Məhkəmə qərarları › İş №2-1(103)-4733/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4733/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4733/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı, "xxxx" Mənzil Tikinti Kooperativi üçüncü şəxs qismində cəlb edilməklə “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X4 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı, "xxxx" Mənzil Tikinti Kooperativi üçüncü şəxs qismində cəlb edilməklə “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7513/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasına dair cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə etdiyi müraciət, alıcı İddiaçı tərəfindən təqdim edilən sənədlərin araşdırması zamanı yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənilməsi əsası ilə xx.xx.2025-ci il tarixli qərarla təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “AVANT Park” Yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 12-ci mərtəbə, 8 №-li, 1 otaqlı mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka "xxxx" ASCnin Şərifzadə filialına ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və mənəvi ziyana görə ona 2000 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, "xxxx" MTK üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə “AVANT Group" MTK ilə 0667 saylı Payçı müqaviləsini bağlamışlar. Həmin Payçı müqaviləsinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 12-ci mərtəbə, 8 №- li, 1 (bir) otaqlı mənzili almış və bu mənzilə görə ƏDV daxil 77.737,00 (yetmiş yeddi min yeddi yüz otuz yeddi) manat məbləğində pul vəsaitləri MTKnın hesablarına mədaxil edilmişdir (mədaxil qəbzlərinin surətləri əlavə olunur). Daha sonra sonuncu ödənişi xx.xx.2025-ci il tarixində ödəniş etdikdən sonra “AVANT Group" MTK ilə bağlanmış Payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin güzəşt edilmiş məbləği barədə məlumatların ötürülməsinə dair elektron ərizə ilə xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, **********383000 saylı qərarı ilə yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın 5.1.2-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərindən 77.737,00 (yetmiş yeddi min yeddi yüz otuz yeddi) manat (ƏDV daxil) məbləğin satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmin qərarda cavabdeh özü də, təsdiq etmişdir ki, alıcı tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. Hesab edir ki, bu tamamilə əsassız qərardır. Çünki tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, MTK-ya ödəniş etsə də, müvafiq qaydada MTK da öz tərəfindən ƏDV məbləğini ödəyib, vergiyə hesabat təqdim etmişdir. Bununla əlaqədar MTK-ya ərizə ilə müraciət etdiyi zaman onun tərəfindən ödənilmiş ƏDV məbləğinin ƏDV depozit hesabına köçürülməsi və müvafiq qaydada vergiyə hesabat verilməsi barədə MTK tərəfindən ərizəsi cavablandırılmışdır. Bununla da, tam təsdiq olunur ki, tərəfindən MTK-nın cari hesabına ödənilmiş ƏDV məbləği MTK tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür. Bundan başqa həmin Qaydanın 5.1-ci bəndinə əsasən “Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini saticıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir.” O, ƏDV-nin yekun dəyərini xx.xx.2025ci ildə tamamlayaraq, dərhal xx.xx.2025-ci il tarixində ƏDV-nin yekun dəyərindən güzəşt üçün müraciət etdiyi üçün qanunvericilikdə müəyyən edilmiş 90 gün müddəti ötürməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə “Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Göründüyü kimi, cavabdeh formal tələblərə əsaslanaraq imtina etmişdir. Belə ki, tərəfindən ödənilmiş ƏDV məbləği hazırda dövlət büdcəsinə ödənilib. Sadəcə iki hesaba deyil, bir hesaba ödənilməsi səbəbi imtina üçün heç bir halda əsas ola bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə görə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız gaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq, qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30%-ni təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kv.m. və qeyriyaşayış sahəsinin 500 kv.m-dən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir." Bu əsasda Qanunvericiliklə tətbiq olunan güzəştə əsasən ona ƏDV-nin 30%-i güzəşt olaraq geri qaytarılır, yəni 11 858,19 (on bir min səkkiz yüz əlli səkkiz) manat 19 qəpik məbləğin 30%-i 3 557,48 (üç min beş yüz əlli yeddi) manat 48 qəpik ona geri qaytarılmalı olduğu halda hal-hazıradək cavabdeh tərəfindən ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsindən imtina edilmişdir. Əlavə olaraq, cavabdeh Qaydadan əvvəlki dövrdə həmin MTK üzrə mənzilləri alan Alıcılara güzəşt tətbiq olunan ƏDV-nin 30%-nin ödənilməsi üçün təxmini o, bildiyi 25-30 nəfərə ƏDV-nin yekun məbləği barədə məlumatları müvəkkil banklara ötürmüşdür. Eyni zamanda Bakı İnzibati Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və hətta Ali Məhkəmədə hazırda onun tələbinə uyğun bir neçə məhkəmə qərarları iddiaçı vətəndaşların xeyrinə qəbul edilmişdir. İddiaçı X2 anoloji tələb üzrə 2-1(102)-1498/2024 saylı qərar qəbul edilmiş, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Müvafiq qaydada Bakı Apellyasiya Məhkəməsində iddiaçıların xeyrinə qərarlar qəbul edilməkdədir. İddiaçı X3 xeyrinə 2- 1(103)-3643/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Bütün qeyd olunan normativ-hüquqi normalar ilə tam ƏDV məbləğinin 30% güzəşti ona geri ödənilməli olduğu halda Qaydada "Operator" kimi tanınan cavabdeh Qaydanın 5.5-ci bəndini pozmuşdur. Belə ki, Qaydanın 5.5-ci bəndinə əsasən “elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd edilmiş sənədlərdə göstərilən məlumatlar Operator tərəfindən yoxlandıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, Operator Alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə Alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində qəbul edilmiş, **********383000 saylı imtina qərarının öhdəliklərin icrası iddiası üzrə hər hansı əsası olmadığı üçün hər hansı bir əhəmiyyət kəsb etmir. Əlavə olaraq, qanunla nəzərdə tutulan ƏDV-nin yekun məbləğindən güzəşt hissəsinin icra edilməsi üçün cavabdehin hərəkətsizliyi, öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi ilə onun gözlənti hüquqlarını pozmaqla mənəvi iztirab vermişdir. Bu əsasda mənəvi zərərini 2 000 (iki min) manat olaraq qiymətləndirir və əsas tələb ilə birgə cavabdehdən tələb etməkdə haqlıdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, cavabdehin xx.xx.2025-ci il tarixində qəbul edilmiş **********383000 saylı qərarı qanuni və əsaslıdır. İddiaçı isə müvafiq qərarı məhkəmədə mübahisələndirmək hüququna malikdir. 2000 manat mənəvi zərərin cavabdehdən tutularaq ödənilməsi ilə bağlı bildirilir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Hazırkı halda cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında zərər dəyməsi sübuta yetirilmir. 2000 manat mənəvi zərərin iddiaçıya ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edirlər ki, mənəvi zərərin nədə ifadə olunması və hansı hərəklərin nəticəsində baş verməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Qeyd edilənlərə əsasən vergi orqanının qanunvericiliyə uyğun olaraq həyata keçirdiyi hərəkətlər nəticəsində vergi ödəyicisinə hər hansı mənəvi zərərin dəyməsindən söhbət gedə bilməz. Bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Fərman ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. İşin mahiyyəti ilə bağlı bildirirlər ki, İddiaçı (FİN: xxxxxxx) nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2025-ci il tarixli elektron ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və ərizəyə 0644 nömrəli müqavilə və arayış əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Qaydaların tələblərinə əsasən alıcı mənzilin dəyəri üzrə əsas məbləği satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına ödəməlidir. Belə ki, qüvvədə olan Qaydaya əsasən alıcı tərəfindən ƏDV depozit hesabına ödənilən ƏDV məbləğinin 30%-i geri qaytarılır.ƏDV ödəyicisi olan satıcı əldə etdiyi gəlirlər üzrə ƏDV bəyannaməsini təqdim edir. Vətəndaş tərəfindən MTK-nın bank hesabına ödənilən 11 858,19 azn ƏDV məbləği, MTK tərəfindən ƏDV depozit hesabına köçürülməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildirirlər ki, İddiaçı müraciətinə və təqdim edilmiş sənədlərə əsasən aparılmış araşdırma zamanı yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) onun tərəfindən satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Müraciət üzrə aparılmış araşdırmanın nəticəsi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci və 61-ci maddələrinə əsasən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixində qəbul edilmiş **********383000 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar və “ƏDV qaytarmaq ərizəsindən imtina barədə” bildiriş İddiaçı göndərilmişdir. Üçüncü şəxs iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7513/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı müxtəlif alıcılara məxsus rəsmi yazışmalar ilə sadəcə xx.xx.2022-ci il tarixdə portalın cavabdeh tərəfindən xətalı istifadəyə verilməsi, portalın proqram təminatı ilə vəhdətdə işlək halda olmaması təsbit olunmasına baxmayaraq, Bakı İnzibati Məhkəməsi qərarında hazırkı iş üzrə iddiaçı bildirilən əsas dəlillərdən biri qaydanın qüvvəyə mindiyi tarixdən sonra sistemin guya işlək olması və texniki imkanın mövcud olması səbəbindən alıcının ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödəməsinin mümkünlüyü olmuşdur deyə bildirilir. Bu zaman Alıcıya hər hansı şəraitin yaradılıb, yaradılmaması, ümumiyyətlə işin faktiki halları araşdırılmamışdır. Bakı İnzibati Məhkəməsi qərarında yaşayış və qeyriyaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) satıcının bank hesabına və ƏDV məbləği Satıcının ƏDV-nin depozit hesabına ödənilməmişdirsə, ƏDV-nin qaytarılmasının “yolverilməz” olduğunu bildirir. Bununla da bu istiqamətdə normativ-hüquqi aktın guya imperativ mahiyyət təşkil edildiyi yanlış qeyd edilməklə, qaydanın tam mahiyyətində maddi hüquq normasının pozuntusuna yol verilmişdir. Qaydada sadəcə qaydanın 5.3-cü maddəsinə əsasən “dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra (yəni 90 gün müddətindən sonra) müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir” Buradan tam aydın olur ki, imperativ yolverilməzlik prinsipi bir tək cavabdehə müəyyən edilmiş 90 gün müddət keçdikdən sonra müraciət etdikdə baş tutmuş olur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra ”Qayda”) 5.1.2-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəyir.” müddəası imperativ xarakter daşımır, sadəcə normativ-hüquqi aktın formal tələbdir. Azərbaycan Respublikası İnzibati İcraat haqqında qanunun 15.1-ci maddəsinə görə “Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.” və məhkəmə İnzibati İcraat qanunvericiliyini, həmçinin iddiaçının təqsiri ucbatından olmamaqla, İddiaçı iradəsindən asılı olmayan halları nəzərə almamış və məhkəmə qərarında yanlış qənaətə gələrək, qanunvericiliyin tələblərinin pozulması kimi qənaətə gəlmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş İddiaçı ilə “AVANT Group" MTK arasında xx.xx.2023-cü il tarixində 0667 saylı Payçı müqaviləsini bağlanılmışdır. Həmin Payçı müqaviləsinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 12-ci mərtəbə, 8 №- li, 1 (bir) otaqlı mənzili almış və bu mənzilə görə ƏDV daxil 77.737,00 (yetmiş yeddi min yeddi yüz otuz yeddi) manat məbləğində pul vəsaitləri MTK-nın hesablarına mədaxil edilmişdir. İddiaçı tərəfindən iş materiallarına payçı müqaviləsi, maliyyə arayışı və mədaxil qəbzləri əlavə edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçının ƏDV-nin geri qaytarılması barədə ərizəsi təmin edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə yeni məzmunda 165.6-cı maddə əlavə edilmişdir. 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1305) ilə 165.6-cı maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra “Qaydalar”): 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

6. Keçid müddəası 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməli olduğundan, lakin, iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edildiyindən, həmçinin, iddiaçı tərəfindən ƏDV məbləğinin ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanın mövcud olmaması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmlədiyindən, iddiaçının hazırkı tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. Məhkəmə iddiaçının tələbinin dəymiş mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçının sonrakı tələblərinin hüquqi müqəddəratı “ödənilmiş ƏDV-nin geri qaytarılması” ilə bağlı əsas tələbindən asılı olduğundan və iddiaçının həmin tələbinin əsassız olması məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən onun sonrakı tələbi, yəni mənəvi zərərin ödənilməsi ilə bağlı tələbi müzakirə edilmədən əsassız hesab edilməklə təmin edilməməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövrə ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Beləliklə, hazırkı iş üzrə aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022-ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Hazırkı iş üzrə iddiaçı yaşayış sahəsinə dair müqaviləni 10 yanvar 2023-cü il tarixdə bağladığından mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalıdır. İddiaçı sonuncu ödənişi xx.xx.2025-ci tarixdə etmişdir. Həmin tarixdən etibarən 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etmək hüququ yaranmışdır. Həmin tarixədək isə iddiaçının ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olması işin mübahisəsiz halıdır. İddiaçı tərəf bununla bağlı xx.xx.2022-ci il tarixi qəbul etməsə belə, 2023-cü ilin fevral ayından bu imkanın mövcudluğunu təsdiq edir. İddiaçı belə imkanın mövcudluğu halında belə heç bir ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməmişdir. Belə olan halda, Qaydanın 5.1.2ci bəndi tətbiq olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının digər “kompensasiyanın ödənilməsi” ilə bağlı tələbinin hüquqi müqəddəratı yuxarıda qeyd edilən tələbdən asılı olduğundan, “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” barədə tələbin təmin edilməməsi bu tələbin də təmin edilməməsini şərtləndirir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7513/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7513/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar