Məhkəmə qərarları › İş №2-1(103)-472/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-472/2022

21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-472/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı (xx.xx.1953-cü il tarixində Naxçıvan MR-in Ordubad rayonunda anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-5189/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 19.03.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 25 fevral 2021-ci il tarixli, **********3 nömrəli artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında məktubunun etibarsız hesab edilməsi, 16.08.2016-cı il tarixdə yaşa görə təyin edilmiş pensiyanın və 04.06.2020-ci il tarixdə etdiyi müraciəti əsasında yenidən hesablanmasının bərpa edilməsi, 03.07.2020-ci il tarixdə cavabdeh tərəfindən pensiyanın yenidən hesablanmasının ləğv edilməsi və 01.08.2020-ci il tarixdən pensiyasından tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 25 fevral 2021-ci il tarixli, **********3 nömrəli məktubunda ilkin pensiya təyini zamanı iş stajının düzgün olmamasının nədən ibarət olması əsaslandırılmamışdır. Digər tərəfdən, cavabdeh orqan tərəfindən onun razılığı və məhkəmə qərarı olmadan əmək pensiyasından 20 faiz tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinə ziddir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 06.05.2021-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş, cavabdehin artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında 03.07.2020-ci il tarixli 102 nömrəli qərarının etibarsız hesab edilməsi və 01.08.2020-ci il tarixdən pensiyadan tutulan məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 22.06.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir. 27.08.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil yenidən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında 03.07.2020-ci il tarixli 102 nömrəli qərarının ləğv edilməsi və 01.08.2020-ci il tarixdən pensiyadan tutulan məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 27.08.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-5189/2021 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” 03 iyul 2020-ci il tarixli 102 nömrəli qərarı ləğv edilmiş, Həmin qərara əsasən 01.08.2020-ci il tarixdən İddiaçı ödənilən əmək pensiyasından tutulan məbləğinin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-5189/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 16.08.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10986,82 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq 16.08.2016-cı il tarixdən 198,97 manat, 01.01.2017-ci il tarixdən 210 manat, 01.01.2018-ci il tarixdən 221,97 manat, 01.01.2019-cu il tarixdən 228,63 manat, 01.01.2020-ci il tarixdən 266,58 manat müəyyən edilmişdir. İddiaçının əmək pensiyası 03.07.2020-ci il tarixdə yenidən hesablanarkən ilkin pensiya təyinatı zamanı (16.08.2016-cı il) iddiaçının sığorta stajının düzgün hesablanmaması səbəbindən əmək pensiyasında artıq ödəmə müəyyən edilmişdir. Belə ki, vətəndaşın təqdim etdiyi hərbi bileti və Sabunçu Rayon Məhkəməsinin 19.01.2018-ci il tarixli 2(008)900/2017 nömrəli qətnaməsinə əsasən 01.01.2006-cı il tarixədək 15 il 7 ay əmək stajı mövcud olmuşdur. Lakin yaşa görə əmək pensiyasının ilkin təyinatı zamanı vətəndaşın 01.01.2007-ci il tarixdən 01.01.2016-cı il tarixədək işlədiyi dövrlər 01.01.2006-cı il tarixədək mövcud olan əmək stajı ilə birlikdə toplanaraq 24 il 3 ay hesablanmışdır. Nəticədə iddiaçıya 931 manat məbləğində artıq vəsait ödənilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 05.02.2021-ci il tarixli Sərəncamına əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək 01.01.2021-ci il tarixdən 296, 97 manata çatdırılmışdır. Hazırda iddiaçının 296,97 manat yaşa görə əmək pensiyası məbləğindən 54,82 manat məbləğində tutulma həyata keçirilməklə iddiaçıya ödənilən məbləğ 242,15 manat təşkil edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Eyni zamanda iddiaçının birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Vəkil da (Xırdalan şəhər Vəkil Bürosu) məhkəmə iclası barədə məlumatı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2- 1(112)-5189/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - İddiaçı 07.09.2016-cı il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə müraciət etmiş, 03.10.2016-cı il tarixdə iddiaçıya ömürlük yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında qərar qəbul edilmiş, pensiyanın məbləği 187.24 manat müəyyən edilmişdir. - - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli 2(008)900/2017 saylı qətnaməsi ilə ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, onun 29 aprel 1977-ci il tarixdən 20 sentyabr 1989-cu il tarixədək Bilgəh Zəfəran sovxozunda süd-əmtəə fermasında malabaxan işləməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında iddiaçıya ödənilən pensiya məbləği 228.40 manata çatdırılmışdır. - İddiaçı 04.06.2020-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin 03.07.2020-ci il tarixli 761 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edilmiş, pensiyanın məbləği 289.94 manatdan 266.58 manata azaldılmışdır. - 03.07.2020-ci il tarixdə eyni zamanda cavabdeh tərəfindən artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında qərar qəbul edilmiş, xx.xx.1953-cü il tarixində Naxçıvan MR Ordubad rayonunda anadan olmuş, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda qeydiyyatda olan borclu İddiaçı 16.08.2016-cı il tarixdən 08.07.2020-ci il tarixədək artıq ödənilmiş cəmi 931 manat vəsaitin vətəndaşın əmək pensiyasından tutulması qərara alınmışdır. Qərarda göstərilmişdir ki, araşdırma nəticəsində İddiaçı əmək stajının düzgün hesablanmadığı aşkar edilmişdir. Belə ki, vətəndaşın təqdim etdiyi ******* saylı hərbi bilet və Sabunçu Rayon Məhkəməsinin 19.01.2018-ci il tarixli 2(008)-900/2017 saylı qətnaməsinə əsasən 01.01.2006-cı ilədək 15 il 7 ay əmək stajı vardır. Lakin əmək pensiyasının ilkin təyinatı zamanı vətəndaşın 01.01.2007-ci il tarixindən 01.01.2016-cı il tarixinədək işlədiyi dövrlər 01.01.2006-cı il tarixinədək olan əmək stajı ilə birlikdə toplanaraq 24 il 3 ay hesablanmışdır. Nəticədə, İddiaçı 931 manat (doqquz yüz otuz bir manat) məbləğində artıq vəsait ödənilmişdir. - Cavabdeh bundan sonra iddiaçıya 25.02.2021-ci il tarixli **********3 saylı məktub ünvanlayaraq pensiya təyinatı zamanı (16.08.2016-cı il) sığorta stajının düzgün hesablanmaması səbəbindən pensiyadan artıq ödəmə müəyyən edilməsi, artıq ödənilmiş pensiya məbləğinin 01.08.2020-ci il tarixindən 20 faiz hesabı ilə tutulması barədə məlumat vermişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanunun 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən maddələrinin tələbindən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin hallarından görünür ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamış, iş materiallarında iddiaçının belə bir razılığının olması da müəyyən olunmamış, iddiaçının iddia ərizəsilə məhkəməyə müraciət etməsi də bu halı təsdiqləmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın qərarı qanunsuz olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13.09.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edildiyindən, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi 03.07.2020-ci il tarixli qərarının qanunsuz olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti cavabdehin iddiaya təqdim etdiyi yazılı etiraza uyğun əsaslandırılmış və şikayətdə qərarının qanuni olmasını sübut edən hər hansı dəlil göstərilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-5189/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)-5189/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar