Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4712/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X3 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(112)-3543/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 52 nömrəli qərarı və Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının xx.xx.1991-ci il tarixli, 2 nömrəli qərarı və sovxozun xx.xx.1991-ci il tarixli, 16 nömrəli əmri ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı ona ayrılmış torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Cavabdehnə etdiyi müraciət, torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədin torpaq ayıran qurum tərəfindən tərtib olunmasının məqsədəmüvafiq olması əsası ilə xx.xx.2024-cü il tarixli məktub ilə təmin edilməmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Zirə qəsəbəsində ona fərdi yaşayış evi üçün ayrılmış torpaq sahəsinin cizgi planını və xəritədən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 52 nömrəli qərarına əsasən Zirə tərəvəzçilik südçülük sovxozunun ərazisində İddiaçı fərdi yaşayış evi tikmək üçün ayrılmış 0,10 ha torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona Zirə qəsəbəsində Abşeron rayon XDS İcrayyə komitəsi tərəfindən 1991-ci il 26 mart 52 saylı qərarla fərdi ev tikmək üçün 0,10 hektar torpaq sahəsi verilmişdir. O, adı qeyd olunan torpaq sahəsini özəlləşdirmək üçün lazım olan sənədlərini cizgi planın çəkilməsi və xəritədən çıxarış almaq üçün Cavabdehnə müraciət etmiş və sənədlərini poçt vasitəsi ilə göndərmişdir. Aradan bir müddət keçəndən sonra Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu almışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, torpaq sahəsi iddiaçıya Abşeron rayon XDS İK-nin 26 mart 1991-ci il tarixli, 52 nömrəli qərarına əsasən Zirə Südçülük-Tərəvəzçilik sovxozu ərazisindən ayrılmışdır. Bundan başqa, Azərbaycan Respublikasının ərazisində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir (məktubun surəti əlavə olunur). Göründüyü kimi, iddiaçıya torpaq sahəsi Abşeron rayon XDS İK-nin qərarına əsasən 1991-ci ildə ayrılmışdır. Abşeron rayon XDS İK-si tərəfindən ayrılan torpaq sahələrinə dair sənədlər (qərarlar, sərəncamlar və ona aid digər sənədlər) Milli Arxiv İdarəsinin Bakı filialında deyil, Abşeron rayon Dövlət Arxivində saxlanılır. Torpaq sahəsi Abşeron Rayon XDS İK-si tərəfindən ayrıldığından və torpaq sahəsinin ayrılması barədə Cavabdehndə hər hansı məlumatlar (sənədlər) mövcud olmadığından Cavabdeh hazırkı iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Eyni zamanda iddiaçı ona ayrılmış hazırda Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olan Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən torpaq sahəsinin Cavabdehnə təhvil verilməsi barədə rəsmi (təhvil-təslim aktları, təhkim aktları və s.) sənədlər mövcud deyildir və torpaq sahəsi rəsmi qaydada Cavabdehnə təhvil verilməmişdir. Məlum olduğu kimi, sovxoz ərazilərindən torpaq sahələri sovxoz rəhbərliyinin müvafiq əmrlərinə əsasən yalnız sovxoz işçilərinə ayrılmışdır. İddiaçının həqiqətən də sovxoz işçisi olması və ona torpaq sahəsinin hansı əsaslarla ayrılması məhkəmə tərəfindən araşdırılmalıdır. Bundan başqa, Abşeron rayon XDS İK-nin 26 mart 1991-ci il tarixli, 52 nömrəli qərarında soyad Abbasov kimi qeyd olunmasına baxmayaraq şəxsiyyət vəsiqəsində isə fərqli olaraq iddiaçının soyadı Abbas kimi qeyd olunmuşdur. İddia ərizəsi də Abbasov soyadı ilə imzalanmış və məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən, torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin tərkib hissəsidir. Bakı İnzibati Məhkəməsi tərəfindən hazırkı iş üzrə cavadehin əsl cavabdehlə əvəz olunması barədə qərardad qəbul edilməlidir. Bundan əlavə, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin Südçülük-Tərəvəzçilik sovxozu ərazisi hüdudlarında yerləşib-yerləşməməsini, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində və hər hansı inzibati orqanın idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-3543/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 52 nömrəli qərarına əsasən Zirə tərəvəzçilik-südçülük sovxozunun ərazisində İddiaçı fərdi yaşayış evi tikmək üçün ayrılmış 0,10 ha torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazisində torpaq sahələrinin istifadəsinə və mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir (surəti əlavə olunur). Göründüyü kimi, iddiaçıya torpaq sahəsi Abşeron rayon Zirə tərəvəzçilik-südüçülük sovxozunun əmrinə əsasən 1991-ci ildə ayrılmışdır. Abşeron rayon Zirə tərəvəzçiliksüdçülük sovxozu tərəfindən ayrılan torpaq sahələrinə dair sənədlər (qərarlar və ona aid digər sənədlər) Milli Arxiv İdarəsinin Bakı filialında deyil, Abşeron rayon Dövlət Arxivində saxlanılır. Torpaq sahəsi Cavabdeh tərəfindən ayrılımadığından və torpaq sahəsi hazırda Cavabdeh idarəçiliyində olmadığından iş üzrə cavabdeh kimi cəlb oluna bilməz və cavabdeh əsl cavabdehlə əvəz olunmalıdır. Məlum olduğu kimi, sovxoz ərazilərindən torpaq sahələri sovxoz rəhbərliyinin müvafiq əmrlərinə əsasən yalnız sovxoz işçilərinə ayrılmışdır. İddiaçı həqiqətən də sovxoz işçisi olması məhkəmə tərəfindən araşdırılmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, maddəsində nəzərdə tutulan inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsindən görünür ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli Arxiv çıxarışında göstərilmişdir: “Abşeron rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1991-ci il tarixli 40 №-li qərarı ilə Zirə tərəvəzçilik-südçülük sovxozunun köhnə süd əmtəə ferması fəhlə qəsəbəsində fərdi ev tikdirmək üçün hər ailəyə 0,10 hektar hesabı ilə 80 ailəyə 8,0 hektar (küçə və yollar buraya daxil deyildir) asudə həyətyanı torpaq fondu ayrılmışdır. 80 ailədən 25 ailə torpaq istəməsi barədə tələb olunan sənədləri sovxoza təqdim etmişdir. Sovxozun əmək kollektivi şurası və sovxozun direktorluğu verilmiş sənədləri müzakirə etmiş, qərar və əmrlə qanunlaşdırılmışdır. Aşağıda adları göstərilən Zirə tərəvəzçilik-südçülük sovxozun fəhlə və mütəxəssislərinə hər birinə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması haqqında Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının 28 fevral 1991ci il tarixli 2 №-li qərarı və sovxozun 5 mart 1991-ci il tarixli 16 №-li əmri nəzərə alınsın. ...16 X4 oqlu...” Abşeron Rayon XDS İcraiyyə Komitəsinin “Zirə tərəvəzçilik-südçülük sovxozunda fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” 52 nömrəli xx.xx.1991-ci il tarixli Qərarından çıxarışa əsasən Zirə tərəvəzçilik-südçülük sovxozunun işçisi X1 0.10 hektar hesabı ilə fərdi ev tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektiv şurasının və həmkarlar komitəsinin xx.xx.1991-ci il tarixli 2 nömrəli birgə və sovxozun 5 mart 1991-ci il tarixli 16 nömrəli əmri nəzərə alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq verilmiş Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur: “...Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Qeyd olunanları nəzərə alaraq, tərəvəzçilik-südçülük sovxozu ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur.” Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktublarında bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə X2 Sovxozunun Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Eyni zamanda sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Torpaq sahəsi ilə bağlı üst-üstə düşmə aşkar edilməmişdir. Həmin məktublarla məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktlarında torpaq sahəsinin ünvanı Xəzər rayonu, Zirə qəsəbəsi olaraq göstərilmişdir (torpaq sahəsinin koordinatları müayinə aktlarına əlavə edilmişdir). Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxivi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla İddiaçı barəsində (ona aid hissədə) Abşeron Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 52 nömrəli qərarının arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) Maddə 14. Torpaq sahələrindən daimi istifadə Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən edilir ki, Zirə qəsəbəsində Abşeron rayon XDS İcrayyə komitəsi tərəfindən xx.xx.1991-ci il tarixli, 52 nömrəli qərarla fərdi ev tikmək üçün 0,10 hektar torpaq sahəsi verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən yerləşmə cizigisi Cavabdeh tərəfindən verməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)-1880/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (V.S.Quliyevin Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)-2246/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli; R.N.Nəcəfovun Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)- 1755/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli; R.N.İsmayılovun Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2-1(102)- 1595/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli; S.H.Abdulovanın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2- 1(102)-1396/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli; S.T.Rəhimovanın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2- 1(102)-1601/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli; N.R.Əliyevin Cavabdehnə qarşı iş üzrə 2-1(102)- 1359/2023 nömrəli, 05 iyul 2023cü il tarixli; N.M.Eyvazovun Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 2- 1(102)- 2092/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, sərəncamın və ya onun tərkib hissəsi olan sənədlərin icra hakimiyyətinin arxivində aşkar edilməməsi, habelə hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir”. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)-2131/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...Ali Məhkəmənin İnzibati kollegiyası tərəfindən qəbul edilmiş cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi” tələbinə dair inzibati iş üzrə 2-1(102)- 1417/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli nömrəli qərardadla da cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmiş və şikayət mümkün sayılmamışdır. Məhkəmə kollegiyası həmin şikayəti mümkün saymayarkən bu növ işlərlə bağlı vahid məhkəmə təcrübəsinin mövcudluğuna istinad etmiş, eyni zamanda cavabdeh tərəfindən öz mövqeyinin əsaslı olması ilə bağlı yeni dəlillər və məlumatlar təqdim etmədiyini əsas götürmüşdür. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur”. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh torpaq sahəsinin ayrılması barədə qərarın ləğv edilmədiyini, geri çağrılmadığını, dəyişdirilmədiyini və hal-hazırda öz hüquqi qüvvəsini saxladığını nəzərə almamışdır. Digər tərəfdən isə qeyd olunur ki, aparılmış araşdırma zamanı iddia olunan torpaq sahəsinə dair digər şəxsin müraciətinin olmadığı, Xəzər rayon ərazisində yerləşməklə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olması, dövlət mülkiyyətində olmuş olması, hər hansı digər fiziki şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Həmçinin, həmin sahənin faktiki istifadə olunması, fərdi yaşayış evi və köməkçi tikililər inşa edilməsi də müəyyən edilir ki, hal-hazırda naturada göstərilən torpaq sahəsinin ayrıldığı vaxtda naturada təhvil verildiyi barədə hər hansı şübhə müəyyən edilmir. Digər tərəfdən iddiaçının soyadı ilə bağlı etiraz dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Xəzər Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-69-306 nömrəli Arayışında göstərilmişdir ki, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı doğrum haqqında xx.xx.1968-ci ildə Xəzər rayon Zirə qəsəbə İN-yi tərəfindn tərtib olunmuş 154 saylı akt qeydində onun siyadının “-ov” sonluğu xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 fevral tarixli 495 nömrəli qərarına əsasən sonluqsuz ifadə forması ilə əvəz edilərək dövlət dilinə uyğunlaşdırılmışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində Abşeron Rayon XDS İK-nin 52 nörməli qərarının tarixinin “xx.xx.1991-ci il” əvəzinə “xx.xx.1991-ci il” kimi qeyd edilməsini qərarın tərtibi zamanı yol verilmiş texniki səhv kimi qiymətləndirir və hesab edir ki, qərarın bu hissədə dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-3543/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3543/2025 nömrəli qərarı (qərarın nəticə hissəsində Abşeron Rayon XDS İK-nin 52 nörməli qərarının tarixi “xx.xx.1991-ci il” kimi oxunmaqla) dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-4712/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4712/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver