Məhkəmə qərarları › İş №2-1(103)-474/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-474/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-474/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: “diplomun tanınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4031/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məhkəməyə sübut qismində ona məxsus olan AA******* nömrəli şəxsiyyət vəsiqəsini, C00117084 nömrəli xarici pasportunu, ambulator, stasionar xəstənin xəstəlik tarixindən çıxarışlar, ******* nömrəli əmək kitabçası, TOTU 000105 nömrəli diplomu, TOTU 000105 nömrəli dipoma əlavəni, cavabdehin 02 noyabr 2023-cü il tarixli, NA00019092 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarını məhkəməyə təqdim etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “cavabdehin 02 noyabr 2023-cü il tarixli N00019092 saylı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina qərarının qanunsuz hesab edilməsi və diplomun tanınması ilə bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “cavabdehin 02 noyabr 2023-cü il tarixli N00019092 saylı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina qərarının qanunsuz hesab edilməsi və X5 Universiteti tərəfindən iqtisadçı ixtisası üzrə verilmiş TOTU N0000105 nömrəli, xx.xx.2017-ci il tarixli diplomun tanınması ilə bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin 09 aprel 2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-2017-ci illərdə Gürcüstanın Tbilisi şəhərində yerləşən Açıq Təhsil Universitetində iqtisadçı ixtisası üzrə təhsil almış və həmin universiteti müvəffəqiyyətlə bitirərək Humanitar və Sosial Elmlər Şurasının 10 iyul 2017-ci il tarixli 10 saylı qərarı ilə onun adına TOTU N000105 nömrəli xx.xx.2017-ci il tarixli diplom verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları”nın təsdiq edilməsi haqqında 3 fevral 2023-cü il tarixli qərarı qəbul edildikdən və bu məqsədlə qəbul edilmiş 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ləğv edildikdən sonra tanınma ilə bağlı sənədləri müvafiq qaydada ikinci dəfə TKTA-ya (Təhsildə Keyfiyyət Təminat Agentliyi) təqdim etmiş, xx.xx.2023-cü il tarixdə imtina almışdır. Səbəbi normativ təhsil müddətində xarici ölkədə az olmağı ilə əsaslandırılmışdır. İnzibati orqan imtina edərkən təhsil müddətində xarici ölkədə az olduğunu sübüt edən günləri faktiki rəqəmlərlə göstərməmişdir. İddiaçının hesablamalarına görə onun oxuduğu müddətdə xaricdə 389 gün, yəni birinci dərs ilində 167 gün, ikinci dərs ilində 149 gün, üçüncü dərs ilində 26 gün və dördüncü dərs ilində 47 gün olmuşdur. Bu da orta hesabla 97,25 gün edir. Yalnız 3-cü dərs ilində xaricdə az olmağı səbəbi ixtisasa uyğun vətəndə işləməyi, təcrübə keçməyi və xəstəliyi ilə bağlı olmuşdur. 3- cü kursada xarici ölkədə az olmağı formal xarkter daşımışdır. Belə ki, 3-cü kursdan ixtisasıla bağlı vətəndə işləməyi və təcrübə keçməyi oxuduğu universitetdən razılıq verilmişdi və təsdiq üçün lazımı sənədləri təqdim etmişdir. İxtisas üzrə işləməyən tələbələrdən dərsdə iştirak etmək ciddi tələb olunurdu.İddiaçı indiyək bu sahədə işləyir və işinin öhdəsindən də layiqincə gəlir. Təhsil müddətində qanuni olaraq xarici ölkənin şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini də almışdır. Bu özü bir daha xarici ölkədə uzun müddət olduğunu sübut edir. Eyni zamanda, xəstələnənə kimi Universitetin idman həyatında yaxından iştirak etmiş və Azərbaycan bayrağını zirvəyə qaldırmışdır. İddiaçının xaricdə oxuduğu müddətdə təhsilin kredit sistemi ilə tədrisi tətbiq edilib və 200-250 kredit müəyyənləşdirilib. Bu krediti yığmaq məcburidir, o da müvafiq olaraq 245 kredit yiğmışdır. Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi əsasnamənin 2.3 bəndinə görə kredit üzrə auditoriya dərsləri 15 həftə müəyyən olunur. Tələbələrin həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya dərsləri 30 saatı aşmamalıdır, yəni qəti olaraq 30 saat olacağı tələb olunmur, az da ola bilər. Məcburi hall sayılmır. Tədris olunan fənlərin hansı səviyyədə mənimsənilməsi məsələsinə qiymət verilməsi təhsil aldığı ölkədəki müəssisənin və ya orada fəaliyyət göstərən Dövlət İmtahan Komissiyasının səlahiyyətlərinə aiddir. İşlədiyi müddətdə nəzəri biliklərini praktikada tətbiq edir, təchizat sahəsində SAP ERP proqramından sərbəst istifadə edərək həmkarlarına bu proqramda işləmək üçün təcrübə keçmişdir. Rus və ana dilində sərbəst danışa bilir, mühasibat kursunu keçərək müvafiq sertifikata yiyələnmişdir. Paralel olaraq, Rusiyanın Sankt-Peterburq şəhərində Admiral Makarov adına Dənizçilik Akademiyasında İİ kursda qiyabi təhsil alır. İnzibati orqan qərar qəbul edərkən tanınmaya əsas verən bütün digər halları nəzərə almamış formal xarakterli bir amilə söykənərək vətandaş üçün lüzumsuz problem yaratmaqla hansı məqsədə xidmət etdiyinin fərqinə varmamışdır. Elm və Təhsil Nazirliyi və TKTA iddiaçının ali təhsil almağına, işlə təmin olunmağına heç bir maddi və mənə yardım göstərməmişdir. Öz vəsaiti və bacarağı hesabına oxuyub diplom almışdır. Bu diplom Avropa regionunun bütün ölkələrində tanınır, təkcə vətəndə yox. İddiaçı cavabdehin mövqeyini əsassız və qanun hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia ərizəsinə etirazında cavabdeh göstərmişdir ki, iddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə elektron ərizə sistemi vasitəsilə xx.xx.2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. İş üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılmış, Qaydanın nəzərdə tutduğu tanınmaya dair tələblər üzrə uyğunsuzluq müəyyən edildiyi üçün xx.xx.2023-cü il tarixində ona tanınma haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İddiaçının müraciəti əsasında aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhədkeçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığı illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri aşağıdakı kimi müəyyənləşdirilmişdir: 13-14 - 4 ay 22 gün, 14-15 - 4 ay 2 gün, 15-16 - 26 gün, 16-17 - 1 ay 12 gün İddiaçı 2017- ci ildə tədris dövrünü başa vurmuş onun təhsil müddəti pandemiya dövrünə təsadüf etməmişdir. İddiaçı xüsusilə tədrisin son iki ilində əyani təhsilalma formasına uyğun olaraq ali təhsil müəssisəsində tədris prosesində iştirak üçün təhsil müəssisəsinin yerləşdiyi ölkədə olmamış, bunu öz iddia ərizəsində əmək fəaliyyətilə əlaqələndirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əyani təhsilalma formasında təhsilalanların tamştat əmək fəaliyyəti ilə məşğul olması nəzərdə tutulmamış, ali təhsil müəssisələrində yalnız qiyabi formada təhsilalanlara bununla bağlı təhsil məzuniyyətinin verilməsi göstərilmişdir. Eyni zamanda, iddiaçı təhsil aldığı dövrdə əmək fəaliyyətilə məşğul olduğu üçün ara verikdə akademik məzuniyyət götürməli və növbəti illər üçün akademik məzuniyyət dövründə yaranmış borcların ödənilməsi üçün əlavə müddətlərdə ali təhsil müəssisəsində dərslərdə və imtahanlarda iştirak etməli idi. İnzibati icraat zamanı iddiaçı tərəfindən akademik məzuniyyət barədə sənədlər təqdim edilməmiş, habelə sonrakı illər üçün həmin akademik borcun ödənilməsi üçün ali təhsil alınan xarici ölkəyə gediş müşahidə olunmamışdır. İddiaçı 4 illik təhsil müddətini 4 ildə bitirmiş, natamam formada iştirak edilmiş son 2 tədris ili üçün növbəti illər üzrə əlavə olaraq tədris prosesində iştirak etməmişdir. İddiaçı təhsil aldığı son iki il üzrə Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ aktlara uyğun olaraq əyani təhsilalma forması üzrə minimum normativlərin ödənməsi üçün nəzərdə tutulmuş müddətin qarşılığında xarici ali təhsil aldığı ölkədə olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4031/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı 2015-2016 və 2016-2017- ci tədris illərində əyani təhsilalma formasına uyğun olaraq ali təhsil müəssisəsində tədris prosesində iştirak üçün təhsil müəssisəsi yerləşdiyi Gürcüstan Respublikasında çox qısa müddətdə olmuşdur. İddiaçı bunu əmək fəaliyyətilə əlaqələndirmişdir. Halbuki əmək qanunvericiliyi ilə əyani təhsilalma formasında təhsilalanların tamştat əmək fəaliyyəti ilə məşgul olması nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçı təhsil almasının dayandırılması ilə bağlı akademik məzuniyyətdə olmasına dair hər hansı bir dəlil göstərməmişdir.

9. İşin məhkəmə tərəfindən araşdırılan hallarına görə, iddiaçı əyani təhsil aldığı ölkənin ərazisində qısa müddətdə olmuşdur, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir.

10. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtinası qanuna uyğun olmuşdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4031/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatlar

14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun: 6.1 təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmipedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur 11.1. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır: 11.1.3. təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün acıq və bərabər imkanlı olmasını təmin etməkdədir 11.1.4-cü maddəsinə görə, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq. 11.1.5. cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialina tələbatının ödənilməsi üçün real zəmin yaratmaqdan ibarətdir. 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. 27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək;

17. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarına əsasən: 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2. ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.7. tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1 auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2 auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3 təcrübələrdə iştirak etməsi; 3.2.7.4 laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5 kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6 imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7 buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən: 2.8. əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir, 2.11-ci bəndinə əsasən bakalavriat səviyyəsində bütün təlim müddətində təcrübəyə 8- 18 həftə ayrılır. İxtisaslardan asılı olaraq, təcrübənin müddəti ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və tədris planında öz əksini tapır 2.13. bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır, 2.14-cü bəndinə əsasən tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar, 2.15-ci bəndinə əsasən yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir, 2.16-cı bəndinə əsasən yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir, 2.17-ci bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşəixtisas dərəcəsi verilir.

20. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarxli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydalarına əsasən: 5.1. Tələbəyə (xüsusi təyinatlı ali təhsil müəssisələrinə münasibətdə yalnız həmin müəssisələrdə təhsil alan mülki şəxslərə) akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir: 5.1.1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə (2 ildən çox olmamaqla), səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək;5.1.2. ailə vəziyyətinə görə (təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən edilmiş hallar üzrə) - 2 il müddətinədək;5.1.3. səhhətinə görə – həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışında (və ya qərarında) göstərilən müddətə (2 ildən çox olmamaqla); 5.1.4. sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə;5.1.5. dövlət proqramları və təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrə təhsil almağa getdikdə – bakalavriat proqramlarında təhsil alanlara münasibətdə 1 (bir) ildən, magistratura proqramlarında təhsil alanlara münasibətdə 6 (altı) aydan çox olmamaqla;5.1.6. xaricdə öz hesabına təhsil aldıqda – 1 (bir) il müddətinədək. 5.2. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti tədris semestrindən (yaz və ya payız semestrindən) buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası (magistraturada təhsil alanlara münasibətdə ixtisaslaşması) və təhsilalma forması üzrə kadr hazırlığı aparılmadıqda tələbə həmin müəssisədə mövcud təhsilalma formasında və ali təhsil müəssisəsi tərəfindən müəyyən olunan uyğun ixtisasda (magistraturada təhsil alanlara münasibətdə ixtisas daxilində digər ixtisaslaşmada) təhsilini davam etdirə bilər. Bu zaman bu Qaydaların 2.7-2.12-ci bəndlərinin tələbləri nəzərə alınır. Magistratura səviyyəsində akademik məzuniyyətdən qayıdan şəxsin əvvəl təhsil aldığı ixtisas, ixtisaslaşma və təhsilalma forması üzrə heç bir təhsil müəssisəsində kadr hazırlığı aparılmırsa, o, Nazirlik tərəfindən müəyyən olunan uyğun ixtisas və ixtisaslaşma üzrə (bu zaman şəxsin əvvəl təhsil aldığı və bərpa olduğu ixtisasların eyni ixtisaslar qrupuna daxil olması nəzərə alınır) öz təhsil müəssisəsində təhsilini davam etdirə bilər.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir (1.1.). Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir (1.2). Tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir (2.1.). Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır (3.1.). Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda (3.10.). Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) (4.1.)

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. Mübahisənin mahiyyətinə və apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş normativdən az olmayaraq müddətdə Gürcüstan Respublikası Açiq Təhsil Universitetində təhsil aldığını sübuta yetirə bilməmişdir.

27. Məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı 2015-2016 və 2016-2017- ci tədris illərində əyani təhsilalma formasına uyğun olaraq ali təhsil müəssisəsində tədris prosesində iştirak üçün təhsil müəssisəsi yerləşdiyi Gürcüstan Respublikasında çox qısa müddətdə olmuşdur, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir.

28. Belə ki, aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhədkeçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığı illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri aşağıdakı kimi müəyyənləşdirilmişdir: 2013-2014 - 4 ay 22 gün, 2014-2015- 4 ay 2 gün, 2015-2016 - 26 gün, 2016-2017 - 1 ay 12 gün İddiaçı 2017-ci ildə tədris dövrünü başa vurmuş onun təhsil müddəti pandemiya dövrünə təsadüf etməmişdir.

29. Bundan başqa məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və iddiaçı xüsusilə tədrisin son iki ilində əyani təhsilalma formasına uyğun olaraq ali təhsil müəssisəsində tədris prosesində iştirak üçün təhsil müəssisəsinin yerləşdiyi ölkədə olmamasını öz iddia ərizəsində və apellyasiya şikayətində əmək fəaliyyətilə əlaqələndirmişdir.

30. İddiaçının göstərilən dəlili ilə bağlı məhkəmə Kollegiyasının mövqeyi belədir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əyani təhsilalma formasında təhsilalanların tam ştat əmək fəaliyyəti ilə məşğul olması nəzərdə tutulmamış, ali təhsil müəssisələrində yalnız qiyabi formada təhsilalanlara bununla bağlı təhsil məzuniyyətinin verilməsi göstərilmişdir.

31. Eyni zamanda, iddiaçı təhsil aldığı dövrdə əmək fəaliyyətilə məşğul olduğu üçün ara verdikdə akademik məzuniyyət götürməli və növbəti illər üçün akademik məzuniyyət dövründə yaranmış borcların ödənilməsi üçün əlavə müddətlərdə ali təhsil müəssisəsində dərslərdə və imtahanlarda iştirak etməli idi.

32. İddiaçı apellyasiya şikayətində cavabdeh tərəfindən “İnzibati İcraat haqqında” Qanunun tələbləri pozulduğunu bildirmiş, lakin inzibati araşdırmadan imtina olunan və ya kənarda qalan hər hansı sübuta istinad etməmişdir.

33. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, inzibati icraat zamanı iddiaçı tərəfindən akademik məzuniyyət barədə sənədlər təqdim edilməmiş, habelə sonrakı illər üçün həmin akademik borcun ödənilməsi üçün ali təhsil alınan xarici ölkəyə gedişi müəyyən olunmamışdır.

34. Göründüyü kimi, iddiaçı 4 illik təhsil müddətini 4 ildə bitirmiş, natamam formada iştirak edilmiş son 2 tədris ili üçün növbəti illər üzrə əlavə olaraq tədris prosesində iştirak etməmişdir. İddiaçı təhsil aldığı son iki il üzrə Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ aktlara uyğun olaraq əyani təhsilalma forması üzrə minimum normativlərin ödənməsi üçün nəzərdə tutulmuş müddətin qarşılığında xarici ali təhsil aldığı ölkədə olmamışdır.

35. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtinası qanuna uyğun olmuşdur.

36. İnzibati icraatın aparılması ilə bağlı qaydalara münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, müəyyən olunmuşdur ki, iddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə elektron ərizə sistemi vasitəsilə xx.xx.2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Odur ki, iş üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılmış, Qaydanın nəzərdə tutduğu tanınmaya dair tələblər üzrə uyğunsuzluq müəyyən edildiyi üçün xx.xx.2023-cü il tarixində iddiaçıya tanınma haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

38. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4031/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4031/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar