Məhkəmə qərarları › İş №2-1(103)-471/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-471/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-471/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs: Təhsil Nazirliyi) “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2021saylı 31.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun adına verilmiş B19 № 165623 saylı bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 2019-cu ildə O.S.Popov adına Odessa Milli Telekommunikasiya Akademiyasının “müəssisənin iqtisadiyyatı” ixtisasını bakalavr dərəcəsi üzrə bitirmiş. ona B19 № 165623 saylı bakalavr diplomu verilmişdir. 11 fevral 2020-ci il tarixdə diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün cavabdehə müraciət etmiş, sonuncu isə iddiaçının təhsil aldığı rus dilində bilik səviyyəsi yoxlanılarkən ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edildiyini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmədiyi barədə iddiaçıya 02 may 2020-ci il tarixdə imtina məktubu ünvanlamışdır.İddiaçı hesab edir ki, cavabdehin. rus dili biliyinin aşağı olması bəhanəsi tam əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2021saylı 31.08.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Ukraynanın O.S.Popov adına Odessa Milli Telekommunikasiya Akademiyası tərəfindən verilmiş B19 seriyalı 165623 saylı bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı İddiaçı müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə öhdəlik qoyulmuşdur. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, qərar ziddiyyətlidir. Məhkəmə bir tərəfdən sübutlara və qüvvədə olan qanunvericiliyə istinadən cavabdehin diplom üzrə ixtisasını tanımaması və ekvivalentliyini müəyyən etməməsini qanunsuz hesab edib, digər tərəfdən heç bir əsas olmadan qərarın 5-ci səhifəsinin sonuncu abzasında göstərib ki, guya onun müraciəti üzrə inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruridir. Lakin məhkəmə nəzərə almayıb ki. cavabdeh mövcud qanunvericiliyin səviyyəsini bəhanə gətirərək heç bir qanuni əsas olmadan diplom üzrə ixtisasını tanımayıb və ekvivalentliyini müəyyən etməyib. Yəni xarici dili mənimsəmə səviyyəsi üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün əsas ola bilməz. Digər tərəfdən hansı araşdırmanın davam etdirilməsinin zəruriliyini göstərməyib. Buna görə də məhkəmə onun iddiasını təmin etməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsi tərəfindən məhkəmə icraatını axıracan davam etdirərək iddia tələbini təmin etməli olduğunu bildirmiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Sultanlı qərardan cavabdeh tərəfindən şikayət verilmədiyini və yenidən cavabdehin müraciəti üzrə məsələyə baxılmasına cavabdehin etirazı olmadığını bildirmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İddiaçının iddia ərizəsində ifadə olunan möavqeyindən, məhkəməyə verdiyi hazırkı izahatından görünür ki, iddia qaldırmaqda məqsədi xarici ölkədə aldığı təhsil üzrə ona verilmiş bakalavr diplomu üzrə ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamə almaqdan ibarətdir. Cavabdehin işə əlavə olunmuş 29.04.2020-ci il tarixli imtina qərarından (qeydindən) isə görünür ki, müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş hesab olunmamış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən onun diplom üzrə ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının dil bilmə səviyyəsini əks etdirən audi-video yazı (disk) da məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi, cavabdeh orqan iddiaçının müraciətinə əsasən inzibati icraat başlamış, iddiaçı ilə müsahibə aparmış, müsahibənin nəticələrinə dair qərar qəbul etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi həmin sübutları araşdırıb, onlara hüquqi qiymət vermək əvəzinə, hüquqii mövqeyini ortaya qoymadan, bununla bağlı əsas göstərmədən və bunu əsaslandırmadan, formal şəkildə, «İnzibati icraat haqqında» Qanunun 20.2, 52.1, 61.1 və İPM-in 11.4-cü maddələrinin tələblərini qeyd edərək, «məcburetmə haqqında iddialarda inzibati orqanın diskression səlahiyyəit əsasında qərarlar qəbul etdiyini vurğulayaraq » İPM-in 73.3-cü maddələrininə istinadən hesab etmişdir ki, məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla, iddiaçının bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı iddiaçının müraciəti üzrə müvafiq inzibati aktın qəbul edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmalıdır. Halbuki, yuxarıda qeyd edildiyi kimi, işdə olan sübutları araşdırmaqla, lazım gəldikdə əlavə sübutlar toplamaqla cavabdehin diskression səlahityyətlərinin qanuniliyinə məhkəmə özü də hüquqi qiymət vermək onun İPM-in 58.7-cü maddəsindən irəli gələn vəzifəsi olmuşdur. Digər tərəfdən, hazırkı qərarı ilə həll etdiyi məsələni aralıq qərardadı ilə həllinə nail olmaq üçün prosessual səlahiyyətə malik olmuşdur. Belə ki, İPM-in 67.2-ci maddəsinin tələbinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələblərinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Prosessual qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, əgər məhkəmə, sübutlarla müəyyən edilən hallara münasibətdə mübahisənin həllinə gətirib çıxara biləcək hallara aydınlıq gətirən halların araşdırılmasını zəruri hesab edirsə,bu zaman cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətlərin yerinə yetirilməsini və nəticəsi barədə məlumat verilməsini tələb etməkdə səlahiyyətlidir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının diplom üzrə ixtisasının tanınması ilə bağlı hüquqi mövqeyi nəzərə alınmaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə mahiyyəti üzrə gəlinmiş nəticə tərəflər arasındakı mübahisəini həllinə yönələn və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, qərarın ziddiyyətli olduğunu və məhkəmə sübutlara qüvvədə olan qanunvericiliyə uyğun qiymət vermədyini mübahisələndirən hissəsində dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-970/2021saylı 31.08.2021-ci il tarixli qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 87.9-cu maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə sonrakı prosessual hərəkətlərin davamı çərçivəsində yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, işdə olan sübutlar hərtərəfli araşıdırılıb hüquqi qiymət verməli, zəruri olduqda əlavə sübultlar da toplayaraq cavabdehin imtinasına qanuniliyinə aydınlıq gətirməli və bütün bunların nəticəsindən asılı olaraq da mahiyyəti üzrə mübahisənin taleyini həll edərək iddianın təmin edilməsi və ya rədd edilməsi barədə müvafiq qərar qəbul etməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-970/2021saylı 31.08.2021-ci il tarixli qərarı ləğv edilsin. İş məhkəmə icraatının davam etdirilməsi yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar