Məhkəmə qərarları › İş №2-1(103)-473/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-473/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-473/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, tərcüməçi X3 qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi pensiya təyin olunması və 3 təqvim ili üzrə ödənilməyən əmək pensiyasının birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8097/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1977-1982-ci il illərdəki əmək fəaliyyəti dövlət qulluğu vəzifəsində qulluq stajı kimi nəzərə alınmaqla 3 təqvim ili üzrə ödənilməyən əmək pensiyasının birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçının 1977-1982-ci illərdə (ümumi 5 il 5 ay staj) Saratov Vilayət İcraiyyə Komitəsinin Sosial Təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrindəki iş müddətinin dövlət qulluğu iş stajı kimi nəzərə alınmaqla ona təqaüd (pensiya) hesablanması, İddiaçı 2020-ci ildən hesablanmaqla dövlət qulluqçusu iş stajına görə ödənilməli olan, lakin ödənilməyən təqaüd fərqinin hesablanmaqla birdəfəlik qaydada İddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əlilliyə görə 2000-ci ildən pensiya verilməyə başlanılmışdır. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 27 may 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 1977-1982-ci illərdə (ümumi 5 il 5 ay staj) Saratov vilayət İcraiyyə Komitəsinin Sosial Təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrindəki iş müddəti Azərbaycan SSR-in və Azərbaycan Respublikasının, eləcə də Naxçıvan MSSR-in və Naxçıvan Muxtar Respublikasının dövlət, sovet, partiya orqanlarında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. İddiaçı hesab edir ki, İddiaçı əlilliyə görə təqaüd təyin edildiyi vaxt qeyd edilənlər nəzərə alınmalı olduğu halda, nəzərə alınmadığından, hazırda isə iddiaçının haqlı tələbinə cavabdeh tərəfindən imtina edildiyindən, iddiaçının pozulmuş hüquqları məhkəmə tərəfindən təmin edilməli, onun 1977-1982-ci illərdə (ümumi 5 il 5 ay staj) Saratov vilayət İcraiyyə Komitəsinin Sosial Təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasibmüfəttiş vəzifələrindəki iş müddədi dövlət qulluğu iş stajı kimi nəzərə alınmaqla ona təqaüd (pensiya) hesablanmalı, İddiaçı pensiya təyin edildiyi vaxtdan son 3 il müddət də hesablanmaqla dövlət qulluqçusu iş stajına görə ödənilməli olan, lakin ödənilməyən təqaüd fərqi hesablanmaqla birdəfəlik qaydada İddiaçıya ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-8097/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 1977-1982-ci illərdə (ümumi 5 il 5 ay staj) Saratov vilayət İcraiyyə Komitəsinin Sosial Təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində işlədiyi müddətin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə qarşı xx.xx.1977xx.xx.1982-ci il tarixlərdə dövlət qulluğu vəzifəsində işlədiyi qulluq stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 3 təqvim ili üzrə ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı 1977-1982-ci illərdə (ümumi 5 il 5 ay staj) Saratov Vilayət İcraiyyə Komitəsinin Sosial Təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində işlədiyi müddətin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehə həvalə edilmiş, iddiaçıya xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən, yuxarıda qeyd olunan qərarı ləğv edilməli, iddiaçının iddia tələbi isə təmin olunmamalıdır. Belə ki, iş materiallarına əsasən xx.xx.1956-cı il təvəllüdlü iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Dana sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1977-xx.xx.1982-ci il tarixlərdə Saratov vilayətinin Sosial təminat şöbəsində işlədiyi vəzifələr üzrə qulluq stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 3 təqvim ili üzrə ödənilməyən pensiya məbləğinin ödənilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən. Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən “dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir”. 1.1.4-cü maddəsinə əsasən “dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır”. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixdən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 18 oktyabr 1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda iddiaçının vaxtilə işlədiyi vəzifələr nəzərdə tutulmamışdır. Beləliklə, qeyd olunan Siyahıda iddiaçının xx.xx.1977-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifə, Rusiya Federativ Sosialist Respublikası və həmin Respublikada mövcud olmuş vəzifələr nəzərdə tutulmadığından, İddiaçı sözügedən tarixlər arasındakı dövr ərzində fəaliyyət dövrünün dövlət qulluğu stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.1977xx.xx.1982-ci il tarixlərdə dövlət qulluğu vəzifəsində işlədiyi qulluq stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün heç bir hüquqi əsasın olmadığı sübuta yetirilmiş hesab edilməlidir. İddiaçıya xx.xx.2001-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə əmək pensiyası hüququ isə xx.xx.2016-cı il tarixdə yaranmışdır. İşin hallarına görə iddiaçının xx.xx.2016-cı il tarixdə həm yaşa görə əmək pensiyası, həm də əlilliyə görə əmək pensiyası hüququ mövcud olmuşdur. Lakin iddiaçı yaşa görə pensiya hüququndan istifadə etməyərək əlilliyə görə əmək pensiyası almaqda davam etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmadığı görünür. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ilə iddia tələbi qismən təmin edilmişdir, cavabdeh tərəfindən qərarın iddianın təmin olunduğu hissəsindən apellyasiya şikayəti verilmişdir, bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. İş materiallarında olan iddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən “dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir”. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən “dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır”. "Əmək pensiyaları haqqında" Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991 -ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında" Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda vaxtilə işlədiyiniz vəzifələr nəzərdə tutulmamışdır. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçının dövlət qulluğu stajı olmadığından ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Sizin Saratov vilayət İcraiyyə Komitəsinin Sosial təminat şöbəsində müxtəlif vəzifələrdə iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsi ilə bağlı 30 aprel 2024-cü il tarixli məktubunuza Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1977-1982-ci illərdə Saratov vilayət İcraiyyə Komitəsinin Sosial təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda Azərbaycan SSR-in və Azərbaycan Respublikasının, eləcə də Naxçıvan MSSRin və Naxçıvan Muxtar Respublikasının dövlət, sovet, partiya orqanlarında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Bununla belə bildiririk ki, qeyd edilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X5 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi olan dövrlərdə Saratov vilayət İcraiyyə Komitəsinin Sosial təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində işləmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.3. dövlət qulluqçusu - yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. 1.1.4. dövlət orqanı - Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla (xx.xx.2017-ci ilədək olan redaksiyası). Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”:

9. Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”: 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək mövcud olan Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) dövlət qulluğu vəzifələrinin adları: 1. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin adları: 1.17. Rayon (şəhər) X5 icraiyyə komitəsinin aparatında: - baş mühasib, baş mühasibin səlahiyyətində olan böyük mühasib; - icraiyyə komitəsinin təşkilati işlər üzrə təlimatçısı, icraiyyə komitəsi sədrinin köməkçisi, icraiyyə komitəsinin qəbul otağının müdiri, nəzarətçi-müfəttiş; - bütün ixtisaslardan olan böyük mühəndislər, böyük memar, böyük iqtisadçı, böyük hüquqşünas, böyük mühasib; icraiyyə komitəsinin yanında həddi-buluğa çatmayan uşaqlarla iş üzrə məsul katib, icraiyyə komitəsinin idarələrinin digər şöbə rəisləri, müstəqil şöbənin digər sektor rəisi (kadr, protokol və digər), bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçi, hüquqşünas, mühasib və digər mütəxəssislər. İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinin adları: - baş məsləhətçi; - böyük məsləhətçi; - məsləhətçi. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən 2-ci dərəcə əlilliyə görə 363,86 manat əmək pensiyası alır. Hazırda iddiaçı 1977-1982-ci illərdə (ümumi 5 il 5 ay staj) Saratov vilayət İcraiyyə Komitəsinin Sosial Təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində işlədiyi müddətin dövlət qulluğu iş stajı kimi nəzərə alınmaqla ona pensiya təyin olunmasını və müvafiq pensiyanın 2020-ci ildən hesablanmaqla ödənilməyən pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsini tələb edir. İddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi olan dövrlərdə Saratov vilayət İcraiyyə Komitəsinin Sosial təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində işlədiyi əmək kitabçasındakı qeydlərə əsasən öz təsdiqini tapır. Lakin cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda iddiaçının vaxtilə işlədiyi vəzifələrin nəzərdə tutulmaması əsas gətirilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, 1977-1982-ci illərdə Saratov vilayət İcraiyyə Komitəsinin Sosial təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasibmüfəttiş vəzifələri Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş yuxarıda qeyd edilən Siyahıda Azərbaycan SSR-in və Azərbaycan Respublikasının, eləcə də Naxçıvan MSSR-in və Naxçıvan Muxtar Respublikasının dövlət, sovet, partiya orqanlarında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır, bununla belə qeyd edilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X5 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş Siyahıda 1.17-ci bənddə Rayon (şəhər) X5 icraiyyə komitəsinə münasibətdə konkret sovet sosialist dövlət qurumunun (Azərbaycan SSR) qeyd olunmaması ümumi SSRİ ərazisindəki icraiyyə komitələri kimi nəzərdə tutula bilər. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8097/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar