Məhkəmə qərarları › İş №2-1(103)-4720/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4720/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4720/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayonu Xocasən Bələdiyyəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X1 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayonu Xocasən Bələdiyyəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-396/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Xocəsən qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 21/24 saylı qərarı ilə ona ayrılmış torpaq sahəsinin təqdim edilməsi və ya həmin torpaq sahəsinin mövcud bazar qiymətinə uyğun olaraq qiymətləndirilərək dəyərinin verilməsi ilə bağlı cavabdeh orqana etdiyi müraciət, iddiaçıya məxsus torpaq sahəsinin başqa şəxslər tərəfindən zəbt edildiyi və bələdiyyənin balansında əvəzləşdirməyə başqa torpaq sahəsinin olmaması əsası ilə xx.xx.2022-ci il tarixlı məktub ilə təmin edilməmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xocəsən qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 21/24 saylı qərarı ilə iddiaçıya ayrılan torpaq sahəsinin mövcud bazar dəyərinin və torpaq sahəsinin üzərində aparılmış tikinti işlərinə sərf edilən vəsaitin (cəmi: 20580 manat (18000+2580)) Binəqədi Rayon Xocəsən qəsəbə Bələdiyyəsindən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 21/24 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin mövcud bazar qiymətinin - 24000 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Xocəsən qəsəbə Bələdiyyəsinin qərarına əsasən Binəqədi rayon Xocəsən qəsəbə ərazisində olan və iddiaçıya verilən torpaq sahəsinin ölçüsü və ünvanı qeyd edilməklə cizgisi Binəqədi Rayon İcra Hakimiyyətinin memarlıq xidməti ilə razılaşdırılmışdır. Ayrılan torpaq sahəsinin yeri iddiaçıya göstərildikdən sonra, iddiaçı tərəfindən həmin torpaq sahəsinə mişar daşı gətirilərək sahənin ölçülərinə uyğun olaraq dörd tərəfdən hasar inşa edilmişdir. Lakin maddi vəziyyətində çətinliklər olduğundan İddiaçı tikinti işlərini dayandırmağa məcbur olmuşdur. Lakin mütəmadi olaraq torpaq sahəsinə getməklə yanaşı orada olan qonşularla əlaqə saxlamışdır. 2013-cü ilin yaz aylarında qonşular iddiaçıya zəng edərək iddiaçının torpaq sahəsində ev inşa edildiyini bildirmişlər. İddiaçı əraziyə gəldikdən sonra evi inşa edən şəxslə görüşmüş və qeyd edilən şəxs həmin torpaq sahəsinə dair sənədlərinin olduğunu ona bildirmişdir. İddiaçı əlacsız qalaraq Xocəsən qəsəbə Bələdiyyəsinə bu hadisə ilə bağlı müraciət etmişdir. Bələdiyyə sədri sənədlərlə tanış olduqdan sonra bələdiyyədə işləyən memara məsələnin araşdırmasını tapşırmışdır. Araşdırmadan sonra cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsindən ona bildirildi ki, iddiaçıya ayrılan torpaq sahəsi səhv verilmişdir. Yəni torpaq sahəsinin başqa bir ünvanda yerləşdiyi müəyyən edilmişdir. Nəticədə iddiaçıya başqa bir sahə göstərilmişdir. Həmin əraziyə iddiaçı tərəfindən 2000 ədəd mişar daşı gətirilmişdir. İddiaçı 2022-ci ildə həmin ərazidə hasar tikmək istəsə də məlum olmuşdur ki, bu sahə də başqa şəxsə məxsusdur. Torpaq sahəsinin iddiaçıya ayrılmasını dəqiqləşdirmək üçün iddiaçı Milli Arxiv İdarəsinə müraciət etmişdir. Milli Arxiv İdarəsinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA-01137-2020 saylı cavab məktubu ilə Xocəsən qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 21/24 saylı qərarının və torpağa dair cizginin arxivdə mövcud olduğu təsdiq edilmişdir. Göründüyi kimi bələdiyyə tərəfindən iddiaçıya satılan torpaq sahəsi bələdiyyə orqanının təqsirindən başqa şəxsə də satıldığı üçün, iddiaçıya məxsus torpaq səhəsində evin tikilməsi mümkün olmamışdır. Hal-hazırda həmin ərazidə torpaq sahəsinin qiyməti 100 m2 X 3000 3 (üç) min manat təşkil edir. Yəni 600 kv.m. torpaq sahəsinin bazar qiyməti 18000 (on səkkiz min) manat təşkil edir. Bundan başqa torpaq sahələrində aparılan təmizləmə və tikinti (hasarlama) işlərinə İddiaçı tərəfindən (hal-hazırkı qiymətlərlə mişar daşı 4000 ədəd X 0.45=1800 manat, bir maşın qum 200 manat, 40 (qırx) kisə sement X 7 manat=280 manat və hasar hörgüsü işinə 300 manat, yəni cəmi 2580 (iki min beş yüz səksən) vəsait sərf edilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-396/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 21/24 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin mövcud bazar qiyməti - 24000 manat məbləğin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsindən tutularaq İddiaçı ödənilməsi, cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsindən 500 manat məhkəmə xərci tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilmə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bələdiyyə tərəfindən vurulmuş ziyanın kompensasiyası kimi ödənilməsi nəzərdə tutulan 24000 manat məbləğində vəsaitin bələdiyyənin təqsiri üzündən baş verməsi faktlarla sübuta yetirilmir. İddiaçının sərf etdiyini iddia etdiyi vəsait (mişar daşı 4000 ədəd X 0.45= 1800 manat, bir maşın qum 200 manat, 40 kisə sement X 7 manat= 280 manat və hasar hörgüsü işinə 300 manat, yəni cəmi 2580 (iki min beş yüz səksən) faktlarla sübuta yetirilmir. Bələdiyyə iddiaçıya bələdiyyənin inzibati ərazisində digər torpağın vətəndaşa təqdim edilməsinə hazırdır, lakin qanunvericiliyə edilən dəyişiklik və Bakı şəhərində bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsi məqsədi ilə hərracların təşkil edilməməsi bələdiyyənin birbaşa torpaq ayırmasını mümkünsüz edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-396/2025 nömrəli qərarı xx.xx.2025-ci il tarixdə cavabdehə məxsus olan elektron kabinetə yerləşdirilmişdir. Sonuncu şikayət vermə günü xx.xx.2025-ci il olduğu halda, apellyasiya şikayəti məhkəməyə xx.xx.2025-ci il tarixdə, elektron qaydada, şikayət verilmə müddəti bitdikdən 1 ay 10 gün sonra verilmişdir. Həmçinin apellyasiya şikayətinə ərizə əlavə edərək, bildirmişdir ki, məhkəmə qərarını 02.10. 2025-ci il tarixdə icra vərəqi ilə birlikdə əldə etmişdir. Bu səbəbdən 30 günlük apellyasiya şikayəti müddətini ötürmüşdür. Ötürülmüş müddətin üzrlü hesab edilməsini və müddətin axımının xx.xx.2025-ci il tarixdən hesablanması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 75.3-cü maddəsinə əsasən, məhkəmə qərarı, bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məhkəmə icraatının iştirakçılarına təqdim edilir; 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır; 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır; 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Hazırkı işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, iş materiallarından aydın görünür ki, məhkəmə aktı cavabdehin elektron kabinetinə məhz xx.xx.2025-ci il tarixində yüklənmiş, bu da o anlama gəlir ki, həmin anda artıq iddiaçının elektron kabineti elektron məhkəmə sitemində mövcud olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsinə dair hər hansı əsas müəyyən edilmir. Digər tərəfdən apellyasiya şikayəti üzrə prosessual müddətin bərpa edilməsi barədə ərizəyə və apellyasiyanın mümkünlük məsələsinə baxılması ilə əlaqədar (cavabdehin apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları təqdim etməsi üçün) xx.xx.2026-cı il tarixə və xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Binəqədi Rayonu Xocasən Bələdiyyəsi tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-396/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar