Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-474/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı “onun qeydiyyata alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, 3-cü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon polis idarəsinə qarşı “onun qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6834/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. X3 məxsus şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, o, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 018-8691-1221 saylı 21.06.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********797 saylı 23.06.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 10 evin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 091-23464D-3221 saylı 19.05.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müvafiq maddəsinə əsasən ünvan 6 ünvanına qeydiyyata alınaraq, şəxsiyyət vəsiqəsi ilə təmin olunması ilə əlaqədar tələb olunan sənədlərlə (qeydiyyat vəsiqəsi və ya order) birlikdə “ASAN xidmət” mərkəzlərinin birinə müraciət etməlidir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon polis idarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun məhkəmə qətnaməsi ilə yaşadığı ünvan 7 ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal tayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə onun ünvan 8 ünvanında yerləşən evə köçürülmə ilə bağlı iddiası təmin edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İcra hərəkətləri nəticəsində o, həmin ünvana köçürülmüş və bu barədə akt da tərtib edilmişdir. “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun tənzimlədiyi əsas məsələ də vətəndaşların yaşayış yeri üzrə qeydiyyatın aparılmasıdır. Onun yaşayış yeri məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. “İnzibati İcraat haqqında” Qanunun 12.1 və 12.2-ci maddələrinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif qərarların qəbul edilməsi qadağandır. Cavabdehin etirazları: İş üzrə cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6834/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə qətnaməsi ilə yeni yaşayış yerinə köçürülməsinə və köhnə qeydiyyatda olduğu ünvanda yaşamadığına, dövlət idarə və müəssisələrinin rahat şəkildə onu tapmaları üçün, hər hansı bir poçt sənədlərinin çatımlı olmasının təmin edilməsi üçün yaşadığı ünvan üzrə qeydiyyata alınmağa çalışmasına baxmayaraq məhkəmə əsassız olaraq bundan imtina etmişdir. Məhkəmə iddia tələbini rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, özbaşına tikili aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq və.s ixtiyarının olmadığını, eyni zamanda onun evə köçürülmə barədə qətnaməsinin qəbul olunması onun evdən istifadə hüquqlarının tanınması ilə nəticələnmədiyini bildirmişdir. Göründüyü kimi, məhkəmə tələbi tamamilə qarışdırmış, səhv hüquqi nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 11.05.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 19.05.2021-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə 24.05.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon polis idarəsinə qarşı tələbi, “onun məhkəmə qətnaməsi ilə yaşadığı ünvan 7 ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının qeydiyyata düşmək istədiyi ünvan 10 ünvana dair heç bir hüquqmüəyyənedici sənədlərin olmamasına, hazırki vəziyyətdə cavabdeh inzibati orqanın imtinasının qanunvericiliyin tələblərinə uyğun hesab edilməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın imtinasının yeganə dəlili ünvan 11 ünvanda yerləşən 4A saylı evə dair mülkiyyət hüququnu təsdiq edən sənədin iddiaçı tərəfindən təqdim olunmaması, yəni evin özbaşına tikili olmasıdır. İş materiallarında olan (i.v.15) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 018-8691-1221 saylı 21 iyun 2021-ci il tarixli məktubunda Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 3J ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxsin müəyyən edilmədiyi göstərilmişdir. Lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin 09.01.2020-ci il tarixli arayışında X2 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 3J ünvanında qeydiyyatda olması qeyd edilmişdir. Hazırki işin apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı 12.01.2022-ci il tarixli arayışında və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin arayışında X2 göstərilən ünvanda qeydiyyatda olması bildirilmişdir. Bununla bağlı qeyd edilmiş ziddiyyətli halların aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən sözügedən evdə qeydiyyatda olan şəxslər barədə məhkəməyə məlumat verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 04.05.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, 13.02.1979-cu il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 3J ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bundan başqa məhkəmə kollegiyası Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi, 9A saylı evin, 9 nömrəli mənzilin mülkiyyətçisi barədə və İddiaçı həmin mənzildə qeydiyyatda olmaqla daimi yaşayıb-yaşamaması barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 113 saylı Mənzil-Kommunal İstismar sahəsinə məhkəmə sorğusu göndərmişdir. Həmin sorğuya cavab olaraq 15.02.2022-ci il tarixdə 113 saylı Mənzil-Kommunal İstismar sahəsindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, İddiaçı ünvan 12 saylı evin, 9 nömrəli mənzilində qeydiyyatdadır və qonşuların dediyinə görə həmin mənzildə yaşayır. Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 113 saylı Mənzil-Kommunal İstismar sahəsinin 15 saylı 10 yanvar 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 12 ünvanda yerləşən 9 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2202/2020 saylı 18.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, X5 cavabdeh X3 qarşı “mənzilə köçürülmə” tələbi təmin edilmiş və onun ünvan 14 ünvanında yerləşən evə (özbaşına tikiliyə) köçürülməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6881/2020 saylı 17.09.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddiaçının qeydiyyata alınmasını tələb etdiyi evin özbaşına tikili olsa da, həmin evdə başqa şəxslərin qeydiyyatda olub-olmaması, iddiaçının həmin evə köçürülməsi barədə mülki iş üzrə qüvvədə olan məhkəmə qətnaməsinin mövcudluğu məsələsi araşdırılmamış, iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas kimi göstərilən “evə dair hüquqmüəyyənedici sənədin olmaması əsası”nın yeganə əsas kimi çıxış etməsinin mümkünlüyü məsələsinə həm də həmin evə başqa şəxslərin qeydiyyatının olması, inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilərkən onun digər şəxslərə- evə qeydiyyatı olan şəxslərə münasibətdə bərabərlik hüququnun pozulması meyarları baxımından hüquqi qiymət verilməmişdir. Beləliklə, iş üzrə müəyyən olundu ki, İddiaçı qeydiyyatı ünvan 12 ünvanda yerləşən 9 saylı mənzilə olsa da, o, qüvvədə olan məhkəmə qətnaməsi ilə hazırda qeydiyyata alınmasını tələb etdiyi Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 3J ünvanına köçürülməsi qət edilmiş, həmin evdə (özbşına tikilidə) keçmiş həyat yoldaşı olan iş üzrə üçüncü şəxs uşaqları ilə birlikdə yaşayış və həmin ünvana qeydiyyatdadır. Buna görə də iddiaçı sözügedən ünvana qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Cavabdeh inzibati orqan isə iddiaçını sözügedən evə qeydiyyata almaqdan imtina edərkən buna əsas kimi həmin evin hüquqmüəyyənedici sənədinin mövcud olmadığına istinad edir. Halbuki iddiaçının həmin ünvanda yerləşən evə (özbaşına tikiliyə) köçürülməsi barədə qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda cavabdeh inzibati orqan başqa şəxslərin qeydiyyatının aparıldığı ünvana iddiaçının da qeydiyyatının aparılmasından yalnız həmin evə dair hüquqmüəyyənedici sənədin mövcud olmaması əsası ilə imtina edə bilməzdi, başqa sözlə desək, cavabdehin göstərdiyi dəlil hazırki vəziyyətdə yeganə imtina əsası kimi çıxış edə bilməzdi . Nəzərə alınmalıdır ki, hazırki işdə iddiaçı qeydiyyata alınmasını tələb etdiyi ünvanla bağlı həmin evə köçürülməsinə dair qüvvədə olan məhkəmə qətnaməsini təqdim etmişdir ki, bu sənəd də onun müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınması üçün həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd qismində çıxış edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6834/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iddaçının ünvan 7 ünvana (məhkəmə qətnaməsi ilə köçürüldüyü evə) qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6834/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı ünvan 7 evə (məhkəmə qətnaməsi ilə köçürüldüyü evə) qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-474/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-474/2022
18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver