Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-471/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X6 Konsaltinq” MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-258/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı “X6 Konsaltinq” MMC cavabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********156590 saylı qərarında azaldılmış məbləğlər, o cümlədən 2020-ci il mənfəət vergisi üzrə 13932.33 manat, 2020-ci il ƏDV üzrə 6224.71 manat, 2020-ci il əmlak vergisi üzrə 35.89 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sosial sığorta haqqları bəyannaməsi üzrə 129.99 manat, 2020-ci il ÖMV üzrə 140 manat, 2021-ci il ÖMV üzrə 14 manat və ümumilikdə 10318.48 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********156590 saylı “Vergi ödəyicsinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qəbul edilmişdir. Həmin qərara əsasən 20476.92 manat vergi azaldılmış və 10318.48 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin iddiaçıya əlavə vergilər və digər məcburi ödəmələr hesablaması barədə həmin qərarları vergi qanunvericiliyinin tələblərinin pozulması ilə çıxarılıb. Səyyar vergi yoxlaması ilə 2020-ci il mənfəət vergisinin azaldılmasında yoxlayıcı illik gəlirin 2300.1 manat az göstərilməsinə və xərclərdə yanacaq xərclərinin, amortizsya, təmir, əsas vəsaitlərin, az qiymətlilərin nəzərə alınmamsı ilə ümumilikdə 97808.11 manat mənfəət hesablayaraq 16638.76 manat verginin azaldılmasını aktda qeyd etsə də yekunda VÖMCQ-nda mənfəət vergisindən azaldıan məbləğ 13932.33 manat müəyyən etmişdir. Səyyar vergi yoxlaması və yekun qərarda yaranan bu fərq izah edilməmişdir. Gəlir azaldılması və xərclərin nəzərə alınmayan hissəsini aşağıdakı kimi qeyd etmişdir: - 2.300,10 (238.409,12-236.109,02) manat əskik göstərildiyi və nəticədə mənfəət vergisinin 460,0 (2.300,10*20%) manat məbləğində azaldıldığını müəyyən etmiş, - 322,26 manat məbləğində gəlirin əldə edilməsi ilə bağlı olmayan və sənədlərlə təsdiq olunmayan enerji xərcinin xərclərə aid edilməsi nəticəsində mənfəət vergisinin 64,4 (322,26 *20%) manat məbləğində azaldılması; enerji xərclərini təsdiq edən sənədlər işə əlavə edilmişdir, - 8.224.70 manat məbləğində "xxxx" MMC (VÖEN **********) 2020-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalarına əsasən yanacaq xərclərinin nəzərə alınamaması nəticəsində mənfəət vergisinin 1.644.94 (8.224,70*20%) manat məbləğində azaldılması; Yanacaq müəssisənin istifadəsində olan əsas vəsaitlərin, o cümlədən maşınların istifadəsi zamanı istifadə edilmiş, bunlara çəkilən xərclər bəyannamədə müvafiq bənddə göstərilmişdir. Müəssisənin istifadəsində olan avtomobillərə yanacaq sərfinin xərcə aid edilib ya edilməməsinə Ali məhkəmə bundan öncəki inzibati aktın mübahisəsi üzrə qəbul edilmiş qərarı qüvvədə saxlamaqla həmçinin, ekspert rəyində göstərilməsini nəzərə alaraq yoxlayıcının əsassız olaraq vergi hesabladığını göstərilə bilər. Ali məhkəmə Bakı inzibati məhkəməsinin qərarı ilə təmin edilmiş iddiaya münasibətdə Apellyasiya məhkəməsinin qərarının qüvvədə saxlamaqla əslində bu məhkəmə mübahisəsində də bir çox məsələlərə münasibət bildirmişdir. Bu da o demək dir ki, yanacaq sərfinin e-qaimələrinin xərcə aid edilməsi müəssisə tərəfindən düzgün olaraq xərcə aid edilmiş, lakin yoxlayıcı əsassız olaraq xərclərdən çıxararaq əlavə mənfəət vergisi hesablamışdır. - 77.862,42 manat məbləğində xərclər isə aktda təmir-tikinti materiallarının alınması təmir xərclərinə aid edilməsi, mebel, divan stol, stul və sair bu kimi əsas vəsaitlərin, yəni, avadanlıq və təmir xərclərinin digər xərclərə aid edilməsinin xərclərdən çıxarılması nəticəsində 15.572,5 (77.862,42 *20 %) manat mənfəət vergisinin azaldılması kimi qeyd edilmişdir. Bu əslində ilkin sənədlərdən də görünür ki, həmin obyekt qeyri yaşayış obyektidir, bağlanılmış müqavilədə obyektin təmiri nəzərdə tutulmuş olsada yoxlayıcı tərəfindən nəzərə alınmamışdır. Əsas vəsaitlər, az qiymətlilər faktiki oalraq konsaltinq fəaliyətilə məşğul olan şirkətdəki, kopyuter, oturacaq, stol və digərləri xərclərdən çıxılmışdır. Faktiki olaraq bu müəssisə başqa harda bu fəaliyyəti göstərə bilərdi? Əgər stolu, kompyuteri, avadanlığı, ofisi vergi uçotunda obyekti mövcuddursa bunlar nə üçün xərclərdən çıxılmalı və sayılmamalıdır? müvafiq sənəndlər iş materiallarına əlavə edilmişdir. Mənfəət vergisi üzrə hesablamaya əsas olaraq vergi orqanının yoxlayıcısı akt tərtib edərkən 2020-ci il üzrə illik mənfəət vergisi hesabatında göstərilən gəlir məbləğini 2300,1 manat artırmışdır. Bu hissəsəyə də artıq Ali Məhkəmənin qərarı ilə birinci məhkəmə mübahisəsi üzrə hazırkı işin dayandırılmasına əsas olan hal aradan qalxdığından, göstərilən 2300.01 manat gəlir mövcud olmaması aydınlaşdırıldığından bu hissəsəyə də aydınlıq gəldiyini hesab edilir. Yəni 2300.1 manat kənarlaşmanın olmadığı da artıq təsdiq edilmişdir. Bu hissədə də mübahisə mövcud deyil. Əslində bu hissəsəyə aydınlıq gətirilməsi həmçinin növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsində istifadə edilən və 38.3.5 maddəylə əsaslandırılıb səyyar vergi yoxlaması təyin edilməsi halının olmadığı və yoxlamanın həqiqətən əsassız olaraq təyin edilməsi də aşkar edilmiş olur. Beləliklə, xərclərin 80893,69 manat azaldılaraq mənfəət vergisi hesablanmasını, növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsini, gəlirlərin 2300.1 manat azaldılması halı üzrə Ali Məhkəmənin qərarı hazırkı mübahisənin yekunlaşdırılması, aydınlaşdırılması, araşdırılması üçün sübut kimi istifadə edilməlidir. Yoxlama ilə təmir xərcləri, əsas vəsaitlərin amartizasiyası, azqiymətlilərin xərclərə silinən məbləği, ehtiyyatlarla bağli xərclər azaldılmışdır Bu xərclərin təsdiq edən elekton qaimələri və bank sənədləri də məhkəməyə təqdim edilmişdir. ƏDV-nin ayrı-ayrı aylar üzrə dövriyyənin 17.823,73 manat (o cümlədən 2020-ci ilin oktyabr ayı üzrə 2.423,73 manat, dekabr ayı üzrə isə 15400.0 manat) artıq göstərilmiş və müvafiq olaraq büdcəyə ödənilməli olan ƏDV-nin 3.208,27 manat (o cümlədən 2020-ci ilin oktyabr ayı üzrə 436.27 (2.423,73*18%) manat, dekabr ayı üzrə isə 2.772,0 (15.400,0* 18 %) manat məbləğində artıq hesablanmasını müəyyən etmişdir. VÖMCQ-nın artıq hesablama hissəsi ilə iddiaçı razılaşır. Yanacaq və digər xərcləri e qaimə, bank, depozit ödəmə tələbləri VM-nə uyğun olaraq aparılmasına baxmayaraq, cavabdeh qurum aktda və mübahisələndirilən qərarla 7080.87 manat ƏDV əvəzləşməsini ləğv edərək əlavə olaraq vergi hesablamışdır. Belə ki, bu əvəzləşmələr qanunvericiliyin tələblərinə əsasən əvəzləşdirilmiş əsas vəsaitlər, təmir, yanacaq xərcləri üzrə olmuşdur, müvafiq sənədlər işə əlavə edilmişdir. Yoxlayıcı Vergi Məcəlləsinin 175.2-ci maddəsinə istinad etmişdir ki, bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. Burada göstərilənlər yoxlayıcı tərəfindən əsassızdır. Bunu bütün ilkin sənədlər sübut edir. Yoxlayıcı Cəmiyyət ilə onun təsisçisi Nümayəndə (VÖEN **********) arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 mənzil 14 (yeni qaydalarla AZ 1007 ünvan 1 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 2 saylı binanın 3-cü mərtəbəsində 103.1 kv.m sahəni icarəyə götürmüş və icarəyə götürülmüş mənzilin təmiri üçün alınmış tikinti materialları, mebel, divan, stol, stul, və sair bu kimi mal-material, avadanlıq və təmir xərclərinə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirmədən çıxarmış və əlavə olaraq ƏDV hesablamışdır. Müəssisə VM-nin 175-176-cı maddəsinin təəblərinə əsasən qanunamüvafiq oalraq bəyannamələrini təqdim etmiş və əvəzləşməsini etmişdir. Beləliklə yoxlayıcı mebel, divan, stol, stul, avadanlıq və təmir xərclərinə görə 7.080.87 manat məbləğində ƏDV əvəzləşməsini qanunsuz olaraq ləğv etmişdir. Müəssisənin fəaliyyəti konsaltinq, mühasibat fəaliyyəti olduğundan 10 nəfər ətrafında işçi oturaq işləmək üçün müvafiq mebellərin mövcudluğu fəaliyyətin göstərilməsi üçün vacib olduğu üçün həm xərclərdən, həm də əvəzləşmədən çıxarılması qanunvericliyin tələblərinə ziddir. Göstərilən əvəzləşmə və xərclərin faktiki alınmasını təsdiq edən sənədlər, yəni, əsas vəsaitlər, mal materiallar və yanacaq xərcləri üzrə elektron qaimələrin ödəniş sənədləri, ƏDV depozit köçürmələri təsdiq edici sənədlər məhkəməyə və yoxlamaya təqdim edilmişdir. Ali məhkəmə müvafiq fəaliyyət üzrə bundan əvvəl bu əsaslarla hesablanmış vergilərin qanuniliyinə münasibət bildirdiyi üçün artıq bu hissəsədə də məhkəməyə aydınlıq gətirildiyini hesab edilir. Təsdiqedici sənədlər bundan öncə əlavə edilmişdir. Vergi ilə əlaqədar isə bildirilir ki, müəssisənin faktiki olaraq həmin dövrdə fəaliyyəti olmamışdır və fəaliyyətini dayandırmışdır. Fəaliyyət dayandığı müddətdə isə icarə müqaviləsi üzrə hesablanma aparılmamış və hər hansı pul ödənilməmişdir, ödəmə mənbəyindən tutulan isə ödənilmiş məbləğdən tutulduğuna görə burada icarə haqqının ödənişini təsdiq edən hər hansi ödəniş sənədi mövcüd deyildir. Bu səbəbdən isə ödəmə mənbəyində vergi üzrə hesablanmış 361,29 manat vergi məbləği də ləğv edilməlidir. 001 nömrəli 01 avqust 2020ci il tarixində bağlanan icarə müqaviləsinin 2.2. bəndinə əsasən 01 yanvar 2021-ci il tarixindən etibarən hər ayın əvvəli icarə verənə İ aya görə 500 manat məbləğində icarə haqqını ödəyir. Buna əsasən 2020 ci ilin 3-cü və 4-cü rübündə boş hesabat təqdim edilmişdir, amma vergi tərəfindən 3-cü rübdə 140 manat 4-cü rübdə 210 manat əlavə vergi məbləği tutulmuşdur. Yekunda yoxlayıcı tərəfindən 77862.42 manat digər xərc bəndi azaldılmış, yanacaq xərci 8224.7 manat, əmək haqqı və DSMF xərcləri 5450.89 manat, rabitə xərcləri 15.25 manat, bank xərcləri 49.55 manat artırılmışdır. Cəmi 80571.43 manat xərclər yoxlayıcı tərəfindən vergilər hesablanarkən nəzərə alınmamışdır. Bağlanılmış icarə müqaviləsinə əsasən təmir, kommunal və digər xərclərin aparılması icarəyə götürənin üzərində öhdəlik olaraq qaldığı üçün müvafiq ofisin təmir bərpası qeyri kommersiya məqsədli sayıla bilməz. Həmin təmir xərclərinin aparılmasını təsdiq edən forma2 eqaimə, bank ödəmə tapşırığı, depozit hesabından çıxarış iş materiallarına əlavə edilmişdir. 322.26 manat enerji xərcləri nəzərə alınmamışdır. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 mənzil 14 (yeni qaydalarla AZ 1007 ünvan 1 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən binanın 3-cü mərtəbəsində 103.1 kv.m icarəyə götürülmüş qeyri yaşayış obyektinin təmiri üçün xərclər, mebel, divan, stol, stul, və sair bu kimi mal-material, avadanlıq və təmir xərclərinə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmişdir. Buradan da belə qərara gəlinə bilər ki, 2020-ci ilin ilk 6 ayı üzrə vergi orqanı tərəfindən müəyyən edilmiş dövriyyə özü əsassız dövriyyə olduğu üçün və bu hal-hazırda yekun məhkəmə aktı ilə ləğvi barədə qərar qüvvədə qaldığından, mübahisələndirilən həmin dövriyyə fərqinə istinad edilməklə mənfəət vergisinin 2020-ci il üzrə hesablanması qanunsuzdur. Vergi orqanının SVY növbədənkənar qərarı VM-nin 38.3.5-ci maddəsinə istinad edilməsi qanunamüvafiq hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul edilmiş 2- l(102)-775/2022 saylı başqa bir qərarında da yoxlamanın qanunsuz hesab edilməsi barədə qərarın 34 və 35-ci bəndlərində ətraflı şəkildə qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-258/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********156590 saylı qərarı 2020-ci il ƏDV vergisi üzrə "xxxx" MMCdən əldə edilən e-qaimələr əsasında ƏDV əvəzləşdirilmələrinin ləğvi hissəsi istisna olmaqla qalan hissədə hesablanmış ƏDV və həmin məbləğə mütənasib VM-nin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası hissəsində, 2020-ci il və 2021-ci il üzrə ödəmə mənbəyindən vergi və VM-nin 58.1-ci maddəsinə əsasən ona müvafiq maliyyə sanksiyası hissəsində ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh və iddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətlərinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının apelyasiya şikayəti: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********150301 saylı qərarına əsasən “X6 Konsaltinq” MMC-də keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının qanuniliyi yoxlanılmamış, qanunvericiliyə uyğun hüquqi qiymət verilməmişdir. Növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmişdirsə, burada mənbəyi bəlli olan vergidən yayınma halı mövcudluğuna istinad edilməsi kimi qiymətləndirilmiş, yoxlama təyin edilmişdir. İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mənbəyi bəlli olan məlumatı kimi məhkəməyə bildirilmişdir ki, bundan öncəki xx.xx.2020-ci il tarixli **********139184 saylı növbədənkənar səyyar vergi yoxlaması ilə müəyyən edilmiş ƏDV-siz 2300.01 manat dövriyyəyə əsasən təyin edilmişdir. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8503\2022 saylı tarixli qərardadı ilə hazırkı iş üzrə icraat dayandırılmış, Azərbaycan Respubşikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə icraatın dayandırılması barədə qərardad qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-15/2024 saylı qərarı ilə iddia 70.52 manat hissə istisna olmaqla iddia qalan hissədə təmin edilmiş, ümumiyyətlə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qanunsuz hesab edilmişdir. Bundan öncəki növbədənkənar SVY üzrə iddia ərizəsinə baxılarkən məhkəmə inzibati orqanın bütün hərəkətlərini təhlil etmiş, səyyar vergi yoxlamasının qanuniliyinə və inzibati aktın qanuniliyə hüquqi qiymət vermişdir. Məhkəmədə cavabdehin nümayəndəsinin vəsatəti ilə hazırkı iş üzrə icraat dayandırlmış, sonradan məhkəmə davam etdirildikdə isə cavabdehin digər nümayəndəsi bu fərqin mövcudluğunu təsdiq etmişdir. Hazır ki, növbədənkənar SVY-nin təyin edilmə səbəbi mübahisəli dövr üçün keçmiş səyyar vergi yoxlaması ilə 2020-ci il ilk 6 ay üzrə müəyyənləşdirilən dövriyyə fərqi olmuşdur. Hazırki növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinadən təyin edilmiş və bu maddə üzrə qanuni əsasın mövcud olmaması, bu SVY-nın təyin edilməsinin, keçirilməsinin və nəticəsi barədə qərarın qəbul edilməsi, “İnzibati icraat haqqında” qanunun 67.1-ci maddəsinə əsasən qanunsuzdur. Səyyar vergi yoxlamasının təyin edilməsinə əsas 2020-ci ilin ilk 6 ay üzrə 2300.10 manat dövriyyə fərqinə əsaslanmışdır. Bu fərq isə mövcud olmamışdır (əsas xx.xx.2022 2-1(102)- 15/2024 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı). Çünki bundan öncəki növbədənkənar SVY üzrə qəbul edilmiş inzibati aktın mübahisəsi başa çatmış, məhkəmə qərarı ilə iddiaları 70.52 manat xaric təmin edilmişdir. Hazırkı səyyar vergi yoxlamasının təyin edilməsinə, keirilməsinə, qəbul edilmiş inzibati aktın qanuniliyinə Bakı İnzibati Məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən hallan (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, vergi orqanı həmin əlaqəli məlumatların nədən ibarət olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmişdir. Bakı inzibati Məhkəməsi hazırkı mübahisəli dövrdə ƏDV əvəzləşmələri üzrə Azpetroldan alınmış yanacaq xərcləri üzrə əvəzləşməni qəbul etməyib digər xərcləri təsdiq edən əvəzləşmələri qəbul etməsi isə məhkəmənin ziddiyətli qərar qəbul etməsindən xəbər verir. Belə ki, yoxlayıcı təmiri üçün alınmış tikinti materialları, mebel, divan, stol, stul, və sair bu kimi mal-material, avadanlıq və təmir xərclərinə görə 7.080.87 manat məbləğində ƏDV əvəzləşməsini ləğv etmiş, müvafiq xərcləri çıxaraq mənfəət vergisi də hesablamışdır. Məhkəmə isə 540.0 manat Azpetrol yanacaq əvəzləşməsini ləğv etmiş, digər xərclərin əvəzləşməsini qəbul etmiş, mənfəət vergisi bəyannaməsində isə xərclərdən çıxarılaraq əlavə mənfəət vergisi hesablamasını doğru hesab etnmişdir. Məhkəmə icraatı dayandırması halını, Ali Məhkəmə qərarını, sənədləri, işin hallarını nəzərə almamışdır. Beləliklə, yoxlama ilə büdcəyə əlavə olaraq ƏDV-nin 6.224,71 manat məbləğində azaldılmış hissəsində 540.0 manat yanacaq əvəzləşməsini ləğv etməsi, digər əvəzləşmələri doğru hesab etməsi ziddiyətli hal kimi qəbul edilməlidir. Cavabdehin apelyasiya şikayəti: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin ”Səyyar vergi yoxlamasının keçirilməsi“ haqqında xx.xx.2021-ci il tarixli **********150301 nömrəli Qərarı ilə ”QARANT MÜHASİBAT-AUDİT-KONSALTİNQ“ Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) növbədənkənar səyyar vergi yoxlaması(yoxlanılan dövr: iyul 2020– avqust 2021) təyin edilmiş və yoxlama xx.xx.2022-ci il tarixli **********151530 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün iddiaçıya zəruri olan sənədlərin təqdim edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********150342 saylı Tələbnamə təqdim edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin bir qismi təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********151530 nömrəli aktın nəticələrinə baxılmasının vaxtı və yeri barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarxli **********254400 nömrəli məktub göndərilərək cəmiyyətin rəhbərinin və ya səlahiyyətli nümayəndəsinin iştirak etməsi barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, səyyar vergi yoxlamasının nəticələrinə baxılmada iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Bu səbəbdən yoxlama materiallarına vergi ödəyicisinin iştirakı olmadan baxılmış və Vegi Məcəlləsinin 23-cü və 49-cu maddələrinin tələblərinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********156590 nömrəli VÖMCQ çıxarılaraq ümumilkdə büdcəyə 28425.35 manat vəsait hesablanmışdır. İddianın təmin edilmiş hissəsində hesab edirik ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, işin müəyyən olunmuş faktiki hallarına uyğun olmayan maddi hüquq normasını tətbiq etmişdir. Belə ki, iddiaçının Vergi Məcəlləsinin 156.1-ci maddəsinin tələblərinə müvafiq olaraq xx.xx.2017-ci il tarixli **********974000 nömrəli “Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyatı haqqında” ərizəsinə əsasən Vergi Orqanında xx.xx.2017-ci il tarixli **********9 nömrəli ƏDV ödəyicisinin qeydiyyat bildirişi ilə Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmiş və “Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyatı haqqında” ərizəsinə əsasən qeydiyyat xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən Cəmiyyət tərəfindən əldə edilmiş elektron qaimə-fakturalara əsasən sahibkarlıq məqsədləri üçün istifadə olunmayan mallara görə ödənilmiş ƏDV məbləğinin düzgün olmayaraq əvəzləşdirildiyi və Vergi Məcəlləsinin 13.2.27-ci,13.2.37-ci, 159.5-ci və 175.1-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin (xx.xx.2020-ci il tarixədək qüvvədə olan versiyasına əsasən) 13.2.27-ci maddəsinə əsasən Qeyri-kommersiya fəaliyyəti - məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri, o cümlədən öz nizamnamə məqsədləri üçün istifadə etməyi nəzərdə tutan qanunla qadağan edilməyən fəaliyyətin həyata keçirilməsidir, əks halda bu fəaliyyət kommersiya fəaliyyəti sayılır. Habelə, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Vergi Məcəlləsinin 175.2-ci maddəsi bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. Eyni zamanda Vergi Məcəlləsinin 175.3-cü maddəsində Bu Məcəllənin 109.4-cü maddəsində göstərilən xərclər istisna olmaqla, Vergi Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmədiyi nəzərdə tutulmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, gəlirin əldə edilməsi ilə bağlı olmayan Cəmiyyət ilə onun təsisçisi Nümayəndə (VÖEN **********) arasında bağlanmış xx.xx.2020 tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 mənzil 14 (yeni qaydalarla AZ1007 ünvan 1 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 2 saylı binanın 3-cü mərtəbəsində 103.1 kv.m sahəni icarəyə götürmüş və icarəyə götürülmüş mənzilin təmiri üçün alınmış tikinti materialları, mebel, divan,stol,stul, və sair bu kimi malmaterial, avadanlıq və təmir xərclərinə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 13.2.27-ci,13.2.37-ci, 159.5-ci və 175.1-ci maddələrinin tələblərinə əsasən gəlirin əldə edilməsi ilə bağlı olmayan və icarəyə götürülmüş mənzilin təmiri üçün alınmış tikinti materialları, mebel, divan, stol, stul, və sair bu kimi mal-material, avadanlıq və təmir xərclərinə görə 7.080.87 manat məbləğində ƏDV əvəzləşməsi ləğv edilmişdir. Beləliklə, yoxlama ilə büdcəyə əlavə olaraq 3.872,6 (7080.87- 3.208,27) ƏDV hesablandı və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 6.224,71 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında 3.112,36 manat maliyyə sanksiyasının tətbiq edilməsi əsaslı və qanuni olmuşdur. Bundan başqa, Cəmiyyət ilə Nümayəndə (VÖEN **********) arasında bağlanmış xx.xx.2020 tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 mənzil 14 (yeni qaydalarla AZ1007 ünvan 1 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 2 saylı binanın 3-cü mərtəbəsində 103.1 kv.m sahəni icarəyə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən aylıq icarə haqqı məbləği 500 manat müəyyən edilmişdir. İcarə müqaviləsi xx.xx.2020 tarixdən xx.xx.2021-ci il tarixədək bağlanmışdır. İcarə müqaviləsinin 2-ci maddəsinə əsasən icarə haqqı məbləğinin xx.xx.2021 -ci il tarixdən hesablanmaqla hər ayın əvvəli (ilk beş günü ərzində) ödənilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə 1 saylı əlavəsinə” əsasən qeyd olunan icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən icarə müqaviləsinin qüvvədə olduğu dövrdə (dövr: xx.xx.2020-xx.xx.2021) icarə haqqının ödənilmədiyi və müvafiq olaraq icarə götürüən tərəfindən icarə haqqından ÖMV-nin hesablanmadığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 150.1-ci,150.1.6-cı və 124.1-ci maddələrinin tələblərinin pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyrirezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Beləliklə, Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 150.1-ci,150.1.6-cı və 124.1-ci maddələrinin tələblərinin pozulması nəticəsində ÖMV-nin 361.29 ((5 ay*500=2500 +80,65 (5 gün*16,12)=2580,65*14%)) manat məbləğində azaldıldığı müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən ÖMV-nin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 361.29 azaldılmasına görə 50%- 180,65 manat məbləğində maliyyə sanksiyası təklif olunmuşdur. Məhkəmə iddiaçı tərəfindən 5 ay icarə haqqı ödənilmədiyindən həmin icarə haqqından ödəmə mənbəyində verginin hesablanması əsasız hesab etmişdir. Hesab edirik ki, icarə müqaviləsindən iləri gələn öhdəliklərin yerinə yetirilməməsi iddiaçının vergi öhdəlkilərindən azad edə bilməz. Eyni zamanda tərəflər arasında icarə haqqından imtina və ya ödənilməməsi vergitutma məqsədləri üçün vergi ödəyicisinə qanunvericiliklə müəyyən edilmiş vergiləri ödənilməsindən azad edə bilməz. Odur ki, mübahisələndirilən qərar həm mahiyyətinə, həm də ki məzmununa görə vergi qanunverciliyinə uyğundur və Vergi Məcəlləsinin 70.3cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Tərəflərin izahatları: Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, qərarın təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətlərini müdafiə edərək, qərarın təmin olunan hissədə ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı təmin edilən və təmin edilməyən hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən 2020-ci il üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 176.988,02 manat, çıxılmalardan sonra ümumi gəlir 236.109,02 manat, enerji xərci 322.26 manat, yanacaq xərcləri 8.224,70 manat qeyd edilməklə vergitutma məqsədləri üçün mənfəət 14.614,32 manat göstərilmiş və müvafiq olaraq 20% dərəcə ilə 2.922,86 manat məbləğində mənfəət vergisi bəyan edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən isə 2020-ci il üzrə vergi ödəyicisinin gəlirini aşağıdakı kimi hesablanmışdır: Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 179.288,12 manat, çıxılmalardan sonra ümumi gəlir 238.409,12 manat, vergitutma məqsədləri üçün mənfəət 97.808,11 manat və müvafiq olaraq 20% dərəcə ilə mənfəət vergisi 19.561,62 manat məbləğində müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş və vergi orqanı tərəfindən nəzərə alınmayan xərclər aşağıdakılardan ibarət olmuşdur. Vergi orqanı iddiaçının 2.300,10 (238.409,12-236.109,02) manat əskik göstərdiyi və nəticədə mənfəət vergisinin 460,0 (2.300,10*20%) manat məbləğində azaldıldığını müəyyən etmişdir. Belə ki, sistem üzrə təqdim edilmiş “X3 Konsaltinq” MMC-nin 2020-ci il üzrə təqdim etdiyi e-qaimələrin siyahısından görünür ki, 2020-ci il üzrə 95 sayda e-qaimə dövriyyəsi 238409,12 manat olduğu halda vergi ödəyicisi həmin dpvriyyəni 236109.02 manat olmaqla 2.300,10 manat əksik göstərmişdir. Mənfəət vergisinin hesablanmasının digər əsasları vergi orqanının mövqeyinə görə: -322,26 manat məbləğində gəlirin əldə edilməsi ilə bağlı olmayan və sənədlərlə təsdiq olunmayan enerji xərcinin xərclərə aid edilməsi nəticəsində mənfəət vergisinin 64,4 (322,26 *20%) manat məbləğində azaldılması; -8.224.70 manat məbləğində "xxxx" MMC (VÖEN **********) 2020-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalara əsasən Premium və A-92 markalı benzin alınması üçün ödənilmiş, həmin yanacağın alınması və hansı nəqliyyat vasitələrinə sərf edilməsi sənədlərlə təsdiq olmayan qeyri-kommersiya məqsədləri üçün sərf olunan yanacaq xərcinin gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilməsi nəticəsində mənfəət vergisinin 1.644.94 (8.224,70 *20%) manat məbləğində azaldılması; -77.862,42 manat məbləğində 2020-ci il ərzində əldə edilmiş elektron qaiməfakturalara əsasən icarəyə götürülmüş təsiçiyə məxsus mənzilin təmiri üçün alınmış tikinti materialları, mebel, divan stol, stul və sair bu kimi mal material, avadanlıq və təmir xərclərinin digər xərclərə aid edilməsi nəticəsində mənfəət vergisinin 15.572,5 (77.862,42 *20%) manat məbləğində azaldılması olmuşdur. İşin faktiki hallarından görünür ki, Cəmiyyət ilə onun təsisçisi Nümayəndə (VÖEN **********) arasında bağlanmış xx.xx.2020 tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 mənzil 14 (yeni qaydalarla AZ 1007 ünvan 1 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 2 saylı binanın 3-cü mərtəbəsində 103.1 kv.m sahə icarəyə götürülmüş və icarəyə götürülmüş mənzilin təmiri üçün xərc məkmiş, icarədə olan obyekt üçün mebel, divan,stol,stul, və sair bu kimi mal-material, avadanlıqlar alınmışdır. Birinci instansiya məhkəməsi ilə razılaşan Kollegiya qeyd edir ki, qeyd edilən icarə obyekti üçün alınmış mebel avadanlıqlar, əşyalar isə əsas vəsait kimi qiymətləndirilə və ya əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərc kimi nəzərə alına bilər ki, bu halda VM-nin adıçəkilən 109.1 və 143-cü maddələri qeyd edilən xərclərin gəlirdən çıxılmasına yol vermir. Belə ki, Vergi Məcəlləsinin: -13.2.17. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər. 13.2.22. Əmlakın qalıq dəyəri əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri. -13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. -104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir -108.1-ci maddəsinə görə bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. -109.1-ci maddəsinə görə əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. -109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. 115.6. İcarəyə götürülmüş əsas vəsaitlər icarəçinin balansında uçota alınmadıqda və ya təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə bu Məcəllənin 115.4-cü maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Qeyd olunan normaların məzmunundan aydın olur ki, icarə obyekti balansda olan əsas vəsait olmadığından onun təmirinə çəkilmiş xərclər gəlirdən çıxılan xərcə aid edilə bilməz. 8.224.70 manat məbləğində "xxxx" MMC-dən (VÖEN **********) 2020-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalara əsasən Premium və A-92 markalı benzin alınması üçün ödənilmiş xərclərin nəzərə alınmaması ilə bağlı isə qeyd edilməlidir ki, iş materiallarında olan 4 ədəd nəqliyyat vasitəsinin müəssisənin əvəzsiz istifadəsinə verilməsi ilə bağlı müqavilələr sözügedən nəqliyyat vasitələrinin müəssisənin balansında olmasını təsdiq edən sənədlər hesab edilmir. Belə ki, əvəsiz istifadəyə verilmiş əmlaklar qeydiyyata alınmasını tələb olunan əmlaklar olmaqla həmin nəqliyyat vasitələrinin müəssisənin istifadəsində olmasına dair qeydiyyat sənədləri, yol vərəqələri təqdim edilməmiş, bu halda yalnız müəssisənin möhürü ilə təsdiq edilmiş və müəssisənin təsisçisi ilə bağlanmış qeydiyyata alınmamış müqavilələr nəqliyyat vasitələrinin balansda olmasını təsdiq etmir. Beləliklə, iddiaçının yanacaq xərcinin çəkildiyini bildirdiyi nəqliyyat vasitələri müəssisənin balansında olmadığından, yanacaq xərcləri gəlirdən çıxılan xərcə aid edilə bilməz. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-15/2024 saylı qərarı ilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qanunsuz hesab edilmişdir. Bundan öncəki növbədənkənar SVY üzrə iddia ərizəsinə baxılarkən məhkəmə inzibati orqanın bütün hərəkətlərini təhlil etmiş, səyyar vergi yoxlamasının qanuniliyinə və inzibati aktın qanuniliyə hüquqi qiymət vermişdir. Hazır ki, növbədənkənar SVY-nın təyin edilmə səbəbi mübahisəli dövr üçün keçmiş səyyar vergi yoxlaması ilə 2020-ci il ilk 6 ay üzrə müəyyənləşdirilən dövriyyə fərqi olmuşdur. Hazırki növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinadən təyin edilmiş və bu maddə üzrə qanuni əsasın mövcud olmaması, bu SVY-nın təyin edilməsinin, keçirilməsinin və nəticəsi barədə qərarın qəbul edilməsi, “İnzibati icraat haqqında” qanunun 67.1-ci maddəsinə əsasən qanunsuzdur. Səyyar vergi yoxlamasının təyin edilməsinə əsas 2020-ci ilin ilk 6 ay üzrə 2300.10 manat dövriyyə fərqinə əsaslanmışdır. Bu fərq isə mövcud olmamışdır (əsas 2- 1(102)-15/2024 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı). Kollegiya tərəfindən iddiaçının qeyd etdiyi iş sorğu əsasında tələb edilmiş və həmin iş üzrə qəbul edilən məhkəmə aktlarını nəzərdən keçirən Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq bildirir ki, iddiaçının hazırkı dövr üzrə təqdim etdiyi əvəzsiz istifadə müqavilələri xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli müqavilələr olmuş, iddiaçının istinad etdiyi iş üzrə məhkəmə araşdırmaları zamanı xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqavilələrinə qiymət verilmişdir. İş materiallarından müəyyən edilir ki, gəlirin əldə edilməsi ilə bağlı olmayan Cəmiyyət ilə onun təsisçisi Nümayəndə (VÖEN **********) arasında bağlanmış xx.xx.2020 tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 mənzil 14 (yeni qaydalarla AZ 1007 ünvan 1 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 2 saylı binanın 3-cü mərtəbəsində 103.1 kv.m sahəni icarəyə götürmüş və icarəyə götürülmüş mənzilin təmiri üçün alınmış tikinti materialları, mebel, divan, stol, stul və sair bu kimi mal-material, avadanlıq və təmir xərclərinə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmişdir. Vergi orqanı vergi yoxlaması ilə yoxlamaya təqdim edilmiş sənədlərə əsasən Cəmiyyət tərəfindən əldə edilmiş elektron qaimə-fakturalara əsasən sahibkarlıq məqsədləri üçün istifadə olunmayan mallara görə ödənilmiş ƏDV məbləğinin düzgün olmayaraq əvəzləşdirildiyi və Vergi Məcəlləsinin 13.2.27-ci, 13.2.37-ci, 159.5-ci və 175.1-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş və nəticədə yoxlanılan dövr üzrə vergi orqanı iddiaçının mebel, divan, stol, stul, avadanlıq, təmir, yanacaq xərclərinə görə 7.080.87 manat məbləğində ƏDV əvəzləşməsini ləğv etmişdir. ƏDV əvəzləşməsi ləğv edilmiş 7.080.87 manat məbləğində olan e-qaimələrin siyahısı məhkəməyə təqdim edilmiş və müəyyən olunmuşdur ki, ləğv edilən əvəzləşmələr "xxxx" MMC-dən yanacağın alınması, X1 qapı, "xxxx" MMC-dən dəmir qapı, "xxxx" MMC, "xxxx" MMC-dən otaq bitkiləri, "xxxx" MMC-dən mebel, "xxxx" MTK-dan alınmış təmir xərclərinin əvəzinin ödənilməsi ilə bağlı qaimələrdir. Beləliklə, yoxlama ilə büdcəyə əlavə olaraq 3.872,6 (7080.87-3.208,27) ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 6.224,71 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında 3.112,36 manat maliyyə sanksiyası tətbiq edilmişdir Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əvəzləşmələrdən yalnız balansda olmayan nəqliyyat vasitələri üçün yanacaq xərcləri üzrə "xxxx" MMC-dən alınmış eqaimələrin əvəzləşdirilməsi istisna olmaqla qalan hissədə ƏDV əvəzləşməsinin ləğv edilərək əlavə ƏDV vergi məbləğinin hesablanması və onun 50 faizi miqdarında, maliyyə sanksiyası tətbiq edilməsi hissəsində mübahisələndirilən qərar əsaslı deyil. Cavabdeh apelyasiya şikayətində bildirmişdir ki, məhkəmə Vergi Məcəlləsinin 175 və 109-cu maddələrini yalnış təfsir edərək sözügedən hissədə əsassız qərar qəbul etmişdir. Kollegiya qeyd edir ki, apelyasiya şikayətində müvafiq maddələrinin məhkəmə tərəfindən yalnış təfsir olunduğu qeyd olunsa da, bu yalnışlığın nədən ibarət olması qeyd olunmamışdır. Belə ki, Vergi Məcəlləsinin 175.3-cü maddəsi ƏDV əvəzləşdirilməsinə yol verilməyən halları nəzərdə tutur və bu zaman çəkilən xərclərə münasibətdə VM-nin 109.3-cü maddəsinə göndəriş edir. Qeyd edilən maddələrin təhlilindən müəyyən olunur ki, Məcəllə əyləncə və yemək xərclərinin, işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol vermədiyi kimi əvəzləşdirilməsinə də yol vermir. Birinci instansiya məhkəməsi ilə razılaşan Kollegiya bildirir ki, iddiaçının əvəzləşdirilməsi ilə bağlı çəkdiyi xərclər təyinatına görə VM-nin 109-cu maddəsi ilə tənzimlənən xərclərə aid deyildir. Bu əsasdan aparılmış ƏDV əvəzləşdirilmələri əvəzləşdirilməsinə yol verilməyən halları tənzimləyən VM-nin 175.3-cü maddəsinin təsir altına düşmür. Kollegiya onuda qeyd edir ki, həmin məcəllənin 175.6-cı maddəsində qeyd edilmişdir ki, dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir. Hazırkı iş üzrə iddiaçı tərəfindən əvəzləşdirilən məbləğlər də dövlət büdcəsindən ayrılan vəsait hesabına alınmış və ya ödənilmiş vəsait deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin "xxxx" MMC-dən alınmış eqaimələrin əvəzləşdirilməsi istisna olmaqla qalan hissədə ƏDV əvəzləşməsinin ləğv edilərək əlavə ƏDV vergi məbləğinin hesablanması və onun 50 faizi miqdarında, maliyyə sanksiyası tətbiq edilməsi hissəsində mübahisələndirilən qərarın əsaslı olması ilə bağlı qənaəti əsaslı olmuşdur. Həmçinin Kollegiya mübahisələndirilən inzibati aktın 2020-ci il və 2021-ci il üzrə ödəmə mənbəyindən vergi və VM-nin 58.1-ci maddəsinə əsasən ona müvafiq maliyyə sanksiyası hissəsində ləğv edilməli olması ilə bağlı gəldiyi nəticələdə razılaşır. Belə ki, Verg orqanının yoxlamasına əsasən Cəmiyyət ilə Nümayəndə (VÖEN **********) arasında bağlanmış xx.xx.2020 tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 31 mənzil 14 (yeni qaydalarla AZ1007 ünvan 1 ünvanda yerləşən 103.1 kv.m ərazinin 103.1 kv.m hissəsini V.Plotnikov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən 2 saylı binanın 3-cü mərtəbəsində 103.1 kv.m sahəni icarəyə götürmüş, müqavilənin şərtlərinə əsasən aylıq icarə haqqı məbləği 500 manat müəyyən edilmişdir. İcarə müqaviləsi xx.xx.2020 tarixdən xx.xx.2021-ci il tarixədək bağlanmış, İcarə müqaviləsinin 2-ci maddəsinə əsasən icarə haqqı məbləğinin xx.xx.2021 -ci il tarixdən hesablanmaqla hər ayın əvvəli (ilk beş günü ərzində) ödənilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2021 -ci il tarixli “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə 1 saylı əlavəsinə” əsasən qeyd olunan icarə müqaviləsinə xx.xx.2021ci il tarixdən xitam verilmişdir. Vergi orqanı icarə müqaviləsinin qüvvədə olduğu dövrdə yəni xx.xx.2020-xx.xx.2021-ci il tarixədək icarə haqqının ödənilmədiyini və müvafiq olaraq icarə götürən tərəfindən icarə haqqından ÖMV-nin hesablanmadığı müəyyən edərək ÖMV-nin 361.29 ((5 ay*500=2500 +80,65 (5 gün*16,12)=2580,65*14%)) manat məbləğində azaldıldığını müəyyən edərək əlavə vergi hesablamışdır. Birinci instansiya məhkəməsi bu hissədə iddianı əsaslı hesab edərək təmin etmiş, cavabdeh isə məhkəmənin mövqeyi ilə razılaşmayaraq apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddiaçı tərəfindən 5 ay icarə haqqı ödənilmədiyindən həmin icarə haqqından ödəmə mənbəyində verginin hesablanması əsasız hesab etmişdir. İcarə müqaviləsindən iləri gələn öhdəliklərin yerinə yetirilməməsi iddiaçının vergi öhdəlkilərindən azad edə bilməz. Eyni zamanda tərəflər arasında icarə haqqından imtina vəyə ödənilməməsi vergitutma məqsədləri üçün vergi ödəyicisinə qanunvericiliklə müəyyən edilmiş vergiləri ödənilməsindən azad edə bilməz. Kollegiya məhkəmənin mövqeyini əsaslı, cavabdehin apelyasiya şikayətinin qeyd olunan dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. Vergi Məcəlləsinin: 124.1-ci maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. 96.1-ci maddəsnə əsasən ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Həmin Məcəllənin 150.1-ci maddəsində qeyd olunmuşdur ki, vergi orqanında uçotda olan aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: .... Bu Məcəllənin 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər. Həmin Məcəllənin 150.3.2-ci maddəsinə görə, bu Məcəllənin 150.1.3-150.1.7-ci maddələrinə uyğun olaraq gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə borculudurlar. Beləliklə Vergi Məcəlləsinin 124-cü və 150.1.6-cı maddələrinə əsasən aylıq icarə haqqından 14 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergi tutulur, Məcəllənin 150.3.2-ci maddəsinə əsasən vergi büdcəyə ödənilir və 150.3.3.1-ci maddəyə əsasən rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannamə vergi orqanına təqdim edilir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarixədək 5 ay üzrə icarə haqqı ödənilmədiyindən vergi ödəyicisinin həmin icarə haqqından ödəmə mənbəyində verginin hesablanaraq ödənilməsi öhdəliyi yaranmamışdır. Nəzərə alınmalıdır ki, ödəmə mənbəyində verginin hesablanması üçün ilkin olaraq icarə haqqı ödənilməli və ödəmə anında 14 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergi tutulmalıdır. Beləliklə, qeyd edilənlərə məcmu halında qiymət verən Kollegiya apelyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, təmin edilməməsini, mübahisələndirilən məhkəmə qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayətləri təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-258/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-471/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-471/2025
21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver