Məhkəmə qərarları › İş №2-1(103)-472/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-472/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-472/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(112)-2845/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6251 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakt şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********3686 saylı qərarı ilə iddiaçı "X2" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş Karxana) 2071-ci məhəllə ünvanında yerləşən “Ofis Bakı" təsərrüfat subyektində (obyektində) malların Vergi Məcəlləsinin 58.8- ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000399 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxilı yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” Akt tərtib edilmişdir. Sözügedən aktda iddiaçının təsərrüfat subyektində operativ nəzarət tədbiri zamanı vergi ödəyicisinin əldə etdiyi və təqdim etdiyi e-qaimə fakturalarla üzləşmə aparılması və vergi ödəyicisinə məxsus anbarda satış qiyməti ilə 146.587,84 manat məbləğində (ƏDV və ticarət əlavəsi daxil) mal qalığı olmalı olduğu halda anbarda mal qalığı aşkar edilməmişdir. Bununla da 146.587,84 manat məbləğində malların e-qaimə faktura təqdim etmədən satılması müəyyən olunmuş, 146.587,84 manat məbləğində malların e-qaimə faktura təqdim edilmədən satılmasına görə müəssisəyə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 14.658,78 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Qeyd olunan aktın məzmunundan görünür ki, vergi orqanı tərəfindən iddiaçının yoxlama dövrü ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 146.587,84 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaiməfaktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Həmin akta, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 31 avqust 2021-ci il tarixdə **********6251 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Sözügedən qərarla müəssisəyə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 14.658,78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanının operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə qəbul etdiyi inzibati akt aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur. Əvvəla, operativ vergi nəzarətinin keçirilməsi haqqında qərar əsaslandırılmamışdır. Qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul olunmuş 16 iyun 2021-ci il tarixli qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamış, qərar ümumiyyətlə əsaslandırılmamışdır. Beləliklə, hazırkı iş üzrə vergi orqanı tərəfindən qanunvericilik normalarının tələblərinə tam riayət edilməmişdir. Vergi orqanın operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi əsasları dəqiq göstərilmiş, lakin vergi orqanın qərarında həmin əsaslardan hansına görə operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamış, bununla da Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarların əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda göstərilməməsi operativ vergi nəzarətinin tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qeyd olunan hüquqi mövqe artıq Ali Məhkəmənin bir neçə qərarlarında formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapmışdır. Numunə kimi operativ vergi nəzarətin keçirilməsi ilə bağlı mübahisəyə aid olan Ali Məhkəmənin 18 aprel 2018-ci il tarixli 2-1(102)-510/2018 nömrəli, 31 oktyabr 2018-ci il tarixli 2-1(l02)-1754/2018 nömrəli, 27 noyabr 2019-cu il tarixli 2-1(102)- 3327/2019 nömrəli və 28 oktyabr 2020-ci il tarixli 2- 1(102)-1947/2020 nömrəli qərarlarını göstərmək olar. Həmin qərarların məzmununda da vergi orqanının kassasiya şikayətinin təmin edilməməsi əsaslarından biri kimi, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmaması göstərilmişdir. İkincisi, məsuliyyətə cəlb edilmə barədə qərar qanunvericiliyin imperativ tələblərinə zidd olaraq əsaslandırılmadan qəbul edilmişdir. Qanunvericiliyin tələblərinə zidd olaraq, vergi orqanı operativ vergi nəzarət tədbirin materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərar ümumiyyətlə əsaslandırılmamış, iddiaçının özünün müdafiəsi üçün gətirdiyi dəlillər ümumiyyətlə yoxlanılmamış, yalnız vergi nəzarət tədbirin nəticəsi üzrə tətbiq edilmiş maliyyə sanksiyasının qeyd edilməsi ilə kifayətlənmişdir. Üçüncüsü, vergi orqanı operativ vergi nəzarət tədbiri zamanı vergi qanunvericiliyinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Qanunvericilik vergi sahəsində yoxlama adı altında kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə nəzərdə tutulmuş məsələlərə əməl edibedilməməsinə vergi nəzarət forması kimi təsbit etmişdir. Başqa sözlə, vergi qanunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarət tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamalar basa düşülməlidir. Eyni zamanda, vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Başqa sözlə desək, operativ vergi nəzarət tədbiri zamanı vergi organının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Qanunvericilik normalarının təhlilindən belə qənaətə gəlmək olur ki, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusa görə maliyyə sanksiyası tətbiq edə bilər. Lakin vergi orqanı qeyd olunan normaların tələblərinə zidd olaraq və maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyektində keçirtdiyi operativ vergi nəzarət tədbiri zamanı sonuncunun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, ümumilikdə 1 aylıq dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Vergi orqanı buna səlahiyyəti və hüququ olmadığı halda iddiaçının 1 aylıq dövrünün nəzarət-kassa aparatına vurulan dövriyyəsinə maliyyə sanksiyası tətbiq etmişdir ki, sanki operativ vergi nəzarət tədbiri deyil, səyyar vergi yoxlaması aparmışdır. Dördüncüsü, vergi organı qanunla üzərinə vergi qanunvericiliyinin pozulması faktını sübut etmək vəzifəsi qoyulsa da, həmin vəzifəni yerinə yetirə bilməmişdir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən bir qayda olaraq vergi orqanının üzərinə düşür. Vergi orqanı isə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən etimallara əsaslanaraq operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə akt və məsuliyyət qərarı tərtib etmişdir ki, bu da öz növbəsində iddiaçının qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Başqa sözlə, əgər vergi organı və ya şikayətə baxan yuxarı inzibati organ satılmış malların məhz topdan satış qaydasında sahibkarlıq məqsədləri üçün satıldığını (alan şəxslərdən izahat almaqla və ya digər tutarlı sübutlarla) sübut edə bilsəydi, bu təqdirdə iddiaçı da həmin malların məhz son istehlak üçün satıldığını sübut etməyə çalışardı və bununla bağlı müvafiq sübutları vergi orqanına və ya şikayətə baxan yuxarı vergi orqanına təqdim edərdi. Operativ vergi nəzarətin nəticəsi üzrə tərtib edilən aktın məzmunundan görünür ki, vergi orqanı tərəfindən iddiaçının 2021-ci ilin iyun - iyul dövrü ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 146.587,84 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. İddiaçı uzun müddətdir ki, ölkə ərazisinə müxtəlif çeşiddə malları idxal etməklə onların həm topdan, həm də pərakəndə satışı fəaliyyəti ilə məşğuldur, iddiaçının əsas fəaliyyəti topdan satışdan ibarət olsa da, dövriyyəsinin müəyyən faizini pərakəndə satış da təşkil edir. Məhz bu səbəbdən də iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektləri topdan satışla yanaşı, həmçinin pərakəndə satış kimi vergi uçotunda qeydiyyata alınmışlar. Vergi Məcəlləsində “topdansatış" və “pərakəndə satış" anlayışlarının açıqlaması öz təsdiqini tapmışdır. Həmin anlayışlardan aydın olur ki, pərakəndə satışı topdansatışdan fərqləndirən odur ki, pərakəndə satışda mal alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət- kassa aparatının çeki ilə satılır, topdansatışda isə mallar alıcıya sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız elektron qaimə-faktura əsasında satılır. Topdansatış qaydasında mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır. Başqa sözlə desək, alıcı vergi orqanında uçotda (VÖEN-ni) olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaimə- faktura təqdim edə biləsən. Digər tərəfdən, xüsusi olaraq qeyd olunmalıdır ki, nə Vergi Məcəlləsində, nə də digər vergi qanunvericilik aktlarında malların hansı həddə və ya həcmdə satışı pərakəndə, hansı həddə və ya həcmdə satışı isə topdansatış kimi qəbul edilməsinə dair meyarlar müəyyən edilməmişdir. Yəni adi vətəndaş müəssisənin pərakəndə satış mərkəzinə yaxınlaşaraq son istehlak məqsədilə özü üçün 100 ədəd mal ala bilər və bu pərakəndə satış kimi qəbul edilməli, eyni qaydada da fərdi sahibkar və ya hüquqi şəxs iddiaçıdan həmin maldan sahibkarlıq məqsədləri üçün 50 ədəd mal ala bilər və bu satış topdansatış kimi qiymətləndirilməlidir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik malların sayında və va həcmində pərakəndə satışdan topdansatışa keçid həddi müəyyən etməmişdir. Belə olan halda eyni mal həm pərakəndə satış kimi, həm də topdansatış kimi satıla bilər və bu halda satışın məhz pərakəndə satışa, yoxsa topdansatışa aid edilməsi üçün həmin malların alış (yəni son istehlak, yoxsa sahibkarlıq fəaliyyəti) məqsədləri müəyyən edilməlidir. Bundan başqa, qüvvədə olan qanunvericiliklə malları təqdim edən şəxsə malları satan zamanı həmin malları alan şəxsdən hansı məqsədlər üçün malların aldığını tələb etmək ixtiyarı da verilməmişdir. Yəni, əgər vergi uçotunda olmayan şəxs müəssisədən hansısa səbəblə müxtəlif çeşiddə və yaxud bır çeşiddə çoxlu sayda mallar aldığı zaman son istehlak məqsədləri üçün aldığını bəyan edirsə, bu halda malları təqdim edən vergi ödəyicisi həmin alışın dəqiq məqsədlərini necə müəyyən etməlidir ki, həmin malların satışını topdansatışa və yaxud pərakəndə satışa aid edə bilsin. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, malların satışının topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və va həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Malları alan şəxsin məqsədi isə son istehlak üçün olduqda pərakəndə satışa, sahibkarlıq fəaliyyəti ücün olduqda isə topdansatışa aid edilməlidir. Lakin operativ vergi nəzarət tədbirini keçirən vergi əməkdaşları tərəfindən iddiaçının iyun - iyul 2021-ci il dövrü ərzində olan satış dövriyyəsinin hamısı heç bir qanuni əsas olmadan və araşdırma aparılmadan topdansatış kimi qəbul edilmiş, satılmış malların alış məqsədləri isə ümumiyyətlə müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir. Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulmuş, yəni bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi hüquq pozuntusu hadisəsi mövcud olmamışdır. Belə ki, iddiaçının pərakəndə satış ilə satdığı malların dövriyyəsi vergi orqanı əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq topdansatış kimi qəbul edilsə də, malları alan şəxslərin həmin malları məhz sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları faktları sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********3686 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (daş karxana) 2071-ci məhəllə ünvanında yerləşən anbarda (**********-15001 kodlu) həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 146.587,84 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 000399 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Qeyd edilən akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6251 nömrəli Qərarı ilə iddiaçı barəsində 14.658,78 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İddiaçının ilkin dəlili operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarın əsaslandırılmaması olmuşdur. Operativ vergi nəzarəti zamanı tərtib edilən sənədlərin formaları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18 May 2020-ci il tarixli, **********516100 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydaları” ilə müəyyən edilir. Qeyd olunan qaydalarda əks edilmiş formal tələblərə vergi orqanı tərəfindən riayət edilmişdir. Vergi ödəyicisinə təqdim edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışda operativ vergi nəzarətinin keçirilmə əsası qeyd olunmuş və vergi ödəyicisi bundan xəbərdar olmuşdur. İddiaçının digər bir dəlili məsuliyyətə cəlb etmə barədə qərarın əsaslandırılmamasıdır. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********6251 saylı qərarda Vergi Məcəlləsində göstərilən bütün formal tələblərə riayət edilmişdir. Həmçinin, məsuliyyətə cəlb etmə barədə qərarda operativ vergi nəzarəti zamanı tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 001252 saylı akta istinad edilmiş, həmin aktda hansı hadisənin qərarın qəbul edilməsi üçün əsas olduğu aydın şəkildə göstərilmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən vergi orqanına aktda göstərilənləri təkzib etmək üçün hər hansı dəlil təqdim edilməmişdir. Vergi orqanının qərarında “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş formal tələblərə əməl olunmadığı bildirilmişdir. Bu məsələyə Ali Məhkəmənin "xxxx" MTK-nın işi ilə bağlı xx.xx.2017-ci il tarixli 2-1(102)-510/2017 saylı qərarında aydınlıq gətirilmişdir: “Vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərarda və əsasən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırmanı aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası yalnız bu meyarı əsas götürməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etməmişdir, çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarlar ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarının ehtimallarını yaradır”. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39- 43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Belə ki, dolayısı ilə, Ali Məhkəmənin yuxarıda qeyd olunan dəlilləri operativ vergi nəzarəti nəticəsində çıxarılan qərarlara da şamil edilir. Vergi ödəyicisinin irəli sürdüyü üçüncü arqumentə dair - Vergi Məcəlləsində Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fizik şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və 50.1-ci maddəsində nəzərdə tutulmuş məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Qeyd olunan operativ vergi nəzarətinin əhatə etdiyi hallar davam edən xarakter daşıdığından, eləcə də Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddənin tələbindən göründüyü kimi məsuliyyət məsələsi vergi öhdəliyi ilə birgə müəyyən edildiyi hallarda 3 illik müddətlə məhdudlaşır. Operativ vergi nəzarəti tədbirləri zamanı isə vergi ödəyicisinə əlavə hər hansı vergi öhdəliyi tətbiq edilmir, sadəcə qanun pozunutusuna yol verildiyindən müvafiq maliyyə sanksiyası tətbiq edilir. Nəticə etibarilə, operativ vergi nəzarəti tədbirləri ilə əhatə olunan hallar davam edən xarakterli olduğundan, 3 illik müddətin axımının hansı vaxtdan hesablanmalı olmasını müəyyən etmək mümkün deyildir. İddiaçının dördüncü arqumentinə dair Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulur. Həmin Məcəllənin 13.2.63-ci maddəsinə əsasən topdansatış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən istehlakçı dedikdə şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs nəzərdə tutulur. Maddədən göründüyü kimi, mallar istehlakçı tərəfindən (pərakəndə qaydada) alındıqda şəxsi tələbatı ödəmək məqsədi mövcud olur. Akta əlavə edilmiş siyahıya nəzər yetirdikdə, iddiaçı tərəfindən pərakəndə qaydada satılmış malların həcminin nə dərəcədə yüksək olduğu aydın görünür. Bu isə öz növbəsində həmin malların satışının (təqdim edilməsinin) məhz alıcının (alıcıların) sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyinin göstəricisidir. Bu həcmdə alkoqollu içkilərin şəxsi tələbatı ödəmək məqsədilə alınması mümkünsüzdür. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Bakı İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(112)-2845/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMC-nin barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6251 nömrəli Qərar ləğv edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(112)-2845/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3686 nömrəli Qərarının təsdiq edilmiş surətindən görünür ki, “X2" MMC-yə (VÖEN **********) məxsus olan obyektdə (ünvan: AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (daş karxana) 2071-ci məhəllə; obyektin adı: Ofis Bakı (**********-15001); fəaliyyət növü: İxtisaslaşdırılmış mağazalarda alkoqollu və digər içkilərin pərakəndə satışı) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021- ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli DVX seriyalı 000399 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********3686 nömrəli qərarına əsasən “X2" MMC-yə (VÖEN **********) məxsus olan anbarda (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş karxana) 2071-ci məhəllə) operativ vergi nəzarəti tədbiri keçirilmiş, nəticədə 146.587,84 manat məbləğində malların e-qaimə faktura təqdim edilmədən satılmasına görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 14.658,78 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6251 nömrəli Qərarının təsdiq edilmiş surətindən görünür ki, “X2" MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 000399 nömrəli akta və digər sənədlərə baxılmış və “X2" MMC-nin Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 14658,78 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021 tarixədək 14658,78 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. - 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir - 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. - 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. - 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. - 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın: - 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaiməfaktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. - 4.2-ci bəndinə əsasən vergiödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. - 4.3-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Hazırkı işin hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3686 nömrəli Qərarına əsasən iddiaçıya məxsus olan obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixli DVX seriyalı 000399 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir və həmin akt əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********6251 nömrəli Qərarına əsasən iddiaçının 14658,78 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin mübahisələndirilən qərarı əsassızdır. Belə ki, parakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Hazırkı halda parakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektində bir malın eyni vaxtda toplu halında satılmasını topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün cavabdeh tərəfindən mötəbər sübutlar nə işin birinci instansiya, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının nəzarət kassa aparatına bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması kimi qiymətləndirilməsi əsassız sayılmalıdır. Cavabdeh qəbul etdiyi inzibati aktla iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Parakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(112)-2845/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(112)-2845/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar