Məhkəmə qərarları › İş №2-1(103)-4716/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4716/2025

13.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4716/2025 13.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "plan və ölçünün verilməsi, torpaq sahəsinə icarə hüququnun qeydə alınması" tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş cavabdeh inzibati orqanların cərimə olunmaları barədə ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-158/2022 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 1,5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-158/2022 nömrəli qərarına əsasən, iddianın təmin edilməsi, Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 552 nömrəli 11 noyabr 2011-ci il tarixli sərəncamı və 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmiş Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerəşən 1,5 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(103)-1556/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(112)-158/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1980/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-1556/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli məktubu əsasında Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-158/2022 nömrəli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1980/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən qanuni qüvvəsini aldığından icra olunması üçün cavabdeh orqana göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli elektron ərizə ilə müraciət edərək, məhkəmə qərarının icrasının dayandırılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2022 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin vəsatəti rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2881/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2022 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 151/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2024-cü il tarixli, 2-1(103)- 2881/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan 20 may 2025-ci il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-158/2022 nömrəli qərarı icra olunması üçün təkrar göndərilərək 15 gün müddətinə nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə cərimə tətbiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair plan və ölçünün verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən, iddia təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 552 nömrəli 11 noyabr 2011-ci il tarixli sərəncamı və 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmiş Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerəşən 1,5 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuşdur. İcra sənədi cavabdeh orqana göndərilsə də, cavabdeh uzun müddət ərzində məhkəmə qərarının icrasını bilərəkdən və məqsədli şəkildə ləngitmişdir. O, qərarın icra edilməsinə hüquqi baxımdan heç bir maneə olmadığı halda, əsassız və formal əsaslara söykənən "yeni açılmış halla bağlı ərizə" və "icraatın dayandırılması vəsatətləri" ilə prosesi süni şəkildə uzatmışdır. Birinci instansiya məhkəməsi bu cəhdləri hüquqi əsasdan məhrum hesab edərək rədd etsə də, cavabdeh apellyasiya və kassasiya mərhələsində də şikayətləri davam etdirərək qərarın icrasını daha da uzatmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)- 2881/2024 nömrəli qərardadı və Ali Məhkəmənin yekun xx.xx.2025-ci il tarixli 2-1(102)- 151/2025 nömrəli qərarı ilə cavabdeh inzibati orqanın şikayətləri təmin edilməmiş, ilkin məhkəmə aktı olduğu kimi qüvvədə saxlanılmışdır. Bütün məhkəmə instansiyalarında yekun qərarlar verilməsinə baxmayaraq, cavabdeh inzibati orqan hazırkı vaxtadək hər hansı icra tədbiri həyata keçirməmiş, qanuni məhkəmə aktını icra etməmiş və bu davranışı ilə faktiki olaraq dövlətin adından çıxarılmış məhkəmə qərarının hüquqi qüvvəsini və aliliyini pozmuşdur. Cavabdeh inzibati orqanın bu hərəkəti (və ya hərəkətsizliyi) qəsdən, bilərəkdən və davamlı surətdə hüquqi öhdəlikdən yayınmaqdır və İnzibati Prosessual Məcəllənin 120-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranmasına əsas verir. Yuxarıda göstərilənləri və cavabdeh inzibati orqanın qanuni məhkəmə aktının icrasından yayınmasını nəzərə alaraq cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cərimə tətbiq olunması və dərhal icra tədbirlərinə başlanılması üçün konkret müddətin müəyyən edilməsinə dair müvafiq qərardad qəbul olunması xahiş edilir. Bakı İnzibati Məhkəməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan 12 sentyabr 2025-ci il tarixli məktubu ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən cərimə barədə xəbardarlıq olunaraq qərarın icrasına dair məhkəməyə 15 gün ərzində məlumat verilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2022 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 300 manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, dəfələrlə (o cümlədən cərimə barədə) xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə qərarı cavabdeh tərəfindən qəsdən icra olunmur. Məhkəmə qərarının hansı səbəbdən icra edilməməsi, eləcə də icrası ilə bağlı hər hansı tədbirlərin görülməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı məlumat verilmir. Məhkəmə qərarı ilə Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 552 nömrəli 11 noyabr 2011-ci il tarixli sərəncamı və 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmiş Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerəşən 1,5 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan üzrlü səbəblərdən baş verməsi ilə bağlı məlumat vermədən və hər hansı izahat təqdim etmədən məhkəmə qərarının icrasının təmin edilməsindən yayınır. Məhkəmə hesab etmişdir ki, qüvvədə olan məhkəmə qərarının cavabdeh tərəfindən qeyd edilən aşkar şəkildə icrasından yayınma hüquq müəyyənliyi prinsipinə zidd olmaqla cəmiyyətdə məhkəmə qərarı ilə təmin edilmiş hüquqların xəyali olmasına dair yanlış təəssürat yarada və ədalət mühakiməsinin həyata keçirilməsinin kobud pozuntusu ilə nəticələnə bilər. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müvafiq məhkəmə qərarının icra edilməsi barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 15 avqust 2025-ci il tarixli **********64 (3-21-3-30/2-36664/2025) qeydiyyat nömrəli məktub ünvanlanmışdır. Nazirlik tərəfindən isə müraciətə cavab olaraq 02 oktyabr 2025-ci il tarixli 3-24-1/2-01-1131/2025 nömrəli məktub İdarəyə göndərilmiş və tərəfimizdən aidiyyəti məsələ ilə bağlı araşdırılma aparıldığı üçün qərarın icrası mümkün olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi hüquq varisi olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 120.1. Bu Məcəllənin 33.4cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" 19 noyabr 2021-ci il tarixli Qərarı: 25-ci bənd. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər "İnzibati icraat haqqında" Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. 26-cı bənd. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. 27-ci bənd. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. 28-ci bənd. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas vermir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Məhkəmə qərarlarının icrasının məcburiliyi "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinin qərarının icra edilməsi üçün cavabdehə müddət təyin edilməsinə və cərimə olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qeyd edilən qərarın icrasını hal-hazıradək təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd etdiyi apellyasiya şikayətinin dəlilinə münasibətdə diqqətə çatdırır ki, iş materiallarından da göründüyü kimi üzərinə müvafiq öhdəlik qoyulmuş cavabdeh inzibati orqan məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə zəruri tədbirlərin görüldüyünə dair heç bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh qərarın icrasına yönəlmiş lazımi təşəbbüskarlıq göstərməmiş, ən azı bu istiqamətdə üzərinə düşən öhdəliyin yerinə yetirilməsi üçün mümkün olan bütün vasitələrdən və resurslardan (məsələn, yuxarı inzibati orqanlara müraciət edilməsi, iddiaçının dəvət olunaraq izahedici və profilaktik söhbətlərin aparılması və s.) istifadə etməmişdir. Cavabdeh yalnız icra hərəkətlərinin texniki baxımdan mümkün olmamasını əsas gətirməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası bununla bağlı da cavabdeh inzibati orqanın diqqətinə çatdırır ki, göstərilən səbəblərin mövcudluğu hazırkı mərhələdə məhkəmə qərarının icra edilməməsini üzrlü hesab etməyə əsas vermir. Göründüyü kimi, məhkəmə hazırkı qərarın icra edilməməsi obyektiv səbəblərdən irəli gəlmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh inzibati orqanın qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı qeyd olunan davranışını hərəkətsizlik kimi qiymətləndirməklə düzgün qənaətə gəlmiş və cavabdeh inzibati orqan haqlı olaraq cərimə edilmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq diqqətə çatdırır ki, cavabdeh inzibati orqanın bu hərəkətsizliyi uzun müddətdir ki, davam edir. Hazırkı halda isə cavabdeh inzibati orqanın gətirdiyi arqument qanuni qüvvədə olan məhkəmə qərarının icra edilməməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün məhkəmələr tərəfindən çıxarılmış qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Mövcud qanunvericilik normaları isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını məcburi sayır və inzibati mübahisələrlə bağlı belə qərarlarının icra olunmamasını 50000 manatadək cərimə ilə sanksiyalaşdırır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmamasına əsas vermir. Odur ki, birinci instansiya məhkəməsinin cavabdehə 300 manat məbləğində cərimənin tətbiq edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas müəyyən etmədi. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2022 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar