda doğulmuşdur. Yaşayış yeri Kəlbəcər şəhəri, Məmmədsəfi kəndidir. - 1 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsinin AZ-İİ № 195322, xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı, X14 ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE 16877416 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1987-ci ildə Kəlbəcər rayonunda doğulmuşdur. Yaşayış yeri Kəlbəcər şəhəri, Məmmədsəfi kəndidir. - 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsinin AZ-İV 051263 №-li, xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası İddiaçı və anası X7 olan X8 xx.xx.2017-ci il tarixdə Bakı şəhəri doğulmuşdur. - 1 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsinin AZ-İV 293787 №-li, xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası İddiaçı və anası X7 olan X9 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri doğulmuşdur. - Məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. - Məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 rayonundan məcburi köçkündür. - xx.xx.2019-cu il tarixli aktından görünür ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 11, 20 saylı evin sahibi X15, onun qonşuları X16 və X4 iştirakları ilə, kirayəşin İddiaçı onun həyat yoldaşı X10 və oğlu X8 ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda həqiqətən 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə aylıq kirayə haqqı 300 manat olmaqla kirayəşin yaşamışlar. - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 1/17660-18 №-li, xx.xx.2018-ci il tarixli iddiaçıya ünvanlanan məktubundan görünür ki, hazırda başqalarına məxsus evlərdə məskunlaşmış məcburi köçkün ailələri ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aidiyyəti dövlət orqanları ilə birlikdə araşdırmalar aparır, onun adı siyahıya daxil edilmiş və bu məsələ gələcəkdə öz hüquqi həllini tapacaqdır. - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin № 2/18621-18 saylı, xx.xx.2018-ci il tarixli, 2/2494-19 №-li, xx.xx.2019-cu il tarixli iddiaçıya ünvanlanan məktublarından görünür ki, mənzil probleminin həlli ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə etdiyi müraciətin nəticəsiz qaldığı haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı bundan əvvəlki şikayət ərizəsi ilə bağlı, müvafiq tədbirlərin görülməsi üçün həmin komitəyə müraciət olunmuş və verilmiş cavabda (xx.xx.2018, № 1/17660-18) hazırda başqalarına məxsus evlərdə məskunlaşmış məcburi köçkün ailələri ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti dövlət orqanları ilə birlikdə araşdırmalar apardığı və adının siyahıya daxil edildiyi, məsələsinin gələcəkdə hüquqi həllini tapacağı bildirilmişdir. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2015-ci il tarixli, 1031 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin məskunlaşdırılması qaydasının 2-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması müvafiq şəhər və va rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildiyi üçün həmin icra orqanına müraciət etməyi tövsiyyə olunur. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2015-ci il tarixli, 01/1694 №-li məktubundan görünür ki, məcburi köçkün ailələrinin yeni yaşayış sahəsinə köçürülməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncamlarına əsasən, həmçinin Bakı şəhərində zəruri dövlət ehtiyacları və köçürülməsi vacib olan xüsusi əhəmiyyət kəsb edən obyektlər üzrə mərhələli şəkildə aparıldığından və hazırda Komitənin balansında Bakı şəhərində və Bakı ətrafı ərazilərdə məcburi köçkünlər üçün inşa edilən qəsəbələrdə boş mənzil fondu olmadığından ailəsinin yeni yaşayış sahəsinə köçürülməsi hələlik imkan xaricindədir. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2015-ci il tarixli, 01/6336 №-li məktubundan görünür ki, Komitənin balansında Bakı şəhərində və Bakı ətrafı rayonlarda ehtiyyat mənzil fondu olmadığından onu yaşayış sahəsi ilə təmin etmək hələlik imkan xaricindədir. Yeni tikilən mənzillər Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən, həmçinin Bakı şəhərində zəruri dövlət ehtiyacları və köçürülməsi vacib olan xüsusi əhəmiyyət kəsb edən obyektlərdə məskunlaşmış məcburi köçkün ailələri üçün nəzərdə tutulub və həmin ailələrin sayına uyğun tikinti işləri layihələndirilərək aparılır. Tikinti zamanı əlavə mənzil nəzərdə tutulmadığından həmin evlərə digər mənzilə ehtiyacı olan ailələrin köçürülməsi mümkün deyil. Lakin gələcəkdə imkan yaranarsa, müraciətinə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli, 01/4579 №-li məktubundan görünür ki, yeni tikilən mənzillər Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən, həmçinin zəruri dövlət ehtiyacları və köçürülməsi vacib olan xüsusi əhəmiyyət kəsb edən obyektlərdə məskunlaşmış məcburi köçkün ailələri üçün nəzərdə tutulub və həmin ailələrin sayına uyğun tikinti işləri layihələndirilərək aparılır. Tikinti zamanı əlavə mənzil nəzərdə tutulmadığından həmin evlərə digər mənzilə ehtiyacı olan ailələrin köçürülməsi mümkün deyil. Gələcəkdə imkan yaranarsa, müraciətinə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 01/3816 №-li məktubundan görünür ki, məcburi köçkün ailələrinin mənzillə təmin olunması Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2004-cü il tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və həmin Dövlət Proqramına xx xxxxxxx 2007-ci il tarixli 2475 nömrəli və xx xxxxxx 2011-ci il tarixli 1346 nömrəli sərəncamlarla edilmiş əlavələrə əsasən mərhələli şəkildə həyata keçirilir. Kirayə mənzillərdə, qohum evlərində və fərdi evlərdə yaşayan, sizinlə eyni vəziyyətdə olan məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı qərar qəbul ediləndə onun da müraciətinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. - Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Aparatının 1778 №-li, xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1980-cı il təvəllüdlü, Kəlbəcər rayonu Məmmədsəfı kəndində qeyidiyyatda olan İddiaçı ərazidə yaşadığı müddət ərzində özünü nümunəvi vətəndaş kimi aparmış, əhali arasında hörmət qazanmış, qonşuları ilə münasibəti normal olmuşdur. Ailəlidir. İki övladı var. Nümünəvi ailə başçısıdır. O, öz zəhmət sevərliyi ilə sakinlər arasında xüsusi hörmətə malik olmuşdur. Pis vərdişləri yoxdur. Narkotik maddələr və spirtli içkilər qəbul etmir. İctimai yerlərdə özünü vaxşı aparır. Cinayət məsuliyyətinə cəlb edilməmişdir. Çıraq kənd İƏD üzrə nümayəndəliyinə onun haqqında şikayət məzmunlu ərizə daxil olmamışdır. Sakit təbiətlidir, mehribandır. İctimai işlərdə fəal iştirak edir. İcra nümayəndəliyi tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır. Vətəndaş İddiaçı vətənpərvər, xalqına, torpağına bağlı bir insandır. Xasiyyətcə mülayim, fiziki cəhətdən sağlamdır. - Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının X27 Ərazi Dairəsi üzrə nümayəndiliyinin 95 №-li, 19.06.20-ci il tarixli məktubundan görünür ki, nümayəndəliyin Məmmədsəfı kənd sakini X5 məcburi köçkün kimi Bakı şəhəri Nərimanov rayonunda qeyidiyatdadır. Kirayə qaldığı evdən ev sahibi çıxardıb, hazırda özünə aid olan heç bir yaşayış yeri yoxdur. Vətəndaş İddiaçı özü ilə söhbət aparıldı, heç bir yaşayış yerinin olmadığını bildirdi. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək və aşağıdakı maddı hüquq normalara əsaslanaraq hesab etmişdir ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün düşdükdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən məskunlaşdırılmadığından (bununla bağlı cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir), mənzillə ehtiyacı olan şəxs kimi qeydiyyata alındığından, məskunlaşdırılmalı olan şəxs olduğundan onun iddia tələbi qanuni və əsaslı hesab edilməklə təmin edilməli, növbəliliyə uyğun olaraq yaşayış sahəsi ilə təmin edilməsi cavabdeh inzibati orqana həvalə edilməlidir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinin tələblərinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. - 5-ci maddəsinin tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması və başqa yaşayış sahəsinə köçürülməsi məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlər müvəqqəti yaşayış sahələri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq təmin edilirlər. Həmin Qaydanın: -1.3-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. - 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. - 1.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir. - 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. - 2.2-ci bəndinə əsasən yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar. - 2.3-cü bəndinə əsasən rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir. - 2.4-cü bəndinə əsasən müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdən görünür ki, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkün İddiaçı ünvan 1 ünvanında məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. İddiaçının tələbi – onun yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsidir. Yuxarıda sadalanan qanunvericilik aktlardan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə məskunlaşıb faktiki yaşayan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Həmin Qaydalara görə məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən tərtib və təsdiq edilmiş siyahı əsasında həyata keçirilir. Təqdim edilmiş siyahı yaradılmış Komissiya tərəfindən yoxlanıldıqdan sonra mənzil almaq hüququ olan məcburi köçkün ailələrinin dairəsi müəyyənləşdirilir. Bu sahədə qəbul edilmiş Dövlət Proqramına və Dövlət Proqramına edilmiş Əlavələrə uyğun olaraq ölkə ərazisində salınmış yeni qəsəbələrə yalnız həmin Dövlət Proqramında və ona edilmiş Əlavələrdə göstərilən obyektlərdə məskunlaşıb faktiki yaşayan məcburi köçkün ailələri köçürülür. Qaydaların 2.4-cü bəndində müvəqqəti yaşayış sahələrin məcburi köçkün ailələrinə verilməsi nəzərdə tutulmuşdur. Qaydanın 2.4.2-ci bəndinə əsasən, yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələri mənzillə təmin olunur. Göründüyü kimi, yeni tikilən mənzillər Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş obyektlərdə məskunlaşmış məcburi köçkün ailələri üçün nəzərdə tutulub və həmin ailələrin sayına uyğun tikinti işləri layihələndirilərək aparılır. Komitə tərəfindən Dövlət Proqramında və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nda nəzərdə tutulanlardan başqa fərdi qaydada məcburi köçkünlərin növbədənkənar mənzillə təmin edilməsi həyata keçirilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələblərindən kənara çıxaraq, iddiaçının növbəlik əsasında yaşayış sahəsi ilə təmin edilməsi öhdəliyi cavabdehə həvalə etmişdir. Halbuki, İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya göstərilən dəlilləri qəbul edir və belə nəticəyəgəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3733/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin nümayəndəsi M.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3733/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı yaşayış sahəsi ilə təmin edilməsi barədə iddia tələbi rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-471/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-471/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver