Məhkəmə qərarları › İş №2-1(103)-472/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-472/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-472/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2663/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2663/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir (hakim E.Əliyev). Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəzifə maaşı, 15%-lik əlavə haqq, 30%-lik əlavə haqq və müavinət nəzərə alınmaqla, iddiaçıya ailə başçısını itirməyə görə pensiya (pensiyaya əlavələr də daxil olmaqla) təyin edilməsi və həmin pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-121/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının vəfat etmiş əri X6 xx.xx.1975ci ildən xx.xx.1990-cı ilədək Mingəçevir şəhər XDS icraiyyə komitəsinin sədri işlədiyi dövr üzrə aylıq vəzifə maaşı, 15%-lik əlavə haqq, 30%-lik əlavə haqq nəzərə alınmaqla, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim X.İmanov). Cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-121/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından apelyasiya şikayəti vermiş və apelyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Nərimanov rayon şöbəsi” əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi” ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2114/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-121/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və iş həmin məhkəməyə qaytarılmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, “vəzifə maaşı, 15%-lik əlavə haqq, 30%-lik əlavə haqq və müavinət nəzərə alınmaqla, iddiaçıya təyin olunmuş pensiya məbləğinin dəyişdirilərək yenidən hesablanıb, müəyyən edilməsi və keçən müddət ərzində pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçının x xxxxxx 2006-cı il tarixli 54- İİİQ nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.2-ci maddəsinə əsasən pensiya yaşına (yəni 60 yaşa) çatdığından, ailə başçısını itirməyə görə pensiya almaq hüququ var. Onun əri X8 17 il ərzində dövlət qulluqçusu kimi işləmişdir. Əri vəfat etməmişdən son 3 il ərzində dövlət qulluğunda işləməmişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ona dövlət qulluqçusu kimi pensiya almağa imkan verir. Belə ki, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. Yəni ərinin 17 il dövlət qulluğunda işləməsi, ona dövlət qulluqçusu kimi pensiya almaq hüququnu verir, baxmayaraq ki, karyerasının son 3 ilini dövlət qulluqçusu kimi işləməmişdir. Ərizə ilə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.İddiaçı Türmən qızı, xx xxxxxx 2017-ci il tarixli Ərizə ilə cavabdehə müraciət etmişdir. Ərizədə, Azərbaycan Respublikasının müvafiq Qanunları ilə onun 1993-cü il tarixdə vəfat etmiş əri X6 dövlət qulluqçusu pensiyasını almaq hüququnun olmasını əsaslandırmışdır. Lakin, cavabdehin xx xxxxxx 2017-ci il tarixli, xx/xx-5500 nömrəli məktubunda qeyd edilir ki, ona xx xxxxxxx 1995-ci il tarixdən, qüvvədə olan mövcud qanunvericiliyə görə uyğun yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin xx xxxxxx 2017-ci il tarixinə aldığı pensiyanın məbləği 204,23 manat təşkil etdiyi də ayrıca qeyd edilmişdir. Məktubda, DSMF-nin xx xxxxxxx 1996- cı il tarixli Qərarı ilə onun “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ailə başçısını itirməyə görə pensiya kəsildiyi barədə məlumat göstərilməyib. Bunlardan əlavə, məktubda ərinin vəfat etdiyi zaman “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməməsinə istinad edərək onun dövlət qulluqçusunun ailə başçısını itirməyə görə pensiya almaq hüququnun olmaması qeyd olunmuşdur. Lakin, pensiyanin təyin edilməsinə dair sənədləri analiz etdikdə o qənaətə gəlmək mümkündür ki, ona yaşa görə deyil, məhz ailə başçısını itirməyə görə 1996-cı il tarixdən pensiya təyin olunub, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.8-ci bəndinə əsasən müəyyən olunmuş əlavələri almamışdır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının ilkin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, məhkəmə iddiaçının ərinin əlavə almamasını əsas gətirir, lakin nəyəsə görə bunu maaşına da şamil edir. Hansı ki, iddiaçının əri işlədiyi vaxt alıb və həmin vəzifə maaşından icbari sığorta haqqı da tutulub. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə səhvdir. Çünki məhkəmə yalnız Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 1.0.2-ci, 1.0.5-ci və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarını rəhbər tutur və Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanına istinad etməyib. Bu səbəbdən iddiaçının ərinin vəzifə maaşı, 15%-lik əlavə haqqı, 30%-lik əlavə haqqı və müavinət də nəzərə alınmalıdır. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının ilkin iclasında cavabdehin nümayəndəsi və vəkili X1 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir.İddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim etmiş və iddia tələbibinin aşağıdakı kimi qəbul edilməsini xahiş etmişdir: əri X6 vəzifəsini, AR Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahısının 1.17-ci bəndində nəzərdə tutulmuş yerli icra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə uyğunlaşdıraraq, vəzifə maaşı, 15% əlavə haqq, 30% əlavə haqq və müavinət nəzərə alınmaqla, ona təyin olunmuş pensiyanın məbləğinin dəyişdirilərək yenidən hesablanıb, müəyyən edilməsi və keçən müddət ərzində pensiyanın ödənilməmiş fərginin ödənilməsi vəzifəsi cavabdeh həvalə edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş iddia məhkəmə icraatına qəbul edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş,lakin ona imtina cavabı verilmişdir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının pensiya işinin surətini məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, xx.xx.1995-ci ildən İddiaçı ailə görə başçısını itirməyə görə pensiya təyin edilmişdir. İddia tələbindən görünür ki, vəzifə maaşı, 15%-lik əlavə haqq, 30%-lik əlavə haqq və müavinət nəzərə alınmaqla, iddiaçıya təyin olunmuş pensiya məbləğinin dəyişdirilərək yenidən hesablanıb, müəyyən edilməsi və keçən müddət ərzində pensiyanın ödənilməmiş fərqinin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etmişdir: «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 22.8-ci maddəsinə əsasən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.1-ci madəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində müəyyən kateqoriyadan olan şəxslərə əmək pensiyasının hesablanması zamanı güzəştlərin tətbiq olunması nəzərdə tutulur. Pensiya məbləğində müəyyən edilən güzəşt Qanunun 20.14-cü maddəsinə uyğun olaraq, pensiyanın sığorta hissəsinə dövlət büdcəsi vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini nəzərdə tutur. Dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə güzəştli şərtlərlə pensiyanın hesablanması zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50-100% həcmində onun pensiyasının sığorta hissəsinə qulluq stajına görə əlavə edilir. Hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına və qanunla əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilən digər şəxslərə pensiya yuxarıda göstərilən şərtlərlə hesablanır. Bu şərtlərlə pensiya hüququnun yaranması üçün əsas 15- 35 il minimum qulluq stajına malik olmaqdır. Qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərə münasibətdə hesablanmış pensiya məbləğinin artırılması isə Qanunun 20.14-cü maddəsinə uyğun olaraq şəxsin əmək haqqındakı, təminat xərcliyindəki və ya dövlət məvacibindəki “sonrakı artımlar” nəzərə alınmaqla pensiyasının yenidən hesablanması yolu ilə həyata keçirilir. Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Məhkəmə kollegiyası biirinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşin halları ilə müəyyən edilir ki, iddiaçıya onun pensiya hüququnun yarandığı xx.xx.1995-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhrum əri X8 xx.xx.1993-cü il tarixdə vəfat etdiyindən, o, inzibati orqana xx.xx.2017-ci il tarixdə dövlət qulluğunun ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsini xahiş etmişdir. İnzibati orqan tərəfindən iddiaçının məhrum əri vəfat etdiyi zaman “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun qüvvəyə minməməsi səbəbindən dövlət qulluğunun ailə başçısı itirməyə görə pensiyanın təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddianın dəqiqləşdirilməsinə dair ərizəsində göstərilən tələblər nəzərə alınmaqla yeni qərar qəbul olunmalıdır. Belə ki, iddiaçının məhrum ərinin əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1975-xx.xx.1990-cu illərdə Mingəçevir şəhər X5 sədr vəzifəsində işləmişdir. Yəni, X9 hakimiyyət səlahiyyətlərinin icrasını həyata keçirirdi. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qismən qəbul edir və hesab edir ki, iddiaçıya məhrum əri X7 1975-1990-cu illərdə Mingəçevir şəhər X5 sədr vəzifəsində işlədiyi dövrləri dövlət qulluğu stajına daxil etməklə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2017-ci il tarixdən dövlət qulluqçusu kimi ailə başçısını itirməyə görə pensiyası təyin edilməlidir. “Dövlət qulluğu haqqında” AR Qanununun 23.2-ci maddəsinə əsasən dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”-nun 2.1.7-cü bəndinə əsasən “inzibati vəzifələrin altıncı Təsnifatı”nın 3-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlət Kabineti yanında olan icra hakimiyyəti orqanları aparatlarının rəhbərləri və onların müavinləri vəzifələri yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında şöbə müdiri və onun müavin vəzifələri nəzərdə tutulmuşdur. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhrum əri 1975-1990-ci illərdə işlədiyi X3 Sovetinin sədr vəzifəsi, yəni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısının 1.17-cu bəndində rayon (şəhər) X5 icraiyyə komitəsinin aparatında icraiyyə komitəsinin sədri Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında əhalisinin sayı müvafiq olaraq 50-100 min nəfər və 100 min nəfərdən çox olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının birinci müavini, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1975-1990-cu illərdə işləmiş olduğu X3 sovetinin sədr vəzifəsi bu Fərmana əsasən rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılmalıdır. “Əmək pensiyaları haqqında” Qanununun 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların daxil olduğu gündən ən azı 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Dövlət qulluğu haqqında” Qanunun 22.2-ci maddəsində əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun minimum vəzifə maaşının məbləği dəyişərsə, onun dövlət pensiyası və ömürlük müavinəti pensiyanın və müavinətin hesablandığı anda müəyyənləşdirilmiş maaşın həcmindəki dəyişikliklərə uyğun olaraq yenidən hesablanır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması” Qaydalarının 2-ci bəndinə əsasən fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Həmin Qaydaların 1-ci bəndinə görə bu qaydalar fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir. Qaydaların 10-cu bəndinə əsasən qanunvericiliklə dövlət məvacibinin məbləği dəyişdikdə əmək pensiyası təyin edən orqan dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanmasını təmin edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək pensiyasının hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçusuna ödənilən 15% əlavə haqqın ödənilməsi tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2008-ci il tarixli 776 saylı “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” Fərmanının 2-ci bəndinə əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilməsi nəzərdə tutulmuşdur. İddiaçının iddia tələbinin dövlət qulluqçusu məzuniyyətə çıxarkən ödənilən bir vəzifə maaşı həcmində müavinətin nəzərə alınmaqla pensiyanın yenidən hesabanması hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” xx.xx.2003-cü il tarixli Fərmanında 2003-cü il 01 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuliyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət verilir və bu müavinət dövlət qulluqçularına hər il işlədiyi mərkəzi icra hakimiyyəti orqanı tərəfindən ödənilir. Həmin müavinət pulundan sosial sığorta və vergi tutma olduğu bir aylıq vəzifə maaşı həcmində müavinət pulu da iddiaçının dövlət məvacibinə daxil edilməklə pensiya hesablanarkən nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən normativ hüquqi aktlar ilə dövlət qulluqçularına ödənilən hakimiyyət səlahiyyətinin icrasına görə ödənilən 15 faizlik əlavəni, habelə dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində müavinəti iddiaçının uyğunlaşdırılmış dövlət qulluğu vəzifəsi üzrə onun əmək haqqında baş verən artımlar kimi qiymətləndirir. İddiaçının iddia tələbi 30% əlavə haqqın ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçının dəqiqləşdirilmiş ərizəsi nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar qəbul edilərək iddia tələbi qismən təmin edilməli, İddiaçı məhrum əri X6 1975-1990-cu illərdə X3 Sovetinin sədri vəzifəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısının 1.17-ci bəndində nəzərdə tutulmuş rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılaraq, həmin dövrlər dövlət qulluğu stajına daxil etməklə xx.xx.2017-ci il tarixdən dövlət qulluqçusu kimi pensiyasının təyin edilməsi, pensiyanın hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçusuna ödənilən 15 % əlavə haqq və məzuniyyətə çıxarkən dövlət qulluqçusuna ödənilən 1 aylıq vəzifə maaşı həcmində müavinət nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulmalı, iddia tələbi 30% əlavə haqqın ödənilməsi hissəsində isə rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 68, 87.6, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 19.10. 2020-ci il tarixli, 2-1(112)-2663/2020 saylı qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı İddiaçı gızının məhrum əri X6 1975-1990-cu illərdə X3 Sovetinin sədri vəzifəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 1.17-cu bəndində nəzərdə tutulmuş rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılaraq, həmin dövrlər dövlət qulluğu stajına daxil etməklə xx.xx.2017-ci il tarixdən dövlət qullugunun ailə başçısını itirməyə görə pensiyanın təyin edilərək, pensiyan hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçusuna ödənilən 15% əlavə haqq və məzuniyyətə çıxarkən dövlət qulluqçusuna ödənilən 1 aylıq vəzifə maaşı həcmində müavinət nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulsun. İddia tələbi 30% əlavə haqqın ödənilməsi hissəsində rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar