Məhkəmə qərarları › İş №2-1(103)-4713/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4713/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4713/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X5 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6441/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya qurluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra Tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə olunmuş, həmin əyani müayinənin nəticələrinə uyğun olaraq xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq “Tam reabilitasiya olunması barədə” qərar qəbul edilmişdir. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İİİ dərəcə müharibə əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə xx.xx.2024-cü il tarixli göndəriş əsasında əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə 5 il müddətinə İİİ dərəcəli əlillik təyin edilib. Eyni qurum xx.xx.2024cü il tarixdə onun əlilliyini tam reabilitasiya olunduğu üçün dayandırıb. Hesab edir ki, əlil kimi hüquqları kobud şəkildə pozulub. Belə ki, diaqnozunda göstərilən psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi anemnezində partlayış travması və qıcolma tutmaları kəskin ifadəli asteno-nevrotik sindrom hərbi əməliyyatlar nəticəsində digər partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr necə reabilitasiya oluna bilər? Qəlpələr hələ də bel nahiyəsindədir və indiyədək əziyyət verir, vəziyyətini pisləşdirir. 5 il müddətinə təyin edilmiş əlillik niyə müddət bitməmiş dayandırılır? Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6441/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə xx.xx.2024-cü il tarixli göndəriş əsasında əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) 2 il müddətinə təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlərə və məhkəmətibbi ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və MHHK qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Göndərişdə əsas diaqnoz kimi “F62- fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.7-ci bəndinə əsasən şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; - uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; - dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; kompensasiya dövründə adaptasiya imkanları; - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə- 35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında ekspertiza idarəsi əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı barəsində verilən xx.xx.2024-cü il tarixli, J00214566CCU nömrəli göndərişdə - Əsas diaqnoz: “F62.0-Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, teztez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, funksional tutmalar” qeyd olunmuşdur; Əlillik haqqında arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya qurluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik (Meyar: 2.3. üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (atlı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60-F62.0, F45-F45.9, F48-F48.9)) təyin edilmişdir; xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, tam reabilitasiya olunması - Səbəb: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-7692/2024 saylı qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2024-cü il tarixdə aşağıda adı göstərilən 14 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 14) Bakı şəhər sakini xx.xx.1997-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında elektron qaydada xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 17333 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı pozuntusu. Partlayış travması (xx.xx.2020): döş qəfəsinin döş boşluğuna nüfuz etməyən qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumada yad cisimlər (metal qəlpələr)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022 - xx.xx.2022-ci il tarixli 1541/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Anamnezində partlayış travması və qıcolma tutmaları” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 8845/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Anamnezində funksional tutmalar” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023- xx.xx.2023-cü il tarixli 9339/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Anamnezində funksional tutmalar” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 2311/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalarla, funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3886 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalarla, funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13228759 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma, ürəkgetmədən şikayətlənmişdir. Qəbul etdiyi dərmanları bilməmiş, lakin 6 aydan bir qəbul etdiyini bildirmişdir. Müayinə zamanı spesifik suallara cavab verə bilməmiş, şikayətlərini əsaslandıra bilməmişdir. Baxış zamanı sağ kürəkarası nahiyədə 10 sm ölçüdə postop çapıq izlənilmişdir. Siyasi fikirli düşüncələr sərgiləmiş, haqsız olaraq dövlətdən şikayət etmişdir. Hərbi biletin 21-ci səhifəsində xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində döyüşlərdə iştirak etməsi qeyd edilmişdir. Lakin təqdim edilən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində Füzuli Rayon Mərkəzi Xəstəxanasından və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində Respublika Klinik Xəstəxanasından Xəstəlik tarixindən Çıxarışlar bu faktla uyğunsuz olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra sərhədyanı tip şəxsiyyət dəyişikliyi. Məqsədəyönlü təhqiredici nümayişkar davranış, sosiopatik tendensiyalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1122 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, anamnezində funksional tutmalarla (F62.0) müəyyən edilir. Sualların digər hissələrində qeyd olunan meyarlar bilavasitə əmək ekspertizasına aid olduğundan məhkəmə-psixiatrik ekspertizası tərəfindən cavablandırılmır. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 7.7. Spesifik şəxsiyyət pozuntuları Qeyd. Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: - şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; - uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; - dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; - kompensasiya dövründə adaptasiya imkanları; - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); - intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. 7.7.1. spesifik şəxsiyyət pozuntuları F60 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0 psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.1 Qiymətləndirmə 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski (35-60 faiz, 2 il); 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması (65-80 faiz, 2 il); Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı barəsində verilən xx.xx.2024-cü il tarixli, J00214566CCU nömrəli göndərişdə - Əsas diaqnoz: “F62.0- Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, funksional tutmalar” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında baxılmış və Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz kimi göstərilmiş xəstəlik yuxarıda istinad edilən əsasnamənin 7.7.1-ci bəndində təsbit edilmişdir və onun əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin iddiaçıda olması iş materiallarında olan sənədlərlə təsdiq olunur. Məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş diaqnozun hazırda təsdiqini tapıbtapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1122 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, anamnezində funksional tutmalarla (F62.0) müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçıda olan xəstəliyin hətta ən aşağı faizlə əlilliyin təyininə (35-60 faiz, 2 il) əsas olması üçün, yəni iddianın uğurlu olması üçün ən azı Əsasənamənin 7.7.1.1-ci bəndində göstərilən ağırlıq dərəcəsi (fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski) müəyyən edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya aid tibbi göndərişdə xəstəliyin ağırlıq dərəcəsinin “ağır” olması qeyd edilmişdir ki, ən azı münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski olması nəticəsinə gəlməyə əsas verir. Bu da Əsasənamənin 7.7.1.1-ci bəndində göstərilən qiymətləndirmə meyarına uyğun gəlir. O da nəzərə alınmalıdır ki, hazırkı iş üzrə şəxsin əlilliyinin müəyyən edilməsini istisna edən faktiki şərtlərin mövcud olduğunu sübutetmə vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aid olsa da, cavabdeh Əsasənamənin yuxarıda istinad edilən qiymətləndirmə meyarlarının mövcud olmamasını bəyan etməklə kifayətlənmiş, daha əvvəl həmin diaqnozla əlillik təyin edildiyi halda, hazırda onun istisna edilməsinin səbəbləri açıqlanmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin qeyd edilməməsini mahiyyəti üzrə düzgün olan qərarın dəyişdirilməsi üçün əsas hesab etməsə də, belə qənaətə gəlir ki, gələcəkdə qərarın icrası ilə bağlı anlaşılmazlıq olmaması üçün bunun qərarda göstərilməsi zəruridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6441/2025 nömrəli qərarı (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi 35-60 qeyd edilməklə) dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6441/2025 nömrəli qərarı (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi 35-60 qeyd edilməklə) dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar