Məhkəmə qərarları › İş №2-1(103)-4737/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4737/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4737/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X7 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, İddiaçının vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X1, Şikayət verən şəxsin vəkili (nümayəndəsi) Nümayəndə2, 3-cü şəxs X3 nümayəndəsi Həsənov araz Ələddin oğlunun iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8358/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən iddia tələbi dəqiqləşdirilərək İddiaçı məhz 4600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8358/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, X5, X4, X2, "xxxx" ASCnin hazırkı iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilməsi qərara alınmışdır. Həmçinin, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8358/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməsi, Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2006-cı il tarixli 2477 nömrəli qərarı əsasında ayrılmış 4600 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8358/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından və Qərarından Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Həmçinin, sonradan cavabdeh də Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8358/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarından apellyasiya şikayəti verilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8358/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən məhkəmə qərarı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin maraqlarına toxunur. Hesab edirlər ki, hazırki iş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin maraqlarına toxunduğundan, həmin iş üzrə 3-cü şəxs qismində işə cəlb edilməlidir. İddia olunan torpaq sahəsi uzun illər ərzində SOCAR-ın daimi istifadəsində olmuş, daha sonra “Binəqədi oil” ƏŞ-nin istifadəsinə verilmişdir. Hal-hazırda Saziş ərazisinin hüdudları daxilində yerləşir. Eyni zamanda, torpaq sahəsi ən yaxını 120 metrlik məsafəsində olmaqla 4 ədəd işlək neft-qaz quyusunun mühafizə zonası daxilində yerləşir. Əlavə olaraq, torpaq sahəsinin ətrafında çox sayda quyu mövcuddur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən 3-cü şəxs Binəqədi qəsəbə Bələdiyyəsinın nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8358/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı qismən-şikayətçi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin şikayətinə münasibətdə (Qərardaddan yalnız Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti apellyasiya şikayəti vermişdir və şikayətdə qərardadın tam ləğv edilməsini xahiş etsə də hüquqi marağının əslində qərardadın Neft Şirkətinin şikayətinə münasibətdə ləğv edilməsi olması müəyyən olunur.) ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsi) Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir.....Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.” Apellyasiya şikayətində qeyd edilir ki, iddia olunan torpaq sahəsi uzun illər ərzində SOCAR-ın daimi istifadəsində olmuş, daha sonra “Binəqədi oil” ƏŞ-nin istifadəsinə verilmişdir. Hal-hazırda Saziş ərazisinin hüdudları daxilində yerləşir. Eyni zamanda, torpaq sahəsi ən yaxını 120 metrlik məsafəsində olmaqla 4 ədəd işlək neft-qaz quyusunun mühafizə zonası daxilində yerləşir. Əlavə olaraq, torpaq sahəsinin ətrafında çox sayda quyu mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2107/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “.....29. Üçüncü şəxs Azərbaycan Dövlət Neft Şirkəti iddia edir ki, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayonu, S.Əliyev adına südçülük maldarlıq üzrə X6 təsərrüfat İstehsal Müəssisəsinin 17 fevral 2000-ci il tarixli 06 saylı əmri əsasında iddiaçıya ayrılmış və Bakı şəh., Binə qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsindən 0,0183 ha sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Buzovna- Ramana Dş 250 mm-lik yerüstü magistral neft kəmərinin (1981-ci ildən istismara verilib) mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 26 metr təşkil edir. 29. Üçüncü şəxs Azərbaycan Dövlət Neft Şirkəti iddia edir ki, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayonu, S.Əliyev adına südçülük maldarlıq üzrə X6 təsərrüfat İstehsal Müəssisəsinin 17 fevral 2000-ci il tarixli 06 saylı əmri əsasında iddiaçıya ayrılmış və Bakı şəh., Binə qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsindən 0,0183 ha sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik yerüstü magistral neft kəmərinin (1981-ci ildən istismara verilib) mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 26 metr təşkil edir. Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsinə əsasən, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Konstitusiyanın bu norması bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaq sahələrinin (məsələn, kənd təsərrüfatı təyinatlı torpaqların) mülkiyyətçi tərəfindən təyinatı üzrə istifadə edilməsini də ehtiva edir. Əks halda həmin torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hüquqi əsas yaranmış olar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 4- cü maddəsinin 3-cü bəndinə müvafiq olaraq, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı -torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq Məcəlləsinin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. ... Eyni zamanda qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. Yuxarıda qeyd olunan normativ hüquqi aktların qəbul edilməsi torpaq münasibətlərində, o cümlədən torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi sahəsində müəyyən boşluqların aradan qaldırılmasına, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin artırılmasına və bu məqsədlə mövcud qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir. 34. Beləliklə, hazırkı işin hallarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə birlikdə təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, növbəti apelyasiya baxışı zamanı iddiaçıya Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayonu, S.Əliyev adına südçülük maldarlıq üzrə X6 təsərrüfat İstehsal Müəssisəsinin 17 fevral 2000-ci il tarixli 06 saylı əmri əsasında torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin magistral boru kəmərlərinin mühafizə zonalarında yerləşməsi müəyyən edilməli, zərurət olarsa məhkəmə icraatının işçitrakçıları ilə birlikdə əraziyə yerində baxış keçirilməli, müvafiq sübutlar, eləcə də normativ aktlar əsasında torpaq sahəsinin iddiaçıya ayrılanadək magistral boru kəmərlərinin mühafizə zonalarında yerləşməsi halının olub olmadığı, mühafizə zolağı, mühafizə zolağının torpaq sahəsinin ayrılmasından əvvəl, yoxsa sonra mövcudluğu araşdırılmalıdır. Yalnız bu məsələlər tam araşdırıldıqdan sonra torpaq üzərində hüquqların qeydiyyatının aparılıb aparılmamasına düzgün hüquqi qiymət verilə bilər....” İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının 40-cı bəndinə əsasən adi cəlbetmə zamanı üçüncü şəxs bir qayda olaraq, mübahisə tərəflərindən birinin yanında, yəni iddiaçının yaxud cavabdehin tərəfində icraatda iştirak edir. Bu halda, onun hüquqi marağı da daha çox yanında iştirak etdiyi tərəfin (iddiaçı və ya cavabdehin) mübahisədə qalib gəlməsi ilə bağlı yaranır. Lakin üçüncü şəxs həmişə prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak etməyə bilər, onun həm də tərəflərə aid olmayan öz maraqlarının müdafiəsi məqsədilə də icraata qoşulması mümkündür. Adi cəlbetmədə üçüncü şəxsin hüquqi marağı birbaşa iddia predmeti ilə əlaqəli olmur. Çıxarılacaq məhkəmə qərarının cəlb ediləcək şəxsin maraqlarına təsir etmə (toxunma) ehtimalı varsa, adi cəlbetmə həyata keçirilməlidir. Sözügedən təsir (toxunma) ehtimalı isə o zaman mövcud olur ki, məhkəmə qərarından asılı olaraq şəxsin hüquqi statusunun mövcud hüquqi statusu ilə müqayisədə pis və ya yaxşıya doğru dəyişməsi halı yaranmış olur. Başqa sözlə, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsi baş verir. Beləliklə, adi cəlbetmə üçün şərtlərin mövcud olub-olmadığını müəyyən etmək üçün məhkəmə qərarının üçüncü şəxsin maraqlarına toxunmasının mümkün olub-olmamasını qiymətləndirmək lazımdır. Əgər bu cür toxunma ehtimalı mümkün hesab olunursa, bu zaman adi cəlbetmə üçün şərtlər formalaşmış olur. Məhkəmə Kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8358/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, X5, X4, X2, "xxxx" ASC-nin hazırkı iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilməsi qərara alınsa da, qəbul olunacaq məhkəmə qərarının Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin maraqlarına toxunmaması əsaslandırılmamışdır. Halbuki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8358/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X11, X8, X6, "xxxx" ASC inzibati məhkəmə icraatına iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur.Məhkəmə həmin qərardadı ləğv etməmiş, lakin Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8358/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam vermişdir. İPM-in: Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8358/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı qismən-ərizəçi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin şikayətinə münasibətdə (Qərardaddan yalnız Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti apellyasiya şikayəti vermişdir) ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8358/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı qismən- Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin şikayətinə münasibətdə ləğv edilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar