Məhkəmə qərarları › İş №2-1(103)-472/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-472/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-472/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “hərbi rütbənin bərpa olunması və sərhədçi formasının daşımağı üçün əmrin verilməsi” barədə iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7316/2023 nömrəli, 01 avqust 2023cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək “Polkovnik” hərbi rütbəsinin bərpa olunması, eləcə də 28 il geyindiyi sərhədçi formasının bundan sonra da daşımağı üçün müvafiq əmrin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1992-ci ilin noyabrından 2020-ci ilin fevralınadək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında zabit kimi müxtəlif vəzifələrdə (zastava rəisinin müavini, zastava rəisi, X2 müavini, ŞHÜŞ-də baş zabit, Mənəvi-psixoloji hazırlıq üzrə bölmənin rəisi, ŞHÜŞ-nin rəis müavini, hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, ŞHÜŞ-nin rəisi vəzifələrində) xidmət etmişdir. Eləcə də xidmətdə əldə etdiyi nailiyyətlərə görə “leytenant” rütbəsindən “polkovnik” hərbi rütbəsinədək yüksələ bilmişdir. Xidmətdə əldə etdiyi nailiyyətlərə görə 12 müxtəlif medallarla təltif olunmuşdur. Silahlı Qüvvələrdə 25 ildən artıq xidmət etdiyinə görə isə “Silahlı Qüvvələrin veteranı” medalını almışdır. Lakin bütün bunlarla yanaşı 2019-cu ilin sentyabr ayının 26-da X11 hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Şöbənin rəisi vəzifəsində xidmət etdiyi zaman Sərhəd Dəstəsinin 13-cü sərhəd zastavasında (indiki 14-cü sərhəd zastavası) bədbəxt hadisə baş verdi. Belə ki, sərhəd zastavasının müddətli hərbi qulluqçuları - kiçik çavuş X13 ilə əsgər X7 arasında qarşılıqlı münasibətlər pozulmuş və nəticədə əsgər S.Baxşeyişov xx.xx.2019-cu il tarixdə, “Yat” komandasından sonra “Zastava Gözətçisi” xidmətində olarkən xidmət yerini özbaşına tərk edərək əsgər kazarmasına daxil olaraq kiçik çavuş Ə.Səlimovu istismarında olan xidməti silahdan atəş açaraq yaralamış, sonra isə intihar etmişdir. Hadisə ilə bağlı DSX rəisinin şəxsi heyət üzrə müavininin (hal-hazırda təqaüddədir) rəhbərliyi ilə araşdırma işi aparılmışdır. Lakin araşdırma zamanı hadisənin səbəbləri düzgün təhlil edilərək real deyil, birtərəfli, qərəzli aparılmışdır. X15 Xidməti rəisinin xx.xx.2019-cu il tarixli 0284 nömrəli əmri ilə hərbi rütbəsi bir pillə aşağı endirilmişdir. 2020-ci ilin fevralın 27-də isə öz arzusu ilə yaşa görə istefaya buraxıldı. 11 yanvar 2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik cənab Elçin Quliyevə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının 1997-ci il 03 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin” 181-ci maddəsinə uyğun olaraq “polkovnik” rütbəmin bərpa olunması eləcə də 28 il geyindiyi sərhədçi formasının bundan sonra da daşımağı üçün müvafiq əmr verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli K/108/30/A-202 saylı cavab məktubu ilə müraciətə cavab olaraq bildirilmişdir ki, müraciətində qeyd etdiyi məsələ məqsədə uyğun hesab edilməmişdir. 28 il ərzində vətənə qüsursuz xidməti, xidmətdə əldə etdiyi nailiyyətlərə görə təltifləri nəzərə alınmadan digər şəxslər cəzalandırılmalı olduğu halda onlar cəzalandırılmadan iddiaçı cəzalandırılır və dolayısı ilə ona aidiyyəti olan hadisədən 3 ildən artıq müddət keçməsinə baxmayaraq heç bir əsas göstərilmədən hərbi rütbənin bərpasının məqsədəuyğun olmaması qeyd edilir. Halbuki, Azərbaycan Respublikasının 1997-ci il 03 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin” 181-ci maddəsinə əsasən Ehtiyatda, yaxud istefada olan şəxslər hərbi intizamı, ictimai qaydaları pozduqda, yaxud hərbi şərəfi və hərbi rütbənin şöhrətini alçaldan nalayiq hərəkət törətdikdə, əgər əvvəl görülmüş intizam və ictimai tədbirlər kömək etməyibsə, onların rütbələri aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən bir pillə aşağı salına bilər: gizirlərin və miçmanların — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, zabit rütbələri — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı. Ehtiyatda, yaxud istefada olan dövrdə hərbi rütbəsi aşağı salınmış şəxslər istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultduqları hallarda hərbi rütbənin aşağı salınmasından ən azı 3 il keçdikdən sonra onların hərbi rütbələrini aşağı salmış şəxslər tərəfindən əvvəlki hərbi rütbələrinə bərpa edilə bilərlər. Ehtiyatda, yaxud istefada olan şəxslərin həqiqi xidmət dövründə aşağı salınmış hərbi rütbələri həmin göstərilən şərtlər əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən əvvəlki hərbi rütbə bərpa edilə bilər. Cavabdeh (inzibatı orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, bürokratik əngəllər yaratmaqla ona əvvəlki hərbi rütbəsinin bərpa edilməməsini və 28 il geyindiyim sərhədçi formasının bundan sonra da daşımağı üçün müvafiq əmrin verilməməsinin dolayısı ilə imtina edilməsi kimi qiymətləndirir. Cavabdeh tərəfindən verilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı N.İ.Abbasov polkovnik hərbi rütbəsinin bərpa edilməsi və hərbi geyim forması daşımaq üçün əmrin verilməsi ilə bağlı DSX-nə yazılı qaydada müraciət etmiş və adıçəkilən məsələnin həlinin məqsədəuyğun olmaması barədə rəsmi cavab məktubu göndərilmişdir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin həm 164, həm də 181-ci maddəsi dispositiv xarakterli olmaqla, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqana, yəni Dövlət Sərhəd Xidmətinə həvalə edilmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7316/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən iş mübahisənin mahiyyətinə varmadan işi ətraflı araşdırmamış və nəticədə mübahisəyə düzgün qiymət verməmişdir. Belə ki, cavabdehin ona münasibətdə qərəz nümayiş etdirdiyinin müəyyən edilməsi üçün məhkəmə hər hansı tədbir görməmişdir. Belə olan halda məhkəmənin işi mahiyyəti üzrə araşdırması ilə bağlı dəlilləri sübuta yetirilmir. İddia ərizəsinin rədd edilməsi keçmiş hərbiçi kimi hüquqlarını pozmuşdur. Məhkəmə bu halları lazımi araşdırdığı və lazımi hüquqi qiymət verəcəyi halda cavabdehin ona qarşı ədalətsiz mövqe nümayiş etdirdiyi qənaətinə gəlmiş olardı. Lakin, məhkəmə cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçı olaraq təqdim etdiyi iddianın əsasını təşkil edən və kifayət qədər sübutlar olduğu halda bu sübutlara hüquqi qiymət verməmişdir. İşə baxan məhkəmə qərarının əsaslandırıcı hissəsində cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərini sadalamaqla işini bitmiş hesab etmiş, lakin diskresion səlahiyyətin nə demək olduğunu araşdırmamış, həmin səlahiyyətlərin müəyyən məhdudiyyət çərçivəsində olmasını nəzərə almamışdır. Belə ki, “İnzibati icraat haqqında” AR qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər—qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Həmin qanunun 12.4-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Eyni qanunun 14.2-ci maddəsinə əsasən isə diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Yenə həmin qanunun 14.3-cü maddəsinin tələblərinə görə diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Çox təəssüf ki, işə baxan məhkəmə qərarını əsaslandırarkən maddi hüquq norması olaraq mübahisənin hüquqi əsasını təşkil edən həmin qanuna istinad belə etməmiş, yaxud etmək istəməmiş, inzibati orqan olan cavabdehin diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı ərizəçinin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul etməsinə qiymət verməmişdir. Azərbaycan Respublikasının 1997-ci il 03 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu i lə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin” 181-ci maddəsinə əsasən cavabdeh tərəfindən həqiqi xidmət dövründə aşağı salınmış hərbi rütbəsi bərpa edilməli idi. Belə ki, kifayət qədər əsaslar təqdim etmələrinə baxmayaraq ərizəsi mücərrəd əsasla təmin edilməmişdir. İşə baxan məhkəmə isə bunu cavabdehin diskresion səlahiyyəti kimi qiymətləndirərək əsassız olaraq iddianı təmin etməmişdir. Məhkəmə inzibati orqanın qeyd edilən məsələdə qərar qəbul edərəkən diskresion səlahiyyətə malik olduğunu əsaslandırmağa çalışsa da unutmuşdur ki, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı qəbul edilən qərar onun hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnməməlidir. Məhkəmə qeyd edilən normanın tələblərini tətbiq etməmiş və nəticədə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, iddiaçı sabiq hərbi qulluqçu polkovnik-leytenant İddiaçı 27 fevral 2020-ci il tarixdən “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 42.0.1-ci maddəsinə (yaşa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçının tələbləri aşağıdakılardan ibarətdir: - hərbi rütbənin bərpa olunması, - sərhədçi formasını daşımağı üçün əmrin verilməsi. Məhkəmə kollegiyası ilk öncə iddiaçının hərbi rütbəsinin bərpası tələbi üzrə aşağıdakıları qeyd edir. İşin araşdırılmış hallarından, həmçinin apellyasiya icraatında araşdırma zamanı təqdim edilmiş şəxsi iş materiallarından göründüyü kimi, xx.xx.2019-cu il tarixli 0284 nömrəli əmrə əsasən X3 Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 67-ci maddəsinin "e" bəndinə müvafiq olaraq rütbəsi bir pillə aşağı endirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə qarşılıqlı münasibətlərin pozulması faktlarının vaxtında aşkar edilməməsi səbəbindən xx.xx.2019-cu il tarixdə əsgər X5 15-ci sərhəd zastavasında özünə qəsd etmiş, bununla yanaşı xx.xx.2019-cu il tarixdə əsgər X8 vaxtında tibbi yardım göstərilməməsi səbəbindən xəstəlikdən vəfat etmiş və xx.xx.2019-cu il tarixdə əsgər X10 13-cü sərhəd zastavasında qarşılıqlı münasibətlərin pozulması zəmnində odlu silahla digər əsgər yoldaşını yaralayaraq, daha sonra özünü öldürmüşdür. Bu da ona əsas verir ki, N.İ.Abbasov sərhəd bölmələrində vaxtında şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə nəzarət edə bilməmiş, profilaktik və qabaqlayıcı tədbirlər görməmiş, əsgərlər arasında sorğu keçirməyərək, baş verə biləcək hadisələri vaxtında aşkar edə bilməmişdir. Qeyd olunanlarla əlaqədar N nömrəli hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini-şəxsi heyət üzrə şöbənin rəisi vəzifəsində xidmət etmiş sabiq hərbi qulluqçu X3 xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 67-ci maddəsinin "e" bəndinə müvafiq olaraq rütbəsi bir pillə aşağı endirilmişdir. Sözügedən iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 181-ci maddəsi təşkil edir. Belə ki, həmin Əsasnamənin 181-ci maddəsinə əsasən Ehtiyatda, yaxud istefada olan şəxslər hərbi intizamı, ictimai qaydaları pozduqda, yaxud hərbi şərəfi və hərbi rütbənin şöhrətini alçaldan nalayiq hərəkət törətdikdə, əgər əvvəl görülmüş intizam və ictimai tədbirlər kömək etməyibsə, onların rütbələri aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən bir pillə aşağı salına bilər: gizirlərin və miçmanların — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, zabit rütbələri — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı. Ehtiyatda, yaxud istefada olan dövrdə hərbi rütbəsi aşağı salınmış şəxslər istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultduqları hallarda hərbi rütbənin aşağı salınmasından ən azı 3 il keçdikdən sonra onların hərbi rütbələrini aşağı salmış şəxslər tərəfindən əvvəlki hərbi rütbələrinə bərpa edilə bilərlər. Ehtiyatda, yaxud istefada olan şəxslərin həqiqi xidmət dövründə aşağı salınmış hərbi rütbələri həmin göstərilən şərtlər əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən əvvəlki hərbi rütbə bərpa edilə bilər. Ehtiyatda, yaxud istefada olan ali zabitlər heyətindən olan şəxslərin hərbi rütbələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağı salına, sonra müvafiq halda müsbət xasiyyətnaməyə layiq görüldükdə bərpa oluna bilər. Ehtiyatda, yaxud istefada olan həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınmış ali zabitlər heyətindən olan şəxslərə əvvəlki rütbələri yenidən verilə bilər. Əvvəlki hərbi rütbələrində bərpa edilmiş ehtiyatda, yaxud istefada olan şəxslərə onların hərbi rütbələri aşağı salınana qədər istifadə etdikləri hüquq və güzəştlər verilir. Həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınan şəxslərə hərbi rütbələri ehtiyatda, yaxud istefada olarkən əvvəlki hərbi rütbələri verilibsə, onda onlar həqiqi hərbi xidmətdən buraxıldıqları vaxt müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər. İddiaçı da qeyd edilən normaya istinad edərək, hazırda işlədiyi “Vətən-N Mühafizə Xidməti”ndən əldə etdiyi Xasiyyatnaməni təqdim edərək, hərbi rütbənin aşağı salınmasından 3 ildən artıq müddət keçdiyini və istehsalatda və digər ictimai faydalı işlərdə özünü doğrultduğunu iddia edərək onun salınmış hərbi rütbəsinin bərpa edilməsini xahiş edir. İddiaçının digər tələbi isə sərhədçi formasını daşımağı üçün əmrin verilməsi ilə bağlıdır ki, bu tələbinin də qanuni əsasını “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 164-cü maddəsi təşkil edir. Həmin Əsasnamənin 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən həmin Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. İstinad olunan normada hərbi geyim forması daşımaq hüququ verilən şəxslərin dairəsi, hüququn verilmə zamanı və bunu verməyə səlahiyyəti olan şəxsin dairəsi tənzimlənmişdir. Bu hüquq verilən şəxslərin dairəsinə:

1. hərbi kidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş hərbi qulluqçular;

2. xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslər aid edilmişdir. Hüququn verilmə zamanı kimi yuxarıda qeyd edilən kateqoriyaya aid edilən hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılması zamanı müəyyən edilmiş, hüququ vermək səlahiyyəti olan şəxs kimi isə buraxılmanı rəsmiləşdirən rəis nəzərdə tutulmuşdur. «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə 6 saylı Əlavə “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhşÜ. müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları” təsbit olunmuşdur. Həmin Qaydalara əsasən: -1. Təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir. - 3. «Təqdimatın əsaslandırılması» adlı İİ bölmədə göstərilir: v) həqiqi hərbi xidmətdən buraxılmağa təqdim edilərkən: - hərbi qulluqçunun buraxılmağa təqdim olunduğu bu Əsasnamənin maddəsi və bəndi hərbi geyim forması daşımaq hüququ haqqında təqdimatın başlanğıcında göstərilir; -Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət illəri haqqında — müəyyənləşdirilmiş qaydada tərtib edilib hazırlanmış hesablamaya müvafiq olaraq təqvim və güzəştli hesabla illərin, ayların, günlərin miqdarı, hesablamanın tərtibi tarixi; - əmək stajı nəzərə alınmaqla pensiya hüququ olan hərbi qulluqçular barədə, həmçinin əmək stajı illərinin sayı da göstərilir. Hərbi qulluqçunun pensiya hüququ verən xidmət illəri olmadıqda, onda hərbi hissənin müvafiq qurumlarının hesabladığı xidmət illəri və onların hansı tarixə kimi hesablandığı göstərilir; - hərbi xidmətə yararlılıq dərəcələri — nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən müayinə edilib, nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən xəstəlik haqqında şəhadətnamə təsdiq edilib, onun dəqiq nömrəsi, xəstəlik haqqında təsdiq edilmiş şəhadətnamədən hərbi xidmətə yararlılıq dərəcəsi haqqında dəqiq ifadə. Əgər hərbi qulluqçu tibbi müayinəyə göndərilməyibsə bunun səbəbi göstərilir; - xidmət yeri üzrə yaşayış sahəsi ilə təmin edilməsi haqqında — hansı yaşayış məntəqəsində, o cümlədən müəyyənləşdirilmiş qaydada ayrılıb saxlanan kooperativ, yaxud şəxsi mənzili (otağı) var; - nə vaxt və kim tərəfindən buraxılma haqqında söhbət aparılıb, hərbi qulluqçu xidmət illərinin hesabı ilə tanış edilibmi, onun buraxılmaya münasibəti; - hərbi uçota göndərilmə haqqında; - rayon (şəhər), rayon bölgülü şəhər, Muxtar Respublika hərbi komissarlığının adı; - həvəslendirmə tədbirləri haqqında — hərbi geyim forması daşımaq hüququ haqqında vəsatət (bu Əsasnamənin 164-cü maddəsinin tələbləri nəzərə alınmaqla), təşəkkür elan edilməsi haqqında, buraxılarkən Təşəkkürnamə ilə təltif edilməsi, buraxıldıqda növbəti hərbi rütbə verilməsi haqqında. Bu Əsasnamənin 156-cı maddəsinin «v», «q»,.«d», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi üzrə buraxılarkən əlavə olunan attestasiyada əks olunmayan məlumat və şəraiti xarakterizə edən xüsusi səbəb və əsaslar haqqında. Beləliklə, istinad olunanlardan müəyyən olunur ki, hərbi qulluqçu həqiqi hərbi xidmətdən buraxılarkən bu barədə hərbi hissə komandiri tərəfindən təqdimat tərtib edilir, həmin təqdimatın İİ bölməsində göstərilən məlumatlardan birini həvəsləndirmə tədbirləri təşkil edir, hansı ki, hərbi geyim forması daşımaq hüququ haqqında vəsatət də bu tədbirlərə aiddir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçının tələbində qeyd etdiyi hallar yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olduğu kimi inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Bilindiyi kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Beləliklə, aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdeh iddiaçının tələbini təmin etməməsi ilə öz diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə həyata keçiribmi və onun diskresion hüququ həmin səlahiyyətlərin məqsədinə uyğundurmu? Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud İnzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göründüyü kimi, İPM-in 74-cü maddəsi məhkəmə tərəfindən inzibati aktların qanuniliyinin yoxlanılmasını inzibati orqanın öz diskresion səlahiyyətini düzgün, xüsusilə mütənasiblik prinsipinə müvafiq olaraq yerinə yetirib-yetirmədiyinin yoxlanılması ilə məhdudlaşdırmışdır. İş materiallarına əlavə edilmiş Attestasiya vərəqindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü müsbət cəhətdən göstərmiş, böyük rəislər tərəfindən verilmiş əmr və tapşırıqların icrasına məsuliyyətlə yanaşmağa çalışmış, lakin buna tam şəkildə nail ola bilməmiş, vəzifə borclarının icrası zamanı ciddi nöqsanlara yol vermişdi. Belə ki, son zamanlar sərhəd bölmələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları arasında baş verən prosesləri nəzarətdə saxlaya bilməmiş, qarşılıqla münasibətlərin pozulması kimi faktların aşkar edilməsi istiqamətində vaxtında qabaqlayıcı tədbirləri lazımi səviyyədə həyata keçirməmiş, tabeliyində olan zabitlərin fəaliyyətini düzgün istiqamətləndirməmiş, şəxsi heyət üzrə şöbənin rəisi olaraq şəxsi heyətin ehtiyac və problemləri ilə dərindən maraqlanmamış və lazımi qayğını göstərməmişdir. Belə ki, qeyd edilən faktların vaxtında aşkar edilməməsi səbəbindən, N nömrəli hərbi hissənin komandirinin şəxsi heyət üzrə müavini-şəxsi heyət üzrə şöbənin rəisi vəzifəsində xidmət edərkən xx.xx.2019-cu il tarixdə əsgər Ş.E.Bayramovun özünə qəsd etməsi, xx.xx.2019-cu il tarixdə əsgər S.A.Hüseynova vaxtında tibbi yardım göstərilməməsi səbəbindən xəstəlikdən vəfat etməsi, həmçinin xx.xx.2019-cu il tarixdə əsgər S.A.Baxşıyevin odlu silahla digər əsgər yoldaşını yaralayaraq, daha sonra özünü öldürməsi faktları iddiaçının xidməti vəzifələrinin icrasına laqeyd və səhlənkar yanaşması nəticəsində sərhəd bölmələrində vaxtında şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə nəzarət edə bilmədiyinə görə polkovnik İddiaçı hərbi rütbəsi Silahlı qüvvələrin İntizam Nizamnaməsinin 67-ci maddəsinin “e” bəndinə müvafiq olaraq bir pillə aşağı salınmışdır. Hazırda isə Əsasnamənin 181-ci maddəsində qeyd edilən hala istinadən hərbi rütbənin bərpa edilməməsi ilə bağlı inzibati orqanın mülahizəsi diskresion səlahiyyətlərin pozulması kimi qəbul edilməməlidir. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Raportdan görünür ki, iddiaçı N nömrəli hərbi hissənin komandirinə raport ünvanlayaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.1-ci maddəsinə (yaşa görə) müvafiq olaraq DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin istefasına buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Bundan sonra noyabr 2019-cu il tarixdə 8-ci sərhəd dəstəsinin rəisi iddiaçının istefaya buraxılması barədə təqdimat tərtib etmişdir. İş materiallarında olan həmin Təqdimatdan («Təqdimatın əsaslandırılması» adlı İİ bölmə) göründüyü kimi, iddiaçının ehtiyata buraxılması barədə təqdimatda onun barəsində hər hansı həvəsləndirmə tədbirləri haqqında məlumat, o cümlədən iddiaçının hərbi geyim forması daşımaq hüququ haqqında vəsatət verilməmiş, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.1-ci maddəsinə (yaşa görə) müvafiq olaraq DSX-də həqiqi-hərbi xidmətdən Silahlı Qüvvələrin istefasına buraxılmışdır. İddiaçı nə həmin təqdimatı, nə də xx.xx.2019-cu il tarixli əmri mübahisələndirmişdir. Bu tələbə münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində müvafiq əmri mübahisələndirmədiyindən, qanunverici isə ehtiyata buraxıldıqdan sonra hərbi qulluqçuya hərbi geyim forması daşımaq hüququ verilməsini nəzərdə tutmadığından iddiaçının hazırkı məzmunda tələbi də təmin oluna bilməz. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətindən qanunsuz istifadə etməsi halları aşkar edilməmişdir, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7316/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar