Məhkəmə qərarları › İş №2-1(103)-474/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-474/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-474/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4953/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliynin Şəxsi Heyət Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1952-ci ildə Xocalı rayonunun Balluca kəndində anadan olmuşdur. Xocalı şəhəri erməni işğalçıları tərəfindən işğal edilənə kimi orada yaşamışdır. 1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşlərdə aktiv iştirak etmişdir. 26 fevral 1992-ci ildə Xocalı işğal edildikdən sonra isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində (sonradan N saylı hərbi hissə) N iyun 1992-ci ildən N avqust 1992-ci ilə qədər döyüşlərdə iştirak etmişdir. X1 1994-cü ildə Füzuli şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub və Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən ona 09.02.1999-cu ildə 48742 saylı vəsiqə verilmişdir. Lakin sonradan vəsiqələr dəyişdirilərkən ona vəsiqə verilməmişdir. 2019-cu ilin əvvəlində 1991-1992-ci illərdə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməyi faktnın müəyyən olunmasına dair ərizə ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi rayon Məhkəməsinin 2(001)-3679/2019 saylı, 16.05.2019-cu il tarixli qətnaməsi ilə onun ərizəsi təmin edilmiş, 1991-1992-ci illərdə erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak emək faktı müəyyən edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə 24.06.2019-cu il tarixdə qanunu qüvvəyə minmişdir. Daha sonra qətnamə icra olunmaq üçün 05 iyul 2019-cu ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Ancaq sözügedən qətnamə uzun müddət icra olunmamış, yalnız çoxsaylı dövlət orqanlarına çoxsaylı şikayətlərindən sonra 4 dekabr 2019-cu ildə qətnamə və ona əlavə edilmiş sənədlər icra olunması və ona “Müharibə Veteranı” adı və vəsiqəsi verilmək üçün Cavabdehnə göndərilmişdir. Şəxsi Heyət Baş İdarəsinin 18.12.2019-cu il tarixli cavab məktubu ilə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. İddiaçı iddia ərizəsində 1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə batalyonunun tərkibində, bundan sonra 06.06.1992-ci ildən N.08.1992-ci ilədək N və N nömrəli hərbi hissələrin tərkibində erməni işğalçılarına qarşı aktiv döyüşlərdə iştirak etdiyini qeyd etmişdir. Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi tərəfindən 09.02.1999-cu il tarixli, 48742 nömrəli vəsiqə verildiyini və Binəqədi Rayon Məhkəməsinin 2(001)-3679/2019 nömrəli, 16.05.2019-cu il tarixli qətnaməsi ilə 1991-1992-ci illərdə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmə faktının müəyyən edildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş, üzərində N saylı hərbi hissə N nömrəli arayışda İddiaçı iyun ayının 6-dan avqust ayının N-i 1992- ci ilədək Xocalı divizionunda xidmət etmişdir. Qeyd edilən bu arayışın həqiqəti əks etdirməsi şübhə altına alınır və arayışda “iyun ayının 6-dan avqust ayının N-i 1992-ci ilədək Xocalı divizionunda xidmət etdiyi qeyd edilmişdir.” sözlərinin yazılması konkret olaraq onun hansı ildən xidmətə başlaması və hərbi hissənin tərkibində hansı hərbi rütbədə, eləcə də hansı vəzifədə xidmət keçməsi haqqında məlumatlar müəyyən edilməmişdir. Bu halda İddiaçı təqdim etdiyi və arxiv sənədlərində onun həmin illərdə hərbi qulluqçu olaraq xidmət keçməsi haqqında məlumatlar təsdiq edilmir. Bu səbəbdən Binəqədi Rayon Məhkəməsinin 2(001)-3679/2019 nömrəli 16.05.2019-cu il tarixli qətnaməsində İddiaçı 1991-1992-ci illərdə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmə faktının müəyyən edilsə də, onun hərbi qulluqçu statusu müəyyən edilməmişdir. Bu səbəblərə görə Binəqədi Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən iddiaçının 1991-1992-ci illərdə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı müraciətinə müsbət cavab verilməyərək, N nömrəli hərbi hissədə xidməti barədə arxiv sənədlərində məlumat olmaması əsas götürülmüşdür. Komissiya tərəfindən iddiaçının müraciətinə baxıldığı zaman onun hərbi xidmət keçməsi əsas götürülməklə və şəxsin hərbi hissəyə daxil olması, eləcə də hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılması haqqında təsdiqedici rəsmi məlumatların aşkarlanmadığı önə çıxarılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4953/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4953/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Tələbdən də göründüyü kimi iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il N sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3679/2019 saylı, 16.05.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı 1991-1992-ci illərdə erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi tərəfindən verilmiş V-268 №-li, 04.07.2019-cu il tarixli arayışın surətindən görünür ki, 1952-ci il təvəllüdlü, Xocalı şəhər sakini İddiaçı həqiqətən torpaqlarının azadlığı və suvernlivi uğrunda gedən döyüşlərdə iştirak edib. Xocalı rayon İcra Hakimiyyəti Başçısının 11.08.2016-cı il tarixli, 52 saylı arayışına əsasən 1989-cu ildən 1991-ci ilədək Xocalı rayon “özünümüdafiə” dəstəsinin tərkibində döyüşlərdə iştirak edib. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-3679/2019 saylı qətnaməsinə əsasən 1991-ci ildən 1992-ci ilədək erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən edilib. 18.11.2005-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində hərbi qeydiyyatdadır. Ehtiyatda olmağı son yaş həddinə çatdığına görə hərbi qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyətinin başçısının 52 №-li, 11.08.2016-cı il tarixli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 1989-cu ildən 1991-ci ilin oktyabr ayına qədər Xocalı şəhər «Özünümüdafiə» dəstəsinin tərkibində torpaqlarının müdafiəsi uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Əsas: Adlı siyahı sıra № 1. Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanladığı 11\1585 №-li, 08.04.2019-cu il tarixli məktubunun surətindən görünür ki, İddiaçı 06.06.1992-ci il tarixdən N avqust 1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət keçməsi və döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsinə etiraz edilməmişdir. X2 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, Xocalı şəhərindən məcburi köçkün, hal-hazırda Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış, 01.01.1953-cü il təvəllüdlü X3 bu ifadəsi ilə təsdiq etmişdir ki, həqiqətən də 1992-ci il iyul ayının 28-də Ağdam rayonunun Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərin birində yaxınlığıqlarında partlayan mərmi nəticəsində onlarla birlikdə olan xx.xx.1952-ci il təvəllüdlü İddiaçı başından qəlpə yaralanması almış və onun tərəfındən ona ilkin tibbi yardım göstərilmişdir. N №-li hərbi hissənin qərargah rəisi R.Novruzov tərəfindən verilmiş N.01.2003-cü il tarixli, 259 №-li arayışın surətindən görünür ki, X5 həqiqətən iyun ayının 6-dan avqust ayının N-i 1992-ci ilədək Xocalı divizionunda xidmət etmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 16.04.2020-ci il tarixli, HP 01/557 №-li məktubundan görünür ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 18.12.2019-cu il tarixli, 1/V-18130 №-li məktub surətindən görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssiya”nın 13.12.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. N nömrəli hərbi hissədə xidməti barədə arxiv sənədlərində heç bir məlumat olmadığına və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 16.05.2019-cu il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. İstinad olunan imtina məktubundan da göründüyü kimi iddiaçının xidmətini nə zaman başa vurması və onun hansı əsaslarla ordudan tərxis olunması ilə bağlı məlumat olmadığından, onun hərbi xidmətini başa vurmasının həqiqiliyi iş materialları ilə öz təsdiqini tapmır. Kollegiya işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İstinad olunan normalardan göründüyü kimi müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada təxris olmanı ehtiva edir. Təxris barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. Belə olduğu təqdirdə kollegiya qeyd edir ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi, eləcə də qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada təxris olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. İddiaçı isə həm iddia ərizəsində, həm də apellyasiya şikayətində onun ordudan tərxis olunması barədə arayışın mövcud olduğunu mübahisələndirmişdir, lakin iddiaçının hərbi xidmət keçməsi (qanuni əsaslarla xidmətə qəbul ediməsi və ehtiyata buraxılması) digər sənədlərlə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4953/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar