Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4724/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçının həqiqi hərbi xidmətinin 30 iyul 2006-cı il tarixinə kimi bərpa edilməsi, xidmət müddətinə müvafiq olaraq tabor komandiri vəzifəsinə təyin olunması, həmin vəzifəyə uyğun olaraq mayor hərbi rütbəsinin verilməsi, Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununun 18-ci maddəsinin "v" bəndinə əsasən xəstəliyə görə mayor rütbəsində tabor komandiri vəzifəsindən həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmasının Müdafiə Nazirinin əmri ilə rəsmiləşdirilməsi, əsas kimi 21 iyul 2006-cı il tarixli, 863 saylı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi “Xəstəlik haqqında” şəhadətnamənin qəbul edilməsi və hərbi travma nəticəsində xəstəlik əsası ilə tərxis edilmiş zabit kimi ona hərbi rütbəsinə və tutduğu vəzifəyə müvafiq pensiya və sosial müavinətlərin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2-1(112)-15175/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının həqiqi hərbi xidmətinin 30 iyul 2006-cı il tarixinə kimi bərpa edilməsi, xidmət müddətinə müvafiq olaraq tabor komandiri vəzifəsinə təyin olunması, həmin vəzifəyə uyğun olaraq mayor hərbi rütbəsinin verilməsi, Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununun 18-ci maddəsinin "v" bəndinə əsasən xəstəliyə görə mayor rütbəsində tabor komandiri vəzifəsindən həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmasının Müdafiə Nazirinin əmri ilə rəsmiləşdirilməsi, əsas kimi 21 iyul 2006-cı il tarixli, 863 saylı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi “Xəstəlik haqqında” şəhadətnamənin qəbul edilməsi və hərbi travma nəticəsində xəstəlik əsası ilə tərxis edilmiş zabit kimi ona hərbi rütbəsinə və tutduğu vəzifəyə müvafiq pensiya və sosial müavinətlərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1994-1995-ci illərdə onun barəsində verilmiş aşağıdakı əmrlərin hazırda dövlət sirri olub-olmaması barədə məlumat verilməsini, xx.xx.1994-cü il tarixli, Azərbaycan Respublikası Müdafiə Nazirinin 515 saylı əmri, xx.xx.1995-ci il tarixli, Azərbaycan Respublikası Müdafiə Nazirinin 043 saylı əmri, xx.xx.1995-ci il tarixli, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0935 (və ya 0955) saylı əmri, əgər bu əmrlər hazırda dövlət sirri statusundadırsa, onların bu statusda saxlanması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin əsaslandırılmış fərman və ya qərarının surətinin təqdim edilməsini, belə qərar yoxdursa, sənədlərin artıq dövlət sirri statusunu itirdiyinin hüquqi baxımdan tanınmasını, əgər bu sənədlər artıq dövlət sirri hesab edilmirsə, əmrlərin və onlara əsas olan sənədlərin (raportlar, izahatlar, intizam aktları və s.) iddiaçıya aid hissələrinin surətinin təqdim olunmasını xahiş etmişdir. Lakin cavabdeh sorğunu lazımi qaydada cavablandırmamışdır. İddiaçının xidmət hüquqları bərpa edilməmiş, nəticədə isə o, aldığı hərbi travmaya görə pensiya və müavinətlərdən məhrum edilmişdir. İddiaçının hərbi xidmət fəaliyyəti ilə bağlı təqdim olunan cavablardan və mövcud sənədlərdən görünür ki, iddiaçı xx.xx.1995-ci ildə, N saylı hərbi hissədən vəzifəsindən azad edilərək bütün təminat növlərindən çıxarılmışdır. Buna baxmayaraq, xx.xx.1994-cü il tarixli, 171 saylı əmrlə guya N saylı hərbi hissənin şəxsi heyətinə daxil edilməsi göstərilmişdir. Halbuki, belə bir hərbi hissə yalnız kağız üzərində mövcud olmuşdur. İddiaçı heç vaxt N saylı hərbi hissədə xidmət etməmişdir. Bu səbəbdən də xx.xx.1995-ci il tarixli, 043 saylı əmrin ona elan olunması faktiki olaraq mümkün olmamışdır. Həmçinin, həmin əmrdə iddiaçıya qarşı eyni hərəkət üzrə iki dəfə intizam tənbehi tətbiq edilmişdir ki, bu da o dövrdə qüvvədə olan SSRİ Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin müvafiq maddəsinə ziddir. Beləliklə, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hərbi qulluqçu kimi hüquqları pozulmuş, əmr qanunsuz əsaslara söykənmiş, iddiaçının xidmət hüquqları bərpa edilməmiş, nəticədə isə o, aldığı hərbi travmaya görə pensiya və müavinətlərdən məhrum edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 757/2021 saylı qərardadı ilə iddiaçının tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-384/2022 saylı qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1101/2022 saylı qərarları ilə iddiaçının şikayətləri təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qərardadı qanuni qüvvəsini almışdır. Təkrarən, İddiaçı eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-13686/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1394/2023 saylı qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1602/2023 saylı qərarları ilə iddiaçının şikayətləri təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qərardadı qanuni qüvvəsini almışdır. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsinə baxılmış və məhkəmə aktı qəbul olunmuşdur. Buna görə iddia mümkünsüz sayılmalıdır. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2-1(112)-15175/2025 saylı qərardadı ilə (hakim E.A.Abdullayev) iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2-1(112)-15175/2025 saylı qərardadından iddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardad formal əsasla – “təkrar müraciət” arqumenti ilə – qəbul edilib, lakin faktiki olaraq məhkəmə yeni hüquqi predmeti (dövlət sirri statusunun hüquqi əsasının yoxluğu) araşdırmadan işin baxılmasından imtina edib. Qeyd olunanlara əsasən, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, cavabdeh Müdafiə Nazirliyinə müraciət edilmişdir ki, xx.xx.1995-ci il tarixli 0935 saylı əmri və ona əsas olmuş sənədlərin surəti təqdim edilsin. Nazirlikdən isə bildirilmişdir ki, həmin əmr dövlət sirri olduğuna görə, təqdim edilməsi mümkünsüzdür. Ona görə də tərəfimdən İnzibati məhkəməyə müraciət edilərək, yeni açılmış hallarla əlaqədar icraatın təzələnməsini xahiş etmişəm. İnzibati Məhkəmə isə imtina etmişdir. İnzibati Məhkəmənin həmin qərardadı yuxarı instansiyalarda qüvvəsində qalmışdır. Eyni zamanda iddiaçı ona verilmiş suallara cavab olaraq bildirdi ki, istəyir ki, tələblərimə mahiyyəti üzrə baxılmadığına görə həmin işlər üzrə yeni açılmış hallarla bağlı icraat təzələnsin. O, orduya yararlı ola-ola hansı əsasla ehtiyyat zabit kimi yazıblar ona aydın deyildir. Həmçinin “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən, sorğu vermişdir və ona məlum oldu ki, bu əmr heç 0935 deyil, 0955 saylı imiş. Yenə də ona həmin əmrin surəti verilməmişdir. ... Həmin əmri ala bilmədiyinə görə mübahisələndirməyib. ... Bu proseslərə 2020-ci ilin yanvar ayında başlayıb. ... Müdafiə Nazirliyi həmin əmri 2019-cu ilədək elan etmədiyinə görə, əmr qəbul edilən vaxt onu mübahisələndirməyib. ... Hərbi Çağırış və Səfərbərlik komissiyasında olanda ona məlum oldu ki, Müdafiə Nazirliyi onu hərbi biletdə qeyd edilən əmr ilə deyil, 0935 saylı əmr ilə tərxis edib. ... Tələbində rəsmi olaraq 30 iyul 2006-cı il tarixə kimi bərpa edilməsini ona görə qeyd edib ki, 2006-cı ildə rəsmi olaraq ikinci qrup mühribə əlili hesab edilmişdir. İki dəfə yaralanmışdır. ... Mübahisə odur ki, maşın pulu və s. imtiyazların bərpa olunmasını və verilməsini istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə olan sənədləri tədqiq edib belə nəticəyə gəlir ki, şikayət əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2-1(112)-757/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-384/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2-1(112)-757/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1101/2022 saylı qərardadı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(103)-384/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı yenə eyni tələblə məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-757/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamış və qərardad yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanaraq qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.) Həmçinin həmin qərarda göstərilmişdir ki, İnzibati Prosessual Məcəllənin 45.5.1-ci maddəsinə görə, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4.). İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5.). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6.). İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1602/2023 saylı qərarından aşağıdakılar müəyyən edilir: “ ... 1. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-757/2021 saylı qərardadına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətə bərpa edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçularının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq onun həqiqi hərbi xidmətinin 30 iyul 2006-cı il tarixinə kimi bərpa edilməsi, hərbi xidmət müddətinə müvafiq tabor komandiri vəzifəsinə təyin olunması, hərbi xidmət müddətinə müvafiq olaraq mayor rütbəsinin verilməsi, “Hərbi xidmət haqqında” 30 iyul 2006 il tarixli Azərbaycan Respublikası Qanununun (3 noyabr 1992-ci il, № 362) 18-ci maddəsinin “v” bəndinə əsasən - xəstəliyə görə İddiaçı Polad oğlunun mayor rütbəsi ilə, tabor komandiri vəzifəsindən ehtiyata buraxılmasının Müdafiə Nazirliyinin əmri ilə təsdiq edilməsi (Əsas: Xəstəlik haqqında 21 iyul 2006 il tarixli, № 863, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi Şəhadətnamə) barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Qeyd olunan qərardadla iddia mümkün sayılmamışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-384/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 757/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1101/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-384/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1101/2022 saylı qərarında qeyd edilmişdir ki, hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, iddiaçı nəinki qeyd olunan əmrin qəbul edildiyi dövrdə, hətta yeni inzibati prosessual qanunvericiliyin qəbulundan sonra da, uzun müddət keçməsinə baxmayaraq, həmin əmri mübahisələndirməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi əmr Müdafiə naziri tərəfindən 22 iyul 1995-ci il tarixdə qəbul edilmişdir. Mübahisələndirilən həmin əmrdən iddiaçının əvvəldən məlumatlı olduğu iş üzrə materiallarla təsdiq olunur. Həmçinin iş materiallarında həmin akta qarşı iddiaçı tərəfindən hüquqi müdafiə vasitələrindən istifadə edildiyinə dair məlumat aşkar edilməmişdir. Kassasiya şikayətində də, qeyd edilən əmrin iddiaçı tərəfindən müddət ötürülməklə mübahisələndirilməsinin səbəbləri göstərilməmiş və müddətin buraxılmasının üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Odur ki, məlumatlı olduğu halda iddiaçı tərəfindən qeyd olunan əmrin qəbul edildiyi tarixdən iyirmi beş ildən çox müddət ərzində mübahisələndirilməməsi və nəticədə iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir. ... 25. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, bu qərarın 1-4-cü bəndlərində qeyd edilən qərarlarla İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətə bərpa edilmə” tələbinə dair mübahisə üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəyə minmişdir.
26. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1101/2022 saylı qərarında əmrin mübahisələndirilməsi haqqında iddia müddət buraxılmaqla məhkəməyə təqdim olunduğu üçün iddianın mümkün sayılmadığı qeyd olunmuşdur.
27. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
28. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə inzibati idarəçilikdə hüquqi müəyyənliyi və sabitliyi, eləcə də mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
29. Nəzərə almaq lazımdır ki, tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edilmiş və qərar qanuni qüvvəsini almışdır. Tərəflər, o cümlədən iddiaçı məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır və iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz. Ona görə də bu iddiaya yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz”. Göründüyü kimi iddiaçının hazırkı tələbinə dair artıq işə baxılaraq yekun məhkəmə aktı qəbul edilmiş və həmin qərardad qanuni qüvvəsini almışdır. Buna baxmayaraq iddiaçı yenidən eyni cavabdehə qarşı eyni tələblə və eyni əsaslarla məhkəməyə müraciət etmişdir. Hazırda işə baxılması üçün yeni əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Yekunda, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2-1(112)-15175/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov